Hadi Rəcəbli: “O “rus əsgər” məniydim...” - ƏSGƏR GÜNDƏLİYİ
01 aprel 2016 18:26 (UTC +04:00)

Hadi Rəcəbli: “O “rus əsgər” məniydim...” - ƏSGƏR GÜNDƏLİYİ

Milli Məclisin Komitə sədri üç dəfə hərbi xidmətə çağırılıb

 

Hər dəfə Lent.az-ın “Əsgər gündəliyi” rubrikamıza qonaq tapmaq bir neçə səbəbdən çətin olur. Belə səbəblərdən biri və ən narahat edəni tanınmış ictimai, siyasi xadimlərin böyük əksəriyyətinin vaxtı ilə hərbi qulluqda olmamasıdır. Hərbi qulluqda olanlar isə bu və ya digər səbəblərdən mətbuatdan yayınmağa çalışırlar. Rubrikamızın budəfəki qonağının mətbuatdan qaçmaq istəməyinin səbəbi bir az fərqli idi. O, nəhayət, ehtiyatla da olsa gündəliyini açmağa razılıq verdi. Bu, Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor, əvvəlki qonaqlarımızdan fərqli olaraq bir yox, bir neçə dəfə hərbi xidmət dövrü keçmiş, maraqlı həyat yoluna malik Hadi Rəcəblidir. Maraqlı təsadüf də o oldu ki, növbəti ay onun ilk hərbi xidmətə - Sovet İttifaqı ordusu sıralarına yollanmasının 45 ili tamam olur. Yeri gəlmişkən o, 3 dəfə rəsmi hərbi xidmət keçib ki, bu barədə bir qədər sonra...

H. Rəcəbli söhbətimizə tərəddüdlə razılıq verməsinin səbəbini də açıqladı: “Çox təəssüf ki, bəzi facebook səhifələri, bəzi diletant jurnalistlər, kütlə psixologiyası ilə yaşayan bəzi üzdəniraq anonim imzalar həyatın ciddi anlarına belə qeyri-ciddi yanaşır, xoşa gəlməyən münasibət bəsləyirlər. Bir sıra hallarda fikirlər kontekstdən çıxarılır, təhrif olunur, cəlbedici, yalançı başlıqlar hazırlanır, beləliklə heysiyyata toxunulur, oxucu aldadılır...” 

 

Amma bütün bunlara baxmayaraq, söhbət hərbidən düşəndə məmnunluqla razılıq verdi və Hadi müəllim ömrünün ordu sıraları ilə bağlı olan bütün məqamlarına xüsusi qürurla yanaşdı.

 

“İlk hərbi çağırışım ciddi, özü də yüksək dairələrdə münaqişə yaratdı...”

 

Hadi Rəcəbli ordu sıralarına vəzifə kreslosundan, özü də heç kimin gözləmədiyi halda gedib. Həmsöhbətimin dediyinə görə, 1970-ci ildə Moskvada təhsilini başa vuran Hadi Rəcəbli 1971-ci ilin fevral ayında Lənkəran şəhər Komsomol Partiyasının 2-ci katibi təyin edilir. O vaxtlar belə vəzifələrdə çalışanlar adətən hərbi xidmətə getmir, gənc kadr kimi yetişdirilir və sonrakı etaplarda istifadə olunurdular. Hadi Rəcəblidə isə fərqli oldu. Həmin ilin yazında rayon hərbi komissarlığından onun adına çağırış vərəqəsi gəlir: “İlk hərbi çağırışım ciddi, özü də yüksək dairələrdə böyük münaqişə yaratdı. Belə ki, bu məqamda məsələdən xəbər tutan Lənkəranın rayonunun 1-ci katibi İsa Məmmədov bərk əsəbiləşir, “voenkomu” hətta təhqir edir, onun xəbəri olmadan perspektivli gənc kadrın işdən ayrılmasına ciddi narazılığını bildirir, hətta bununla bağlı Azərbaycan Kommunist Partiyasının o dövrdəki 1-ci katibi Heydər Əliyevə belə şikayət də edir. Yeri gəlmişkən, uzun illərdən sonra - 1999-cu ilin iyul ayında indiki Heydər Əliyev adına İdman Konsert kompleksində Ulu Öndər rayon stendləri ilə tanış olur, bölgələrin nümayəndələri ilə söhbət edirdi. O, gözlənilmədən mənə təxminən 30 il öncəki bu məqamı xatırlatdı və dedi: “O vaxt İsa Məmmədov səni ordu sıralarına buraxmaq istəmirdi. Nə yaxşı ki, o vaxtlar mən onu dəstəkləmədim. Əgər onda sən ordu sıralarına getməsəydin bu gün qarşımda durmazdın”...”

“...Gül kimi nişanlın Lənkəranda qala-qala, rus əsgərlə rəqs edirsən?!”

 

Həmsöhbətim deyir ki, ordu sıralarına getmək onun üçün bir neçə səbəbdən problemli olub: “Əvvəla ailədə maddi durum olduqca çətin idi, valideynlərimə maddi dəstək olurdum. İkincisi, ilk vəzifə, ilk kabinet, yüksək münasibət, onların hamısını bir anda itirmək... Üçüncüsü isə ordu sıralarına çağırılmazdan bir neçə ay öncə Bakıda Sabir adına Pedaqoji Texnikumda maaşlı komsomol katibi işləyən Mehriban xanımla nişanlanmışdım. Əsgərliyə SSRİ-nin hansı bölgəsinə düşəcəyim naməlum idi. Amma qismət belə gətirdi ki, Biləcəridəki əsgər bölgüsü aparılan məntəqədə tanıdılar və Bakıda Salyan kazarması deyilən ərazidə yerləşən artilleriya qoşunlarında xidmət etməyə götürdülər. Bunu eşidəndə Mehriban xanım elə sevindi ki...”.

Hadi Rəcəbli bu mənada şanslı əsgər olur. Nişanlısının yaşadığı şəhərdə hərbi xidmətə başlayan əsgərin həftə sonu buraxılışları (“uvolnenie”) bitib-tükənmir: “Bu dövrlərdə çox maraqlı hadisələr olurdu. Mehriban xanımın çalışdığı texnikumda oxuyanların əksəriyyəti rusdilli qızlar idi. Məktəblərdə keçirilən şənliklərə bəzən hərbi hissələrdən də qonaqlar dəvət olunurdu. Növbəti belə axşam şənliyinə “Salyanski” kazarmadan da 10 əsgər və serjant dəvət olunmuşdu. Gecədə rəqs edənlərin içərisində Mehriban xanım əsgərlərin birindən bir addım belə kənara çəkilmirdi, ona çox isti münasibət göstərirdi, bunu görən məktəbin direktoru çox konservativ qadın olan Emma Əsədovna Mehriban xanımı yanına çağırıb, irad tutdu: “Bu nə məsələdir? Sənin gül kimi nişanlın Lənkəranda qala-qala sən bu arıq-uruq rus əsgərlə rəqs edirsən?!” Mehriban xanım güldü və bir az aralıda dayanan “rus” əsgərin qolundan tutub Emma xanıma yaxınlaşaraq dedi: “Bu əsgər mənim nişanlımdır, nə edəsən bunu anası sarışın dünyaya gətirib” - deyə, uğundu.

Bir dəfə də bulvarda əl-ələ, qol-qola gəzən qaraqaş-qaragöz, qarabuğdayı Mehriban xanım bu dəfə 5-6 Bakılı cavanın tənəsinə tuş gəldi. Onlar kobud şəkildə deyinirdilər, utanmır, gül kimi Azərbaycan qızı “urus soldatla” qol-qola gəzir. Əsgər paltarında olan “rus soldat” cavanlara tərəf çox əsəbi yeriyərkən Mehriban xanım onu saxladı. Qızla oğlanın Azərbaycanca danışdığını görən gənclər gülərək aralandılar.

 

O “rus” əsgər mən idim...”

“...dərhal hərbi tribunal, “disbat” gözümün önünə gəldi”

 

Xidmət etdiyi hərbi hissədə digər millətlərin nümayəndələri də olur. Bütövlükdə xidmət 2 illik olsa da ali təhsil alanlar 1 il xidmət edirdilər. Hadi müəllim ilk xidmətini 1 illik çəkir.  Hərbi hissədə ali təhsili olanlar daha çox Ukraynadan bura gələnlərdi və onlarla daha çox ünsiyyətdə olur: “Hamı yaxşı bilir ki, o vaxt hərbi hissədə yazılmamış qanunlar vardı. “Molodoy”, “starik”, “dembel” ifadələri həm də özündə çox böyük məna və məqsəd yükü daşıyırdı. Xidmətə yeni gələnlərə elə bil ki bilərəkdən serjantlar, “starik”lər daha çox əziyyət vermək istəyirdilər. Onları tez-tez arzu olunmayan “naryad”lara göndərir, daha ağır idman tapşırıqları yükləyir, bir sözlə incidirdilər. Petrov familiyalı balacaboy, üzü xora salmış, cır səsi olan zəif bir serjant ali təhsilli əsgərlərə “divan tuturdu”. Bir yumruğa yerə səriləsi bu vücudsuz serjant mənə verdiyi növbəti tapşırığın icrasını ədalətsiz və yalandan pisləyərək qurulan işi təpiklə dağıtdı...”. Haqsızlığa dözə bilməyən Hadi serjanta göz ağartmaqla əsəblərini güclə cilovlayıb dözəsi olur. Çünki emosiyaları sərbəst buraxanda dərhal hərbi tribunal, “disbat” gözümün önünə gəldi. Buna oxşar hadisələr demək olar ki, tez-tez baş verir və əziyyətlərdən, fəhləlikdən keçmiş Hadi onlara dözməyə üstünlük verir.

Keçmiş əsgər deyir ki, komandirlərin içərisində insani keyfiyyətdə olanlar da olub: “Belələrindən biri də bölmə komandiri Slavik idi. O özü də hərbi kafedrası olan mülki institut bitirmiş kiçik zabit rütbəsi alaraq 2 illik leytenant kimi hərbi xidmətə çağırılmışdı. O, mənimlə rəsmi münasibətlərdən fərqli olaraq, şəxsi münasibətlər də qura bilirdi. Günlərin bir günü Rusiyanın Belqorod vilayətinə Bakıdan da çuğundur yığmağa əsgər aparmaq nəzərdə tutulurdu. Səfərə çıxası 10 nəfərlik əsgər qrupuna Slavik Hadinin da adını yazmışdı. Yük qatarı ilə gedən bu qrup Rostov şəhərində marşrutu dəyişmək üçün bir müddət ara verməli idi. Şəxsi münasibətlər burada da özünü göstərdi. Moskvada birgə təhsil aldığım dostum Mixail Pışniy Rostovda böyük duz emalı zavodunun direktoru idi. Belqoroda gedən leytenant Slavikin rəhbərlik etdiyi qrup Rostovda iki sutka gözəl mənalı yeyib-içməklə, gəzintilərlə dolu gün keçirdikdən sonra çuğundur yığmağa üz tutdu”.

 

Hadi Rəcəbli xidmətin son 2 ayını Pirəküşkül qəsəbəsində leytenant hazırlığı kurslarında keçir. Bu anlar da gərgin sınaqlarla dolu olur. Hadi burada da özünə yaxın dostlar tapır: “Bunlardan biri Xalq Təsərrüfatı institutunun müəllimi, şamaxılı Cəmaləddin Zərbəliyev, ikincisi isə Lənkəranda Aqrar müəssisələrdən birinin rəhbəri Teyyub Rzayev idi. 45 illik tarixi olan bu dostluq indi də davam edir...”.

O, əsgər paltarında olan gələcək kürəkəninin qollarında dünyasını dəyişdi...

 

Əsgərliyi dövründə Hadi Rəcəblinin iki qardaşı Fərasəddin və Fəxrəddin də Politexnik İnstitutunun tələbələri idi. Məhdud maliyyə imkanları bu tələbələrin də çərçivədə dolanmasını tələb edib. Əsgər icazəsi ilə ayda bir-iki dəfə həftəsonu şəhərə çıxan Hadi vaxt tapıb qardaşlarına da dəyirmiş: “Ailənin qalan üzvləri rayonda yaşayırdılar. Anam üçün çox darıxırdım”.

 

Fevral ayının ortalarında hərbi hissəyə Hadi Rəcəbovun Lənkəran komsomolunun növbəti plenumuna dəvət edilməsi haqqında teleqram gəlir. Rəhbərliyin qərarı ilə ona 5 günlük doğma yurduna getməyə icazə verirlər: “İki bacım və kiçik qardaşım sevincdən özlərinə yer tapa bilmirdilər. Əsgər paltarına vurulmuş ali məktəbi bitirmək haqqında nişan hamını qürrələndirirdi...” Bu səfərdə Hadini Lənkəran komsomolunun ali orqanı olan plenumuna üzv seçirlər. Ezamiyyət müddətinin qısa olmasına baxmayaraq, Firuzə müəllimə oğlu ilə birlikdə məktəbə gələrək, müəllim və şagird kollektivi ilə söhbətləşməyə də vaxt tapmışdı.

 

...“Mənim üçün həmən vaxtlar digər bir narahatedici məsələ də var idi. Bu, Mehriban xanımın atası Heybət kişinin ağır fiziki durumu idi. Böyük vətən müharibəsi iştirakçısı olan gələcək qayınatam Heybət kişi milis orqanlarında mayor rütbəsi daşıyıb, çox vacib mövqe tuturdu. Artıq 1 aya yaxın müddətdir yataq xəstəsiydi. Taleyin qəribə dəqiqlikləri olur. Növbəti istirahət günü şəhərə çıxanda nədənsə Səməd Vurğun küçəsində Tibb universiteti ilə yanbayan olan binadakı nişanlım yaşayan mənzilə çox tələsirdim. Ürəyimə nəsə dammışdı. Əsgər paltarında binanın sonuncu mərtəbəsindəki mənzilin zəngini çox ürəksiz basdım. Qapını açanda nişanlım, qaynım və qaynanam məyus sifəti məni üşəndirdi. İçəri keçəndə gördüm ki, Heybət kişinin vəziyyəti çox ağırdı. Görüşməyim qucaqlaşmaqla tamamlandı. O əsgər paltarında olan gələcək kürəkəninin qollarında dünyasını dəyişdi...”

Xidmət Hadiya idmana rəğbət, intizama hörmət və gərginliklərə dözüm tərbiyə edir: “Bu dözüm özünü bu gün də göstərir. Dözüm demişkən, ordudan tərxis olunandan təxminən 1 həftə sonra Lənkəran şəhər Partiya Komitəsinin 1-ci katibi İsa Məmmədovun tapşırığı ilə yenidən məni Partiya Komitəsinə çağırdılar. Məni şəhər komsomol komitəsinə 1-ci katib tövsiyə etmək istəyirdilər.

Bakıda söhbətdən keçdim, razılıq verdilər, ancaq balaca katiblik kreslosunda oturmağım iki aydan çox müddət apardı, dözdüm, gözlədim, məqsədə nail oldum”.

 

“İndiki o icra başçısı mənim ikinci hərbi xidmət yoldaşımdır”

 

İkinci hərbi xidmət. Növbəti dəfə Bakı Ali Partiya məktəbində oxuyarkən politoloji fənlərlə yanaşı bütün dərslərdən əla qiymətlər alan Hadi Rəcəbli hərbi dərslərdə də yaxşı çalışır, xüsusi fəallıq göstərir. Yekun dərslərlə bağlı hərbi xidməti Yerevan şəhərində 1 ay müddətində xüsusi toplantıda keçirir. Partiya məktəbindəki qrup yoldaşları içərisində gürcülər, ermənilər, ruslar və başqa millətlərin nümayəndələri də olur. Bu kurslarda Tovuz rayonu icra hakimiyyətinin indiki başçısı Tofiq Zeynalov da vardı. Bu kursları bitirəndən sonra Hadi müəllim kapitan rütbəsi alır.

Heç kimin gözləmədiyi halda, bir müddət sonra o, yenidən hərbi xidmətə getməli olur. Özü də raykomun birinci katibi kimi... Şəki şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışmağına baxmayaraq onu yenidən Ukraynanın paytaxtı Kiyev şəhərinə, 1985-ci ilin aprelində 2 ay müddətinə SSRİ məkanında ən yüksək pilləli siyasi zabit hazırlayan kurslara göndərdilər: “Sovet respublikalarının 100-ə yaxın şəhər və rayonlarından gəlmiş yüksək vəzifə tutan bu insanlarla ünsiyyət çox maraqlı idi. Nə qədər ağır olsa da, 2 həftədən bir istirahət günləri Bakıya uçur, oradan Şəkiyə üz tutur, rayonda istehsalat müşavirələri keçirərək təsərrüfat qayğılarını da unutmurdum. Həmin ilin may ayında Kiyevə gələn ailə üzvlərimdən oğlum Vüsal hərbiyə çox maraq göstərir, atasının yanından səhərdən axşama ayrılmırdı. Komandirlər də bu 10 yaşlı arıq oğlanı çox sevirdilər...”.

 

Taleyi Hadi Rəcəbliyə daim hərblə bağlılığı qismət edir. 1989-cu ildə Azərbaycan torpaqlarında erməni təcavüzkarlarına qarşı müharibə zamanı o, Nazirlər Kabinetində qaçqın və məcburi köçkün problemləri ilə məşğul olur, daim döyüş bölgələrinə gedir, hərbçilərin yanında olur: “İndi də tez-tez orduların təmas bölgələrində əsgərlər arasında görünürəm”.

 

Söhbətimiz zamanı onu yüksək rütbəli zabitlərə mühazirə oxumaq üçün dəvət edirlər. Əsasən də hərbçilərin sosial müdafiəsi ilə bağlı qanun yaradıcılığı, onlarla müxtəlif istiqamətdə söhbətlər və sair gündəlik qrafiki idi.  Bu görüşdən bir fikir yadda qaldı: Hadi Rəcəbli bütün varlığı ilə hərbiyə, orduya, əsgər zabit heyətinə çox bağlıdır...

P.S. Yeri gəlmişkən hazırda Hadi Rəcəbli bir vaxtlar xidmət etdiyi, ona tanış olan və xeyli dəyişmiş, o vaxtlar “Salyanski kazarma” adlanan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında zabitlərə mühazirə deyir...

 

Mübariz Aslanov

 

mubariz1982@mail.ru

 

# 461
avatar

Mübariz Aslanov

Oxşar yazılar