Rafiq Əzimov: “Sənətə biganə qalsan, o səndən intiqam alacaq”
27 dekabr 2016 14:33 (UTC +04:00)

Rafiq Əzimov: “Sənətə biganə qalsan, o səndən intiqam alacaq”

...Uşaqlıq illərim çox ağır keçib, müharibə dövrünə düşüb.  Müharibə başlayanda üç yaşım vardı. Atam əsgərlikdə idi. Anam da çarşablı qadın... İki qardaş idik, ailəmdən mənə düzgünlük, yalançı olmamaq kimi keyfiyyətlər keçib. Atamın bir xasiyyəti vardı. Deyirdi ki, oğlum, bir adam sənə pislik eləsə, sən çalış, ona yaxşılıq elə. Bu fəlsəfə əvvəllər mənə çatmırdı. Deyirdim, ay ata, bu necə olur? Filankəs mənə pislik eləsə, mən ona necə yaxşılıq eləyim? Deyirdi, sən yaxşılığını elə, balıq bilməsə, Xaliq bilər. Bu günə qədər o fəlsəfə mənə o qədər kömək eləyib ki... Mənə pislik eləyirlər, haqqımda qərəzli yazılar yazılır, mən isə əksinə, əsəbiləşməkdən, intiqam almaqdansa, öz üzərimdə daha çox çalışıram. Bir Allah bilir ki, məni təmkinli olmağım yaşadır. Atam çox yaxşılıq eləyən adam idi. O illər ağır illər idi. Haqq dünyasına qovuşandan sonra da, atamla bir yerdə işləyənlər hərdən küçədə mənə rast gəlirdilər. “Allah Əzim dayıya rəhmət eləsin. O, çörək verən adam idi” deyirdilər. Bu mənə ləzzət edirdi. O dövrdə bizim ətrafımızda başqa millətlər daha çox yaşayırdı. Hamısı atamın başına and içirdi. Bu bizə də, yəni anama da, qohum-əqrəbaya da təsir etmişdi. O vaxtlar insanlar arasında, indiki kimi soyuq yox, isti münasibət var idi. Ələlxüsus, Novruz bayramında vaxt təyin eləyirdilər ki, bu gün bu əmigildə, bu xalagildə, bu dayıgildə yığışacağıq. Hamısı  bir yerdə şəkərbura, paxlava bişirirdi. Bu adət-ənənə qohum-əqrəba arasında, tanışlar arasında çox gözəl münasibətlər yaradırdı.
 
...Bizim yaxınlığımızda böyük sənətkarlar yaşayırdılar. Bizdən yarım tin aralıda tarzən Qurban Pirimovun evi var idi. Ondan  iki qapı aşağıda SSRİ xalq artisti Qəmər Almaszadə yaşayırdı. Bizimlə üzbəüz qapıda çox istedadlı, dünyadan vaxtsız  köçən şair Əliağa Kürçaylı kirayədə qalırdı. Bizim cərgədə şair  Qabil yaşayırdı. Qabil İmamverdiyevin toyu da mənim yadlmdadır. Biz onda uşaq idik.
 
1947-ci ildə atam müharibədən qayıdandan sonra, elə bil, gözümüz bir az açıldı. Müharibə bitmişdi. Ağır günlərimiz yavaş-yavaş arxada qalırdı. Atam işlədi, bizim güzəranımız bir az yaxşılaşdı. Atam hələ gənclik illərindən incəsənətin vurğunu idi. Ələlxüsus muğamatın. Sara Qədimova əmimin arvadının bacısı qızı idi. Biz əmimgillə bir həyətdə yaşayırdıq. Çox müğənnilər əmimgilə toplaşardı. Bəlkə, buna görə məndə musiqiyə böyük həvəs yaranmışdı. Çox gözəl musiqi duyumum var idi. Eşitdiyim musiqiləri, xalq mahnılarını, hind kinofilmlərindən musiqiləri həm balalaykada çalırdım. Həm də anamın əmisi oğlu o vaxtlar “Teatral” restoranının müdiri idi, mənə öz tarını bağışlamışdı, həmin  tarda çalırdım. Onlar da  Qəmər Almaszadəgilin həyətində yaşayırdılar. Anamın əmisi oğlu tarı mənə bağışlayandan sonra incəsənətə marağım daha da artdı. O vaxtlat “Azneft” meydanında yerləşən Tibb işçiləri Mədəniyyət Sarayında böyük bir ansambl var idi. İndiki kamançaçalan Ağa Cəbrayılın atası Ağa Saleh bizim tar müəllimimiz idi. Tarla xeyli məşğul oldum.
 
...Məktəbdə oxuyanda Fərman adlı sinif nümayəndəmiz vardı. O, bir dram dərnəyi yaratmışdı. Biz məktəbimizin bütün tədbirlərində tamaşalardan parçalar göstərirdik. Yadımdadır, Səməd Vurğunun “Vaqif” dramından bir parça oynadıq. Orada mən Eldar rolunda çıxış etdim. Ədəbiyyat müəllimimiz Abbas Mirzə Şərifzadədədən, Ülvi Rəcəbdən tez-tez misallar gətirirdi, danışırdı.  Cəfər Cabbarlının yaradıcılığını keçəndə müəllim bizim aramızda rol bölgüsü apardı. “1905-ci ildə” əsərində mənə İmamverdi, o biri şagirdə isə Allahverdi rolunu tapşırdı. Biz öz rollarımızın sözlərini oxuyurduq, müəllim də sinifdə var-gəl edirdi. Dialoqumuz bitəndən sonra bir də gördüm çiynimə bir əl qoyuldu. Müəllim birdən qayıtdı ki, oğlum, səndən yaxşı artist olar a... Bu söz o vaxtdan, elə bil, qulağımda sırğa oldu və  həyatımda böyük bir dönüş yaratdı.
 
...“26-lar” adına Mədəniyyət sarayında Vidadi rolunun məşhur ifaçısı vardı - Əli Qurbanov. Dram dərnəyində ilk müəllimim o olub. O vaxt Dram Teatrı indiki Musiqili Komediya Teatrının binasında yerləşirdi. Axşamlar uşaqları oraya buraxmırdılar. Amma gündüzlər mən orada çox tamaşalara baxmışdım. Müəllimimiz Əli Qurbanovun “Vaqif” dramında yaratdığı Vidadi obrazına da tamaşa etmişdim. Vidadi rolunda çıxış edəndə o, sazı da canlı  çalırdı. Bu mənə çox təsir eləmişdi. Əli müəllim həmin o sazı dərnəyə gətirərdi. Mən ki tarda çalırdım, eyni vaxtda sazda da çalmağı bacarırdım. O vaxt beynimə düşdü ki, kaş  mən artist olaydım, Vidadi rolu mənə qismət olaydı, oynayaydım, sazı da, müəllimim kimi, özüm çalaydım. Bu, qismət oldu. 1938-ci ildə Adil İskəndərovun rejissorluğu ilə “Vaqif” tamaşasına ilk quruluş verilib. Vaqif rolunda Ələsgər Ələkbərov, bir də Kazım Ziya oynayıb... Mənim “Vaqif”lərim çox olub - İsmayıl Dağıstanlı, Həsənağa Salayev, Həsənağa Turabov, Əlabbas Qədirov, Səməndər Rzayev, Nurəddin Mehdixanlı... Mən bunların hamısı ilə Vidadi rolunda tərəf-müqabil olmuşam.
 
...Günlərin bir günü  növbəti Vaqif - Həsənağa Turabov idi. O vaxt “Azərnəşr” in binasında “Damğa” satirik xalq teatrı yerləşirdi. Vaxtilə onun rəhbəri  Ağadadaş  Qurbanov olmuşdu. Sonra qismət oldu, bir neçə il mən o teatrın rəhbəri oldum. Orada mənim Mübariz adlı tələbəmin yaxşı  bir sazı var idi. Mübarizə dedim ki,  sazı gətirsin teatra. Fikirləşdim, xahiş edəcəyəm ki, sazı fonoqramla yox, özüm canlı ifa edim. İcazəsini aldım.
Orkestr  çalır. Pərdə açılır. Mən deyirəm:
Xudaya, insanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.
Mənası varmıdır min təriqətin,
Aç,aç,  qapısını sən həqiqətin!
Bu sətirləri deyirəm, sonra səhnədə yoldaşımla xeyli söhbət edəndən sonra Vaqif gəlir. Onunla görüşürük. Dialoqumuz keçəndən sonra  içəridən Vaqifin öz sazını gətirirəm. Deyirəm ki, bunu tanıyırsan? Deyir:
 
Hə, mənimdir bu saz,
Hələ saxlamışam onu, utanmaz.
Ondan ayrılmasın sənin hisslərin,
Onun tellərində göylərdən dərin,
Bir məna vardır ki, yaşadır bizi,
Şair eləmişdir hər birimizi...
Sazı verirəm Vaqifə, Həsənağa Turabov keçir o başa. Mən əsl sazı götürüb keçirəm bu başa. Elə bil ki, bir az mənə vəhy gəlir, muğamat çalıram. Sonra sazın müşayiəti ilə  “Durnalar” şerini söyləyirəm. Bu şer də qurtarır. Gördüm Həsənağa təəccüblə mənə baxır. Özü də tamaşaçıdır. Həmişə fonoqram eşidiblər. Hamı canlı saz ifasına birdən-birə donub qalıb. O günlərdə bu canlı ifaya görə çox yüksək alqışlar oldu. Nə qədər oynamışdım, bu cür alqışlar olmamışdı. Səhnə qurtarandan sonra Həsənağa: “Əzimov,-dedi- sən saz da çala bilirsən?” Dedim: “Həsənağa, az-az uydururam yeri gələndə”...
 
...Müəllimim Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımov olub.  Çox gözəl insan, gözəl də  sənətkar idi. Sənətin sirlərini, ilkin olaraq, ondan  öyrəndim. İnstitut vaxtı biz teatrda üç tamaşa oynadıq. Kurs işi, diplom işi kimi. “Toy” komediyası, Lope de Veqanın “Bağban iti”, Nazim Hikmətin “Bayramın birinci günü”... Gənc Tamaşaçılar Teatrında oynadığımız Molyerin “Zorən təbib” əsəri əsasında hazırlanmış tamaşada baş rolda çıxış edirdim. Bir də həmin teatrda Korneyçukun “Polad qartal” əsəri əsasında hazırlanan tamaşanı oynadıq. O vaxt böyük sənətkarlar hamısına baxıb öz seçimlərini edirdilər. Əsas rejissorlar Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov, Adil İsgəndərov idi... Ondan sonra  biz-üç nəfər Akademik Dram Teatrına  vəsiqə aldıq. Eldəniz başqa kursda oxuyurdu - Adil İskəndərovun kursunda. O bir az şuluq olduğu üçün gəlib bizimlə qurtardı institutu. Bir də rəhmətlik Həsən Məmmədov. Eldəniz Zeynalov, Həsən Məmmədov, bir də mən. Üçümüzün təyinatını Dram Teatrına bir yerdə verdilər.
 
... Mən Dram Teatrına qədəm qoyduğum illərdə epizodik rollardan baş rollara vəsiqə aldım. Çünki artıq mənə qarşı inam yaranmışdı. Məşhur aktyorlarla – Ağadadaş Qurbanov, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli kimi sənətkarlarla tərəf-müqabil olurdum. Bernard Şounun “Şeytanın şagirdi” əsərində  Həsənağa Salayev Riçardı oynayırdı, mən onun kiçik qardaşını. “Toy” da Mirzə Hüseyn oynayırdım, Əliağa Ağayev Kərəmovu oynayırdı. Mən hələ cavan ikən yaşlı rollar oynayırdım, pis də alınmırdı. Kinostudiyanın rejissorları bizim rollara baxırdılar, kinoya dəvət edirdilər.  Mən ictimai işlərdə də fəal idim. Komsomol katibi idim. Həmkarlar təşkilatının sədri idim. Neçə illər partiya təşkilatının katibi oldum. Bununla bərabər teatrda müxtəlif səpkili, istər qərb dramaturgiyası, istər rus  dramaturgiyasına aid müxtəlif obrazlar yaradırdım. O vaxt Ələsgər Şərifovun quruluşunda “Cehizsiz qız”da Karandışev rolunda İsmayıl Osmanlı çıxış edib. O rolu mənə etibar etdilər. Tərəf- müqabillərim Amaliya Pənahova, Məlik Dadaşov, Rafael Dadaşov, Səməndər Rzayev, Nəcibə Məlikova kimi sənətkarlar idilər. Mən bu mühitdə çalışırdım. Fəxr edirdim ki, məktəb vaxtı, tələbə vaxtı  arxasınca düşdüyüm böyük sənətkarlarla tərəf-müqabil oluram. Bu, get-gedə mənə inamı daha da artırdı. Və artıq bu günə qədər müxtəlif xarakterli rollarda çıxış edirəm. İndi teatrda çox gözəl mühit yaranıb. Azərpaşa Zəfəroğlu bizim həm direktorumuz, həm də bədii rəhbərimizdir. Hal-hazırda Cəfər Cabbarlının “Almaz” pyesi üzərində işləyirik. Mirzə Səməndər rolu mənə tapşırılıb. Vaxtilə bu rolu Mirzağa Əliyevin ifasında görmüşdüm. Sonralar isə həmin rolu Ağadadaş Qurbanov oynadı. O Ağadadaş Qurbanov ki, onunla sonuncu tamaşamızı - “Toy” komediyasını Masallıda olduğumuz zaman oynadıq. Ondan sonra, Allah qəni-qəni rəhmət eləsin, Ağadadaş Qurbanov haqq dünyasına qovuşdu. O, bizim Ağadadaş Qurbanovla sonuncu “Toy”  komediyamız oldu.
 
... Biz institutda müxtəlif sənət adamlarından dərs aldıq - Məhərrəm Haşımovdan, Tofiq Kazımovdan, Rza Sarabskidən... Bunların sayı çoxdur. Amma teatra qədəm qoyanda, bu aktyorların ki, adlarını sadaladım, onların hərəsi bir məktəb idi. O tamaşada var idim, yoxsa yox, fərq qoymurdum, zalda otururdum. Onların məşq prosesinə baxırdım. Onlar dərya idilər. Mənim sevimli aktyorum Ağadadaş Qurbanovun müxtəlif səpkili rollar oynaması mənə böyük təsir edirdi. “Mariya Tüdor”da bir balaca epizod var idi. Yəhudini oynayırdı. Səhəri gün isə Hüseyn Cavidin “Səyavuş”unda  Səyavuşu oynayırdı. O biri gün M. F. Axundovun “Hacı Qara”sında Hacı Qaranı oynayırdı. Bu, mənə, doğrudan da, ləzzət eləyirdi ki, bu insan nə təhər dəyişə bilər. Xəmir kimi idi. Necə yoğururdun, o cür də ifa edirdi. Bax, mən onlardan böyük dərs aldım. İsmayıl Osmanlı kimi sənətkardan böyük dərs aldım. Mənim 50 illiyimdə professor İlham Rəhimlinin “Kommunist” qəzetində böyük bir yazısı çıxdı. O yazırdı ki, Rafiq Əzimov zərgər aktyordur. O bu sözü  vaxtilə İsmayıl Osmanlı üçün demişdi. Mən indi Osmanlının qrim otağında otururam və bununla fəxr edirəm. Onun yaratdığı obrazlar böyük olmasa da, SSRİ xalq artisti səviyyəsində alınırdı. Hamısı da yaddaqalandır.
 
... 1969-cu ildə “Lenfilm”in istehsalı olan “Mənim əziz atam” filmində  çəkildim. Tərəf-müqabillərim Aleksandr  Demyanenko, Lyudmila Qurçenko kimi nəhəng aktyorlar idilər. Birinci dəfə filmə çəkiləsən, özü də belə sənətkarlarla... Sonra Nizami kinoteatrında filmə ilk baxış oldu. Mənim oğlum da filmdə ən kiçik oğlum rolunu oynayırdı.
 
1970-ci ildə “Yeddi oğul istərəm” də Şahsuvar obrazına dəvət edildim. İnstitutda da səhnə danışığı müəllimimiz Əli Zeynalov “Komsomol” poeması üzrə rolları böləndə mənə eyni rolu vermişdi. Qismətə baxın ki, əvvəl bu filmi Kamil Rüstəmbəyov  çəkməli idi. Orada mənə Şahsuvar obrazını tapşırdı. Sonra belə oldu ki, filmi Tofiq Tağızadə çəkməli oldu. Yenə eyni rol mənə verildi.
 
...Mən hər il çəkilirdim. 1970-də “Yeddi oğul istərəm”, 1971-də Yalçın Əfəndiyevin “Xatirələr sahili”ndə, 1972-də Tofiq Tağızadənin “Qızıl qaz”, 1973-cü ildə Arif Babayevin “Ömrün ilk saatı” filmlərində çəkildim. Ramiz Fətəliyevin ssenarisi əsasında çəkilən “Ömrün ilk saatı” filmində mənim üç dövrüm var idi. Sadıq rolunun həm cavanlıq dövrü var idi, həm orta yaş dövrü, həm də qocalıq dövrü. Cavanlıq dövründə Həsənağa Turabovla, orta yaş dövründə Şahmar Ələkbərovla, qocalıq dövründə isə Rasim Balayevlə tərəf -müqabil idim. İllər keçdikcə mən müxtəlif səpkili rollarda çıxış edirdim. Sonuncu olmasın, İlqar Nəcəfin “Buta” filmində dəyirmançı obrazını yaratmışam. Diskin üz qabığındakı şəkildə öz saqqalım, öz bığımdır. Obraz da çox təbii alınıb. Bu da kinorejissor Eldar Quliyevdən gəlir. Bir dəfə o, mənə dedi ki, saqqal saxlaya bilərsən? Dedim ki, niyə saxlamıram... Saqqal saxladım. 3-4 ay keçəndən sonra məni Natiq Rəsulzadənin ssenarisi əsasında “Bu gözəl dünya” filminə çəkdi. Çox maraqlı obraz idi. Yaşar Nuri ilə maraqlı səhnələrimiz var o filmdə. “1001-ci qastrol” filmini çəkmiş Oqtay Mirqasımov, alman rejissoru Faytın çəkdiyi  “Absurdstan”... Yəni  çəkildiyim filmlərin sayı çoxdur. Ən son işlərimdən biri budur ki, mən İctimai Televiziyada çəkilən üç seriyadan ibarət “Qarabağnamə” filmində salnaməçi obrazında çıxış edirəm. Bütün Qarabağın tarixini cavan nəslə başa salıram.
 
 
... Televiziyanın bizə böyük təsiri olub. Ələlxüsus da, ana televiziyamız olan Azərbaycan televiziyasının... Elə günlərim olub ki, canlı yayımda çıxış eləmişəm. Rauf Kazımovskinin yaratdığı “Dədə Günəş əfsanəsi”, “Çelkaş” əsərlərində Səməndər Rzayevlə, Həsənağa Turabovla tərəf-müqabil olmuşam. Ramiz Həsənoğlunun “Ordan-burdan”, “Nigarançılıq”, “Əmir Teymur” və başqa televiziya tamaşalarında çəkilmişəm. O vaxtlar radioda “Arı” satirik jurnalı var idi. Bir neçə aktyorla bərabər, məni də dəvət etdilər. “Biləyən”də Sadıq Hüseynov Savalan baba, Ofeliya Sənani Biləyən, mən də Gopçu Qaqaş obrazlarını səsləndirirdik. Rejissor Arif Babayev hansı filməsə “Biləyən” verilişindən fraqment də salıb.
Biəyənəm, biləyən,
Bilikləri məndə bil,
Əlini ver dost olaq,
Mən biləni sən də bil.
“Biləyən” o vaxt çox populyar veriliş idi. Ona xaricdə də qulaq asırdılar. Nə qədər məktublar gəlirdi redaksiyaya”.
 
...Mən çox əzab-əziyyətlə gəlib bu mərtəbəyə çatmışam. Heç kim mənə hazır nəyi isə təqdim etməyib. Çalışmışam ki, mənə verilən kiçicik epizoddan tutmuş baş rola qədər, tamaşaçı qarşısına çıxıramsa, gərək, üzüağ çıxam. Ona görə gənclərə tövsiyəm odur ki, öz üzərlərində çox işləsinlər. Təkcə diplom kifayət eləmir. Diplom heç bir şey vermir. Səhnəyə diplomu çıxarsan, o danışmayacaq. Mütaliən də olmalıdır. Güclü müşahidən olmalıdır. Gərək verilən tapşırığı canla-başla yerinə yetirməyi bacarasan. Mənim üçün böyük, orta rejissor yoxdur. İstər yaşlı olsun, istərsə də cavan, mənim üçün rejissor mənim müəllimimdir. Çünki tamaşanın müəllifi odur. Mən tamaşaçılara üz tutub deyirəm. Dönə-dönə gəlin tamaşalara. Yaxşıya da baxın, pisə də baxın. Bizim üçün yaxşı, pis yoxdur. Biz aylarla tamaşa üzərində işləyirik. Bir gün gəlib baxırlar, bizə qiymət verirlər, yaxşıdır, yaxud pisdir. Hamısından öyrənmək lazımdır. Hərəsindən bir damla götürsən, o, sənə həyatında böyük istiqamət verə bilər. Bizim sənət həm çox çətindir, həm də çox maraqlıdır. Əgər bu sənətə biganə qalsan, inanın mənə ki, o, səndən intiqam alacaq. Amma sən hər gördüyünü, müxtəlif xarakterli insanlardan hər damlanı özünə yığsan, o, sənin baqajına toplandıqca, hər hansı bir obrazı yaradanda köməyinə gələcək. Kamyunun “ Anlaşılmaz qətl” əsərində mənim bir kəlmə də sözüm yox idi. Tamaşanı çox bəyəndilər. Yaşar Nuri  bir kəlmə söz dedi: “Ay balam, Əzimova mən baxdım. Heç danışmırdı, amma danışırdı”. Tofiq Kazımovun “Qılınc və qələm” tamaşasında da  sözsüz yerlərim mənə daha çox ləzzət eləyirdi, nəinki böyük bir monoloqum var idi, Həyat, doğrudan da, bizə böyük bir dərs verir. Ona görə Məhəmməd Peyğəmbər deyir ki,  qəbir evinə qədər öyrənmək lazımdır...
# 433
avatar

APA TV

Oxşar yazılar