“Nə Tribunal, ermənilər uduzduqlarını həzm edə bilmirlər!” - <span style="color:red;">EKSPERT
14 aprel 2016 15:10 (UTC +04:00)

“Nə Tribunal, ermənilər uduzduqlarını həzm edə bilmirlər!” - EKSPERT

Azərbaycan Silahlı Qüvvələrinin işğalçı erməni hərbi birləşmələrinin təxribatına qarşı 3 günlük uğurlu hərbi əməliyyatını acısı Ermənistanda müzakirə olunmaqdadır.

 

Ermənistan müdafiə nazirinin müşaviri Alik Avetisyan “baş verənlərlə bağlı beynəlxalq tribunalın yaradılması üçün Beynəlxalq Millətlər Təşkilatına (BMT) müraciət edə biləcəklərini” söyləyib.

 

Azərbaycanın mövqeyini isə Müdafiə Nazirliyinin mətbuat xidməti aydın ifadə edib: “Azərbaycan ümumilikdə münaqişə ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında erməni tərəfindən daha çox maraqlıdır”.

 

Bəs bu üç günlük hərbi əməliyyat beynəlxalq məhkəmələrin predmeti ola bilərmi?

 

Sualımıza ekspert, Azərbaycan Diplomatik Akademiyasının professoru Elnur Soltanov cavab verir. Ekspert izah edir ki, tribunalda əsasən insanlığa qarşı olan cinayətlər - soyqırım hadisələri müzakirə edilir: "Məsələn, 2-ci dünya müharibəsindən sonra olduğu kimi. Müasir dövrdə isə tribunala Yuqoslaviyadakı kimi hadisələr çıxarılır. İnsanlığa qarşı törədilən kəskin radikal cinayətlər araşdırılır. Tribunalın qurulmasının qərarını BMT Təhlükəsizlik Şurası verir. Onlar isə çətin ki, Ermənistanın belə bir əsaslandırılmamış təşəbbüsü ilə buna razılaşa. Ona görə də deyə bilərik ki, Ermənistanın bu addımı sadəcə olaraq bir diplomatik jestdir".

Azərbaycan Diplomatik Akademiyasının professoru Elnur Soltanov

 

 

Ekspert bu addımı ermənilərin "diplomatik mənada qol atmaq cəhdi" kimi qiymətləndirir:

 

"Ermənistanın bu bəyanatının əsas bir izahı var - onlar uduzduqlarını hələ həzm edə bilmirlər, nə Tribunal?! Son hadisələrlə bağlı Azərbaycanın beynəlxalq aləmdə səs-küy qaldırması daha çox başadüşülən olar. Lakin onu bilmək lazımdır ki, bütövlükdə Qarabağ hadisələrində tribunallıq bir məsələ varsa, o da Xocalı olaylarıdır".

 

 

Həmsöhbətimiz deyir ki, BMT Təhlükəsizlik Şurasına daxil olan 5 ölkə - Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ belə məsələlərin tribunala çıxarılmasında həvəsli olmurlar: "Tribunala müraciət varsa, həmin 5 ölkənin hamısı razılıq verməlidir. Yəni onlar əvvəlcə yığışıb onu müzakirə edəcəklər ki, bu tələblə bağlı diskussiya açaq, ya yox? Heç bu cür məsələ ilə bağlı diskussiya belə açılmayacaq. Unutmayaq, tribunal elə bir məsələdir ki, presedent yaradır. Bu 5 ölkənin özündə də bu tipli xeyli münaqişə var və hərbi əməliyyatlar keçirilir. İndi siz deyin, Ukraynada, Suriyada bu cür əməliyyatlar keçirən Rusiya buna icazə verə bilərmi? Axı onun özünə sərf etməyəcək. Eləcə də digər üzv ölkələr. Bu kimi hadisələrə görə tribunal qurularsa onda gərək hər gün ən azı 10 dənə məhkəmə keçirilsin".

 

Ekspertin sözlərinə görə, hətta təslim olmaq istəyən, könüllü əsir düşməyə qərar verən hərbçi güllələnirsə, əsirə işgəncə verilirsə, bu, müharibə cinayəti hesab edilir. Bu kimi hadisələr də bütün müharibələrdə baş verir. Bir də var insanlığa qarşı cinayətlər. Ekspertin izahına görə, bu, artıq mülki insanların qırğına verilməsidir: "Bunu biz Xocalıda yaşadıq. Amma müharibə cinayətlərinə gəldikdə isə yenə də Ermənistanın günahı daha çoxdur. Çünki onlar daha çox ərazi işğal ediblər, irəli gəliblər. Yəni daha çox bizdən mülki əhali evlərindən qovuldu, əsir götürüldü. Tribunal qurulsa belə bu, Azərbaycanın xeyrinə olar. Amma bununla belə, Azərbaycan tərəfi də bunu bir diplomatik addım kimi görərək eyni tələblə çıxış etməlidir".

 

Ancaq Elnur Soltanov Azərbaycanın da bu məsələdə tələsik, vaxtsız addım atmasının tərəfində deyil: "Mövcud dünya düzənində, beynəlxalq güclərin indiki münasibətləri çərçivəsində məsələnin hələ ki, bu vəziyyətdə qalması bizə diplomatik mənada daha uyğundur".

 

Bəli, Hərbi Tribunal deyib keçməyək, burda da hər şeyi siyasət həll edir...

 

 

# 219
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar