[b]Unudulmaz 4 xalçadan başlayacaq həyat[/b] - FOTOLENT
26 dekabr 2016 17:12 (UTC +04:00)

[b]Unudulmaz 4 xalçadan başlayacaq həyat[/b] - FOTOLENT

 

Payızdan qurtulub təqvimlə yenicə girmiş qışa asta-asta öyrəşən bu sarı kövşənlik üçün burnumun ucu göynəyirdi. Nə yaxşı gəldim. Yolun sağında qatar-qatar sıralanan hündür təpələrin ayaqlarına basdırılmış xəbərdarlıq nişanları 22 il əvvəli - o qanlı-qadalı, barıt qoxulu dövrləri bir daha xatırladır. “Ehtiyatlı olun, mina təhlükəsi!”, “Çox işlənmiş yollardan istifadə edin” kimi xəbərdarlıq nişanları bizə buraların daha çox diqqətin, qayğının acı olduğunu dönə-dönə xatırladır. Əslində, səfərimizin məqsədi də elə budur. Yolumuz bu il noyabr ayının 12-də Azərbaycan prezidentinin iştirakı ilə açılışı olmuş "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin ilk filialına - Horadizdəki xalça kombinatınadır. Buralarda bizləri indi yox, elə həmişə gözləyirlər...

 

Azərbaycan prezidentinin bu il imzaladığı Sərəncamla yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Düşünürəm ki, bu qurumun ən önəmli işi bölgələrdə filialların yaradılmasıdır. Ancaq “filial” deyəndə söhbət hansısa quru ofisdən, yaxud bəzi strukturlarda olduğu kimi 2-3 nəfərin gəlib paytaxtdakı baş ofislə hansısa bürokratik məsələləri tənzimləyən işçilərdən getmir. Bu, tamam başqa, özü də kənardan göründüyündən xeyli çətin və sistematik işdir. Bu barədə bir az sonra. Ancaq yenə qayıdaq bəzi xatırlatmalara.

 

“Azərxalça” ASC Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılmasını nəzərdə tutub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yeri gəlmişkən, mən digər bölgələrdə də tikilməkdə olan xalçaçılıq kombinatlarının, ən azından Horadizdə gördüyüm qədər rahat, işıqlı, xalçaçılıq kimi incə işin tələblərinə cavab verən kombinatlar olacağına inanıram.

Bu cümlələr qulaqda rəsmi, quru səslənə bilər. Bəzən fikirləşənlər olur: “Hə, rəsmiyyət üçün deyilir ki, filan yerlərdə də tikintiyə başlanacaq”.

Ancaq yox...

 

Həqiqətən, qabaqdangəlmişlik olmasın, bax, indi oxuduqlarınızı yazdıqca bu səfəri bizimlə bölüşən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun səfər boyu yuxarıda adları çəkilən rayonlarda tikinti məsələlərinə cavabdeh şəxslərlə telefon söhbətlərinə qulaq şahidi oldum. Bu da bizim peşəmizdi, nə edək?! Vidadi müəllim məni bağışlasın, ancaq həqiqətən, bir səfərdə hansı rayonda hansı işlərin getdiyini, çətinliklərin nədən ibarət olduğunu, hansı kombinatın tikintisinin nə yerdə olduğunu təxminən bildim. Məsələn, bir rayonda bünövrə qazılıb, o biri rayonda divar hörülür, digərində su ilə bağlı problemlər var, həll olunmalıdı, başqa birində mart ayına işlər hazır olmalıdı və sair və ilaxır. Bunları sadalamaqda niyyətim odur ki, “Azərxalça” səs-küy salmadan, özünü reklam eləmədən, göstərişsiz-filansız sakitcə işi ilə məşğuldur. Və məqsəd Azərbaycan prezidentinin məlum Sərəncamla verdiyi tapşırıqları yerinə yetirməkdi.

 

Hə, yenə xatırlatmaya keçək...

Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edir və 43 dəzgahda 150 toxucu Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyur. Mənim üçün bu səfərdə ən çox yaddaqalan da Horadizin, Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, həmçinin, hazırda işğal altında olan kəndlərin sakinlərinin üzlərindəki ifadə idi. Azərbaycan qadınları dünyanın ən zəhmətkeş, ən fədakar qadınlarıdır. Horadizdəki bu kombinatda çalışan toxucular bura gələcək həyatlarına, sabahlarına açılan yeni ümid kimi baxırlar.

“Azərxalça” İH sədrinin rəhbərliyi ilə bura səfər eləyən kiçik qrupumuzu maraqlı, həm də əlamətdar bir tədbir gözləyirdi. Kombinatın fəaliyyətə başlamasından təxminən 2 ay sonra Horadizdə “Azərxalça”nın toxunub başa çatan ilk xalçaları kəsilməliyidi. Bilənlər bilir ki, qədimlərdən bəri evlərdə toxunub başa çatan xalçanın kəsilməsi xüsusi bir mərasimdir. Həmin gün evdə hamı sevinər, uşaqdan-böyüyə hər kəsə şirniyyat paylanar, yeni xalçanın toxunmasına hazırlıq görülərdi. Burada da belə oldu...

Beləliklə, 2016-cı il dekabr ayının 24-ü. Horadizdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin noyabr ayının 12-də açılışını elədiyi xalçaçılıq kombinatında toxunub başa çatmış xalçaların kəsilməsi mərasimindəyik. Toxucular bu tədbirin həm də həmin gün 55 yaşı tamam olan dövlət başçısına bir doğum günü hədiyyəsi olduğunu dedilər. Məncə, doğrudan da gözəl hədiyyədir. Qısa müddətə ümidlərin doğrulduğunu, gələcək üçün böyük bir işin təməlinin atıldığını görməkdən gözəl hədiyyə olarmı?!

 

Peşəkar toxuculardan tutmuş, işə yenicə başlayan gənc qızlara qədər hamıya bu sevincdən pay düşürdü. Zarafat deyildi, həmin gün 2 aydan az bir zamanda “Azərxalça”nın düz 4 xalçası toxunub başa çatmışdı. Mən Horadiz filialının rəhbəri Xatirə xanımın, digər toxucuların sevinc göz yaşlarını gördüm. Bu insanlar həm gördükləri, həm də bundan sonra görəcəkləri işlərin sevincini yaşayırdılar. Görüləcək işlər isə çox olacaq. Çünki qısa müddətə (etiraf eləyək ki, toxucuların çoxu hələ bu işə yeni-yeni başlayıblar – İ.Tumas), 4 xalçanın toxunub başa çatdırılması gələcəkdə daha böyük işlərin olacağının qarantıdır. Arzuları və arzularımız çin olacaq, inşallah!

 

...Həmin gün səhər saat 7-də Bakıdan çıxdıq, axşam saat 8-də artıq yenidən Bakıdaydıq. Ömrümüzün 13 saatı bu səfərdə keçdi. Çalışdım, heç nəyi, heç kimi nəzərdən qaçırmayım. Toxucularla, inzibati, texniki işçilərlə söhbət elədim, insanların bu yeni işə gələcəklərinin təminatı kimi baxdıqlarının şahidi oldum. Vidadi müəllim kombinatın binasına, anbarına, istehsalat və yardımçı otaqlarına baxış keçirəndə yanından aralanmadım, istədim, uğurlardan da, problemlərdən də xəbərim olsun. Və təbii ki, hər ikisi var idi. Yəni uğurlar da var, aşılası problemlər də. Zatən təzə başlanmış prosesdi, çətinliksiz olmayacaq. Ancaq bir məqam da mənə çox xoş gəldi. “Azərxalça” rəhbəri bu genişmiqyaslı işi ürək yanğısı ilə bərabər, həm də səbrlə, fədakarlıqla aparır və eyni münasibəti də hamıdan gözləyir, hamıdan tələb edir. Onun xırda bir dəzgahda, avadanlıqda nasazlıqdan tutmuş, toxucu bir qadının problemlərinə qədər hər müşkülü səbrlə dinləyib qərar verməsi, həll yolu tapması, hesab edirəm, həm də Azərbaycan xalçaçılığının problemlərinin həllinə yol tapmaqdı. Hər şey bundan başlayır, axı.

Qısa vaxt ötəcək, Azərbaycanda xalçaçılığın inkişafı üçün əyiricilik, boyaqçılıq zavodları tikiləcək, yunu da, rəngi də özümüzün olan xalçalarımız dünyanın bütün məşhur xalça brendlərini kölgədə qoyacaq, ölkəsindən asılı olmayaraq xalçaçılıq dükan-bazarına girən hər kəs üzərində “Azərbaycan” sözü yazılmış xalçalardan istəyəcək...

Ancaq heç birimiz dekabrın 24-ü Horadizdə kəsilmiş həmin 4 xalçanı heç zaman unutmayacağıq və illər keçəcək, kimsə qələmi əlinə alıb “4 xalçadan başlayan həyat” deyə bir yazı yazacaq... Mütləq yazacaq!

 

# 333
avatar

İlham Tumas

Oxşar yazılar