Azərbaycanın pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir
15 mart 2016 11:07 (UTC +04:00)

Azərbaycanın pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir

 

 

"83 yaşım var. Bu yaşda insan nə istəyər?! Əlbəttə ki, normal maddi təminat, cansağlığı, öz pensiyasını vaxtlı-vaxtında almaq...".  Bunu Bakının Xətai rayonunda yaşayan 83 yaşlı Fikrət Əhmədov deyir. Uzun müddət Milli Olimpiya Komitəsində məşqçi-müəllim kimi çalışan, indi isə ömrünün ahıl çağlarını yaşayan Fikrət dayının xanımı Mayisə Axundova da pensiyaçıdır. Onlar pensiyalarını hər ay vaxtlı-vaxtında aldıqlarını məmnunluq hissi ilə dilə gətirirlər: "Pensiyamızın artırılması barədə dövlət başçısının mütəmadi şəkildə imzaladığı sərəncamlar bizi sevindirir. Baza hissəsinin əhəmiyyətli artımı barədə verilən sərəncam da ürəyimizcə oldu. Qarşıdan Novruz bayramı gəlir. Bu ay da pensiyamızı vaxtından xeyli əvvəl almışıq, bayram bazarlığını etməyə də macal tapmışıq...  Bizə göstərdiyi yüksək diqqət və qayğıya görə bütün pensiyaçılar adından Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk".

 

Prezident İlham Əliyev: "Azərbaycanda heç bir sosial proqram ixtisar edilməyəcək"

 

 Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasətin əsas üstünlüyü bu siyasətin həmişə sosial yönümlü olmasındadır. Bu iqtisadi kurs qəbul olunandan Azərbaycanın dövlət büdcəsi həmişə sosial yönümlü olub.

 

Həm müstəqilliyin ilk illərində, ölkədə iqtisadi göstəricilər çox aşağı səviyyədə olan zaman, həm də neft gəlirlərinin pik həddində bu iqtisadi siyasət dəyişilmədi. Zaman-zaman Azərbaycanın dövlət büdcəsinin artımında sosial yönümlü xərclər prioritetliyini saxladı. Və bu gün də saxlamaqdadır. Artıq iki ildir dünya iqtisadi sistemində neftin qiymətinin azalması nəticəsində yaranan neqativ fonda Azərbaycan büdcəsinin icrasında yarana biləcək gərginlik ehtimallarına baxmayaraq, sosial xərclər yenə də prioritetdir və artım tempini saxlamaqdadır.

 

Təsadüfi deyil ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı prezident İlham Əliyev ölkədə heç bir sosial proqramın ixtisar edilməyəcəyini bir daha bəyan edib: "Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir.

Görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik".

 

Əmək pensiyalarının artırılmasına il ərzində 210 milyon manatdan artıq vəsait sərf olunacaq

 

Bu gün Azərbaycanda sosial müdafiəsi təmin olunan insanların əsas hissəsi pensiyaçılardır. 2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 299 946 nəfərdir. Onların 60,1  faizini yaşa görə,  28,8  faizini əlilliyə görə, 11,1 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

 

Dünyada maliyyə və iqtisadi böhranın baş verdiyi bir vaxtda Azərbaycanda bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri vaxtında reallaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qeyd edib ki, təkcə cari ilin yanvar ayında sosial ödənişlərin artırılması sahəsində Azərbaycan Prezidenti tərəfindən 20-dən çox sərəncam verilib və sərəncamların icrası 1 milyon 800 mindən çox şəxsə şamil olunub. Bu sıradan olan əmək pensiyalarının artırılması barədə sərəncamların icrasına il ərzində 210 milyon manatdan artıq vəsait sərf olunacaq. Elman Mehdiyev əlavə edib ki, ölkəmizdə qurulmuş möhkəm təməlin ifadəsi kimi regionlarda, xüsusilə kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlüyünü daha da artırıb.

 

Ölkə prezidentinin "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» 16 yanvar 2016-ci il tarixli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Sərəncamın icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin edilib.  

 

Əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunub. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır. Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.  

 

Bütün əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək

 

Ölkə prezidentinin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2016-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.

 

Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb.

 

2007-ci ildən başlayaraq ölkə prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 10 sərəncam verilib. 2015-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, istehlak qiymətlərinin qeydə alınmış 4 faizlik indeksinə uyğun olaraq müvafiq artımlar nəzərdə tutulub. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait yönəldiləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunub. Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcək. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək.

 

Elman Mehdiyev: "DSMF-nin kifayət qədər maliyyə dayanıqlığı var"

 

"Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dəqiqləşdirilmiş büdcəsi ölkənin pensiya sisteminin maliyyə dayanıqlığını artırmağa imkan verəcək". DSMF sədri belə deyir.

 

Fond sədri həmçinin qeyd edib ki, dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə əlavə imkanlar yaradacaq: "DSMF-nin kifayət qədər maliyyə dayanıqlığı var. Parlamentdə DSMF-nin 2016-cı il üzrə büdcəsində dürüstləşmə aparılıb və həmin dürüstləşmə Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq özündə kifayət qədər əlavə maliyyə vəsaitinin ayrılmasını ehtiva edir. Ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsi, həm də Fondun sosial sığorta gəlirləri hesabına təmin olunub. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq.  Hər ay Azərbaycanda pensiyalar vaxtında əvvəl ödənilir".

 

Dürüstləşdirilmiş büdcədə Fondun 2016-cı il gəlirləri və xərcləri 3 307,360 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı il üçün təsdiq olunmuş ilkin proqnoz göstəricisindən 7,4% çoxdur. Bu ilin dürüstləşdirilmiş büdcəsində əhaliyə ödənişlər 3 239 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş ilkin proqnoz göstəricisindən 227,8 mln. manat artıqdır. Əmək pensiyaları ödənişləri ilə bağlı xərclər 3 136,1 mln. manat olmaqla, təsdiq olunmuş ilkin proqnoz göstəricisinə nisbətən 212,5 mln. manat çoxdur.

 

Son 2 ildə sosial müdafiə sahəsində 30-dək fərman və sərəncam verilib

 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Lent.az-a açıqlamasında qeyd edib ki, son bir neçə il ərzində ölkəmizdə pensiya islahatları və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox ciddi islahatlar aparılır. İslahatların əsas qayəsi təqaüdçülərin və sosial müdafiəyə ehtiyacı olan insanların həyat səviyyəsini maksimum yaxşılaşdırmaqdan ibarətdir. Bu sahənin dövlət başçısının şəxsi nəzarətində olması, onun mütəmadi şəkildə təkmilləşdirilməsinə və müasir tələblərə cavab verə biləcək bir səviyyədə qurulmasına geniş meydan açır: "Son iki ildən bir qədər artıq vaxt ərzində ölkə Prezidenti tərəfindən əhalinin sosial təminatı və sosial müdafiəsini ehtiva edən 30-a qədər fərman və sərəncamın imzalanması bu sahəyə dövlət başçısı tərəfindən verilən önəmin bariz nümunəsidir. Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə və bu səbəbdən büdcə gəlirlərinin azalmasına baxmayaraq Prezidentin sərəncamı ilə cari ilin fevral ayından başlayaraq ölkədə pensiyaların, sosial yardımların və müavinətlərin 10% artımına qərar verildi. Yaranmış böhran vəziyyətində başqa neft ölkələrində belə bir addımın atılması təcrübəsi yoxdur. Heç şübhə yoxdur ki, ölkə iqtisadiyyatının inkişafına yönəlik bugünkü addımlar, yaxın gələcəkdə əhalinin sosial təminatını və sosial müdafiəsini müəyyən olunmuş standartlar səviyyəsində qurmağa imkan verəcək".

 

F. Yusifov qeyd edib ki, gələcəkdə Azərbaycanda da özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur: "Özəl pensiya fondları pensiya islahatları sahəsində mühüm mərhələdir. Bu təcrübə başqa ölkələrdə var və pensiya ödənişləri sistemində özünü doğruldan bir formatdır. Bizim islahatlar da bu formatın gələcəkdə istifadəsini nəzərdə tutur. Burada vətəndaş özünün gələcək pensiya təminatını öncədən və eyni zamanda müəyyən qədər öz istəyinə uyğun qurulmaq imkanları əldə etmiş olur. Bu mənada özəl pensiya fondları insanların böyük əksəriyyətini üçün maraqlıdır. Bu gün vətəndaş dövlətə müəyyən olunmuş məbləğdən artıq sığorta haqqı ödəyə bilmir, hətta ödəmək istəsə də dövlət ondan əlavə ödənişi qəbul etməyəcək. Özəl pensiya fonduna isə vətəndaş istədiyi qədər sığorta haqqı ödəyə biləcək ki, bu da ona pensiyaya çıxanda vaxtı ilə ödədiyi məbləğin artıqlaması ilə qaytarılması demək olacaq".

 

Milli Məclisin deputatı Əli Məsimli də qeyd edib ki, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” çox yaxşı hazırlanıb: "Yalnız bir təklifim var ki, orda yazılanlar sistemli, davamlı və səmərəli şəkildə gerçəkləşdirilsin".

 

Pensiyalar hər ay vaxtından əvvəl maliyyələşdirilir

 

Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verir. Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2934,2 mln. manat təşkil edib ki, bunun da 2872,0 mln. manatı və yaxud 97,9 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 mln. manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 mln. manat təşkil edib.  

 

Yeri gəlmişkən, Fonddan verilən məlumata görə, mart ayı üçün də  pensiyaların maliyyələşdirilməsi bütün ölkə üzrə qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl başa çatdırılıb. 

 

Fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində tədbirlər də uğurla davam edir. Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib və nəticədə pensiya ödənişi aparılan bütün pensiyaçıların pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.  Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 204 min nəfər artaraq 3 milyon 180 min nəfərdən çox təşkil edib ki, bu da sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

 

 

Elman Mehdiyev: " Vətəndaşlara əlavə pensiya təminatı imkanı yaradılacaq"

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev vurğulayıb ki, Azərbaycanda vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması nəzərdə tutulub.

 

Onun sözlərinə görə, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir: "Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi imkanların ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir. Göstərilən vəzifələrin həlli üçün Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur".

 

DSMF sədri bildirib ki, Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır: "Bu məqsədlə beynəlxalq ekspertlərlə birgə ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində hazırlanan dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə dair və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə aid iki yeni qanun layihəsi hazırlanır. Həmin qanun layihələrində könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulub. Bütün hallarda Azərbaycanda yığım komponentinin tətbiqi könüllü sosial sığortalanma hesabına formalaşdırılacaq. Real yığım sisteminin fərqi odur ki, toplanan pullar real pul vəsaitləri olacaq və maliyyə bazarında yerləşdirilməklə artırılacaq. Yalnız bundan sonra pensiyaların məbləğinə əlavə ediləcək".

 

Kəmalə Quliyeva

 

Yazı DSMF-nın “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

# 186
avatar

Kəmalə Quliyeva

Oxşar yazılar