Şah İsmayılın klonu, dondurulmuş adamlar, müsəlmanlara vurulan donuz insulini... - <span style="color:red;">GEN MÜHƏNDİSİNDƏN HEYRƏTAMİZ AÇIQLAMALAR
02 noyabr 2016 11:35 (UTC +04:00)

Şah İsmayılın klonu, dondurulmuş adamlar, müsəlmanlara vurulan donuz insulini... - GEN MÜHƏNDİSİNDƏN HEYRƏTAMİZ AÇIQLAMALAR

 

...Vilayətdə illərdir yaşanan kabus getdikcə daha dəhşətli miqyas alırdı. Hər il neçə-neçə insan durduğu yerdə bu dəhşətli xəstəliyə yoluxurdu. Açıq havaya çıxmaq, təbiətin qoynunda gəzmək onlar üçün ciddi təhlükəyə çevrilmişdi. Bu dəhşətli bəla onları evlərinin içində belə yaxalaya bilirdi. Bədənlərinə toxunan ağcaqanad və ya gənə insanların həyatını cəhənnəmə çevirir, onları ölümə təslim edirdi...

 

***

 

“İynənin ucu”ndan sızan fəlakət

 

Girişdə oxuduğunuz dəhşətli mənzərə hansısa nağıldan, ya filmdən götürülməyib. Gerçək hadisələrdir. Söhbət Rusiyanın Novosibirsk vilayətində baş verən hadisələrdən gedir. Sovet hakimiyyəti illərində gen mühəndislərinin laboratoriyadakı kiçik bir diqqətsizliyi, iynə ucu boyda yerdən sızma... fəlakətlə nəticələndi.

 

Bu barədə bir qədər sonra daha geniş bəhs edəcəyik. İndi isə onu deyək ki, gen mühəndislərinin işi nadir hallarda bu cür fəlakətlərə gətirib çıxarır. Bəzən isə bu, diqqətsizlikdən yox, məqsədli şəkildə olur. Məsələn, bakterioloji silah hazırlayan alimlər kimi.

 

Bütün hallarda isə gen mühəndislərinin işi, əsasən də klonlama həddən artıq həyəcanverici bir mövzudur. Təsəvvür edin, italyan alim Severino Antinori indi də iddia edir ki, o, hazırda hər birinin 15 yaşı olan 3 klon insanın yaradıcısıdır.

 

Dindarlar, mühafizəkar dairələr bu ideyanı “Tanrının işinə müdaxilə” kimi qiymətləndirərək lənətləyiblər. Bütün bunlar işi daha cazibəli edir və populyarlaşdırır. Hətta bu mövzuda o qədər əfsanələr yaranıb ki, nəyin doğru, nəyin yalan olmasını müəyyənləşdirmək həddən artıq çətindir. Bunu yalnız elm adamları dəqiqliklə çözə bilirlər. Elə biz də bu mövzuda doğruları söyləyə biləcək azərbaycanlı alimlə danışdıq.

 

Həmsöhbətimiz biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovdur. O, Azərbaycan Milli Elmlər Akademiyasında yeni yaradılmış Molekulyar Biologiya və Texnologiyalar İnstitutunda genomun quruluşu və ekspedisiyası laboratoriyasında çalışır. Bir çox beynəlxalq institutlarla əməkdaşlıq edir.

 

Lent.az azərbaycanlı gen mühəndisinin müsahibəsini təqdim edir: 

 

- Azərbaycanda gen mühəndisliyi ilə bağlı şöbə 1985-ci ildə yaradılıb. Bu şöbənin tərkibində gen mühəndisliyi laboratoriyası fəaliyyət göstərir. Elə həmin ildə mən Sankt-Peterburq Dövlət Universitetini bitirib, sözügedən şöbədə işləməyə başladım. Onu qeyd etməliyəm ki, Azərbaycanda gen mühəndisliyinin inkişafı birbaşa mərhum akademik Cəlal Əliyevin adı ilə bağlıdır. C.Əliyev bu sahədə kadrların hazırlanması üçün o vaxtkı SSRİ-nin müxtəlif bölgələrinə aspirantlar göndərdi. Mən işimə birbaşa gen mühəndisliyi laboratoriyasında başladım. Deyim ki, bu sahədə xeyli nailiyyətlər əldə etmişik. Hazırda İsveçin Lund Universitetinin elmi işçisi olan Şaira Zəhrabəyova o vaxt Azərbaycanda çalışarkən yad genlərin bitkilərə köçürülməsinə nail olub. Məlumdur ki, geni köçürülməsi üçün mütləq vektor sistem hazırlığı kimi mürəkkəb bir mərhələ keçilməlidir.

 

Onu da qeyd edim ki, təbiətin özündə gen mühəndisliyi prosesi daim gedir. Yəni, bitkilərlə bakteriyalar arasında daim mübadilə olub. Bakteriyalar yad geni bitkilərə keçirir və bitkilər də bu genlərin məhsullarını istehsal edirlər. Əslində bu mübadilədə canlılar bir-birilərinə ziyan vermirlər. Yəqin ki, ağacın budaqları kəsiləndən sonra onda fırların əmələ gəldiyini müşahidə etmisiniz. Bakteriya həmin yaralı yerə düşərək orada başqa bir geni yaradır. Bax bu təbiətdə baş verən gen mühəndisliyinin ən bariz nümunəsidir. Və bu prosesdə yaranın ağzı bağlanaraq, bitkini qoruyur.

 

 

"Zədələnmiş genlərimiz"

 

- Gen mühəndisliyi ilə bağlı xeyli əfsanələr var. Ən çox diqqət çəkən mövzulardan biri də millətlərin genofondu ilə bağlıdır. Məsələn, deyirlər ki, genofond dağıla bilir və s. Ümumiyyətlə, bunların elmi əsasları nədir?

 

- Genofond bizim toplumun genomunun yad qarışıqlardan qorunub saxlanılması, inkişaf etdirilməsi və qorunmasıdır. Genofond məsələsində əsasən xromosomların sağlamlığını qorumaq lazımdır.

 

- Məsələn, necə?

 

- İlk növbədə qidaya fikir vermək lazımdır. Zəhərli maddələrlə qidalanan əhalinin təbii ki, orqanizmi zədələnir. Bu cür təsirlər genlərdə mutasiyaya səbəb olur. Yəni orqanizm bu dəyişikliyi bərpa edə bilmir. Və nəticədə genlərdə baş verən dəyişikliklər gələcək nəsillərə də ötürülür.

 

Bundan başqa, ölkəmizin bəzi əraziləri var ki, burada qohumla evliliyin səviyyəsi çox yüksəkdir. Eyni kənddə bir-birindən o qədər qız alıb-verirlər ki, bu da irsi xəstəliklərin sürətlə yayılmasına şərait yaradır. Yəni vaxtilə həmin kənddə bir nəfər xəstə olubsa, qohum evlilikləri zamanı bu xəstəliyin yayılması ehtimalı çox yüksəlir. Buna talassemiya xəstəliyini nümunə göstərə bilərik. Bir dənə qüsurlu gen nəsildən-nəslə ötürülərək yayılır.

 

- Demək, qüsurlu gen yalnız irsən ötürülmür, həm də sonradan qazanılır...

 

- Bəli. Məsələn, model kimi talassemiya xəstəliyini götürək. Gendə bir nukleidin dəyişməsi nəticəsində zülalın strukturu pozulur. Yəni zülalın sintezi funksiyası korlanır və bunlar öz normal işinin öhdəsindən gələ bilmir. Bunun nəticəsində də müxtəlif fəsadlar üzə çıxır. Bu prosesi anlamaq üçün avtomobil yollarında yaranan tıxacla müqayisə edin. Bir yerdə ləngimə olanda bütün yolda hərəkət dayanır, hərəkət iflic olur. Eynilə də insan orqanizmi bu cür zərbələr alır.

 

- Belə məlum olur ki, nə qədər qeyri-insani səslənsə də keçmişdə xəstələri yandıran toplumlar özləri də bilmədən genofondun qorunmasına xidmət edirmiş...

 

- Elədir. Qədim insanlar bu ayinlərlə xəstə genlərin gələcək nəsillərə ötürülməsinin qarşısını alıblar. Təbii ki, mən bir elm adamı kimi bu ayinlərin əleyhinəyəm. Amma onlar dərk edərək və ya etməyərək populyasiyanı zədəli genlərdən qoruyurdular.

Hazırda zədəli genləri müalicə etmək üçün üç yol var. Biri pəhriz hesabına. Çalışmaq lazımdır ki, bədəndə olan zədəli genlərin yaratdığı fermentin parçalayacağı substrat az olsun və ya olmasın. İkinci yol isə o qüsurlu genin hazırlaya bilmədiyi zülalı, fermenti biotexnoloji yolla alıb, bədənə daxil etməkdir. Məsələn, insulin. Uzun illərdi anadangəlmə və ya sonradan qazanılma şəkər xəstələri bu yolla uzun müddət həyatda qala bilir. Əvvəllər donuzdan alınıb vurulurdu bu insulin. Çünki donuzun insulini ilə insanınkı arasında cəmi bir amin turşusu fərq var.

 

- Müsəlmanlara da vurulurdu?

 

- Bəli. Sonra biotexnologiya vasitəsilə insanın öz insulin genini klonlaşdırdılar. Yəni texnoloji yolla bakteriya bizim üçün insulin istehsal edir. Eləcə də antivirus xassəsi olan immunoqlobinlər bu cür əldə edilir.

 

Üçüncü yol isə genoterapiyadır. Yəni zədəli genləri sağlamları ilə əvəz etmək. Söhbət bütün orqanizmdəki zədəli genlərdən gedir.

 

- Mümkündürmü?

 

- Prinsipcə, bəli. Çünki əslində bütün hüceyrələrdəki nüvədə genom eynidir. Sadəcə olaraq, müxtəlif hüceyrələrin formalaşması bu və ya digər genlərin kombinasiyasından asılıdır. Genoterapiya istiqamətində işlər hələ də davam edir.

 

- Çox maraqlıdır ki, müharibə zamanı kişilər kütləvi şəkildə öləndə və ya ölkədən kənara üz tutanda deyirlər ki, millətin genofonduna təhlükə yaranır. Genofond məsələsində niyə əsas kişilər hesab olunur, qadınların heç rolu yoxdur?  

 

- Yəhudilər genofond məsələsində ana xəttinə daha çox üstünlük verirlər. Yəni anası yəhudi olmayanı onlar özlərindən hesab etmir. Əslində bunun elmi əsası var. Hüceyrənin daxilində nüvə genomundan başqa mitoxondri genomu da var. Bu isə hüceyrənin enerji mənbəyidir. Çünki orqanizm üçün lazım olan ATF enerjisi orada formalaşır. Bu isə yalnız ananın yumurta hüceyrəsi ilə gələcək nəslə ötürülür. Spermatozoiddə mitoxondri toplanan quyruq hissəsi mayalanmada iştirak etmir, qırılıb qalır çöldə. Ona görə də deyə bilərik ki, gələcək nəslə anadan daha çox gen keçir. Çünki hamımızın mitoxondri genomumuz ana xəttimizdən gəlir. Bunun özü də elə bil ki, təbiət tərəfindən verilən bir siqnaldır.

 

Bu məsələ məhkəmə tibbi ekspertizasında da xüsusi rol oynayır. İnsanın ana xətti ilə qohumluğunu bu vasitə ilə müəyyənləşdirmək çox asanlaşır. Mən özüm də uzun müddətdir ki, ekspert kimi işləyirəm. Mübahisəli atalıq və analıq məsələlərini beləcə rahat müəyyənləşdirmək mümkündür.

 

“Genlərimizin qeydinə qalmağı öyrənməliyik”

 

- Belə məlum olur ki, genofond məsələsində daha çox qadınların iştirakı var...

 

- Əgər məsələyə genlərin sayı baxımından yanaşsaq təbii ki, qadınların rolu böyükdür. Analardan övlada daha çox gen verilir.

 

- Cəsurluq, istedad kimi qabiliyyətlər insanın genində kodlaşdırılırmı?

 

- İdman genetikası deyilən elm sahəsi çoxdan inkişaf edib. Biz də Azərbaycanda bu istiqamətdə yeni nələrsə etməyə çalışırıq. Əsasən sürət, dözümlülük, güc məsələsinə diqqət yetirilir. Bu üç keyfiyyəti formalaşdıran ayrıca genlər var. Hələ mikrobiologiyanın inkişafından əvvəl elmdə ata və anası idmanda nailiyyət göstərən idmançılarla, valideynlərindən yalnız biri idmançı olan və heç biri idmançı olmayanları müqayisə ediblər. Müəyyən edilib ki, 1-ci variantdakı cütlüklərin övladları o birilərinə nisbətən 70 faiz üstünlüyə malikdir. Hətta bu uşaqlar valideynlərindən də yüksək nəticələr əldə edə bilirlər. Yəni hibrid həmişə valideynə nisbətən daha güclü olur. Sağlam genlər bir genomda cəmləşir və nəticə daha da yüksək olur.

 

 

Əvvəl deyirdilər ki, insanda 40 min gen var. 2003-cü ildə isə genlər tam oxundu və dəqiq bilindi ki, 22 -25 min arası genimiz var. Burada yalançı genlər də olur. İndi məlum olub ki, insanın xüsusi qabiliyyətini müəyyənləşdirən 120-dən çox gen var.

 

- Yəni insan istedadlıdırsa, demək, bu, onun nəslində nə vaxtsa olub. Belə bir geni sonradan qazanmaq mümkündürmü?

 

- Xeyir. Nəsildə mütləq bu xüsusi gen olub, demək. Ola bilər ki, müəyyən mutasiyalar zamanı bu xüsusi gen sıradan çıxsın. Amma bir çoxlarında qalır və nəsillərə ötürülə bilər.

 

- Onda belə deyə bilərikmi ki, ölkədə xüsusi qabiliyyəti olan insanların, Azərbaycanın tarixində öz sözünü demişlərin nəsillərinə daha diqqətlə yanaşılmalıdır ki, bu genlər sıradan çıxmasın...

 

- Elmdə belə şeylər olub ki, kiminsə dırnağını, saçını, hətta spermasını saxlayıblar. Yəni bu görkəmli insanların genlərini o ehtimalla saxlayıblar ki, nə vaxtsa onlar klonlaşdırılacaq. Bu, bir neçə il əvvəl bu daha geniş vüsət almışdı. Təbii ki, lazımlı hesab etdiyimiz insanların genomu dediyimiz xromosomlarını dondurub saxlamaq mümkündür. Bu artıq çoxlarına məlumdur ki, bəzi zəngin insanlar sağalmaz xəstəliyə yaxalanıblar deyə, özlərini dondurub saxlatdırıblar ki, həmin xəstəliklərin müalicəsi tapılan vaxt onları ayıltsınlar.

 

- Bu cür xəbərlərlə çox rastlaşırıq. Amma elə bil əfsanəyə oxşayır, çünki heç dondurulub sonradan ayılan adama rast gəlməmişik...

 

- Yox, bir neçə insan həqiqətən dondurulub. Amma hələ ki, onlardan kimisə ayıltmayıblar. Mənfi 196 dərəcə maye azotda istənilən canlını saxlamaq mümkündür. Burda heç bir problem yoxdur. İndi onları niyə ayıltmırlar, bu artıq başqa məsələdir. Belə bir risk gözə alınmayıb hələ.

 

Uşaq dünyaya gətirə bilməyən qadınlarla bağlı da bu cür metodlar tətbiq edilir. Qadından alınmış yumurta hüceyrə daha yaxşı şəraitdə mayalandırılır. Bölünmə getdikdən sonra isə bu embrionları dondurub saxlayırlar. Qadının səhhətindəki problemlər həll edildikdən sonra bunlar təzədən ona köçürülə bilər.

 

- Bu söhbətdən sonra da görürük ki, kiminlə ailə qurmaq məsələsi əslində çox ciddi bir işdir. Məsələn, sizin subaylarımıza nə məsləhətiniz olardı?

 

- Dövlətin evlənən cütlüklərin nikahdan əvvəl məcburi qaydada sağlamlıq üzrə yoxlanılması ilə bağlı verdiyi qərar çox önəmli idi. Yəni müəyyənləşdirilməlidir ki, bu insanların evlənməsi uyğundur, yoxsa yox? Düzdür, insanlar bir-birlərinə aşiq olanda heç vaxt bu problemləri düşünmək istəmirlər. Yəni əksər hallarda evliliyi məntiq, ağıl yox, emosiyalar müəyyən edir. İndi bu yoxlamaların çox böyük əhəmiyyəti var ki, bu da birbaşa genofondun qorunmasına xidmət edir. Bir məsələni dərk etməliyik ki, dünyaya xəstə uşaq gətirməkdənsə, gətirməmək yaxşıdır. Bu uşağın sosial ağırlıqlarını bir kənara qoysaq belə, bunun mənəvi tərəfi çox çətindir. Hazırkı texnologiya imkan verir ki, gələcəkdə doğulacaq uşaqla bağlı bəzi proqnozları əldə edək. Ən birinci insan özü öz nəslinin qayğısına qalmalıdır.

 

Klonlaşdırmanı zəruri edən səbəblər

- Gen mühəndisliyində ən çox əfsanələr klonlarla bağlıdır. İnsanın klonlaşdırılması qadağan edildiyi üçün heç kim rəsmən etiraf etmir ki, belə bir iş görülüb. Lakin bir çox mənbələr təsdiqləyir ki, Şərqi Avropada 3 nəfər klon insan var.  Və deyirlər ki, burada məşhur "Dolli" metodundan istifadə edilib (ilk dəfə klonlaşdırılan Dolli adlı qoyun uzun müddət yaşaya bilməyib)...

 

- İnsanın klonlaşdırılması onun genetik cəhətdən eyni nüsxəsinin yaradılması deməkdir. Tam eynisi. İnsanın dəri hüceyrəsindən götürülən nüvə ilə embrion hüceyrəsi yaradılır. Bu hüceyrənin genomu 100 faiz insanın öz genomu olur. Amma bu, çox bahalı bir işdir.

 

- Nüvə niyə məhz dəridən götürülür ki?

 

- Əslində istənilən hüceyrədən götürmək olar. Amma dəridən zədələnməmiş nüvəni ayırmaq daha asandır.

 

- Bəs bizim eynimiz olacaq insanın embrionunu necə əldə edə bilirlər?

 

- Hər hansı mayalanmış yumurta götürülür. Onun nüvəsi çıxarılır və dəridən götürülən nüvə ora yerləşdirilir, vəssalam. 

 

- Danışanda necə də asan bir məsələ kimi gəlir...

 

- İşin əsas mexanizmi budur. Bütün bunlar mikroskop vasitəsilə görülən işdir və əslində o qədər də çətin deyil.

 

- Yəni bu yumurta hüceyrədən əslində başqa bir insan meydana gələcəkdi. Başqa bir insan isə buna müdaxilə edərək tamam başqasının yaranmasına xidmət etdi...

 

- Bilirsiniz, vəziyyət belədir ki, həmin mayalanmış yumurta, embrion inkişaf edir, lakin informasiya başqa gendən gəlir. Sonra bir surroqat ana tapılır və embrion ona köçürülür. Onu da deyim ki, klon, hüceyrəsi götürülən insanın eynisidir, lakin yaş baxımından belə deyil. Məsələn, 30 yaşında bir insanın klonu yaradılırsa, onun əsli ilə klonun arasında 30 yaş fərq olacaq. İndi əsas sual budur, siz öz nüsxənizi yaratmaqla nə etmək istəyirsiniz? Tutaq ki, hər hansı bir insan özünə ürək köçürülməsi üçün belə bir addım atır. Bəs aradakı yaş fərqi? Yaradılan insan da axı bir canlıdır. Tutaq ki, 15 yaşlı klonun ürəyini çıxardıb öz əslinə köçürmək və klonu məhv etməyə cəmiyyət necə reaksiya verər? Hətta Amerikada belə bir qanun var ki, embrionu belə məhv etmək olmaz, çünki o, canlı hesab edilir.

 

- İnsanı klonlaşdırmaq üçün nüvə yalnız canlı insanlardan götürülə bilər? Ölmüş insanın cəsədinin qalıqlarından nüvə əldə etmək mümkündürmü?

 

- Yeni ölən insandan tez götürülə bilər.

 

- Tutaq ki, biz gedib Şah İsmayıl Xətainin qəbrindən gen əldə edib onu klonlaşdıra bilərik?

 

- Prinsipcə, olar. Bilirsiniz, sümük hüceyrəsindən zədələnməmiş tam nüvə ayırmaq elə də asan deyil. Çünki sümük hüceyrəsinin hüceyrə divarı kalsiumla örtülüb. Elə bir şərait olmalıdır ki, kalsiumu oradan kənarlaşdırıb, deqradasiya olunmamış xromosomlar götürülsün. Bu isə texniki cəhətdən çox çətin işdir. Amma belə DNT ayıra bilərik.

 

- Tutaq ki, mümkün oldu və biz yeni bir Xətai yaratdıq. Bu yeni insan Xətainin əqidəsini, düşüncəsini daşıyacaqmı?

 

- Düşüncənin yaranması üçün mühit lazımdır. İndiki mühitlə onun yaşadığı zaman xeyli fərqlidir axı. Ümumiyyətlə, biz deyirik ki, filan insanın bu istedadı var. Həmin istedadı ortaya çıxaran əsas səbəb isə ona uyğun mühit olub. Yəni indi təzə yaradacağımız Xətai nə dərəcədə əsl Xətai ola biləcək? Hazırkı dövrdə bu Xətainin bizim üçün önəmi nədir? Bax, bu cür xeyli suallar ortaya çıxır.

 

Hazırda alimlər çalışırlar, hüceyrəni elə proqramlaşdırsınlar ki, ondan, məsələn, göz, ürək və s. hüceyrələri yaransın. Hətta müəyyən nəticələr əldə edilib. Yəni orqan köçürmək üçün insanı klonlamağa ehtiyac qalmadı. Zədələnmiş hüceyrələri yeniləri ilə əvəz edirlər ki, bu oranı daha tez bərpa edir.

- Demək, insanın klonlaşdırılması öz sosial əhəmiyyətini itirib...

 

- Təbii. Həm də bunun bioetik problemləri o qədər çoxdur ki. Biz bir insan, övlad yaradırıq. Axı bu insanın valideynləri yoxdur. Tutaq ki, biri deyir ki, mənim "kopya"mı yaradın, oğlum ona baxıb atalıq edəcək. Bəlkə bu nə vaxtsa qəbul olunacaq, amma hələlik etik deyil...

 

- Klonların yaradılması ilə bağlı dinlə elm arasında bir gərginlik yaşanır. Dindarlar deyirlər ki, hər bir insanın ruhu var, bunu Tanrı bəxş edir. Bəzi alimlər də deyirlər ki, bəs bu klonu yaradan insandır, onun ruh məsələsi necə olur? Siz nə deyərdiz bu mübahisə ilə bağlı?

 

- Doğrusu, Qurani-Kərimi tam bilmirəm. Axıracan oxumamışam.

 

- Ateistsiniz?

 

- Ateist deyiləm, məsələlərə elmi cəhətdən yanaşıram. Amma bir elm adamı kimi, təbiətdə canlılar arasında yüksəl dəqiqliklə həyata gedən bu qədər mürəkkəb molekulyar prosesləri izlədikdən sonra başqa bir düşüncəyə gəlmişəm. Bunların sadəcə təsadüflər nəticəsində baş verməsi mənim üçün inanılmazdır.

 

- Yəni yaradıcı qüvvəyə inanırsınız?

 

- Bəli. Baxın, “Boinq” təyyarələrini söküb hissələrə ayırsaq, 1 milyon detal edər. İnsanın genomu isə 3 milyard 200 milyondan çoxdur. “Boinq”in detalları yüz illərlə qalsa da onlar özləri toplaşıb təyyarə olmayacaq. Yəni bunu ardıcıl yığan lazımdır. Canlılar da elə bir mürəkkəb quruluşa malikdir ki, burada çox mürəkkəb proseslər həddən artıq dəqiqliklə həyata keçir. Yəni mən inanmıram ki, hansısa təsadüflər nəticəsində bu cür dəqiqliklə mürəkkəb mexanizmlər elə-belə formalaşsın.

 

- Bəs klonun ruhu məsələsi necə olur?

 

- Klonun da ruhu var. Onsuz da orada bir canlı əmələ gələcəkdi. Bildiyim qədər, Quranda da yazılır ki, dölə 3 ayında ruh daxil olur. Klon da canlıdır, bir insandır və onun da ruhu var. Bu insanın genetik sağlamlığı isə bizim bu prosesi nə qədər uğurlu aparacağımızdan asılıdır.

 

- Maraqlıdır, biz kiməsə qanımızı verəndə ona öz genlərimizi də ötürmüş oluruqmu?

 

- Qanın tərkibində əsasən qırmızı və ağ qan hüceyrələridir. Bəzi xəstələrə qan vurulur. Çünki onların əksəriyyətində qan əmələ gəlmir. Amma nəzərə alaq ki, eritrositlərin yaşama müddəti 3-4 aydır. 3-4 ay sonra sizin ona verdiyiniz həmin hüceyrələr məhv olur. Onu da nəzərə alın ki, eritrositin nüvəsi yoxdur. Leykositin nüvəsi var, amma o da müəyyən müddət yaşaya bilir. Bu baxımdan, qanla gen keçmir.

 

- Bəs orqan köçürülməsi zamanı?

 

- Tutaq ki, böyrək köçürülüb. Bu orqan yalnız böyrəyin işində nələrsə edə bilər, oradan kənara gedə bilməz. Axı bunların cinsi hüceyrə ilə heç bir əlaqəsi yoxdur. Genofondun davamında isə cinsi orqanların hüceyrələri iştirak edir.  

 

- Gen mühəndisləri eyni zamanda bakterioloji silahların meydana gəlməsinə də səbəb olub... 

 

- Bəli. Bu barədə kifayət qədər məlumatlar var. Amma 1972-ci ildən virus genomunu yaratmaq qadağan olub. Bu, çox təhlükəli bir işdir. Bilərəkdən və ya istəmədən böyük fəlakətlərə səbəb ola bilərsən. İndi yaradanlar varsa da bunu qanunsuz edirlər.

 

Məsələn, belə bir fəlakət Rusiyanın Novosibirsk vilayətindən baş vermişdi. Mikrobiologiya ilə məşğul olan alimlər ağcaqanad və gənələrin üzərində ensefalit xəstəliyi ilə əlaqədar iş aparırdılar. Və bu gen mühəndislərinin laboratoriyadakı balaca bir diqqətsizliyi, "sızma" nəticəsində həmin həşəratlar kənara çıxa bildi. Bu, məqsədli şəkildə edilən bir məsələ olmayıb. Söhbət SSRİ-nin vaxtından gedir. Bu barədə kimsə cəsarət edib heç mətbuata da informasiya vermədi. Amma müəyyən insanlar nəyin necə olduğunu yaxşı bilirdilər. Hələ bu gün də böyük bir vilayətdə insanlar bir kabus yaşayır. Meşədə, açıq havada gəzmək ölüm riski altındadır. Hər il neçə-neçə insan durduğu yerdə ensefalit xəstəliyinə yoluxur. Xəstəliyi nəsildən-nəslə keçirən ağcaqanadları və gənələri tam məhv etmək isə mümkün deyil...

 

# 681
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar