“İslam həmrəyliyinin qorunması sabitliyin davamlı zəmanətidir”
19 yanvar 2017 12:14 (UTC +04:00)

“İslam həmrəyliyinin qorunması sabitliyin davamlı zəmanətidir”

 

Bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi münaqişə və müharibələrin tüğyan etdiyi dünyaya Azərbaycanın növbəti sülh mesajı adlandıra bilərik.

 

Lent.az-ın məlumatına görə, bunu “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli deyib.

 

S.Əzimbəyli qeyd edib ki, Azərbaycanda istər dinlər, istərsə də məzhəblərarası tolerant münasibət dünyanın heç bir ölkəsində mövcud deyil: “Təsadüfi deyil ki, ölkədə 2016-cı ildə dövlət başçısı İlham Əliyev tərəfindən “Multikulturalizm ili”elan olunmuşdu. Müsəlman ölkələrində məzhəblərarası münasibətlərin savaş meydanına çevrildiyi bir vaxtda dünyəvi dövlət olan Azərbaycanda İslam həmrəyliyinin qorunaraq mühafizə olunması bütün xalqın uğurudur. Düşünürəm ki, dövlət başçısı tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” kimi elan olunması bütün dünya ölkələrinə əsl nümunədir. Digər tərəfdən bu addım ölkədə birlik və bərabərliyin, əbədi qardaşlığın dövlət tərəfindən prioritet olaraq himayə olunmasının sübutudur”.

 

S.Əzimbəyli bildirib ki, yad düşüncə və təsirlərdən qorunmağın başlıca şərtlərindən biri də İslam dəyərlərinin qorunmasıdır: “Belə ki, Azərbaycanda əsrlərdir təriqətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi İslamın təməl prinsiplərindən olan həmrəyliyin xalq tərəfindən qorunaraq yaşadılmasından keçir. 2017–ci ilin “İslam Həmrəyliyi İli” kimi elan olunması da  tarixi milli və mənəvi ənənələrin birbaşa dövlət başçısı tərəfindən  himayə olunması deməkdir. Bununla yanaşı, İslam həmrəyliyinin qorunması ölkədə sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir”.

 

# 268
avatar

Oxşar yazılar