<span style="color:red;">Dilarə:  ""Hoqqa"nı çəkmək üçün çox hoqqalardan çıxdıq" - <span style="color:red;">MÜSAHİBƏ
23 yanvar 2017 16:22 (UTC +04:00)

Dilarə: ""Hoqqa"nı çəkmək üçün çox hoqqalardan çıxdıq" - MÜSAHİBƏ

 

Əməkdar artist Dilarə Əliyeva və qardaşı, aktyor-aparıcı Vüsal Murtuzəliyev Lent.z-ın canlı yayımında qonaq olub. Aktyorlar rol aldıqları “Hoqqa” filmi barədə danışıblar:

 

- Yanvarın 26-da Nizami Kino Mərkəzində “Hoqqa” filminin qala gecəsi, 27-də isə filmin yayımı olacaq. Bu ekran işi tamaşaçılara nə vəd edir?

(Dilarə Əliyeva) - Filmin ssenarisi Fariz Əliyevə məxsusdur. Azərbaycanda çəkilən bir çox filmlərin ssenaristi məhz Fariz Əliyevdir. Mənə belə bir ideyasının olduğunu söylədi, ideya xoşumuza gəldi. Düşündük ki, bu işi komanda şəklində öhdəmizə götürək, bir film ərsəyə gətirək. Bu işdə də bizə layihəmizin rəhbəri Oqtay Əliyev necə lazımdırsa, elə də kömək oldu. Bütün resursları işə saldı, bizə kömək elədi. Filmin çəkilişləri Qubada baş tutub. Demək olar ki, filmin 99%-i orada reallaşdı. Bu ekran işində hadisələr çox maraqlı, dinamikdir. Ssenari barədə onu deyə bilərəm ki, mənim qəhrəmanım Qızxanım yaşı-başı keçmiş, bir neçə dəfə qaçmış, tutuzdura bilməyən bir qızdır. O, “feysbuk”da biri oğlanla tanış olur və oğlanı özünə valeh edir. Həmin bəyə də təklif edir ki, gəlib onu qaçırtsın. Oğlan da o onu qaçırdır. Amma necə qaçırdır?! Bu hadisələrin hamısı yolda baş verir. Yəni o qızı qaçırdana qədər, yolda çıxartmadığı hoqqalar qalmır. Tamaşaçılarımız bu “Hoqqa”nı çox bəyənəcək. Hər bir azərbaycanlı bu filmi seyr etmək istəyəcək.

 

(Vüsal Murtuzəliyev) - Dilarə xanım film barədə yetəri qədər məlumat verdi. İndi mənim borcum öz obrazım barədə danışmaqdır. Filmdə Qızxanımı qaçırdan Eşqinin dostu Kəramət obrazını canlandırıram. Çox maraqlı personajdır. Ən əsası, filmdə zəncirvari hadisələr bir-birini tamamlayır. Bir sözlə, gülmək adında nə varsa, hamısı bu ekran işində cəmləşib. Hadisələr filmin adi ilə həqiqətən də uyğunlaşır. Əminəm ki, tamaşaçılar da izləyəndə çox güləcək.

 

- Bəs tənqidlərə də hazırsınızmı?

(Dilarə Əliyeva) - Biz hər hansı bir işi təqdim ediriksə, haqlı, düzgün, qərəzsiz tənqidə hazır olmalıyıq. Biz onsuz da gördüyümüz hər hansı bir işdə nəyinsə çatmadığından xəbərimiz var. Təbii ki, biz bunu tamaşaçıya izah etməyə çalışsaq, mənasız olacaq. Çünki tamaşaçıya nəticə maraqlıdır. Amma təbii ki, tənqidlər olacaq. 

(Vüsal Murtuzəliyev) - Bilirsiniz, milyonlarla, milyardlarla insanın izlədiyi “Titanik” filmini də tənqid edirlər. Amma biz də tənqidə hazırıq. Ancaq tənqid də əsaslı, qərəzsiz olmalıdır. Yoxsa hər yerindən duran tənqid eləsə, bununla barışmaq olmur. Bu, mənim aktyor fəaliyyətimdə ilk komik rolumdur. İndi bir çoxu buna təəccüblənəcək. Yaxşı mənada da təəccüblənən olacaq, pis mənada da. 

 

- Filmin qala gecəsinə yəqin ki, xüsusi qonaqlar da dəvət etmisiniz.

- Bəli, qala gecəsində bir çox tanınmış simalar iştirak edəcək. Media da həmin gecəyə dəvət olunub. Adi insanlar da bilet alıb, bu qala gecəsində iştirak edə bilər. İnşallah, qala gecəsindən 1 gün sonra Nizami Kino Mərkəzində filmin nümayişi olacaq. İstəyən, həmin gün üçün də bilet əldə edə bilər.

 

- Filmin çəkilişlərində ən maraqlı məqam nə oldu?

(Vüsal Murtuzəliyev) - Çəkilişdə olan zaman zəng gəldi ki, ikinci qızım dünyaya göz açıb. Amma qızımı 1 həftə sonra görə bildim. Yəni çəkilişlərdən çıxa bilmirdim. Gücləndirilmiş iş rejimində işləyirdik ki, bu tarixə qədər işlərimizi yekunlaşdıraq. 

 

- “Hoqqa”da sizlərdən savayı kimləri görmək olar?

 

(Dilarə Əliyeva) - Xalq artisti Cəfər Namiq Kamal, Elməddin Cəfərov, əməkdar artist Nahidə Orucova, aktyorlar Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov, gənc aktrisa Aytac Quliyeva çəkilib. Əslində, filmin aktyor heyəti çox deyil, azdır. Amma sazdır. (gülür)  

 

- Film neçə aya ərsəyə gəlib?

 

(Dilarə Əliyeva) - Filmin ssenarisi falan xeyli zaman apardı. Amma çəkiliş müddətini soruşursunuzsa, 18 günə bitirdik. Çünki əsas hadisələr rayonda baş verdi. Biz də komanda olaraq 18 gün Qubada qaldıq. Hər gün səhər 6-da dururduq, gedirdik çəkilişə, axşam da qayıdırdıq.

 

(Vüsal Murtuzəliyev) - Yəni 1 gün belə dincəlmirdik. Bütün komandaya təşəkkür edirəm ki, bu müddət ərzində əziyyət çəkdilər. Bir ay ərzində gecələrini gündüzlərinə qatdılar.

 

- Çəkilişlər zamanı aktyorların kaprizləri oldumu?

(Dilarə Əliyeva) - Yox, olmadı. Mən normalda kaprizli insan deyiləm. Bütün aktorlarla işləmək xoş idi.

 

- Dilarə xanım, rol aldığınız filmlərlə bağlı həyat yoldaşınız Oqtay Əliyevin iradları olurmu?

- Oqtay müəllimin iradları olur. Sadəcə hər hansı bir şirkət tərəfindən mənə təklif gəldiyi zaman ona deyirəm ki, belə bir təklif var. Daha sonra qərar veririk.

 

- Mətbuatda boşanma xəbəriniz də dərc olunmuşdu?

- Bilmirəm ki, bu şayiələr haradan qaynaqlanır. Bu şayiəni ilk dəfə eşidəndə əsəbiləşdim. Çox həyəcanlandım, istəyirdim ki, hər yerdə bar-bar bağıram ki, bu nə xəbərdi? Əsəbiləşdim, sakitləşdim, daha sonra öyrəşdim. İldə 1-2 dəfə məni boşatdırırlar. Biz boşanmamışıq. Bu gün isə balaca qızımız - Banunun 10 yaşı tamam olur.

 

- Xeyli çəki verəndən sonra dedilər, əməliyyatla arıqlamısınız...

- Mən il yarım ərzində düz 12 kiloqram çəki atmışam. Arıqlıq da üzü dəyişə bilər. Bu arada Türkiyədə dişlərimi də düzəltdirmişəm, o da məni xeyli dəyişdirib. Üzümdə də plastik əməliyyat etdirməmişəm. Sadəcə, üz baxımları, mezoterapiyalar etdirmişəm. Hansı ki, bunu hər qadın edir. Yəni əməliyyatla bağlı heç bir iş eləməmişəm.

 

- Sonda filmlə bağlı nələr demək istərdiniz?

(Dilarə Əliyeva) - Biz tamaşaçılara sözün əsl mənasında “Hoqqa”nı təqdim etmək üçün çox hoqqalardan çıxdıq. Çıxmadığımız oyunlar qalmadı. Gülməli bir film təqdim etməyə çalışdıq. Çox ümid edirik ki, bu, bizdə alındı. İnşallah yanvar 27-də “Hoqqa”nı sizlər də görəcəksiniz.

(Vüsal Murtuzəliyev) - Komediya adına nə varsa, bu filmdə olacaq. “Hoqqa” adı artıq hər şeyi deyir və filmdə nələrin olacağından xəbər verir. Tamaşaçılara səslənib deyirəm ki, getsinlər, bu filmi seyr etsinlər. 

 

 

 

 

 

 

# 915
avatar

Yalçın UĞUR

Oxşar yazılar