Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb
11 fevral 2016 16:44 (UTC +04:00)

Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb

 

Millət vəkili Qənirə Paşayeva Tovuz sakinləri ilə görüş keçirib.

 

Lent.az-ın məlumatına görə, bir çox xəstələrlə görüşən Q.Paşayeva bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Seçicilərin ünvanlı sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub.

Seçicilər əsasən özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyacın olması, banklarla bağlı yaranmış problemlər, kreditlərin ödənməsində yaranan ciddi çətinliklər, kiçik bir kredit üzündən kəsilən ünvanlı sosial yardımının bərpası istiqamətində  millət vəkilinə müraciət edərək məsələnin həllində dəstək göstərilməsini xahiş ediblər.

Millət vəkili görüş zamanı bildirib ki, kredit götürdüyü üçün ünvanlı sosial yardımı kəsilən ailələrin problemi artıq dövlət səviyyəsində həllini tapıb və yaxın günlərdə bu problem tamamilə aradan qalxacaq.

Müraciətlərin böyük bir hissəsi ünvanlı sosial yardım və iş yeri ilə kömək göstərilməsi ilə bağlı olub. Eyni zamanda məhkəmələr və məhkəmə qərarlarının icrasının ləngiməsi ilə də bağlı, özəlliklə bir sıra boşanmış qadınlar aliment ala bilməmələrindən və ağır şəraitdə yaşamalarından şikayətləniblər.

 

Sonsuzluqdan əziyyət çəkən bəzi ailələr övlad sahibi ola bilmək üçün tibb müəssisələrində əməliyyatların çox bahalığından şikayətləniblər və dəstək istəyiblər.

 

Görüşdə eyni zamanda böyrəkköçürmə əməliyyatına ciddi ehtiyacı olan 2 ailə də millət vəkilinə dəstək üçün müraciət edib. Q.Paşayeva bu məsələləri Səhiyyə nazirinin diqqətinə çatdıraraq sakinlərə kömək istiqamətində xahiş edəcəyini deyib.

 

Bundan başqa, evləri müstəqillik illərindən sonra tikilən yeni küçələrin, məhəllələrin sakinləri evlərinin təbii qazla təmin edilməsi istiqamətində problemlərlə üzləşdiklərini dilə gətiriblər. Millət vəkili də öz növbəsində bu məsələni “Azəriqaz” rəhbərliyi ilə danışaraq köməklik göstərilməsi istiqamətində xahiş edəcəyini deyib.

 

Əhali ilə təkbətək görüşən millət vəkili onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Millət vəkili sonra Bozalqanlı, Əyyublu kimi böyük kəndləri də ziyarət edib, sakinlərlə görüşüb. 

 

# 176
avatar

Oxşar yazılar