"Relsin üstünə uzandıq, dedik, üstümüzdən keçsinlər" - <span style="color:red;">20 yanvar şahidi
19 yanvar 2017 14:20 (UTC +04:00)

"Relsin üstünə uzandıq, dedik, üstümüzdən keçsinlər" - 20 yanvar şahidi

 

“Yanvarın 15-dən tanklar və hərbi maşınlarla dolu vaqonlar Dərbənd stansiyasında görünməyə başladı. Biz əvvəlcə elə bilirdik sadəcə hərbi hissələrin yerdəyişməsidir. Amma gecə xəbər yayıldı ki, hərbi yüklü qatarlar Bakkıya gedir. Elə gecəylə də hamı töküldü stansiyaya”.

 

Bu sözləri Tahir Saleh deyir. Dərbənddə hamının şair, jurnalist və əsl azərbaycanlı kimi tanıdığı Tahir müəllim.

 

Lent.az-ın əməkdaşı Tahir müəllimlə 27 il bundan əvvəl Dərbənddə baş vermiş bir hadisəylə bağlı söhbət edib. Hə, düz 17 il əvvəl Bakıya üz tutan hərbi eşalonunun qarşısı alınıb Dərbənddə. Tahir müəllim və onun kimi ziyalıların çağırışıyla minlərlə azərbaycanlı tank və topla dolu qatırı Dərbənddə saxlayıblar.

 

- Yanvar faciəsi 20 yanvar günü yox, bir neçə gün əəvvəl baş verə bilərdi. Ayın 16-da qatar artıq yola düşməyə başlayırdı. Relslərin üstünə əlimizə nə gəlirdi atırdıq. Qatarın hərəkətinə imkan vermirdik. Amma o boyda qatarı dayandırmaq da mümkün deyildi. Sədləri yavaş-yavaş dağıdıb irəliləyirdi.

 

Hə, belə olan halda Tahir müəlimin çağırışıyla, özü də başda olmaqla bir neçə dərbəndli relslərin üzərinə uzanır. Qatarı dartan elektrovozun ön hissəsi ilə relsin üzərinə uzanan Tahir müəllimi bir neçə santimetr ayırır.

 

- İnanın heç bir qorxu-filan yox idi gözümüzdə. Dedik, keçirlərsə, bizim üstümüzdən keçib gedə bilərlər. Maşinist qatarı dayandırıb təşvişlə bizə baxırdı. Sonra general Lebed gəldi. Dedi, relslərin üstündən durun, imkan verin, qatar yola düşsün. Hətta yalandan Bakıya getmədiklərini dedi. Amma biz çəkilmədik. Gecəni də orada qaldıq, növbəylə camaat relslərin üstündə oturub sanki Bakının keşiyini çəkirdi. İki gün qatar tərpənmədi. Ayın 19-u stansiyadan çıxıb getdi. Biz sevinirdik. Amma..

 

 

Amma sən demə, hiylə işlədibmiş hərbçilər. Qatarı Dərbənddən aralıya, Manas stansiyasına çəkib tankları və hərbi maşınları boşaldıblar. Sonra da magistral yolla Bakıya üz tutublar.

 

- Biz bundaq çox gec xəbər tutduq. Dərbəndlə Yalamanın arası çox yaxındır. Hərbi maşınlar 1 saata Yalamanı keçə bilərdilər. Tanklar isə uzağı iki saata. Belə qısa vaxtda əlimiz onlara çatmayacaqdı. Yanvarın 19-dan 20-yə keçən gecə həmin tanklar girdi Bakıya. Bizim 3 gün Dərbənddə saxladığımız tanklar.

 

Tahir Saleh deyir ki, hər il Dərbənddə də 20 yanvar şahidlərinin anım günü keçirilir.

 

- O günləri xatırlayanda həmişə qürur hissi keçiririk. Axı Bakıdakı insanlar kimi biz də şəhid ola bilərdik. Görünür, bizə qismət deyilmiş. 

# 146
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar