“Adamyeyənləri yerindəcə güllələdilər... 3 körpəni yemişdilər” – <span style="color:red;">872 GÜNLÜK QİYAMƏT
27 yanvar 2017 14:45 (UTC +04:00)

“Adamyeyənləri yerindəcə güllələdilər... 3 körpəni yemişdilər” – 872 GÜNLÜK QİYAMƏT

 

“Pişik əti daha iki dəfə üçün bəs edəcək. Daha bir pişik də tapmaq yaxşı olardı. Yoxsa ac qalacağıq. Amma çox dadlıymış...”

 

Bunu 16 yaşlı Lena yazmışdı öz gündəliyində. Lena Muxina...

 

Bunu isə 11 yaşlı Tanya: “Hamı öldü. Balaca qardaşım da. Bircə mən sağ qalmışam”.

Bir neçə gün sonra qonşuları balaca Tanyanın donmuş meyitini tapmışdılar mənzildə.


***

 

872 gün, hə, düz 872 gün SSRİ-nin ikinci ən böyük şəhəri Leninqradda iki milyon yarımdan çox insan 20-ci əsrin ən dəhşətli insanlıq dramını yaşamışdı.

 

Leninqrad mühasirəyə 1941-ci ilin sentyabrında düşmüşdü. Mühasirədə isə 2 milyon 544 min sakin qalmışdı. Onlardan 400 mini uşaq idi. 1942-ci ilin fevralında artıq 200 min sakin aclıqdan ölmüşü. Ümumiyyətlə, 872 günlük blokada nəticəsində 640 min insan aclığın qurbanı olmuşdu. Yeri gəlmişkən, almanların Leninqradı bombalaması nəticəsində ölənlərin sayı bundan az qala 10 dəfə az idi.

 

Küçədə, evlərdə acından ölənlərin sayının ildırım sürətilə artdığını görən hökumət həftədə bir gün təyin etmişdi: “Meyit toplama günü”. Uşaqlı-böyüklü, hamı küçələri, evləri gəzib, meyit yığırdı.

 

“İnsanlar ölür, ölür, ölür. Hər yer meyitlə doludu. Yığıb-yığışdırmaq olmurdu. Bu gün mən yolda bir nəfərlə üz-üzə gəldim. Sifəti gömgöy idi. O, azca aralanan kimi üzü üstə yerə düşdü. Mən sadəcə ötüb keçdim. Eləcə də digərləri. Hər səhər evdən çıxanda küçədə meyit görmək mümkün idi”. Şəhər sakini Yelena Skyarabina xatırlayacaqdı sonralar.

 

“Fevral ayında şəhərin küçələrindən hər gün 7 min meyit yığışdırılırdısa, apreldə bu rəqəm 600-ə, mayda xeyli aşağı düşürdü. Çünki ot çıxmışdı, ağaclar yarpaqlamışdı”. Bunu isə Tatyana Bulıkina xatırlayır.

 

Sonradan amerikalı tarixçi Maykl Uoltser yazacaqdı: “Leninqradın blokadasında ölənlərin sayı Hamburq, Drezden, Xirosima və Naqasakinin bombalanması nəticəsində ölənlərin sayından çox idi”.

 

Blokada dövründə Leninqradda yaşayan, sonradan Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş İlya Qlazunov: “Çox dəhşətli dövr idi. O zaman 11 yaşım var idi. Bir məqam aydın şəkildə indi də gözümün önündədir: sevimli xalamın sifətini ac siçovullar yemişdilər. Anam tez-tez bizdən qorxmamağımızı xahiş edirdi. O deyirdi ki, biz onsuz da gec-tez öləcəyik. Nə fərqi var, indi, ya nə vaxtsa”.

 

Tatyana Qriqoryeva xatırlayır:

 

“Ərzaq nəinki çatışmırdı, ümumiyyətlə, yox idi. Ac insanlar gecədən mağazalarda növbə tutmalı olurdular. Mən 9 yaşımdan öz gündəliyimi tutmağa başlamışam və ilk yazım 1 yanvar 1942-ci ildə qeydə alınıb. Yazdığım 10 dəftərdə qeydlərin hamısı yemək barədədir. Naharda bir qaşıq sıyıq olsaydı, sevinirdik. Çörəyi isə adambaşına cəmi 125 qram verirdilər. Yadımdadır, bir dəfə özümdən böyük bir qız mənim çörək kartımı əlimdən alıb qaçmışdı. Mən yaxşı qurtarmışdım. Buna görə hətta adam öldürürdülər. Çay əvəzinə isə palıd qozalarından “qəhvə” dəmləyib içirdik”.

 

11 yaşlı Yelena Kolesnikovanın gündəliyindən:

 

“Anam çürümüş kartof qabığından şorba bişirirdi. Yaydan bir şüşə günəbaxan yağı saxlamışdıq. Anam tapşırmışdı ki, ona əl vurmayaq. Ac idim, bir gün dözmədim, bir qurtum içdim. Anam məni vurdu. Sonra da hönkür-hönkür ağladı”.

 

İrina Qavrilovanın xatirələrindən:


“120 qram qara çörək, vəssalam. O da adətən yonqarlı olurdu. Bunu çörək donub xarab olmasın deyə edirdilər. Mən çörəyin yarısını səhərə, yarısını günortama ayırmışdım. Çörəyin üstündəki yonqarları isə kağıza büküb, axşama saxlayırdım. Axşam yatmamışdan qabaq onları yeyirdim. Çox çeynəməli olurdum. Çünki mədəmi, bağırsaqlarmı yara edə bilirdi. 6 aydan sonra ağzımda cəmi bir neçə dişim qalmışdı”.

 

“Blokada kitabı”nın müəllifi Danil Qranin yazır:

 

“Şəhərdə soyğunçuluq baş alıb gedirdi. Quldurları və adamyeyənləri yerindəcə güllələyirdilər. Hə, təəccüblənməyin. Bir neçə nəfəri elə hadisə yerində güllələmişdilər. Onlar 3 azyaşlı uşağı yemişdilər. Ən dəhşətlisi bu deyil. Bəzən öz uşaqlarını yeyən, onu öz balalarına yedirtmə kimi halları olurdu. Mənim gördüyüm ən dəhşətli səhnə isə ananın öz damarını kəsib körpəsini yemləməsi idi, süd əvəzinə”.

 

Leninqrad blokadasını yaşamış həmyerlimiz İrina Qədimovanın açıqlamasından:

 

“Gözlərimi qapayanda mələfə ilə örtülmüş meyitləri görürəm. İnsanların meyitləri məzarlığa aparmağa gücü yox idi, sadəcə küçəyə çıxarırdılar ki, kimsə onları yığışdırsın”.

 

İrina xanım deyir ki, şəhər hər iki saatdan bir bombalanırdı.

 

“Biz uşaqlar sığınacaqda gizlənirdik. Bu zaman analarımız damlarda keşik çəkir və alışan bombaları söndürürdülər. Atəş kəsiləndən sonra analarımız yanımıza gələrək deyirdilər: “Uşaqlar, gəlin göbələk yığmağa gedək”. “Göbələk” deyəndə mərmi qəlpələrini nəzərdə tuturdular. Biz həmin qəlpələri aclıqdan səndələyə-səndələyə toplayırdıq”.

 

Yeri gəlmişkən, məlumata görə, Leninqradın mühasirəsində iştirak etmiş cəmi 8 azərbaycanlı sağdır indi. Amma onun müdafiəsində minlərlə həmvətənimiz iştirak edib. Təyyarəçi Hüseynbala Əliyev isə Sovet İttifaqı Qəhrəmanı adını alıb.

 

Leninqrad dəhşətlərinə isə elə bugünkü gün - yanvarın 27-də son qoyulub. 1944-cü il yanvarın 27-də.

 

# 141
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar