Məni adam edən Adam
10 may 2016 14:11 (UTC +04:00)

Məni adam edən Adam

 

Sevgim - Millətə!
Vurğunluğum - Azadlığa və ədalətə!
İtaətim - Müəllimlərimə!
Borcum - Dostlarıma və məsləkdaşlarıma!
Nifrətim - Yalançılara və ikiüzlülərə!

 

Əbülfəz Elçibəy

 

Müəllim sarıdan həmişə bəxtim gətirib, qarşıma hər zaman tələbkar müəllimlər çıxıb. İbtidai sinif müəllimim rəhmətlik Zərifə Həkimovadan tutmuş Bakı Dövlət Universitetində bu gün də hörmətlə andığım müəllimlərimə qədər. Bu gün onlardan biri haqqında söz açmaq istəyirəm...

 

1990-cı ilin 15 oktyabrında həyatımda yeni səhifə açıldı - orta təhsilimi Bakı Dövlət Universitetinin Arif Hüseynzadə adına 20 saylı orta məktəbin bazasında təşkil etdiyi tarix liseyində davam etdirməyə başladım. Universitetin tarix fakültəsinin o zamankı dekanı, professor Yaqub Mahmudovun təşəbbüsü ilə yaradılmış bu liseyin direktoru 34 yaşlı tarix elmləri namizədi Kərim Şükürov idi - Azərbaycan Dövlət Televiziyasında "Azərbaycan tarixi" verilişinin əvəzolunmaz aparıcısı.

 

Azərbaycanda yaradılmış liseylərin ilk qaranquşlarından olduğundan, imtahan mərhələsində rəqabət çox güclü olmuşdu. Ölkənin demək olar ki, hər bir bölgəsini təmsil edən şagirdlər sərt rəqabət və obyektiv qiymətləndirmə mərhələlərindən sonra bu liseydə təhsil almağa başladılar. Yaqub Mahmudovun liseylə bağlı planları geniş idi - liseyin öz binasının, yataqxanasının olmasından tutmuş, liseyi fərqlənmə ilə bitirən məzunların tarix fakültəsinə imtahansız qəbul olunmasına qədər. Amma ictimai-siyasi kataklizmlər bütün gözəl arzular kimi, bu niyyətin də Azərbaycan adlı arzular qəbiristanlığında dəfn olunması ilə nəticələndi.

 

Liseyin bütün yükü isə Kərim müəllimin üzərinə düşdü. O, öz əzmkarlığı və şəxsi əlaqələri hesabına liseyi ayaqda tutdu, Bakı Dövlət Universitetinin say-seçmə müəllimlərini liseydə dərs deməyə və mühazirələr oxumağa dəvət etdi. Təsəvvür edin - 13-14 yaşlı məktəblilər Azərbaycan arxeologiyasının azman ismi, Azıx mağarasını və Azıxantropun çənəsini kəşf edən Məmmədəli Hüseynov, məşhur etnoqraf Həvil Həvilov, Bakı Dövlət Universitetinin Qərbi Avropa dilləri kafedrasının müdiri Abbas Abbasov kimi görkəmli pedaqoqlardan dərs alırdılar. Bu, 1990-cı ildəki Azərbaycan təhsili üçün sensasiya sayıla biləcək hadisə idi. Liseyimizdəki digər yenilik hər bir qrupa iki (bir Qərb, bir Şərq) xarici dilin keçilməsi idi.

 

Kərim müəllim 90-cı illərin aylarla maaşsız işləmək zorunda qalan müəllimlərindən biri olsa da, işinə bir an da olsun, məsuliyyətsiz yanaşmırdı. Təsəvvür edin - müəllimimiz gənc idi, yeni ailə qurmuşdu, körpə uşaqları vardı. Amma bütün bunların müqabilində rayondan gələn lisey yoldaşlarımızın yaşadığı o vaxtkı Politologiya İnstitutunun (indiki Dövlət İdarəçilik Akademiyasının) yataqxanasına axşamlar qəfildən baş çəkməyə də vaxt tapır, uşaqların yerlərində olub-olmadıqlarını və sabahkı dərslərə hazırlıq səviyyəsini şəxsən yoxlayırdı.

 

Bizsə öz işimizdə idik - kefimizə düşəndə dərsə hazırlaşmır, ürəyimiz istəyəndə nadinclik edib dərsi pozurduq. Kərim müəllim nə qədər səbirli adam olsa belə, biz onun səbir kasasını daşdırmağı bacarırdıq. Əvəzində isə ciddi danlaq yeyirdik. Axı 13-14 yaşlı yeniyetmələr hardan və necə anlayaydılar aylarla maaş almayan bu fədakar adamın oxumağımız üçün dəridən-qabıqdan çıxmasının səbəbini? Bu təmənnasız zəhmətin səbəbini anlamamağımız bir yana, ürəyimizdə hələ onu qınayırdıq da: "Oxumuram, özüm bilərəm. O, niyə bu qədər canfəşanlıq edir axı? Səbəb nədir, görəsən?" Səbəbi anlamaq üçün bizə illər lazım olacaqdı...

 

Tale elə gətirdi ki, uzun illər sonra Kərim müəllimlə yollarımız yenidən kəsişdi. Bu dəfə Milli Elmlər Akademiyasında. Aspiranturanı bitirmişdim, dissertasiya işimi yazıb təhvil vermişdim, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəmin gününün təyin olunmasını gözləməklə məşğul idim. Bu məşğuliyyət isə nə az, nə çox - düz altı il davam etdi. Bu o vaxtlar idi ki, Kərim müəllim də elmlər doktoru dissertasiyasını müdafiə etmək üçün bürokratik əngəllərlə qarşılaşmışdı. Tez-tez görüşür, problemlərimi ustadımla bölüşür, süründürməçilikdən bezdiyimi, səbr kasamın daşdığını, elmi işimi bürokratlara "bağışlayıb" müdafiə etmək niyyətindən vaz keçəcəyimi deyirdim. O isə məni təmkinlə dinləyir, hər dəfə fikrimdən daşındırmağı bacarırdı. Belə söhbətlərimizin birində dediyi bu sözlər isə məni geri dönməməyə və sonadək dirəniş göstərməyə sövq etdi: "Bizdə elmlə məşğul olmaq insan şəxsiyyətinin alçaldılması və əsəb imtahanı üzərində qurulub. Kim səbr etsə, qələbə də onundur. Geri çəkilsən, təkcə uduzmayacaqsan, həm də uduzduğunu hamıya etiraf edəcəksən. Hansı asandır - səbrmi, etirafmı?"

 

Bu gün tarix elmləri doktoru, professor Kərim Şükürovun 60 yaşı tamam olur. O, Azərbaycanın görkəmli aydınlarından, tariximizin yorulmaq bilməyən tədqiqatçılarından biridir. Qətiyyən şübhə etmirəm ki, tarix liseyinin bütün məzunlarının həyatında, şəxsiyyət kimi formalaşmasında Kərim müəllimin bu və ya digər dərəcədə silinməz izləri var və olacaq. O, bizim 26 illik müəllimimizdir. Müəllim kimi müəllim, adam kimi Adam... Qarşıma onun kimi müəllim çıxmasaydı, bəlkə də həyatım tamam başqa istiqamətdə gedə bilərdi. Məni adam edən Adam, dünyanı şərəfləndirdiyiniz gün mübarək olsun!


 

# 566
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar