Yaxşı ölmək üçün yaşamaq - <span style="color:red;">GÜNÜN ŞƏRHİ
25 fevral 2016 16:15 (UTC +04:00)

Yaxşı ölmək üçün yaşamaq - GÜNÜN ŞƏRHİ

 

Bəli, şübhəsiz, həyat test imtahanı deyil. Burada 4 səhv 1 düzü aparmır. Səhvin mahiyyətindən asılı olaraq, bir anda bütün düz cavablar silinə bilər. Bütün düzləri silinmiş adamların ölümü faciəvidir.

 

Bütün həyatını səhvlərdən sığortalamaq da çox çətindir. Səhvlər bir növ həm də insanlığa doğrunun nə olduğunu göstərmək üçündür. Mənfiliklər müsbətin parlamasına zəmin yaradır. Şər olmasaydı, xeyri bu qədər qiymətləndirməzdi insan, yəqin ki. Məqsəd fəlsəfə dərsi keçmək deyil. Ancaq həyat da, ölüm də, elə insanlıq da məhz bu fəlsəfə üzərində yüksəlir, davam edir. Yaşamağın fəlsəfəsini anlamayan adamların ölümü faciəvidir.  

 

Yaxşı olmadığımız üçün bizi heç kim ittiham edə bilməz. Ancaq pis olmamağı da bacarmaq mümkündü. Əlimizdən yaxşılıq gəlmirsə, buna imkanımız yoxdursa, heç olmasa, pislik eləməmək olar. Bu, xeyir və şər arasında kimin tərəfində olmaq seçimidir. Şərin təmsilçisi olan adamların ölümü faciəvidir.

 

Hər dövrün, hər cəmiyyətin özünə məxsus əxlaq qaydaları var. Söhbət, əlbəttə, məhəlli əxlaqdan getmir. Qonşu qızının geydiyi paltarı bəyənməyib ona əxlaqsız deyənlərin əxlaq anlayışından ümumiyyətlə bəhs etmirəm. Söhbət bəşəri əxlaqdan gedir. Bəşəri əxlaqı olmayan adamlar əksərən məhəlli əxlaqın böyük təəssübkeşi olurlar. Və öz məhəlli əxlaqları ilə hər kəsə, onların əxlaqı ilə yaşamayan istisnasız hər kəsə əxlaq dərsi keçirlər. Bu məhəlli əxlaqla yaşayan adamların bir də televiziya gücü, ictimai yükü, adları, titulları və bu kimi qazandırılmış gücləri varsa, şər anlayışı onların həyatına hakim kəsilir. Bəşəri əxlaqdan xəbərsiz adamların ölümü faciəvidir.

 

Ləyaqəti, vicdanı, yaxşı-pis anlayışlarını itirmiş adamlar bütün cəmiyyətlərdə var və əmin olun ki, bütün cəmiyyətlərdə bu cür adamlara eyni münasibət sərgilənir.  Komfortlu yaşamaq üçün hər cür ləyaqətsizliyə, əxlaqsızlığa, vicdansızlığa qol qoyan adam, əlbəttə, yaxşı sözlər eşitməyi haqq etmir. Nə sağlığında, nə də ölümündə. Elə cəmiyyət də "yaxşı yaşamağın" bu yolunu seçən adamlarla onların layiq olduğu formada davranır. Alçaldıcı! Bəşəri anlayışlara tüpürən, üstəlik, bu anlayışlarla yaşayan adamlara da tüpürməyə çalışan adamların bu dünyası olmadığı kimi, o dünyasının da olmayacağı bütün dini kitablarda da xüsusi vurğulanan paraqraflardır. İnsan ləyaqətinə hörmətlə yanaşmayan, ləyaqətlə yaşamayan adamların ölümü faciəvidir.

 

Yaxşı ölmək üçün pis yaşamağı seçən adamları dinlərdə cənnətlə müjdələyirlər. Onları qorumaq, onlar haqda yaxşı danışmaq bəşəri əxlaqın tələbidir. Ancaq bu dünyada yaxşı işlər görmək əvəzinə - özü də buna imkanın və gücün varkən - ancaq pis əməllərlə xatırlanmağı seçmək də asan deyil. Həyatdaykən haqqında danışılanları bilən adam, şübhəsiz, ölümündən sonra da haqqında danışılacaqları təxmin edir. Ölümü düşünmədən yaxşı yaşamağı hədəf seçən adamların ölümü faciəvidir.

 

İlhamə Quliyevanın ölümü faciəvidir. 

# 257
avatar

Anar Gəraylı

Oxşar yazılar