[b]İçərişəhərdə nərd, qız qaçıran bəy, erotika "qaranquşu"...[/b] -  TARİX
30 yanvar 2017 17:05 (UTC +04:00)

[b]İçərişəhərdə nərd, qız qaçıran bəy, erotika "qaranquşu"...[/b] - TARİX

Həmin günlərdə sovet Azərbaycanını paytaxtını, Bakını İstanbula çevirmişdilər. Bakıya bir qədər türk koloriti vermək üçün küçələrdə çadralı qadınlar belə peyda olmuşdu. Bununla belə, yerli insanların - xüsusi ilə də içərişəhərlilərin heysiyyatıyla da oynamaq istəmirdilər. Xüsusi ilə də filmin qəhrəmanı Genanı fahişə öz evinə çağıranda.

 

Amma qısa müddətdə mehribanlaşa da bilmişdilər içərişəhərlilərlə. Axşamlar çəkiliş qrupu Bakını, xüsusən də İçərişəhəri gəzir, yerli camaatla vaxt keçirirdilər. Xüsusən də Nikulin. O, bakılılarla nərd oynamağa belə vaxt tapırdı. Və deyilənə görə, mərcdən oynayırmışlar. Və həmişə də Nikulin uduzurmuş.

 

Mironov isə bir başqa aləm imiş. Onunla şəkil çəkdirmək üçün növbə düzülürmüşlər. Bakıdakı çəkilişlərdən sonra aktyor heyətinə, çəkiliş qrupuna böyük bir ziyafət də verilir. “Mən Bakını, bakılıları unutmayacam. Hər şeyə görə, çox sağ olun” deyib filmin rejissoru. Leonid Qayday. Sovet kinosuna “Brilyant əl” kimi onlarla möhtəşəm əsər bəxş etmiş dahi rejissor...


***

 

Uzaq Sibirdə anadan olmuşdu. 1923-cü il yanvarın 30-da, İrkutskda. Atası İov İsidoroviç Qayday dəmiryolunda çalışıb. Aktyor olmaq arzusunda imiş.

 

Leonid uşaq vaxtlarından orta məktəbin, dəmiryolçular klubunun dram dərnəklərində çıxış edir. Təzəcə 18 yaşı tamam olur ki, müharibə başlayır. Döyüşlərin birində yaralanaraq, ordudan tərxis olunur. 1947-ci ildə İrkutsk vilayətinin dram teatrında işıqçı və aktyor kimi çalışmağa başlayır, eyni zamanda teatr studiyasında təhsil alır.

 

1949-cu ildə təhsilini davam etdirmək üçün Moskvaya gedir, Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Burada o, Qriqori Aleksandrovun sinfində dərs alır. Onun ilk ekran əsəri olan “O biri dünyadan nişanlı”  komediyasından sonra senzura Qaydayı "antisovetçi" adlandırır. Amma “Köpək Barbos və qeyri-adi kross” filminin ekranlara çıxması ilə rejissor şöhrət qazanır. Bundan sonra onun çəkdiyi 20-dək filmin, demək olar ki, hamısı sevilir və tamaşaçılar tərəfindən indi də böyük həvəslə baxılır: “I" əməliyyatı və Şurikin macəraları”, “Qafqaz əsiri”, “On iki stul”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”...

 

***
 

Filmlərinin ssenarisini demək olar ki, həmişə Qayday özü yazırdı. Bu filmlərdə qəhrəmanların səsləndirdiyi bir çox ifadələr xalqın dilində zərb-məsələ çevrilmişdi. Rejissor tanınmış aktrisa Nina Qrebeşkova ilə ailə həyatı qurmuşdu. Onlar 40 il birlikdə yaşayıblar. Leonid Qayday 1993-cü il noyabrın 19-da vəfat edir. Bu dahi sənətkarın qısa tərcümeyi-halıdır.


***

 

Amma onun həyatında olduqca maraqlı məqamlar var. Məsələn, çox az adam bilir ki, Qayday hər çəkiliş günü bir boşqab sındırırmış. Hə, ayağının altına salıb qırırmış. Əlamətə inanan adam imiş. Bir dəfə boşqab sınmayıb. Qayday həmin gün çəkilişi dayandırıbmış. Qara pişiyin mistikasına da inanırmış. Məhz bu səbəbdən onun bütün filmlərində qara rəngli pişiklər yer alıb. “I əməliyyatı” filmindəki o epizod yadınızdırmı? Sən demə, Qaydayın öz başına gəlibmiş...

 

1942-ci ildə cəbhədə onları sıraya düzürlər. Zabit sıra önündə qışqırır:

 

- Artilleriya bir nəfər!

 

Qayday:

 

- Mən!

 

- Kəşfiyyat bir nəfər!

 

- Mən!

 

- Kavaleriya bir nəfər!


- Mən!


- Bəsdir, sıravi Qayday! İmkan ver siyahını oxuyaq!

 

***

 

Aktyor duyumu da fantastik olub. “I əməliyyatı və Şurikin macəraları” filminə əvvəlcə özünü çəkmək istəyirmiş. Əsas qəhrəman Vladik Arkov roluna 40 nəfər aktyor namizəd idi, aralarında Vitali Solomin, Aleksandr Lenkov, Evqeni Jarikov da vardı. Heç biri rejissoru qane etmədi. Bir gün Leonid Qayday Leninqradda Aleksandr Demyanenkonu görür və qərar verir ki, axtardığını tapıb.

 

Demyanenko əslində əsmər idi, rola görə onu sarışın edirlər. Obrazın adını da dəyişib “Şurik” qoyurlar. “I əməliyyatı və Şurikin başqa macəraları” belə yaranır.

 

Maraqlı nüanslardan biri də “İvan Vasileviç peşəsini dəyişir” filminin çəkilişi zamanı olub.

 

Deyilənə görə, hələ 1934-cü ildə Mixayıl Bulqakov zaman maşını yaratmağa çalışan moskvalı ixtiraçı-alim Nikolay İvanoviç Timofeyev haqda komediya-pyes yazır. Pyesdə Nikolay İvanoviç zaman maşını vasitəislə İvan Qroznını müasir dövrə gətirir, əvəzində isə evlər idarəsinin müdiri Bunş-Koretski və fırıldaqçı Jorj Miloslavskini keçmişə yollayır. Senzura pyesi oxuyanlar Bulqakovu pyesdə bəzi dəyişikliklər etməsi üçün dilə tuturdular. Hər kəs İvan Qroznı ilə İosif Stalin obrazının açıq-aydın bənzərliyinə görə qorxurdu.

 

“İvan Vasiliyeviç” məsələsi Leonid Qayday bu işə əl qoyandan sonra uğur qazandı. Tanınmış rejissor, Bulqakov xəttini tam olaraq saxladı, təkcə 30-cu illərə aid detalları 70-ci illərə uyğunlaşdırmalı oldu. Məsələn, pyesdə haqqında bəhs edilən patefon maqnitofonla, palto dəri gödəkcə ilə dəyişdirildi, zaman maşınında isə tranzistorlardan istifadə edildi. Filmin qəhrəmanı Yakinin isə İvan Qroznı ilə görüşündə 30-cu yox, 70-ci illərdə SSRİ-də məşhur olan kino artistlərinin adını sadalayır. Yeri gəlmişkən, film amerikalı tamaşaçılara da tanışdır, ancaq filmin amerikan versiyasının adı “İvan Vasiliyeviç: yenidən keçmişə” olaraq dəyişdirilib.

 

***

 

Leonid Qayday müxtəlif tryuklardan istifadə etməyi xoşlayırdı. Məhz o, ilk dəfə çimərlik geyimində, qısa ətəkli əlbisələrdə qadın obrazları yaradır və çəkirdi. Bu, həmin dövrdə sovet kinosunda az qala erotik səhnə kimi görünürdü.

 

“Qafqaz əsiri” filminin ekranlara çıxması da maraqlıdı. Filmə ilk dəfə Brejnev baxıb. Yaltada dincələrkən, köməkçilərinə deyib ki, təzə komediyaya baxmaq istəyir. “Qafqaz əsiri” isə təzə çəkilibmiş, amma senzurada imiş. Filmi Brejnevə göstərilər. Baxır, baxır, yenə də baxır. Və hər dəfə də uğunub gedir.


- Buraxın, sovet xalqı baxsın.

 

- Leonid İliç, olmaz. Orada bir ifadə var. Keçən il bəy, partiya üzvü olan qızı qaçırıb.

 

Brejnev yenə gülür:

 

- Əziz yoldaş, başa düşün, Qafqazdır axı!

 

Beləcə, film ekranlara çıxır.

 

***

 

Əslində, bu gün 94 yaşı tamam olan bu dahi haqda çox yazmaq olar. Bəlkə də gənc nəslin onu tanıması üçün. Çünki indiki gənclər bilməz: onların valideynləri, nənə və babaları bu kişinin filmləri ilə böyüyüb. Leonid Qaydayın. Bu gün 94 yaşı tamam olan bu böyük kişinin…

 

# 1114
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar