[b]"Xəttab"ın dostu, sirli sufi, "Qara orden"i yaradan qarabağlı - <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR  [/b]
05 dekabr 2016 14:25 (UTC +04:00)

[b]"Xəttab"ın dostu, sirli sufi, "Qara orden"i yaradan qarabağlı - SƏBUHİ MƏMMƏDLİ YAZIR [/b]

 

“Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar. Bu problemin heç bir siyasi və ya diplomatik həllindən söhbət gedə bilməz”.

Bunu Heydər Camal deyirdi.

Və ardınca da: “Bütün hallarda Ermənistan sonda məğlub olacaq”.

Siyasətçi deyildi Heydər Camal, amma rusiyalı jurnalistlər bu və ya digər məsələlərlə bağlı tez-tez ondan açıqlamalar alırdılar. Çünki çox maraqlı və fərqli fikirləri vardı.

 

Məşhur rus alimi Silantayev onu “radikal və marginal” filosof adlandırırdı.

 

Kaqarlitski isə onu “mistik” hesab edirdi. Başqa birisi isə “radikal şiə alimi”.

 

Bəlkə bu da təsadüfi deyildi. Moskvadakı mənzilindəki iş otağında Fələstinin bayrağı, İmam Xomeyninin və Hizbullahın lideri Həsən Nəsrullahın fotoları asılmışdı. Amma…Amma maraqlısı odur ki, otağın o biri başında da böyük Azərbaycanın xəritəsi. Belə bir ziddiyyətli adam idi Heydər Camal. Amma bütün ziddiyyətlərə baxmayaraq əsil azərbaycanlıydı, çox sevirdi tarixi vətənini...

 

***

 

Moskvada anadan olmuşdu, 1947-ci ilin 6 noyabrında. Atası Cahid Camal əslən Ağdamın Abdal Gülablı kəndindən idi. O da çox maraqlı adam olub. 1928-ci ildə NKVD zabitinin ailəsində doğulan Cahid rəssamlığa meyl salıb. Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. Ali təhsilini isə Surikov adına Moskva Rəssamlıq məktəbində alıb. Müharibə başlayanda isə onu hara göndərsələr yaxşıdı? Hə, cəbhəyə rəssam, özü də marşal Jukovun yanına. Sonradan Jukovun şəxsi rəssamı da olur.

Heydər Camalın anası İrina İqorevna Şapovalova sirkdə, vəhşi heyvanların təlimçisi idi. Onun atası İqor Şapavalov alman fəlsəfəsi üzrə alim. Nəvəsi Heydərə böyük bir kitabxana miras qoymuşdu.

 

***
 

1965-ci ildə Heydər Camal Moskva dövlət Universiteti yanında Şərq Dilləri İnstitutuna daxil olur. Amma vur-tut bir il təhsil alır. Onu burjua millətçiliyində ittiham edib institutdan qovurlar. Amma deyilənə görə, səbəb başqa olub.

 

Bu institutda müəllimlərdən biri Azərbaycanı və azərbaycanlıları təhqir edibmiş. Gənc Heydər də dözməyib onu döyübmüş.

 

İnstitutdan qovulandan sonra Heydər Camal tornaçı işləməyə başlayıb. Düz bir il. Bundan sonra atası onu “Meditsina” jurnalına korrektor düzəldib. Bu jurnalda İlya Moskvinlə tanış olur. Moskva universitetini psixologiya fakültəsini bitirmiş Moskvin onun həyatını büsbütün dəyişir. Sonradan Heydər deyəcəkdi: “Moskvin mənə yeni bir dünya açdı”. Az sonra Moskvin onu Yujinskdəki gizli dərnəyə gətirir. Professor Mamlayevin evinə yığışan filosoflar, psixoloqlar, ədəbiyyatçılar burada diskussiyalar edər, sovet ideologiyasının puç və əfsanə olduğu barədə danışardılar. Maraqlıdır ki, Mamlayev SSRİ-dən qovulandan sonra dərnəyə məhz Heydər Camal rəhbərlik etmişdi.

 

***

 

1979-cu ildə Heydər Camal Tacikistana gedir.  Orada islamçılarla tanış olur. Sufi təriqətli insanları tanıyır, sufiliyin sirlərini öyrənir. Tacikistandan qayıdandan sonra filosof Duqinlə birgə “Çyornıy orden SS”, (”Qara orden SS”) qrupunu yaradır. Bir qədər sonra isə “İslamın azad edilməsi" kitabını yazır. Ümumiyyətlə, Heydər Camal 10-a yaxın kitabın müəllifidir.

 

1989-cu ildə Həştərxana köçür. Bu şəhərdə İslam Dirçəliş Partiyasını yaradır. Elə həmin ildə KQB onu məcburi xəstəxanaya göndərir. Heydər Camala “şizofreniya” diaqnozu qoyulur.

 

Elə həmin ildə “Tövhid” informasiya agentliyini təsis edir. “Əl-Vəhdət” qəzetini çıxarır.

 

Eyni zamanda müxtəlif qəzetlərə məqalələr yazır, telekanallarda ekspert kimi çıxış edir.

1996-cı ildə Rusiya İslam Komitəsini yaradıb, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir. Bundan sonra onu ORT kanlına dəvət edirlər. Orada “Nıne” (“İndi”) verilişini aparır. Daha sonra RTR-də “Min bir gün” adlı proqrama aparıcılıq edir. Eyni zamanda onu Moskva Dövlət Universitetinə mühazirə oxumağa dəvət edirlər. Bir neçə il “Ənənə və reallıq” mövzusunda mühazirə deyir.

 

O, tez-tez Çeçenistana gedirdi. Hətta bir dəfə rəsmi Kremlin başına milyonlar qoyduğu məşhur səhra komandiri “Xəttab” və Basayevlə görüşmüş, onunla şəkil çəkdirmişdi. “Xəttab”la dostluq etdiyini gizlətmirdi.

 

1999-cu ildə isə siyasətə qatılır. Dumaya namizədliyini verir, amma qalib gələ bilmir. 2010-cu ildə isə “Putin getməlidir” hərəkatına qoşulur.

Bununla da Rusiya hakimiyyətinin “qara siyahısı”na düşür. 2012-ci ildə FSB onun evində axtarış aparır, amma heç bir ekstremist ədəbiyyat tapa bilmir. Bununla belə onun haqqında “Terrorçuluğa dəstək” maddəsiylə cinayət işi qaldırılır.

 

***
 

Heydər Camal son vaxtlar dindən və fəlsəfədən daha çox siyasətdən danışırdı. Elə jurnalistlər də tez-tez ona siyasi mövzularda suallar verirdilər. Məsələn, jurnalistlərdən birini Rusiya ilə bağlı sualına belə cavab vermişdi:

“Bir neçə variant var. Rusiya qaranlıq qüvvələrin tam nəzarətinə də keçə bilər. Bu, insanlar üçün faciə ilə nəticələnəcək. Ya da ki, müqavimət meydanına çevrilə bilər. Təbii ki, hazırda mövcud olan konfiqurasiyada yox. Ölkəni bürüyəcək qorxunc böhrandan, qlobal çırpınışlardan doğan konfiqurasiyada. 1917-ci il inqilabı yarımçıq qalmışdı. 1917-1928-ci illərdə, Rusiya öz ilkin təyinatına cavab verirdi, amma sonradan mütəşəkkil lümpenlərin təsiri altına düşdü. Bu lümpenlər inqilabı oğurlamışdılar, sonradan əks-inqilab termidorunu həyata keçirmişdilər və hər şeyi dünya hakimiyyətinə xidmət etmək üzrə təşkil etmişdilər. Nəticədə onlar görülən bütün işləri məhv etdilər”.

 

Və ya Türkiyədə baş verən son olaylarla bağlı “Ərdoğan qalib gəldi. Bundan sonra regional siyasətdə nə gözlənilir?” sualına cavabında demişdi: “Ərdoğan baş verənlərə görə, günahkarın konkret olaraq okeanın o tayında olmasını göstərməyi zəruri bildi. Bu işə əli bulaşan instansiyalar əslində daha yaxındır. Ancaq Türkiyə prezidentinin siyasi və diplomatik seçimi belədir. Bu, o deməkdir ki, Ankara Yaxın Şərqdə ABŞ-ın mövcudluğunu azaltmaq yönündə çalışacaq. Proses artıq başlayıb: amerikalıların istifadə elədiyi İncirlik hərbi bazasının fəaliyyəti məhdudlaşdırılıb. Bununla belə, bütün cəbhələrdə hücum mümkün olmadığı üçün Ərdoğan əlindəki informasiyalara rəğmən, qonşularla tərəfdaşlıq əlaqələrində olduğunu nümayiş etdirməli olacaq”.

 

Ona Qarabağla bağlı da suallar verirdilər. Rusiyada yaşasa da, erməni məsələsində öz mövqeyini heç vaxt gizlətməmişdi. “Bu mövqe dəyişməz olaraq qalır, Ermənistan dövlət kimi mövcud olmamalıdır”.

 

***
 

Bütün ziddiyyətlərinə və dini-fəlsəfi baxışlarına rəğmən, Heydər Camal Rusiyada elitar ziyalı zümrəsinə aid idi. Qatı şiə olsa da, heç vaxt məzhəbçiliklə məşğul olmazdı. Məzhəbçiliyə varmadan müsəlmanların dayağı idi. Rusiyanın ictimai və elmi həyatında fəal iştirak edirdi. Və Heydər Camal Rusiya ictimai həyatında fəal iştirak etməklə bərabər, çəkinmədən, prinsipial şəkildə öz sözünü deyirdi.

Daha belə bir azərbaycanlı qalmadı Rusiyada…

 

# 235
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar