Yetim qalan 19 uşaq, 5 dul qadın, dalğaların udduğu 5 kişi... – <span style="color:red;">Səbuhi  Məmmədli Ələtdən yazır...
16 dekabr 2016 13:08 (UTC +04:00)

Yetim qalan 19 uşaq, 5 dul qadın, dalğaların udduğu 5 kişi... – Səbuhi Məmmədli Ələtdən yazır...

 

Yetim qalan 19 uşaq, 5 dul qadın, dalğaların udduğu 5 kişi. Və… və dəniz kənarında anbaan, dəqiqəbədəqiqə, saatbasaat ölən ümidlər. 

 

Dalğalar çəkilib getdi, biz jurnalistlər də. Onlar isə hələ də oradadırlar. “Qara dəniz”in udduğu əzizlərindən ən azı qara xəbəri gözləyirlər ki, gözləri sulardan yığılsın. Qara xəbər gəlmir ki, gəlmir. Bircə İlhamın meyiti tapılıb. Dünən gecə gətirildi. Gəmiylə. Dənizçi qardaş dənizdən qardaşının meyitini gətirirdi.

 

- Saat 9-da gəlməlidi. 

 

- Yox, doqquzun yarısı. Davuda zəng çatmır. Nə oldu, görəsən?! 

 

İntizar, narahatlıq durmadan artır. Davuda zəng çatır. Amma səsi qırıq-qırıq gəlir. Anlaşılmır... 

Davud İlhamın qardaşıdır.

 

***

 

Ələtdəyik. Dünən Xəzər bu qəsəbənin 5 sakinini uddu. Onlardan biri də İlham Qafarovdur. Ailəsi “şanslı”dır, meyiti tapılıb. Qardaşı Davud da “Nərimanneft”də işləyirmiş. Amma başqa buruqda. Gecə yarısı İlhama zəng vurub. Deyib, ehtiyatlı ol, çovğundur. İlham da ona “sən də özündən muğayat ol” deyib. Ardınca da qardaşına vida sözləri...: “Dayandığımız yer yelləncək kimi yellənir, bilmirik neyləyək”.

 

Qardaşıyla danışandan sonra dərhal da həyat yoldaşı Rəsmiyyəyə zəng edib. Hal-əhval tutub. Qızı Xumarı soruşub, nəvələrini xəbər alıb. Sonra da deyib ki, dəhşət külək əsir.  

Zarafata salıb onu da deyib ki, kəlmeyi-şəhadəti oxuyub oturublar. 

Az sonra isə...

 

***

 

 

- Tapılan təkcə İlhamın meyitidir?

 

- Deyirlər, budkanı da tapıblar, amma içindən heç kim çıxmayıb.

 

Samirin atası Atabala kişi dərhal da başına döyür. Kim idi bilmirəm, bu xəbəri Samirin yas çadırına gətirən, amma hamı qınaqla baxdı ona. Oğlu Cavid yanımızda oturmuşdu. Dərhal da ağlaya-ağlaya bayıra çıxdı. Qadınların oturduğu evə girdi. Anasınamı xəbər aparırdı, bilmirəm?!

 

Lənətə gəlsin bu xəbəri.

 

Əmisi Alxan kişi bir az səbirlidi. Tez-tez ora-bura zəng edir. 

 

- Axtarışı dayandırdılar, - deyir. Gəmi İlhamın meyitini götürüb gəlir. Sabah yenidən başlayacaqlar.

 

- Ay Allah, sənə qurban olum, heç olmasa balamızın meyitini də olsa, bizə yetir.

 

Ağsaqqallardan biriydi, kimdisə.

 

- Maaşla, zülmlə, zillətlə bir ev tikmişdi özünə. Göz doyunca yaşaya bilmədi Samir. İki qızı qaldı, bir oğlu. Böyüyün 10 yaşı var. Bu tifilləri kim böyüdəcək?! 

6 yaşlı oğlu yenidən yas çadırına qayıdır. Qıpqırmızı gözlərinə baxmaq olmur. Hər gün zəng edirmiş Cavidə. Daha zəng edə bilməyəcək. Cavidə indi zəngdən çox, üz tutub ağlamağa qəbir yeri gərəkdi.

 

- Operator işləyirdi. 1 həftə işdə, bir həftə evdə. 3 gün idi getmişdi. Elə hamısı, uşaqların, hamısı bir yerdə işləyirdi. Təkcə İlham qayıtdı. (Kövrəlir qohumlardan biri)

 

 

 ***

 

Maşinist işləyən 51 yaşlı Güloğlan isə 8 uşaq atası idi. Bircə oğlunu evləndirmişdi. Pərvini. Bütün ailə Güloğlanın yarı-zirzəmi evində yaşayırdı. “Baraklar” - deyirlər Ələtdə o yerlərə. Azı 70 yaşı var bu ev deyə bilməyəcəyimiz tikililərin. Deyir, buraları da sökəcəklər. Sənədi-zadı da düz əməlli deyil.

 

- Bu qədər uşaqla nə edəcəyik?! O dərd də bir yandan.

 

Təxminən 10 kvadratmetrlik otaqda yaşayır Pərvin - ailəsiylə. Nəmiş, yarı-qaranlıq bir otaqdır. Barakın digər tikililərində isə yerdə qalan 7 uşaq və ailə başçıları məskunlaşıblar.

 

Barakın dar koridorunun o başında Azərbaycan bayrağı asılıb. Pərvin deyir:

 

- Keçən il neftçilər öldü ha, dənizdə, atam o vaxtdan asıb bayrağın birini. Birini isə bu il müharibə başlayanda asdı. Üç bacım qalıb, 4 qardaşım. Evdə işləyən isə təkcə atam idi. Hamımız gözümüzü onunu kartına dikmişdik. Heç birimiz də işləmirik. Bir yandan da balaca bacım...

 

13 yaşlı Şəfəqi deyir. Evin sonbeşiyini.

 

- Anadangəlmə əlildir. Maaşının yarısı onun müalicəsinə gedirdi. O uşaq necə olacaq, bilmirəm?!

 

Atası hər dəfə evə gəlib-gedəndə Şəfəqi öpərmiş, qucaqlayıb, başını sığallayarmış. Sığal çəkən atanı çox gözləyəcək bu cocuq deyəsən. 

 

- Təki meyitləri tapılsın, təki. Cəhənnəmə, bir təhər dözərik. Təki gözümüz dənizdən yığılsın.

 

Bunu isə Güloğlanın digər oğlu Elvin deyir. 

 

 

Qardaşı Çingizlə söhbətləşirik. Dərddən dili-dodağı əsir. İki qardaşını udub dəniz. Necə təsəlli verəsən?!

 

Güloğlan 25 il idi dənizdəydi. Azay 15 il. 

 

- Heç Azayın evi yox idi. Ata evində qalırdı. Ev tikdirib içinə də yığışammadı. İki subay bacım var, onlar da ata evində qalır. Hamı da gözünü onun maaşına dikmişdi. Ayı borc-xərc - birtəhər yola verirdi. İki tifili qaldı. Birinin 3, birinin iki yaşı var.

 

 

- Camaat yığılıb qapıya, sevinirlər ki, çoxlu qonaq gəlib. Anlamırlar axı?! Kaş atası da gəlib çıxaydı.

 

Bunu isə qonşulardan biri deyir.

 

 

Çingizin dediyinə görə, dənizdə estakada uçmasını səhər tezdən eşidiblər. Dərhal da qardaşlarına zəng edib. Heç birinə zəng çatmayıb.

 

- Səhər tezdən eşitdik xəbəri. Zəng - zəng dalınca, telefonlar sönülü...

 

Sonra onlarla bir yerdə növbədə olan Cavidin nömrəsini yığıblar. Ona da zəng çatmayıb. Bir qədər toxtayıblar. Fikirləşiblər ki, bir yerdədirlər yəqin.

Bir yerdəymişlər, yəqin…

 

Pərvin deyir ki, atasıyla sonuncu dəfə axşam danışıblar. Hal-əhval tutandan sonra deyib, hava  yaman küləklidir, allah axırını salamat eləsin. 

Dərhal da Şəfəqi soruşub nədənsə. Növbəyə gedən gün evdən çıxanda Şəfəqi bərk-bərk qucaqlayıbmış. Küçə qapısından çıxanda yenidən qayıdıb. Yenidən qucaqlayıb, üz-gözündən öpüb. Və baxa-baxa gedib…

 

Qardaşı Azayın həyat yoldaşı Çimnaz isə 2 azyaşlı uşağı - Amin və Süleymanı böyüdəcək bundan sonra. Və bundan sonra onları necə saxlayacağını təsəvvür belə edə bilmir. İşə gedəndə də bərk narahat imiş. Heç getmək istəmirmiş. Uşaqların nasazlığına görə…

 

Hər ikisi kursa gedəcəkmiş növbədən qayıdandan sonra.  Deyir ki, kursu bitirəndən sonra maaşları 50-60 (!) manat artmalıymış.

 

***

 

49 yaşlı Cavid Bəhrəmov isə bir qədər əvvəl Qobustana köçübmüş. Ailə üzvləri hələ də Cavidin yoxluğuna inanmır. Ümidlərini üzmürlər. Bir qədər əvvələdək kirayədə yaşayırmış Cavid. Qızları Müşərrəf və Ayseli təzə ərə veribmiş. Ailə nəvə və Cavidin özünü gözləyəcək bundan sonra.

 

***  

 

 

Bir-bir qapıları gəzib ürək-dirək veririk. Ərlərinin, qardaşlarının, atalarının meyitlərini görməyiblər deyə, hələ də ümidlidirlər. Hələ də dənizin qırağından çəkilmək istəmirlər. Müxtəlif bəhanələrlə özlərinə təskinlik verirlər. 

 

- Filan yerə çıxa bilərlər?

 

- Hələ bilmək olmaz, səbirli olun.

 

- Primorska, sahilə  nə qədərdir? 15 kilometr. Üzüb çıxa bilməzlər?

 

- Su soyuqdu…

 

Və hamı susur Alxan kişinin bu sözündən sonra. Və hazırlaşır İlhamı qarşılamağa getməyə. Bircə onun meyiti tapılıb. O şanslıymış... 

 

***

 

Yenidən Davudu arayırlar. Yenə qırıq-qırıq danışır. Bir saatdan sonra sahilə çatacaq gəmi. Qardaşını gətirir Davud. O biri qardaşlarını isə dəniz gətirməlidi. İndi bütün gözlər də, ümid də dənizdədi. 

 

Dəniz isə bu gün sakitdi. Udduğunu udub, nə vecinə?!

 

# 203
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar