[b]Limon, Qurban, "Astana"...[/b]
09 fevral 2016 12:10 (UTC +04:00)

[b]Limon, Qurban, "Astana"...[/b]

Premyer Liqanın “Qarabağ – “Xəzər Lənkəran” oyununda meydançaya limon atılması az qala “limonka” atılması effekti verib. Neçə gündür sosial şəbəkələrdə, mediada dartışılan mövzulardan biri də məhz həmin limondur.
 
“Qarabağ”ın “İmarət” Fan Klubunun bu hərəkəti gözlənilməz və həm də biabırçı bir hərəkət idi. İndi kimin nə deməsindən, hətta üzr istəməsindən asılı olmayaraq meydançaya limon atılmasının nəyə işarə olduğu heç kimə sirr deyil.
 
Əslində “Qarabağ” elə bir klubdur ki…onun azarkeşləri təkcə ağdamlılar deyil. Həm də niyə olsun ki? “Qarabağ” çoxdan, lap çoxdan Ağdam klubu da deyil. Heyətində bircə ağdamlının olmadığı kluba necə Ağdam klubu demək olar ki?
 
Bəli, “Qarabağ” bir brenddir. Amma bu brendin də yiyəsi var. Bu isə Abdolbari Gözəldir. Hafiz Məmmədov “Bakı”dan, Cahangir Hacıyev “Simurq”dan əlini çəkdiyi kimi Abdolbari müəllim də əlini bir balaca kənara itələsə, “Qarabağ”ın “Rəvan”dan fərqi olmayacaq. Həmin Reynaldoya maaşı dollar əvəzinə soğanla vermək olmaz axı? Azərbaycan futbol reallığında bunu sübut etmək üçün hansısa analitikə-filana da ehtiyac yoxdur.
 
“Qarabağ” bəlkə də yeganə komandadır ki, başda Lənkəran olmaqla istənilən çılğın azarkeş ordusu qarşısında rahat çıxış edə bilir. Ona görə yox ki, komanda oyunlara psixoloji hazırlıqlı başlayır, nə bilim oyunçuları dəmir əsəb sahibidirlər. Xeyr, komandanını adı əzizdir hamıya. “Xəzər Lənkəran”nın ən iddialı vaxtlarında, Lənkəran stadionuna 15 min adamın yığışdığı dönəmlərdə belə, bu şəhərin azarkeşləri “Qarabağ”ı öz doğma klubu kimi qarşılayıblar, yola salıblar. Ən azı “Neftçi”yə atılan daşlar, “Qarabağ”ın üstünə köhlən atlar çəkilmiş avtobusuna atılmayıb heç vaxt.
 
Amma bu gün “Qarabağ”lılar “Xəzər Lənkəran”a limon atır. Bax, faciə budur.
İndi “İmarət” üzr istəyir lənkəranlı azarkeşlərdən. Məşhur bir filmdə deyildiyi kimi, “Pozdno, Rita”. Əslində isə filmin ilk anonsu çoxdan verilmişdi. Biz “Qarabağ”ı çox şişirtdik dostlar, çox. Hə, razıyam iki ildir Avro Liqanın qrup mərhələsində oynayır. Amma “Qarabağ” heç “Astana” da deyil axı?! Qazaxıstan klubu bu il Çempionlar Liqasının qrup mərhələsində oynayıb, “Qalatasaray” (2 dəfə), “Atletiko” Madrid, “Benfika” ilə heç-heçə edib, Avro Liqada oynayan “Qarabağ” qədər xal toplayıb, üstəlik bir top da artıq vurub. Amma Sayan Xamitjanovun komandası Abdolbari Gözəlin komandasından fərqli olaraq gələn il qrupdan çıxmaq haqda fikirləşir. Bəlkə də yeri deyil, bombardiri də braziliyalı deyil, qazax Tanаt Nuserbаyevdir.
 
“Astana”nın baş məşqçisi tez-tez hakimin işinə qarışıb yersiz müdaxilə eləmir də. Hə, məhz o penaltini də deyirəm. Elvinin “İnter”ə vurmadığı, daha doğrusu Qurban Qurbanovun tələbindən sonra kənara vurduğu penaltini. Çoxları o vaxt Qurbanovun bu hərəkətini az qala ilahi ədalətin bərqərar olması kimi təqdim etdi. Amma heç kim bir tur əvvələ qayıtmadı? Qurbanov belə ədalət mücəssəməsi idisə, bir tur əvvəl “Neftçi”nin 90 dəqiqəyədək 1-0 öndə olduğu oyunda, məhz 90+1-ci dəqiqədə bakılıların qapısına təyin etdiyi haqsız penaltiyə niyə reaksiya vermədi? Sonuncu, “limon” rəngi qatılan qalmaqallı oyunda hakimin qırmızı kartına təpgi göstərməsi də anlaşılan deyil. Bu, halal-haram məsələsi deyil axı. Bununla AFFA Hakimlər Komitəsi məşğul olmalıdı.
 
# 221
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar