Boksçumuz dünya çempionu oldu!
06 fevral 2016 23:13 (UTC +04:00)

Boksçumuz dünya çempionu oldu!

Bu gün Bakıda WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüş keçirilib. Apasport.az saytının məlumatına görə, boks mərkəzində baş tutan döyüşdə Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşıb.

 

İdmançılar yarımorta çəki dərəcəsində (66,7 kq) dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 12 raund davam etməli olan döyüş Məmmədovun peşəkar rinqdə 22-ci qarşılaşması olub.

 

Bunadək keçirdiyi 21 döyüşdə 18 dəfə qələbə qazanıb, 12-ni vaxtından əvvəl başa çatdıran boksçumuzun qarşısında afrikalı idmançı da tab gətirməyib.

 

İlk raunddan üstün boks nümayiş etdirən Məmmədov yalnız ilk 6 hissədə müqavimətə rast gəlib. 7-ci raundda təzyiqi artıran idmançımız Lusambianı noqdauna salıb. Mübarizəni davam etdirən afrikalı 8-ci raundda da növbəti noqdaundan ayağa qalxıb. Az keçməmiş Fariz növbəti dəfə rəqibinə ağır zərbə endirib. Bu dəfə uqandalı mübarizəni davam etdirmək üçün özündə güc tapa bilməyib.

 

Beləliklə, qarşılaşmanı 8-ci raunddakı qələbə ilə başa vuran Məmmədov WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu kəmərlərinə sahib olub. Bununla da təmsilçimiz Azərbaycan boks tarixinə peşəkar boksdakı ilk dünya çempionumuz kimi düşüb.

# 517
avatar

Oxşar yazılar