Trampa xalça göndərən azərbaycanlı:<span style="color:red;"> “Bilirdim ki, o seçiləcək...”  – “ŞEYX”dən HEYRƏTAMİZ PROQNOZLAR
24 yanvar 2017 17:11 (UTC +04:00)

Trampa xalça göndərən azərbaycanlı: “Bilirdim ki, o seçiləcək...” – “ŞEYX”dən HEYRƏTAMİZ PROQNOZLAR

 

2000-ci il yanvarın 2-də, Bakının Vidadi küçəsi, 85 ünvanından Moskvaya, Kremlə təxminən bu məzmunda məktub göndərilir.

 

“Mənim proqnozlarıma görə, qarşıdan gələn seçkilərdə siz qalib gələcəksiniz. Amma bu qələbə sizə asan başa gəlməyəcək. Siz 52 faiz səs toplayacaqsınız. Əvvəlcədən qələbə münasibətilə sizi təbrik edirəm”.

 

Elə həmin il martın 26-da Rusiyada keçirilən prezident seçkilərinin nəticələri açıqlananda bu məktubdan xəbərdar olanların hamısı şoka düşmüşdü. Vladimir Putin rəqiblərini qabaqlayaraq, 52.9 faiz səs toplamışdı.

 

Azərbaycanlı xalçaçı Dağlar Səfərovun proqnozu elə Moskvada da çoxunun təəccübünə səbəb olmuşdu.

 

- Mən nadir hallarda proqnozlar verirəm. İçimdən gələndə. Yadımdadı, bir gün səhər durub gəldim İraq səfirliyinə. Rəsmilərdən biriylə görüşmək istəyirdim. Onlara deyəcəkdim ki, Səddam Hüseynin aqibəti yaxşı olmayacaq. Müqavimət göstərməsin, ərəb ölkələrinin birinə getsin. Amma qulaq asmadılar.

 

- Onda belə çıxır ki, sizin dediklərinizə əməl olunsaydı, tarixin gedişi başqa cür olacaqdı? Məsələn, Qəddafi sizə qulaq asıb Moskvaya getsəydi. Ya Səddamın taleyi…

 

- Hə. Qəddafi indi də sağ idi! İnanın ki, Liviya xalqı yenidən onu özünə rəhbər edəcəkdi. Tarixin gedişatı başqa cür olacaqdı. Amma qulaq asmadılar. Bunu da ilk dəfə sizə deyirəm. Mən eyni məktubu Moskvaya da yazmışdım. Demişdim ki, Qəddafini yanınıza çağırın, onu inandırın. Həm onu, həm də Liviyanı qazanacaqsınız.

 

Suriya ilə bağlı da proqnoz vermişdim. Ümumiyyətlə, sizə bir söz deyim. Ərəb ölkələrində başlamış “rəngli inqilablar” onların heç birinə fayda vermədi. Çünki uzun illər bu ölkələrə rəhbərlik etmiş liderlər getdikdən sonra hakimiyyət əcnəbilərin əlinə keçdi. Düzdür, indi Misirdə general Sisi az-çox qayda yarada bilib. Amma bu ölkədə də sakitlik, əmin-amanlıq tam bərpa olunmayıb.

 

Hələ 2012-ci ildə “Komsomolskaya Pravda” qəzetinə müsahibəmdə demişdim ki, Bəşər Əsədi tək buraxmaq olmaz. Düzdür, həmin vaxt da, indi də Rusiya Suriyaya silah-sursat, hərbi təlimatçılarla dəstək verirdi. Amma mən bildirmişdim ki, Rusiya, rus ordusu mütləq Suriyaya real dəstək verməlidir, bu ölkəyə qoşun çıxarmalıdır. Dediyim kimi də oldu. Düzdür, Bəşər Əsəd də əvəzedilməz deyil. Amma Əsəd getsəydi, Suriya “qaynar qazan”a dönəcəkdi və bu qazanın altını söndürmək mümkün olmayacaqdı. Elə Rusiyanı götürək. Rus xalqı Putini seçməkdə tamamilə düzgün qərar çıxardı. Yeltsin hakimiyyəti bir az da qalsaydı, Boris Nikolayeviç başqa seçim etsəydi, inanın, Rusiya ərazisində 4-5 dövlət yaranacaqdı. Putin Rusiyanı quyunun dibindən çıxardı. ABŞ-ın birmənalı dominantlığına son qoydu. İndi də Qərb Rusiyanı başqa yolla əzmək niyyətindədi. Sanksiyalarla, iqtisadi təzyiq mexanizmləri ilə bu ölkəni çökdürmək istəyir. Amma proqnozuma görə, nə qədər sanksiya tətbiq edilməsinə baxmayaraq, Rusiya dözüm gətirəcək.

 

Həmsöhbətimiz deyir ki, geopolitik məsələlərlə bağlı proqnozlarının əksəri özünü doğruldub.

 

- Yadınızdadırsa, hamı deyirdi ki, Tramp Klintona uduzacaq. Bir gün səhər işə gəldim. İşçiləri başıma yığıb dedim ki, Trampın portreti olan xalça toxuyacağıq. Hətta ən yaxın dostlarım belə dedi ki, toxuyursan toxu, amma xanım Klinton seçiləcək, özünə nahaq yerə əziyyət verirsən. Dedim, görəcəksiz. Mənim proqnozum doğruldu. Tramp seçildi. Elə Trampa məktubumda da yazmışam ki, bu xalça siz prezident seçiləndən sonra toxunulmağa başlanmayıb. Bunu noyabrdan başlamışıq toxumağa.

 

- Trampdan cavab gözləyirsiz?

 

- Kondoliza Rays məktub yazmışdı. Böyük ehtimalla, Tramp da cavab verəcək. Bu cavab məsələsiylə bağlı bir məqamı da deyim. Vaxtıyla Yeltsinə, Kuçmaya öz proqnozlarımla bağlı məktublar yazıb, xəbərdarlıq etmişəm. Amma mənə cavab yazmayıblar. Sonradan onların hamısı baş verib.

 

- Ümumiyyətlə verdiyiniz proqnozlarda yanıldığınız olubmu?

 

- Rusiya ilə bağlı bir proqnozumda yanılmışam. Amma əksəri düz çıxıb.

 

Dağlar müəllim deyir ki, dünyadakı iqtisadi böhran əslində süni şəkildə yaradılıb.

 

- Bu böhran bir ovuc insana, bir neçə dövlətə qazanc gətirir. 2009-cu ildə Rusiya nəşrlərinin birinə müsahibəmdə demişdim ki, neftin qiyməti bu həddə qala bilməz. Nefti ucuzlaşdıracaqlar və neft istehsal edən dövlətlər buna hazır olmalıdırlar. Elə də oldu. Mən proqnoz vermişdim ki, 2015-2016-cı illərdə neftin qiyməti 60 dollardan aşağı olacaq. Onu da proqnozlaşdırmışdım ki, dollar bahalaşacaq. Elə də oldu. Fikrimcə, bəşəriyyətin iqtisadi xilasının bir yolu da dünyanın vahid valyutaya keçməsi olardı. Qoy lap dollar olsun vahid valyuta. Görürsüz, avro Avropanın vahid valyutasıdır. Öz dəyərini də saxlayır. Bundan başqa, Avropa İttifaqına daxil olan dövlətlərin heç birində də problem yaratmayıb. Təklif vermişdim ki, Dünya Bankının yanında müstəqil ekspertlərdən ibarət şura yaradılsın və dünyanın vahid valyutaya keçidinin detalları hazırlansın. Bu prosesə təbii ki, tədricən getməlidir, birdən-birə mümkün deyil bu keçid. Məsələn, Avropa İttifaqına daxil olan yeni ölkələr avroya keçsələr də, bir müddət öz milli valyutasını da saxladılar.

Elə neft məsələsi də elə. Heç kimə sirr deyil ki, neftin maya dəyəri onun satış qiymətindən qat-qat aşağıdır. Neft istehsal edən ölkələr, OPEK birləşib neftin konkret qiymətini müəyyənləşdirməlidirlər. Məsələn, bareli 50 dollar. Və bütün dünyada da neft bu qiymətə satılsın. Yoxsa neftin üzərində aparılan manipulyasiyalar, baxın, bəzi dövlətləri nə günə qoyub. Məsələn, Venesuelada inflyasiya az qala 500 faizi keçib.

 

Dağlar Səfərov deyir ki, ABŞ-ın apardığı siyasət ancaq öz maraqları üçündür. Nefti ucuzlaşdırmaq da elə buna xidmət edir.

 

- O vaxt mən böyük səkkizlik ölkələrinin dövlət başçılarına da müraciət etdim. Ki, vahid valyutaya keçidlə bağlı məsələlərə ciddi yanaşsınlar. Vahid valyutadan başqa da təklifim vardı. Təklif etdim ki, dünya dövlətlərinin valyutaları bütün dünyada keçərli olsun. Yəni mən ABŞ-a gedəndə öz manatımı orada rahatca istifadə edə bilim. Vahid kurs müəyyən edilsin, bu kurs isə azı 7 il dəyişməz qalsın.

 

 

Dünyadakı iqtisadi böhranın bir səbəbinin bəzi liderlərin ambisiyalarında görür həmsöhbətimiz. Deyir, məsələn, hamı bilir ki, kiçik Corc Buş ABŞ-ı hansı vəziyyətə gətirib çıxarmışdı.

 

- Onun siyasəti - həm daxili, həm də xarici - çox ziyanlı idi. Dünyanın lider dövlətinin prezidenti olsa da, dünyada nüfuzu yox idi. Elə ölkəsində də onu sevmirdilər. Ona görə də, qəsdən Obamaya çoxlu problemlər qoyub getdi ki, Obama bu problemlərin öhdəsindən gələ bilməsin. O vaxt Obama seçiləndə demişdim ki, bu adamın siyasəti nəticəsində ABŞ iqtisadiyyatı çox güclənəcək. Elə də oldu.

 

Sonda Dağlar müəllim bir məqamı da qeyd etməyimiz xahiş etdi. Dedi ki, o təkcə xalça toxumur, bitki toxumlarından istifadə edilməklə də portretlər hazırlayır.

 

- Elə Trampa onun toxumlardan ibarət hazırladığımız portretini də göndərəcəm...

 

“Allah qoysa” deyib, ayrılırıq...

 

 

# 320
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar