Cəmalənin anası və bizim  bakteriyalar - <span style="color:red;">AKTUAL ŞƏRH
16 may 2016 14:28 (UTC +04:00)

Cəmalənin anası və bizim bakteriyalar - AKTUAL ŞƏRH

 

Ukraynanı bu il “Eurovision”da təmsil edən Krım tatarı Cəmalənin müsabiqədə birinci olması ölkəmizdəki ibtidailər sinfindən olan minlərlə təkhüceyrəli bakteriyanı qeyzləndirib. Cəmalənin anası ermənidir. Niyə ermənidir? Ermənidirsə, niyə anadır? Anası ermənidisə, atası niyə tatar türküdür? O tatar o erməni ilə necə sevişə bilər axı?! Təkhüceyrəlilərin yeganə hüceyrəsi bu kimi sualların hücumuna məruz qalıb. Bakteriyalar bu saatı qırır bir-birini.

 

Bakteriyalar tarixi mənada yaddaşsız olurlar. Yazmaqda fayda var. 21-ci əsrin 2-ci onilliyindəyik. Bakteriya isə hələ də öz bakteriyalığında qalmaqdadır. Yenə başında yeganə hüceyrə ilə ətrafa mikrob yağdırır, çamur atır, söyür, aşağılayır, arada bir, hətta hürür. Bakteriya üçün fərqi yoxdur. O, tək hüceyrəsi ilə başqalarına söyməyə, hürməyə hər zaman bir “səbəb” tapacaq. Yetər ki, özünü ifadə eləsin. Təbiətdə mövcudluğunu qorusun. İndi bəzi məsələlər var, gərək bakteriya da olsan, onları biləsən. Axı sən bakteriyasan. Özün də təkhüceyrəlisən. Hər şeyə fikir bildirmək məcburiyyətin yoxdur. Bəzi məsələlərdə sənin ümumiyyətlə fikrinə ehtiyac duyan yoxdur axı. Ümumiyyətlə, açıq danışaq, sənin heç bir məsələyə fikir bildirməyə bakterioloji olaraq haqqın yoxdur. Niyə? Çünki sən bakteriyasan. Bakteriyalar fikir bildirməz. Gözünü döy, bəsdir.

 

İndi də mühazirə hissəsini dinlə. Bakteriya olsan da, sənə də vətəndaşlıq verən bu dövlətin minlərlə erməni millətindən olan vətəndaşı var. Tək hüceyrənə and olsun, hamısının anası da, atası da təmiz ermənidir. Özü də sənə - bir bakteriyaya vətəndaşlıq verəcək qədər humanist olan dövlətin bütün dünyaya bəyan edir ki, Dağlıq Qarabağda yaşayan  ermənilər bizim vətəndaşlarımızdır və Dağlıq Qarabağ geri qaytarılanda o ermənilər də digər vətəndaşlarımızla eyni haqlara sahib olacaq. Bu həqiqəti təkhüceyrəli bakteriyaya desən, ürəyi partlayıb ölər. Erməni ilə eyni vətəndaşlığa sahib olmağı namusuna sığdırmır axı. Ta erməni gəlib cığallıq eləməsin ki, ona da təkhüceyrəli bakteriya ilə eyni haqlar verilib. Ona qalsa, mənlə də o bakteriya eyni hüquqlara sahibik. Heç dinirəm? Başa gələn çəkilər. 

 

Ötən həftə ortaya çıxan biabırçılıqdan sonra aydın oldu ki, bu bakteriyalardan biri bakterioloji fəaliyyətlə məşğul olduğu bir qurumda əks cinsin nümayəndəsi olan bir azyaşlı bakteriyanı zorlayıb. Bu da bəs deyilmiş kimi, yaxın günlərdə bu bakterioloji münasibətdən bir uşaq da dünyaya gələcək. Cəmalənin anasının erməni olmasına görə qaraqışqırıq qoparan təkhüceyrəlilər sinfi, denən, bu bakteriyanın ləyaqətsizliyi barədə nəsə danışdı? Danışmaz. Niyə? Çünki özü də bakteriyadı. Şərt o deyil ki, bütün bakteriyalar eyni fəaliyyətlə məşğul olsun. Bakteriya bakteriyadı. Cəmalənin anası erməni, Səmranın paltarının sinəsi açıq ola bilməz. Ancaq bu bakteriya, misalçün, hansısa kənd məktəbində bir azyaşlını zorlaya bilər. Cəmalə ilə Səmra dünyanın ən əxlaqsız adamları, bu bakteriyalar isə namus təcəssümü, ləyaqət nümunəsi, əxlaq örnəyidirlər. Qadam ağzınıza.

 

 

Bakteriya olanda da gərək insanlığa az da olsa xeyir verməklə məşğul olasan. İndi, ay azərbaycanlı bakteriya, gör, Cəmalənin anasının erməni olması daha böyük biabırçılıqdı, yoxsa sənin həmsinfin olan bakteriyanın azyaşlı qızı zorlamağı? Pisi odur ki, o bakteriyanın tərbiyələndirdiyi nəsil də bakteriya kimi böyüyüb inkişaf edəcək. Bu eşşəklərdən də elə eşşək törəyəcək (c), əlbəttə.

 

Cəmalənin anasının milliyyətini müzakirə edənlərə isə Mirzə Cəlilin “Kamança”sı qənim olsun! 

# 266
avatar

Anar Gəraylı

Oxşar yazılar