“O qədər döydülər, taxta belimdə qırıldı, sürüyüb zirzəmiyə atdılar” – <span style="color:red;">İNTERNAT DRAMI – II HİSSƏ
17 yanvar 2017 15:04 (UTC +04:00)

“O qədər döydülər, taxta belimdə qırıldı, sürüyüb zirzəmiyə atdılar” – İNTERNAT DRAMI – II HİSSƏ

 

I hissə

 

II hissə

 

Əli özünə qapıldığından kənardan sakit uşaq təsiri bağışlayırdı. Amma daima içində mübarizə aparır, ən qısa zamanda anasına qovuşacağı görüşün xəyallarını qururdu. Müxtəlif şirkətlərin nümayəndələri uşaq evinə qonaq gələndə “bu adam məni anamın yanına aparacaq” düşüncəsi ilə ən qabaqda dayanır, qonaqlara zillədiyi baxışlarından ətrafa qığılcım saçılırdı...

 

O, bura necə gəldiyini, nə ilə gəldiyini bir gün də olsun unutmurdu. Hətta bir dəfə qonaqlardan kiminsə qırmızı rəngli “09” markalı maşınını görəndə, bunun onu anasından ayırıb aparan maşın olduğuna zənn etdi. Əlinin sevincinin həddi-hüdudu yox idi. Nəhayət, düz bir il gözləyəndən sonra həmin maşın arxasınca gəlmişdi.

 

Sevincək yüyürüb, maşına əyləşdi. İsti havada yarım saatacan maşında qalandan sonra ürəyi sıxıldı və maşının qapılarını qurdaladı. Heç nə alınmırdı. Sanki avtomobilin qapıları kilidlənmişdi. Bu, dəqiq həmin avtomobil idi. Onun da qapılarını aça bilməmişdi...

 

Sürücü qapının açıb, “maşına niyə minmisən?” soruşanda Əli rahatca arxaya söykəndi. Məsum təbəssümü bütün sifətinə yayıldı:

 

- Məni anamın yanına aparacaqsınız, hə?

 

***

 

- Sonra Katya adlı tərbiyəçi gəlib məni apardı... Əlimdən tutanda düşündüm ki, məni döyməyə aparır...

 

- Döyülməyə aparanda hansı reaksiyanı verirdiniz?

 

- Heç nə. Döyülməyənə kimi heç bir reaksiya vermirdim. Döyülmək də var, döyülmək... Möhkəm vurmasalar, ağlamazdım... Bilmirəm niyə düşünürdüm ki, Katya məni döyməyə aparır. Yəqin əlimdən möhkəm tutub, ya da bərk sıxıb... Yoxsa o vaxtlar elə çox döyülməmişdim... Əsli adlı tərbiyəçi var idi, yaşayırsa, can sağlığı arzu edirəm, ideal insan idi. Döyməyi də var idi, amma heç kim ondan inciməzdi. Çox qayğıkeş idi. Daim şərait yaradırdı ki, qohumları gəlib, bizə dondurma, “Kent” saqqızı gətirsinlər. Sarı rəngli türk saqqızları... O bizim üçün bilirsiniz nə demək idi? O saqqızlara elə həvəs göstərirdik ki, hətta Əsli müəllimə onun üstündəki yazıların nə demək olduğunu da bizə izah etmişdi... Körpə idik axı, hələ oxuya bilmirdik. Oradan yadımda qalan Əsli müəllimə ilə Səyyarə müəllimədir.

 

- Səyyarə müəllimə kim idi?

 

- Uşaq evinin müdiri. Yaşlı qadın idi, bizi çox istəyirdi. Onun vaxtında uşaqlara qarşı kobudluq olmazdı. Kimsə uşağı vursa da, sonra gəlib könlünü alardı. Vurmaq deyəndə ki, bir-iki şillə çəkirdilər. Bu, elə də ağır deyildi. Amma biz yalandan bərkdən ağlayırdıq ki, çox döyməsinlər... (Gülür) Həyat bizə biclikləri çox tez öyrətmişdi. Digər qruplarda Mira, Pakizə, Gülüş müəllimələr var idi. Amma 1992-ci ildə uşaq evinin rəhbərliyi dəyişdi. Bu gün kimi xatırlayıram, hamımız Əsli müəllimənin arxasınca ağladıq...

 

Yeni müdir Leyla müəllimə 45-50 yaşlarında dolu qadın idi. “Atamana” bənzəyirdi. Onun gəlişi ilə uşaq evində ən qəddar günlər başladı... Əvvəlki müəllimələr Leyla müəllimənin yeni tətbiq etdiyi qaydalara uymadıqları üçün işdən getdilər... Təzə heyət formalaşdı... Amansız, acımasız heyət...

 

- İlk şiddəti nə vaxt gördünüz?

 

- Ananın övladı döyməsi əslində heç nədir. Nə qədər möhkəm vursa da, ardınca bağrına basıb, əzizləyir. Bütün ağrıların, incikliklərin əriyib gedir. Uşaq evində isə şiddət təkcə sənə vurulan şillə, təpik olmur. Bu alçalmalar hər gün uşağı mənən sıxır. Müəllimlərin hər gün davamlı aşağılamaqları davam edir. Məsələn, Yeganə müəllimə var idi... Onu heç vaxt unutmuram...

 

...Ayağımı uzadıb stola qoymuşdum. “Ayağını aşağı sal” dedi. Sakit olsam da, tərs uşaq idim, qulaq asmadım. Qəfil yaxınlaşıb rezin başmaqla ayaqlarıma necə bir zərbə endirdisə... Axı bu günə qədər müəllimlərdən belə şiddət görməmişdim. Sarsılıb, ağladım. Sanki onun bu hərəkəti məni ayıltdı ki, müəllim hər an səni döyə bilər...

 

- Sizi sakitləşdirmək üçün heç nə etmədi?

 

- Heç vecinə də almadı. Ayağım qızarmışdı, üstəlik də ağrıyırdı. Bir tərəfdən də sanki içimdə nə isə qırılmışdı. Dayanmadan ağlayırdım. Haradasa yarım saatacan ağladım... Ümumiyyətlə, uşaq evində ağlayanı susduran olmur. Bu, yəqin ki, ailələrdə olur... Biz isə sanki səmaya üz tutub hər dəfəsində daha möhkəm ağlamaqla səsimizi Allaha çatdırmaq istəyirik ki, bu yer üzündə bizi də susduracaq, qayğımıza qalacaq, saçımızı sığallayacaq bir insan olmalıdır! Bizi unutmaq nə qədər ədalətlidir?! Heç bir cavab gəlmədikcə isterika yaranır, daha möhkəm ağlayırsan. Növbəti mərhələdə isə sakitləşirsən... Başa düşürsən ki, səni ovudan olmayacaq... Buna görə də uşaqlar kim necə bacarırdısa, elə təskinlik tapırdı. Maksimum çalışırdıq ki, döyülməyək. Döyülməmək üçün hər şeyi edirdik, hətta yalan da danışırdıq...

 

- Yeganə müəllimə hamını rezin başmaqla vururdu?

 

- Ən yumşaq zərbəsi rezin başmaq sayılırdı. Çox pis çimdikləməyi var idi. Oğlanları top kimi şkafa çırpırdı. Qızları isə daha amansız cəzalandırırdı. Sinələrindən möhkəm yapışıb, sıxır, 5-10 dəqiqəyəcən elə saxlayırdı. Sanki manyak idi... Elə uşaqlar var idi ki, döyməsin deyə ona yalvarırdı. Mən qürurlu uşaq idim, ağlayırdım, amma “döymə” deyib yalvarmırdım...

 

***

 

IV sinifdə oxuyanda Leyla müəllimə uşaqlara xalça toxutdurub, satırdı. Hər uşaq günə 32 ilmə çini xalça toxumasa, nə oynamağa, nə də yeməyə icazə verilirdi. Bu, böyük adam norması olsa da, uşaqlara elə sürətlə işləməyə öyrətmişdilər ki, fasiləsiz çalışaraq, 5-6 saata bu normanı ödəyirdilər. 32 ilmə çinini toxuyub qurtaran uşaqların gözləri bulanıq görür, başları hərlənirdi. Beləcə, onlar iki aya bir xalça təhvil verir, xalçalar 1200 ABŞ dollarına satılır, vəsaitin hara getdiyi heç kimə məlum olmurdu...

 

Yay günlərinin birində Əli öz normasını tez toxuyub bitirdiyinə görə sevinirdi. Amma sevincini paylaşacaq kimsən yoxdursa, o xoşbəxtliyin bir mənası da qalmır. Həyətdə xeyli təkbaşına qaçdıqdan sonra bu uğurunu nümayiş etdirmək üçün xalça otağının pəncərəsinə yaxınlaşdı. Uşaqlar gözlərini xanadan ayırmadan, sürətlə ilmə vururdular. Səsini çıxartsa, gözə görünsə uşaqların fikrini dağıtmaqda ittiham olunub, cəzalanacaqdı deyə, həyətdən tapdığı taxta parçası ilə yüngülcə pəncərəyə toxundu...

 

***

 

- Lənətə gəlmiş taxtanın ucu pəncərənin torunu çırdı. Həmin günü kimsə başa düşmədi. Ertəsi günü isə elə səhər yeməyini yeməyə hazırlaşırdım ki, uşaqlar gəlib dedi Leyla müəllimə səni xalça otağına çağırır...

 

Soruşdu: “Pəncərənin torunu kim cırıb?” Cavab verdim: “Xalça normamı tez toxuyub bitirdiyim üçün sevindiyimdən eləmişəm. Amma bilmədən... Məqsədim tora ziyan vurmaq deyildi...”

 

- Etiraf etdiyiniz üçün bağışladı?

 

- Nə bağışlamaq? Uşağı döyməyə səbəb axtarırdılar. Xalça toxuyanda həvə ilə döyüb bərkitmək üçün dəzgaha qalın taxta parçası salınırdı. Həmin günü o taxta ilə yiyəsiz köpək kimi döyüldüm.

 

- Müdir Leyla xanım özü döyürdü sizi?

 

- Bəli... O taxta parçasını belimdə sındırandan sonra məni zirzəmiyə aparıb, “bütün günü burada qalacaqsan!” dedilər. Zirzəmidən hamımız qorxurduq. Bizi tez-tez buraya salacaqları ilə hədələsələr də, hələ ki, heç kimi cəzalandırmamışdılar. Mən ilk uşaq idim. Qapısı bildiyimiz qapı kimi deyildi. Döşəmədən qapağı qaldırıb, nərdivanla aşağı enirdin. Zülmət qaranlıq idi... Nərdivanın üstündə özümə yer eləyib, oturdum. Tərpənməməyə çalışırdım ki, birdən aşağı yıxılaram. Qaranlıq olduğundan aşağıda nə olduğundan, ümumiyyətlə, aşağının mövcud olmasından xəbərsiz idim... Tam sakitlik çökəndə zirzəminin qapağını yüngülcə qaldırıb nəfəs alır, sonra da tez örtürdüm... Ensiz, görünməyən şüşələri olan pəncərələrdə kölgələr sağa-sola hərəkət edirdi. Adamların ayaqları idi... Özümü ayaq altında hiss edirdim... Tək düşündüyüm o idi ki, mən nə vaxt buradan çıxacağam?

 

- Zirzəmidə nə qədər qaldınız?

 

- Səhər saat 9-dan axşam 9-a kimi... Nərdivanın üstündə yuxulayır, sonra ayılırdım... Axşam saat 9-da növbə dəyişəndə uşaqları təhvil verməli idilər deyə, Fatma müəllimə zirzəminin qapağını qaldırıb, “çıx, yatmaq vaxtıdır” dedi... Onda hiss elədim ki, başım fırlanır, gözüm qaralır, ürəyim bulanır... Amma ac olduğumu dərk etmirdim... Axı bütün günü qaranlıq, havasız yerdə ac qalmışdım...

 

- Yemək verdilər, yoxsa elə birbaşa yatmağa?

 

- Birbaşa yatmağa! Mən gözdən oğurlanıb, qaçdım yeməyə. Bilirdim ki, nə o saata yemək qalasıdır, nə də uşaqlarımız mənə yemək saxlayası. Çünki mühit elə idi ki, uşaqlar arasında birlik yox idi. Möhkəm qorxudurdular. Mən özüm də döyülməmək üçün əlimdən gələni edirdim. Hamı körpə idi, heç kimin ağlı kəsmirdi, tək çalışdığımız o idi ki, bu gün döyülməyək. Axşamlar saat 6-dan sonra Leyla müəllimə bizi zala yığıb, bir neçəmizi döyür, o biri uşaqlara nümunə göstərir, gözlərini qorxudurdu...

 

- Bəs o saatda haradan yemək tapdınız?

 

- İnsanlar uşaqları unudanda təbiət onlara əl uzadır. Qaçdım düz ərik ağacının altına. (Gülür) Silkələməyə çalışdım, özümü nə qədər ağaca çırpsam da, xeyri olmadı, gücüm çatmırdı. Çıxdım ağaca, doyunca ərik yedim... Doymasam da, mədəmin başını aldatdım. Bir söz də deyim, uşaq olanda heç vaxt doymamışam. Çünki həmişə yeməyimizi kəsirdilər. Bayramdan-bayrama uşaq evində xeyriyyə tədbiri keçirəndə hiss edirdik ki, doymaq necə olur. Onda da yeməyi bişirib gətirəndə... Hazır yeməkləri bizə verir, bağlamada olan un, düyü və s. ərzaqlar satışa gedirdi. Leyla müəllimənin oğlunun mağazası var idi, orada satılırdı... Hədiyyələr, ərzaqlar, hamısı satışa gedirdi... Üstəlik, yayda bizi özü ilə bazara aparırdı... Satıcılara göstərib, uşaqlara meyvə alıram deyirdi. Görkəmimizə acıyan satıcılar qiymətdə maksimum endirim edir, bəzən pulsuz da nə isə verirdilər... Biz də həmin meyvə-tərəvəzi uşaq evinə daşıyırdıq. Sonra onlardan mürəbbə, konserv və turşular hazırlanır, satışa göndərilirdi...

 

- Onları kimə hazırladırdılar?

 

- Müəllimlər, tərbiyəçilər nəzarət edir, biz hər işi görürdük. Uşaq evinin təmizliyinə də biz baxırdıq. Hamının öz sahəsi var idi. Mən insanlardan qaçırdım deyə, hamıdan əvvəl gəlib öz sahəmi yığışdırırdım. Leyla müəllimənin ən çox oturduğu hissə mənim sahəmə düşdüyündən, ən çox diqqət edilən sahə idi. Buna görə də ən çox danlanan mən idim. Amma buna görə narahat olmurduq, danlanmaq bizim üçün artıq normal hal idi. Deyirdik danlanaq, təki döyülməyək...

 

- Sahə təmiz olmayanda cəzalandırırdılar?

 

- Əlbəttə! Birdən süpürürdüm, o gələnə qədər külək ağacdan bir yarpaq salırdı... O yarpağa görə “niyə sahən çirklidir” deyərək, o qədər döyüblər ki... Deyə bilmirsən axı külək salıb. Kimdi səni dinləyən, sənə inanan... “Yaxşı süpürsən, yarpaq olmaz” deyirdilər...

 

- Böyük ərazi idi?

 

- Özümüzə görə böyük idi. Nə boyumuz var idi ki, süpürgəm özümdən də böyük idi... Boy-buxunumuza, yaşımıza görə ən böyük sahə mənimlə Teymur adlı oğlana düşmüşdü. Tək süpürmək yox, güllərə, ağaclara da biz qulluq edirdik. Mən hələ zirzəmi qazmaqdan danışmıram...

 

- Cəza zirzəmisini uşaqlar qazmışdı?

 

- Yox, o əvvəldən var idi. Təzə zirzəmidə turşu, konserv, mürəbbə və s. saxlayırdıq. O zirzəmi üçün ayaqlarımız bir-birinə dolaşa-dolaşa daş, torpaq, qum doldurub, xeyli məsafəni aparırdıq... Onda hələ heç 10 yaşım olmamışdı...

 

- Siz zirzəmini tək tikirdiniz?

 

- Tikintidə əsasən uşaqlar iştirak edirdi. Bir də iki sürücü. Bizi dənizə getməklə həvəsləndirirdilər... Maşınla qum gətirirdilər, sonra tapşırıq verirdilər ki, təpəciyin yarısına kimi daşısanız, sizi dənizə aparacağıq. Dənizə getmək üçün var gücümüzlə çalışırdıq. Əsasən biz, yəni böyük qruplar işləyirdik. Lap körpələri qatmırdılar belə işlərə...

 

- Böyük qrup dediyinizin 10 yaşı var idi...

 

- Bəli... 8, 9, 10... Ailədə uşaq gec böyüyə bilir. Biz o yaşda artıq aldığımız hər nəfəs üçün əvəz ödəməli, çalışmalı olduğumuzu bilirdik. Bizim uşaqlığımızı əlimizdən alıblar... Haqqımız olan qumlu sahildə qaçmaq, bircə dəfə dənizdə çimmək üçün qızlı-oğlanlı 120 uşaq qul kimi işləyirdik. Elə də gec qurtarırdıq ki, artıq leş kimi yorulub düşürdük... O saatda kim idi bizi dənizə aparan? Əslində çox şey istəmirdik ki... Uşaq idik, tək istədiyimiz bir neçə dəqiqəlik xoşbəxtlik idi... Yaxşı bilirdik ki, bir neçə dəqiqə sonra bu sevinci burnumuzdan gətirəcəklər...

 

***

 

Uşaqlar ayaqlarını quma basdıqca, günəşin yandırdığı qum hərarətini körpələrin bədəninə ötürür, yorğunluqlarını unutdururdu. Bu, sanki insanın doğmasından gələn istilik idi. Gün boyu kölə kimi çalışdıqlarını unudub, dəstə ilə dənizə doğru qaçırdılar.

 

Arxadan kobud kişi səsi eşidilirdi:

 

- 5 metrdən çox uzaqlaşmayın!

 

Sürücünün işarə etdiyi 5 metr aralıda dəniz suyu uşaqların dizinə qədər qalxırdı. Əli ruhunu saran bu sehri bir az da hiss etmək üçün bir neçə addım da atdı. Arxadan səs ucaldı:

 

- Uzaqlaşmayın!

 

Dəniz suyu Əlinin qarnında, belində nazlananda oğlan ilk dəfə bədəninə sığal çəkildiyini hiss etdi. Gün boyu daş, qum daşımaqdan yorğun düşən ayaqları, qolları xoşhallandı. Bu, ecazkar bir duyğu idi. Arxadan səs eşidilirdi:

 

- 5 metrdən o yana getməyin!

 

Əli səsi ürəyində cavabladı:

 

- Cəhənnəmə ki! Onsuz da uzağa getməsəm də döyəcəklər!

 

Dənizin sığalı sinəsində gəzişir, günəşin şüaları üzünü oxşayırdı. Sahildəki 120 uşağın hay-küyündən uzaqlaşdıqca hüzura qovuşurdu. Xəzər öz duzlu suları ilə balaca oğlanın çiyinlərini yalayırdı...

 

II hissənin sonu

 

(Davamı olacaq...)

 

# 8163
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar