Təqaüdlərlə bağlı yeni qaydalar təsdiqləndi
11 fevral 2016 15:30 (UTC +04:00)

Təqaüdlərlə bağlı yeni qaydalar təsdiqləndi

 

Nazirlər Kabineti "Doktorantlara,  ali  təhsil, orta ixtisas və ilk peşə-ixtisas  təhsili müəssisələrinin  tələbələrinə  və şagirdlərinə təqaüdlərin  təyin olunması və ödənilməsi Qaydası''nın təsdiq edilməsi haqqında qərar verib.

Lent.az-ın məlumatına görə, nəzərdə tutulan yeni qayda elmi-tədqiqat, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycan vətəndaşlarına şamil edilir.

Doktorant, tələbə və şagirdlərə təqaüdün verilməsi onlar təhsil aldıqları müəssisədən xaric olduğu gündən dayandırılacaq.

 İstehsalat təcrübəsi və tətil müddətlərində tələbə və şagirdlərin işləyib-işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılacaq.

Tələbə və şagirdlərə Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi bu Qayda ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır.

 Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant, tələbə və şagirdlərə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödəniləcək.

Yeni qaydalara əsasən, tələbə və şagirdlər üçün adlı təqaüdlər Prezident tərəfindən təsis edilir. 

Tələbə və şagirdlər üçün büdcə vəsaitləri hesabına məqsədli təqaüdlər tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər isə təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunur və ödənilir.

 

Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (bundan sonra - ÜOMG)  görə verilir.

 

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

 

fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü;

 

 fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

 

 fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd.

 

Yeni qaydalara görə, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüd verilir.

Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir.

 

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından dövlət hesabına qəbul olunan tələbələrə birinci tədris ilində imtahan sessiyasının orta bal göstəriciləri, növbəti tədris ilindən isə ÜOMG nəzərə alınmaqla, bu Qaydaya uyğun təqaüd təyin edilir.

 Orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına olan yerlərinə ümumi orta və tam orta təhsil bazalarından qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüdü verilir.

 Ali təhsil və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.

Tələbənin ali təhsil və ya orta ixtisas təhsili müəssisəsindən xaric olunduğu gündən dayandırılmış təqaüd həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.

Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü dayandırılır.

 

Bundan başqa, ilk peşə-ixtisas təhsili müəssisələrində təqaüdlər dövlət hesabına təhsil alan şagirdlərə təyin edilir. Təqaüd yarımilliklər üzrə imtahanların nəticələrinə görə müəyyən olunmuş məbləğdə verilir.

 İmtahanların nəticələrinə görə "qeyri-kafi" qiymət almış ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur.

 Xəstəliyə və digər üzrlü səbəblərə görə imtahanlarda iştirak etməyən şagirdlərə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir.

 Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran şagirdlərə təkrar təhsil ili dövründə təqaüd ödənilmir.

 

 

 

# 267
avatar

Oxşar yazılar