Burakın o qızları! - <span style="color:red;">AKTUAL ŞƏRH
11 fevral 2016 15:58 (UTC +04:00)

Burakın o qızları! - AKTUAL ŞƏRH

 

Türkiyəli məşhur bir aktyor var. Burak Özçivit. Keçmiş modeldi, Türkiyədə gözəllik müsabiqəsində nəticəsi-filan var. Adamın üstündə allah var, yaraşıqlı da qardaşımızdı.

 

Bu Burak qardaşımız bir film çəkib. O filminə də Bakıda təqdimat keçirmək üçün rol arkadaşı gözəl bir qızı da götürüb gəlib Bakıya, Nizami Kino Mərkəzinə. Bunu eşidən-bilən gənc qızlarımız və oğlanlarımız da üz tutublar bu mərkəzə ki, "burakın bizi, Burakı görəcəyik". Qızları təbii ki, Burakın üstünə buraxmayıblar. Çəkilən videolardan görünür ki, buraxsaydılar, Burakda "burakmadık yer qoymazdılar". Bura qədər hər şey normaldı. Lap elə demokratiyanın beşiyi Amerikada, mədəniyyətin beşiyi Fransada və s. intellektual şeylərin beşiyi olan digər bizdən savadlı insanların yaşadığı ölkələrdə olduğu kimi. Normal olmayan isə başqa məqamdır. 

 

Tənqid çox gözəl şeydir. Tənqiddən inkişaf doğar. İnsan özündəki əskiklikləri tənqidlərin köməyi ilə görüb aradan qaldırmalıdı. İntellektual səviyyəmi bir az da olsa göstərmək üçün bunları qeyd etməyi zəruri hesab elədim. Amma...

 

Deməli, bu Burak qardaşımızın yanına buraxılmayan qızlar kino mərkəzdə Burakdan ötrü qışqır-bağır salıblar, müxtəlif həyəcanlı səslər çıxarıblar. Açıq desək, Burakdan ötrü bir az özlərini burakıblar. Lap yaxşı ediblər. Hələ az burakıblar.

 

Bizim ziyalı qardaşlarımız da sosial şəbəkələrdə bu tədbirdən çəkilmiş videoları paylaşıb o qızları guya tənqid edir, özlərinin daha səviyyəli, intellektual, savadlı olduqlarını, Burakdan ötrü özlərini bir neçə dəqiqə burakan o qızların isə kütbeyin, savadsız və mədəniyyətsiz olduqlarını sübut eləməyə çalışırlar. Halbuki bütün bunlar normal insanlıq halıdır.

 

Əvvəla, bizdən yaxşı adamların yaşadığı bizdən yaxşı ölkələrdə insanların özlərini istədikləri vaxt, istədikləri yerdə burakmak azadlığı var. O qışqıran qıza lağ edən mədəni qaqaş, sən özün yəqin, "U2"nun, “Beatles”in, lap B.B.Kinq babanın, hətta Bob Marleyin konsertlərinə baxmış intellektual adamsan. Guya o yaxşı adamların yaşadığı ölkələrdə gənc qızlar o ölkələrin Buraklarından ötrü qışqırmırlar? A kişi, çıxıb səhnədə məmələrini açan qız görmüşəm. Allaha and olsun! İndi sən axı niyə imkan vermirsən ki, bizim bu monoton, boz ölkəmizdə özünü əyləndirməyə, dünya nemətlərindən zövq almağa və lap tutaq ki, özünü burakmak azadlığından istifadə eləməyə çalışan o gənc qızlarımız həyatdan zövq alsın?! Niyə özünün mənasız intellektuallığınla o qızların pozitiv çılğınlığını kölgələməyə çalışırsan. Bəsdi özünü sıxdın! Nəfəs al, rahat ol, qışqır! Burakla Bakıya gələn qıza görə də sən özünü burak. Çox da qəşəng qızdı. Ondan ötrü özünü burakmayıb, nə edəssən guya?

 

Hə də, axı o gənc, ruhları azadlıqla dolan qızlar orda Burakdan ötrü qışqıranda sən laboratoriyada oturub atom parçalayırdın, Marsda su axtarırdın, Günəşə raket göndərməyin yollarını axtarırdın. A kişi, dayan e, bunların hamısını  ediblər artıq. Özü də bilirsən kim? Səni əmin edirəm ki, o ağıllı adamların yaşadığı ölkələrdəki dəli adamların konsertlərində səhnəyə tullanıb məmələrini açan qızların ya özləri, ya da doğduqları oğlanlar. Odur ki, sən də bir az əylən. Burak bu işləri!

 

 

# 293
avatar

Anar Gəraylı

Oxşar yazılar