Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
04 iyul 2016 14:22 (UTC +04:00)

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

Nizami yurdundan xəbərlər var !

 

Gəncə şəhəri azərbaycanlıların tarixində yarandığı gündən həmişə fərqli şəhər olub. Bu, təkcə şəhərin yerləşdiyi strateji mövqeyə görə, iqtisadi potensialına görə, təbii zənginliyinə görə yox, eyni zamanda gəncəlilərin Azərbaycan tarixində yadelli işğalçılara qarşı yer aldığı mübariz mövqe ilə də səciyyələnir.

 

Mübarizələrdən doğulan şəhər...

 

Bəndər üsyanı (XIII əsr), Cavad xan hərəkatı (XIX əsrin əvvəli) və digər bu kimi tarixi hadisələr işğalçılara qarşı torpaq uğrunda son ana qədər mübarizlik əzminin nümunələridir Gəncə üçün...

Şəhərin yaranmasını eramızdan əvvələ, orta əsrlərin başlanğıcına aid edənlər də var. 1940-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı da burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar edilib. Şəhər 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. Çar Rusiyasının Azərbaycanı zəbt etməsi ilə əlaqədar olaraq. Gəncənin 1918-ci ildə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə dəyişdirilərək şəhər bolşeviklər tərəfindən Kirovabad adlandırılıb. 1989-cu ildə yenidən şəhərin Gəncə adı özünə qaytarılıb. Dəniz səviyyəsindən 400-450 metr yüksəklikdə yerləşən şəhər Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375 km qərbdə, Gəncə-Qazax düzənliyində yerləşir.

 

Gəncənin ərazisi 100 kv.km-dir. Əhalisi isə 350 mindir. 2 rayon və 6 inzibati yaşayış məntəqəsi - Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natəvan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir. Şəhər ərazisində 362 idarə və müəssisə, o cümlədən 79 iri, orta və kiçik sənaye müəssisəsi, 1 bank, 43 bank filialı və bank olmayan kredit təşkilatı, 4 bank şöbəsi, “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt filialı, onun 21 poçt şöbəsi və müştəri xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 12 ATS, 8 mehmanxana, 150-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Şəhərdə 6 məscid, 1 rus kilsəsi, 4 ziyarətgah, 5 pir, 5 islam və 3 xiristianyönümlü dini icma, 51 QHT fəaliyyət göstərir. Həmçinin 2 qəzet, 2 televiziya kanalı fəaliyyət göstərir.

 

Artıq regionda lider olan Azərbaycanın ictimai, siyasi, xüsusilə də iqtisadi həyatında Gəncə önəmli rol oynayır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu, bu gün də prezident İlham Əliyev tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasətdə Gəncə və gəncəlilər sıx həmrəydir. Gəncədə son illərdə baş verən sosial-iqtisadi inkişaf da buna əyani misaldır. Dövlətin qayğısı ilə Gəncə Avropa standartlarına uyğun şəhər statusuna malik oldu. Bunun nəticəsidir ki, bu il Gəncə Avropanın gənclər paytaxtı seçildi.

 

Heydər Əliyevin Gəncənin inkişafı və dirçəlişi üçün təsdiq etdiyi tədbirlər planı onun siyasətinin davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı müddət ərzində rəsmi olaraq yüksək önəm verdiyi Gəncə şəhərinə 12 dəfə səfər edib və şəhərin sosial-iqtisadi, mədəni cəhətdən inkişafı naminə əməli tədbirlər həyata keçirməkdədir.

 

Sosial-iqtisadi inqilablar şəhəri

 

2011-ci ildən ölkə prezidenti İlham Əliyevin göstəriş və sərəncamlarına əsaslanaraq Gəncədə sürətli və genişmiqyaslı quruculuq və abadlıq işlərinə start verilib, istər sosial, istərsə də iqtisadi sahədə biri-birindən dəyərli layihələr və beynəlxalq tədbirlər həyata keçirilməkdədir. Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə sıx əlaqəsi, hər bir hadisəyə cəsarətlə və çevikliklə yanaşılması sakinlər arasında ruh yüksəkliyi ilə qəbul edilərək ümumxalq işinə çevrilib. Şəhər rəhbərliyinin xalqına, torpağına bağlılığı, təşkilatçılığı, qətiyyətliliyi və işgüzarlığı əhalinin görülən işlərə inamını artırır və böyük nailiyyətlər əldə etməyə imkanlar yaradır. Əldə olunan nailiyyətlər isə səmərəli və dəqiq iş üslubuna, idarəçilik təcrübəsinə, şəxsi təşəbbüskarlığa, səmimiyyət və ünsiyyətə əsaslanan fəaliyyətin nəticəsidir. Prezidenti İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları”, Gəncəyə səfərləri zamanı yerli icra hakimiyyətinə verdiyi xüsusi tapşırıqlar, dərin məzmunlu və proqram xarakterli tövsiyələr şəhər rəhbərliyi tərəfindən dəqiqlik və məsuliyyətlə icra olunur. Odur ki, az müddət ərzində qədim milli-mənəvi dəyərlərə istinad edən Gəncədə ciddi dəyişikliklər baş verdi.

 

Şəhərin həyatında iqtisadi sahə ilə bağlı bir neçə mühüm faktı qeyd etmək olar. Təkcə 2014-cü il – “Sənaye ili”ndə innovativ texnologiyalara əsaslanan, Gəncədə tikilən və qurulan “DET-AL Alüminium” MMC-nin tərkibində fəaliyyət göstərən zavodlar ölkə iqtisadiyyatının və əlvan metallurgiya sənayesinin inkişafına, müasir və prioritet istehsal sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına vəsilə olmuşdur. Ölkəmizdə ən müasir texnologiyalara əsaslanan, vacib istehsal sahələrindən biri olan və Azərbaycan-İsveçrə birgə “Stadler” vaqon istehsalı zavodunun təməl qoyma mərasimi də ölkə Prezidentinin iştirakı ilə yadda qalıb. Artıq güclü iqtisadi potensiala malik olan Gəncə şəhərində İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanmışdır. Zavodun gələcəkdə İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunması, “Stadler Rail Group” şirkətinin isə İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodlarının fəaliyyət göstərməsi və məhsullardan dünyanın 13 ölkəsində istifadə olunması bu layihənin elmi tutumluluğunun sübutudur.

 

 

Ümumiyyətlə, Gəncənin sosial-iqtisadi həyatında müsbət dəyişikliklər dinamik qeydə alınır. Daxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsinin payına düşüb və 2014-cü illə müqayisədə 5,5 faiz artıb. Qeyd edək ki, məhsulun 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub. Gəncə şəhərində işsizlik problem də öz həllini tapıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən fəaliyyəti sayəsində yüzlərlə insan işlə təmin olunub. Gəncədə uğurlu məşğulluq strategiyası həyata keçirilir. Şəhərdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 1500 ailəlik qəsəbə salınıb. Hər bir infrastrukturu olan yeni yaşayış qəsəbəsində məktəb, körpələr evi, mədəniyyət sarayı, eləcə də digər obyektlər tikilib. Məlum olduğu kimi, müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

 

 

Bu şəhərdə din və məzhəb ayrı-seçkiliyi yoxdur. Şəhərin mərkəzində Aleksandr Nevski kilsəsi var. Kilsə ilə məşhur "butulkalı ev" bir-birinə çox yaxındır. "Butulkalı ev" şəhərə gələn qonaqların ən çox maraqlandığı binalardan biridir. Bu ev 1966-cı ildə tikilib. Binanın inşasında içki şüşələri ilə yanaşı, kiçik dərman şüşələrindən, müxtəlif ölçülü təbii çay daşlarından da istifadə olunub.

 

“Xan Bağı” istirahət guşəsi də əsasən çinarlardan ibarətdir. Bu bağ şəhərin əsas turistik yerlərindəndir. Gəncədə Heydər Əliyev Mərkəzi və park-kompleksi yenidən qurulub. 450 hektar ərazisi olan Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı”ı ucaldılıb. Xiyabanda 500 metrlik bir məsafədə silsilə tağbəndlər tikilib. Hər birinin hündürlüyü 7 metrdən çox olan tağbəndlərin üzlüyü nəfis milli ornamentlərlə bəzədilib. Girişdə isə böyük fəvvarə inşa olunub. Diametri 18 metrə bərabər olan fəvvarə hovuzun ortasında ətrafa sərinlik və gözəllik bəxş edir. Kənarlarda əkilən həmişəyaşıl ağaclar isə bu gözəlliyi tamamlayır.

 

Şəhərdə təhsilə də maraq güclüdür və dövlət həmişə bunu nəzərə alıb. Belə ki, son illər ərzində 4 nömrəli tam orta məktəb (960 şagird yerlik), 16 nömrəli tam orta məktəb (500 şagird yerlik), 32 nömrəli tam orta məktəb (400 şagird yerlik) və 39 nömrəli tam orta məktəb (1200 şagird yerlik) tam təmirdə istifadəyə verilib. Ümumilikdə Gəncədə 3 ali, 46 orta məktəb, 4 lisey və 35 baxça var. Məsələn, 2010-cu il ilə müqayisədə 2015-ci ildə ali məktəbə Gəncədən qəbul olunan abturiyentlərin sayında isə 30-40 faiz artım var.

 

Qafqazda Avropa incisi...

 

Gəncə şəhəri 2016-cı ilin “Avropa Gənclər Paytaxtı" seçilib. Bununla bağlı şəhərdə "Avropa Gənclər Paytaxtı" adını daşıyan park salınıb ki, öz gözəlliyi ilə gənclərin sevimli məkanına çevrilib. Ümumi sahəsi 1,8 hektar olan parkın tamamilə yaşıllığa bürünməsi də gənclərin ürəyincədir. Dekoratik oturacaqlar və gecə işıqlandırma lampaları isə parka xüsusilə yaraşıq verir. Parkın mərkəzində hündürlüyü 5 metr olan "Gənclik qanadları" adlı abidə isə simvolik olaraq “Gəncə 2016 - Avropa Gəncələr Paytaxtı” layihəsinə dəstək məqsədi daşıyır.

 

Gəncəlilərin istirahətinin mənalı keçirilməsi üçün şəhərdə mədəniyyət mərkəzləri istifadəyə verilib. Ən əsası isə avropalı gənclər Gəncəni kəşf edirlər və Qafqazın bu incisini tez-tez ziyarətə gəlirlər.

 

 

Yeri gəlmişkən, bu yaxınlarda  Gəncə şəhərində ilk dəfə yeni və müasir standartlara cavab verən "Cinema Plyus" Premium kinoteatrının açılış mərasimi keçirilib. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, deputatlar və tanınmış şəxslər iştirak edib. Artıq gəncəlilər rahat şəkildə “Cinema Plyus” kinoteatrında sevdikləri filmə baxa biləcək.

Günü-gündən abadlaşan Gəncə şəhərində müasir üslubda inşa edilən "Kitab evi" mağazası Gəncə sakinləri üçün dəyərli töhfədir. "Kitab evi"ndə gənclərin və məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün kitab-kafe, müxtəlif multimedia vəsaitlərindən və elektron kitablardan istifadə imkanları nəzərdə tutulub.

Demək istədiyimiz odur ki, qədim Nizami yurdu həm göz qabağındadır, həm də göz qamaşdırır. Təbii ki, ulu Nizaminin uyuduğu şəhər ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində bu səviyyəyə çatıb. Gəncə Azərbaycan tarixinin mərdlik simvollarındandır və o bu adı həmişə yaşatmağa qadirdir...

 

 

Yazı, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunur.

 

Mübariz Aslanov, APA İnformasiya Agentliyi.

# 343
avatar

Mübariz Aslanov

Oxşar yazılar