“Bir azdan əsir erməni qızları gətirəcəkdilər...” - <span style="color:red;">Bir şəklin tarixçəsi
05 fevral 2016 16:55 (UTC +04:00)

“Bir azdan əsir erməni qızları gətirəcəkdilər...” - Bir şəklin tarixçəsi

 

 

 

 

DÖRDÜNCÜ GÖRÜŞ, BEŞİNCİ YAZI

 

Əvvəli: I yazıII yazı, III yazı, IV yazı

 

 

Murad Musayev gəncliyini yaşıdları kimi səngərdə keçirib. Sevinc, sevgi, həyəcan... Bütün bu duyğuları müharibə onun üçün eyni hissə çevirib – qalib gəlmək, sağ qalmaq...

 

Yazılarımda Ağdamla bağlı nə lazım olursa, ondan soruşuram. Bəzən yorulub, - “Sənə bir sirr açım, amma heç kimə demə! Adam əzab çəkməkdən iyrənir...” - deyir...

 

Hərdən “Əsir düşərgəsi” üçün müsahib axtaranda ondan da kömək istəmişəm. Cavabı belə olub: “Elə deyirsən ki, mənə əsir tap, elə bil mən “konslager” rəisi-zadam... Hardan tapım?...” 

 

Hərdən isə əhvalı yaxşı olur. Bax, onda veteran dostumun dilindən Qarabağı dinləmək elə Qarabağa getmək kimidir. O qədər ətraflı, dəqiq məlumata sahibdir ki, mən ondan Qarabağ haqqında heç yerdə oxumadığım, heç kimdən duymadıqlarımı eşitmişəm.

 

Tarixçəsini axtardığım şəkil Ağdamda çəkildiyi üçün ona da müraciət etdim:

 

- Əlimdə bir şəkil var... O şəkli “oxumaq” lazımdır...

 

- Bəsdir də! Sənə dedim axı, o şəkil Qarağacı qəbiristanının şəkli deyil! Neçə aydır bir şəkil əlindən düşmür. O Margot Buffdur, nədir, gedib Ağdamın kəndlərindən bir-iki şəkil çəkib gətirib, sən indi neçə ay özünə gəlməyəcəksən?

 

- Axı...

 

- Yox ey, sən qaqana qulaq as! Qarağacıda olmusan?

 

- Yooxxx...

 

- Mən isə olmuşam! Qaqan oraları beş barmağı kimi tanıyır. Mənim də doğmalarım orada dəfn olunub... Qarağacıda elə başdaşları olmayıb. Burada məzarlar çox seyrəkdir, hiss olunur ki, kənd qəbiristanlığıdır. Bir də ki, hələ Ağdam işğal edilməmiş, atışmada başdaşılarının çoxu dağılmışdı... Amma sən narahat olma e, məzarlar ki, yerindədir!

 

- Murad...

 

- Nə Murad? İndi də o biri şəkilə keçirsən? Bax, bajı, qaqan səni əmin eləyir, o xarabalıqdakı ərik ağacı sən deyən ərik ağacı deyil. Hardan bilirəm? Sən deyən ərik ağacı olsa, yelləncək də asılardı... Görürsən, o ağacdan yelləncək-zad asılmayıb...

 

Murad adəti üzrə mənə təsəlli verib, Azadlıq Radiosunun əməkdaşı Margot Buffun Ağdamdan çəkdiyi, məni yerlə-yeksan edən şəkillərdən fikrimi yayındırırdı. Ona bu dəfə mövzunun başqa şəkillə bağlı olduğunu dedim:

 

- Murad, əsirlikdən qayıdan qadınlar...

 

- Onlar dəhşət idi... Təsəvvür elə, bir dəfə əsirlikdən qayıdan qadınları nə kökdə gördüksə, az qala havalanmışdıq. Bizimkilər də getmişdi Bakıdan girov erməni qızları var idi, onları gətirməyə ki, dəyişsinlər. İndi bilirik ki, bir azdan erməni qızları gətirəcəklər, özü də girovdurlar. Bizimkiləri görüb, nə hala düşmüşüksə, qəzəbimizdən durmadan deyirik, qoy gətirsinlər, gör onların başına nə oyun açacağıq! Biz bir tərəfə, cavan idik, çox söz deyə bilərdik, amma aramızda bir qəssab Vəli var idi, belə məqamlarda çox amansız idi. Qızların gəlişini elə gözləyirdi, dedik indi yəqin dərilərini soyacaq! Maşın gəldi, hamımız irəlilədik. Qızlar maşından düşdü, olardı 10-12 yaşları... Üzlərindəki ifadəni görməliydin... Bizi görəndə gözlərində necə bir qorxu yaranmışdı. Qorxu da deyildi... Müharibənin ən ağır günlərini yaşamışam, dəfələrlə ölümlə üz-üzə qalmışam, mərmilər dostlarımı parça-parça edib əlini-qolunu qucağıma atıb, amma mən heç vaxt, heç yerdə, heç kimdə o vahiməli baxışları görməmişəm...

 

Təsəvvür elə ki, biz qəzəblə boy-boya düzülmüşük, ermənilərin əlindən zəncir çeynəyirik. Bizi qınamaq olmaz, bir az əvvəl əsirlikdən qayıdan qadınlarımızı görmüşük, çırtma vursan, qanımız çıxmaz! Qarşımızda isə bu çəlimsiz, zəif qızlar bir-birinə qısılıb elə ürkək-ürkək bizə baxırdılar ki... biz cəhənnəm, bayaqdan “asacam-kəsəcəm” deyən Vəli kişinin gözləri doldu... Bir də gördük, Vəli kişi necə zülüm-zülüm ağlayır... Onların o ürkək hallarına baxıb necə hönkürürdü Vəli, ilahi... Heç yadımdan çıxarda bilmirəm... Bax, əsir qadın belə bir şeydir... Ən amansız adam belə ona əl qaldıra bilmir... Bunlar necə mənəviyyata sahibdirlər ki, bizim qadınları nə kökdə qaytarırdılar...

 

- O qızlar necə oldu?

 

- Heç nə! Bir adam onlara toxunmadı, başımızı aşağı salıb, geri qayıtdıq. Sağ-salamat qaytarıb verdilər, əvəzində əsir aldılar...

 

- Heç orada aranızda gündəlik yazan olurdu?

 

- Nə vaxt, nə də hövsələ var idi yazmağa. Gündəliyi “ştabda” oturan, yazı-pozu ilə məşğul olan adam yaza bilər. Biz çox gənc idik, qayğısız günlər qəfil bitmiş, hamımız könüllü döyüşə yollanmışdıq. Döyüşür, vaxt da tapanda yatırdıq...

 

- Dedin ki, mərmilər dostlarımı parça-parça edib, əlini-qolunu qucağıma atırdı...

 

- Müharibədə belə şeylər çox olub. Döyüşə yollanırdın, bir az əvvəl dərdini bölüşdüyün, dost, qardaş dediyin əsgər yoldaşın yanında həlak olurdu və sən heç nə eləyə bilmirdin... Canpolad haqqında eşitmisən?

 

- Milli Qəhrəman... “Qatır Məmməd” - Yaqub Rzayevin oğlu?

 

- Hə... Rəhmətlik...

 

- Üstünə Canpolad yazılan tankı xatırlayıram... Xocalıdan olan Məmmədovlar ailəsinin həyat hekayəsini yazanda Canpoladın taleyini bir az araşdırmışdım... Bilirəm ki, 23 yaşı olub, yeni ailə qurubmuş... Ata olmasına lap az qalıbmış...

 

- O qədər gənc idi ki... Xocalı xəbəri gələndə hamımız silahlanıb, Qaraqaya istiqamətinə yollandıq... Canpoladı da orada vurdular... Canpolad parça-parça olmuşdu... Bədənini hissə-hissə qucağa yığıb gətirdilər...

 

- Kim? Kim gətirdi?

 

- Rafael Abbasov... Dəmirçi Rafael deyirdik... O da çox qorxmaz, igid əsgər idi. Ağdamın Seyidli kəndindəndir. Bizim batalyonda komandirin müavini idi, “Qatır Məmməd”in silah-sursat üzrə müavini. Rəhmətliyin iki müavini var idi, biri o haqqında danışdığım Vəli, biri də bu Rafael... Bütün döyüşü idarə edirdi. Canyatağı, Gülyatağı, Xramordu onun rəhbərliyi ilə almışdıq... Rolu çox böyük idi!

 

- Onunla görüşmək istəyirəm...

 

Zəng edib, görüş təyin edirəm. Xocalıları xilas etməyə gedərkən döyüşdən bir qucaq oğul, bir qucaq qəhrəman, bir qucaq dostla qayıdan insanı görməyə tələsirəm... Qarşımda cüssəli Qarabağ qazisi dayanıb. Səsi, addımları mənə əsl komandirlə söhbət  etdiyimi deyir. O illərdən danışırıq:

 

- Müharibəyə gedəndə 33-34 yaşım olardı, artıq iki uşağım var idi... 1988-ci ildən hərəkatın içində idim, iki dəfə yaralanmışam. Böyük qardaşım da iki dəfə yaralanıb. Özü də Murmanskdan gəlmişdi...

 

- Bilirəm... Füzuli Abbasov. Ev-eşiyini, ailə-uşağını atıb könüllü döyüşməyə gəlmişdi...

 

- Hə, 10 il orada yaşamışdı... Neyləyə bilərdik, müharibəydi də...

 

- Xocalı hadisələrini xatırlamağınızı istəyirəm...

 

- Fevralın 25-dən 26-na keçən gecə idi... Cəmi-cümlətanı 60-80 top mərmimiz var idi. Mən də döyüşdə sağ ayağımdan yaralanmışdım. Səhər tezdən uşaqlar gəlib məni evdən götürdülər...

 

Muradın onun haqqında dediklərini xatırlayıram: “Rafael bilirsən necə oğuldur? Döyüşdə sağ ayağından yaralandı, uşaqların içində açıb sarımağa qoymadı... Dedi, uşaqların içində olmaz! Məni yaralı göstərməyin! Axsaya-axsaya qalxıb döyüşə davam elədi...”

 

- Səhər tezdən... saat hardasa 4 olardı... Uşaqlar məni evdən götürdülər ki, ermənilər Xocalıya hücum edib... vəziyyət yaxşı deyil. O vaxt da bizim cəmi bir topumuz var idi... O da nə top, “Buluddağıdan...”

 

- O necə olur?

 

- Kənd təsərrüfatında istifadə olunur... Buludu dağıdıb, yağış yağdırmaq üçün... Onu çevirib, hərbi top kimi istifadə edirdik... Onunda olsa-olsa 80 mərmisi var idi...

 

- Qarşıda isə Rusiyanın 366-cı motoatıcı alayının bütün texnikası...

 

- Bəli... Tək “366” da deyildi, ümumiyyətlə, ermənilər müharibəyə əvvəldən yaxşı hazırlaşmışdılar. Ağdamdan Əsgərana gedən yolda bir postları var idi, əvvəllər ora polis postu olmuşdu. Ən güclü mövqelər orada idi. Oranı işğaldan azad edəndə mən baxdım, məəttəl qaldım. “Blindajlar”, yerin altında yatmaq üçün qazmaların üstünü möhkəm örtmüşdülər... Bir sözlə, yüksək peşəkarlıqla müharibəyə hazırlaşmış, hücumun hər tərəfin ölçüb-biçmişdilər. Hazır idilər də! Əvvəldən bilirdilər nə edəcəklərini... Biz isə hazır deyildik... Açıq danışmaq lazımdır, bu işlər qəfil alındı, pərakəndə batalyonlar və s. Ermənilər həmişə yolları tən ortadan çəkərdilər. Elə bil ki, maşınla gedəndə dönüb qayıtmağa yer olmasın. Gərək arxaya-arxaya qayıdasan...

 

Rəhmətlik Xəlil Rzanın oğlu Təbriz mənim gözümün qabağında öldü... Haradasa 10 metrliyimdə... Bax, mən orada gördüm ermənilərin çəkdiyi yollar nə idi... İlahi, illərcə necə gözümüzün qabağında planlayıblar, xəbərimiz olmayıb...

 

Ona görə belə əminliklə deyirəm ki, o vaxt biz Əsgərana girəndə mən gördüm ki, bunlar müharibəyə çoxdan hazırlanan adamlardırlar.

 

- Əsgəranda nə gördünüz?

 

- Deməli, Əsgərandan Ağdama tərəf gələn yoldur, sağ hissəsindən yol Ağdama gəlir, sola qalxanda isə Qılıncbağ deyilən yer var, ora gedir. Ora da zamanında Ağdamın yaylağı olub, sonra yavaş-yavaş bizimkiləri çıxardıblar, ancaq ermənilər məskunlaşıb... Qılıncbağdan da Xanabada keçirsən... Burada gördüm ki, yolu traktorlarla necə qazıblar, ancaq səngərlərdir... Bilirdilər... Hər addımlarını planlamışdılar... Bizim isə beş tankımız var idi, üçünü Şirin Mirzəyevin batalyonuna vermişdik. İki tankımız qalmışdı, birində mən olurdum...

 

- O birində isə Canpolad...

 

- Hə...

 

Canpoladın adını çəkməyimlə bir anın içində bayaqdan söhbət etdiyim cüssəli insandan qarşımda heç nə qalmadı. Sanki onun bütün gücü əriyib getdi... Stəkan tutduğu əli əsməyə başladı, gözləri doldu, səsi titrədi... Gözlərini məndən yayındırıb, tavana baxır, var gücü ilə göz yaşlarının gözündən kənara çıxmasına, yanağından axmasına mane olmağa çalışırdı... Mən isə onun titrəyən qolları arasında bir qucaq oğul görürdüm...

 

Beşinci yazının sonu

 

Davamı olacaq...

# 1228
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar