O çığırtının altında yaşamaq... – AKTUAL ŞƏRH
07 yanvar 2017 15:46 (UTC +04:00)

O çığırtının altında yaşamaq... – AKTUAL ŞƏRH

Ombusdman, məhkəmə sədri, məhkəmə icraçısı və digər qanunpərəstlər. 30 ildi bu ölkədə yaşayıram, istinad olunan qanunları da çox yaxşı bilirik, onların necə icra olunduğunu da çox yaxşı görmüşük. Nədi axı, o qanunpərəstliyiniz körpəyə qalmışdı? Necə hüquqpərvər olduğunuzu, vəzifənizi necə canla-başla yerinə yetirdiyinizi göstərmək üçün bu zərif qızcığaz lazım idi? Halal olsun, əla iş gördünüz...

 

***

 

10 yaşlı Nurayın bir neçə məhkəmə icraçısı və “mənim belimdən gəlib” səviyyədə bir fiziki varlığın əlində necə işgəncələrə məruz qaldığını yəqin ki, hamınız görmüsünüz. Yekə-yekə kişilər ən həssas dövrünü yaşayan körpəyə təzyiq edirlər. Kadrlardan görünür ki, özünə “ata” deyən varlığın atalıqdan zatən zərrə qədər

anlayışı yoxdu. Bizim atamız yoxdu? Barmağımıza tikan batanda ürəyinin başı sızlayan atamız var. Ata olmağın nə olduğunu yaxşı ki, görmüşük, bilirik. Yoxsa “belimdən gəlib” deyən varlığın da gerçəkdən ata olduğuna inanacaqdıq. Tanrı varsa, bir körpə qızcığaza sadəcə “belindən gəldiyi” üçün elə psixoloji travmalar yaşadan varlığa niyə övlad bəxş edir? Adamlar tanıyıram, illərlə övlad yanğısı ilə yaşayırlar, atalar tanıyıram, övladının üstünə toz qonmasın deyə ömrünü bir göz qırpımında fəda edib. Onlar da adam, onlar da ata, “belimdən gəlib” təfəkkürü ilə yaşayıb, qızını yerdə. sürüyən də?

 

Bu təfəkkür sahibləri ilə hər şey aydındır.

 

***

 

Hamımız bu ölkədə nəyin necə olduğunu, hansı qurumun necə işlədiyini çox gözəl bilirik. Bir qarış ölkəmizdə, bir ovuc insanıq. Körpə balanı qışqırda-qışqırda, min bir yalanla, min bir hiyləylə doğmasının qucağından qoparıb “o adamı tanımıram”  dediyi şəxsə verən adamların da hamısının üzlərini gördük. Məsələ qanuna əməl etmək, qərarı icra etmək deyil. Necə icra etməkdir. O adamlar bu ölkədə başqa məhkəmə qərarlarının da icrasında görünəcək. Və görək, güclərini 10 yaşlı Nuraya göstərənlər məhkəmələrin başqa qərarlarını da belə canla-başla, şücaətlə icra edə biləcəklərmi? Məsələn, "belindən gələn"i illərlə məhkəmə qapılarında aliment üçün süründürən yüzlərlə adama qarşı da olacaqmı bu prinsipiallıq?

 

Nolub axı? O azyaşlı qızcığaza gücünüzü göstərəndə ailəniz, uşaqlarınız gözlərinizin önünə heçmi gəlmədi? Bir anlıq o körpəni öz övladınızın yerinə qoya bilməyəcək qədər ürəksiz olmağı necə bacarırsınız? Axı vəzifənizin sizə verdiyi gücü 10 yaşlı qızcığaza göstərdiyiniz kimi hamıya göstərə bilmirsiniz? Buna görəmi elə aqressiv idiniz? Buna görəmi əlinizə düşən ilk imkanda körpəyə güc göstərirdiniz? Biz bilirik, siz güclüsünüz, əmilər, dayılar. Sizin gücünüzün kimlərə çata biləcəyini də bilirik. Bizim bildiklərimizi siz də bildiyiniz üçün 10 yaşlı Nuray güclü qollarınızın arasında fəryad qoparırdı. Nuray sizin gücünüzü gördü. Təbrik edirik. Hamınıza halal olsun.

 

***

 

0 10 yaşlı uşaq heç birinizin simasını unutmayacaq. Əmin ola bilərsiniz. Dünya durduqca, sizin o nifrət dolu simanız da o qızcığazın gözlərinin önündə duracaq. Çox ümid edirəm ki, o qızcığaza yaşatdığınız travmanın izləri çox dərin qalmaz Nurayda. Və çox ümid edirəm ki, Nuray o güclü qollarınızın arasında necə ümidsizcəsinə məğlub olduğunu tezliklə unudar, qaldığı yerdən davam edər yaşamağa. Siz isə elə o qızın çığırtıları altında yaşamağa davam edin. Yaşadığınız həyatı yaşamaq sayırsınızsa…

 

Axı sizi hansı şərait belə edib, axı siz hansı məktəbdə, hansı universitetdə, hansı müəllimdən, hansı hakimdən, hansı müdirdən öyrənmisiniz bu qədər qəddarlığı?..

 

 

**

Övladı “belindən gəldiyi” üçün yox, təbii instinktlərlə sevərlər. Uşağı qorxuyla, qanunla, qərarla, məhkəməylə yox, sevgiylə qazanarlar.

 

Sevməyi öyrənin, cənablar. Öncə özünüzün, sonra da başqalarının balalarını...

# 235
avatar

Anar Gəraylı

Oxşar yazılar