“560 qram çəkisi vardı, indi 1-ci sinfə gedir” - <span style="color:red;">REPORTAJ
05 fevral 2016 13:23 (UTC +04:00)

“560 qram çəkisi vardı, indi 1-ci sinfə gedir” - REPORTAJ

Kübrə Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu el arasında daha çox “OMD” kimi tanınır. Hələ sovetlər dövründə bura “Oxrana Materinstvo i Detstvo” adlanıb. Elə bir Azərbaycan ailəsi yoxdur ki, buranı tanımasın. Ən azı bir dəfə ya özü, ya da yaxınlarından, qohumlarından kimsə uşağını bura gətirib.

Elmi-Tədqiqat Pediatriya İnstitutu Azərbaycanda uşaqlar üçün ilk xəstəxana olub. 1925-ci ildən əhalidən toplanan ianə hesabına tikintisinə başlanılıb. 1986-cı ildə Səhiyyə Nazirliyinin göstərişiylə Elmi-Tədqiqat Pediatriya İnstitutu adlanıb. 1992-ci ildə isə müəssisəyə Kübra Fərəcovanın adı əlavə edilib.

 

Pediatriya İnstitutunda 8 klinik şöbə və elmi tədqiqat bölməsi fəaliyyət göstərir. Bunlardan biri, deyərdim birincisi Anestiziologiya, Reanimatologiya və İntensiv Terapiya şöbəsidir. Şöbədə əsasən problemlə, qüsurla doğulan, çətin əməliyyat keçirmiş 50-ə yaxın körpə müalicə alır.

 

Burda körpələr 24 saat nəzarətdədir. Hər növbədə 5-6 tibb bacısı olmaqla 3 növbə işləyir. Şöbəylə bizi neonatoloq - reanimatoloq Araz Əliyev tanış edir. 30 ilə yaxındır körpələrlə işləyir.

 

- Yanıma gələn olanda, yaxud telefonda bu uşaqların səsini eşidəndə soruşurlar ki, bezmirsən? Əsla. Uşaqların səsindən heç zaman bezmirəm, yorulmuram.

 

- Uşaq həkimisiniz. Cavan ailə olanda həyat yoldaşınızla uşaqlara görə mübahisəniz düşməyib?

 

 

- (Gülür). Yoox, yoldaşım mən deyəni eşidib.

 

 

Araz həkim 54 uşağın həm babası, həm də həkimidir.

 

 

- 4 nəvəm evdədi, 50-si də burda.

 

 

Əvvəlcə, gəlin sizi burdakı uşaqlarla tanış edək. Rəsulov 1200 qram, Cəfərov 1500 qram, Həşimov 1000 qram, Ağasalamov 1400 qram, Allahverdiyeva 920 qram. Bu körpələr qəfil gəlişləri ilə ailəsini elə çaş-baş salıblar ki, onlara ad qoymağa macal tapmayıblar. Hələlik atalarının soyadı ilə gedirlər. Çəkiləri kiçik olduğundan xüsusi küvezdə saxlanılır. Allahverdiyeva yanvarın ilk günündə dünyaya gəlib. Doğulanda cəmi 680 qram olub. Səbinə adlı tibb bacısı ona nəzarət edir. Elə məlumatları da bizə o verir. Ovuc boyda olan bu körpə bir aylıq ciddi qulluqdan sonra çəkisini 240 qram artıb. Artıq 920 qrama çatıb. Yenə də şöbənin ən az çəkili körpəsidi. Süni nəfəs aparatına qoşulub.

 

 

Araz həkimin sözlərinə görə, onun təcrübəsində hətta 560 qramlıq uşaq da olub. Belə bir uşaqlardan biri bu gün birinci sinfə gedir.

 

- Yolda valideyn məni saxlayır ki, ay, doktor, necəsiniz? Görürəm yanında cavan bir oğlan, əlində bazarlıq. Deyir, doktor, bax, siz baxdığınız uşaqdı! Baxıram oğlana, inanmağım gəlmir ki, o balaca uşaqdı. Bir xəstəm vardı. Azadlıq prospektində yaşayırlar. 870 qram doğulmuşdu. Bu yaxınlarda yenə gəlmişdilər. Yeddi yaşı var. Sağlam oğlandı. Amma anası gileylənir ki, dərslərini yaxşı oxumur (Gülür).

 

Vaxtından erkən doğulmuş uşaqların əksəriyyətində ağciyər açılmamış olur. Allahverdiyevanın “qonşusu” Rəsulovun ciyərləri kimi. Belə körpələr küvezdə xüsusi aparata qoşulub. Onlara Sulfaktand (krosurf) dərman preparatı verilir. Bu preparatı çəkisi 1500 qramdan az olan körpələr qəbul edir.

 

 

Burada əsasən rayon və ucqar kəndlərdən gətirilən uşaqlar müalicə alır. Lakin paytaxtdan da instituta göndərişlə gələnlər var. Onlar İnstitutda qeydiyyatda olduqları poliklinikadan alınan göndəriş əsasında müraciət olunur.

 

 

- Ana sağlam hamiləlik keçirməyəndə, bətndaxili infeksiyalar, toksikoz olanda erkən doğumlar baş verə bilir. Bəzə analar var, hamiləliyinə biganə yanaşır, aylıq müayinələrdən keçmirlər. Şəhərlərdə maarifləndirmə işi çoxaldığından, belə xəstələr daha çox kənd və rayonlardan gəlir. Bölgələrdə regional Müalicə Mərkəzləri yaradılandan rayonlarımızda evdə doğuşların sayı azalıb. Son vaxtlar sanaviasiya xəttiylə rayonlara səyyar briqadalar gedir. Şəkiyə tez-tez çağırış olub. Ətraf rayonlardan Şəki Müalicə Diaqnostika Mərkəzinə çox xəstə gətirilir.

 

 

Uşaqların qışqırtısı həkimin səsini batırır. Gözləri yumulu elə hey qışqırışırlar. Sanki uzaqdan uzağa bir-biriylə söhbət edirlər. Həkim bizimlə söhbət edə-edə müayinələrini davam etdirir. Yaxın günlərdə mədə əməliyyat keçirmiş bir körpəyə yaxınlaşır. Burnundakı süni nəfəs şlanqını yoxlayan kimi körpə ağlamağa başlayır. Deyir, bu yaxşıdı. Artıq körpə özünə gəlir və reaksiya verir.

 

 

 

Həkim son vaxtlar əkiz uşaqlar çoxaldığını qeyd edir.  

 

 

- Bunun səbəbləri müxtəlifdir. Süni mayalandırma ilə baş tutan hamiləliklə də var. Amma təbii yola baş tutmuş əkiz hamiləliklər də yetərincə çoxdur. Əksər əkiz uşaqlar bura gətirilir.

 

 

- Süni mayalandırma ilə doğulmuş uşaqla təbii mayalanma ilə doğulmuş uşaqların sağlamlığında fərq olur?

 

 

- Bir az mürəkkəb məsələdi. Hər şey təbii olsa, daha yaxşıdı. Allahın yaratdığını başqa heç kim yarada bilməz. Süni mayalandırma olunan qadın uzun müddət müalicədən sonra hamilə qalır. Ən azı müxtəlif dərman preparatları qəbul etmiş olur. Bu dərmanların dölə müxtəlif təsirləri olur. Süni mayalandırmadan doğulan uşağı biz daim nəzarətimizdə saxlayırıq. Bəzən olur ki, qadınlarımız bunu gizlətməyə çalışırlar. Amma biz bunları bilməliyik. Çünki uşağın müalicə və diaqnostikasında bunu bilmək vacibdir.

 

 

- Statistikaya görə, yoluxucu xəstəliklərin sayı günü gündən artmaqdadı. Bura gətirilən uşaqlar arasında ana bətnində bu cür xəstəliyə yoluxanı var?

 

 

- Yoluxucu xəstəlik daşıyan qadın hamiləlik dövründə müalicə alır və bu xəstəliyin uşağa keçməsinin qarşısı alınır. Nadir halda uşağa da yoluxur. Bu yaxınlarda bir uşaq gətirmişdilər. Anası QİÇS daşıyıcısı idi. Körpəsinə də yoluxmuşdu. O uşaq tələf oldu. Belə uşaqların yaşamaq ehtimalı çox azdır.

 

 

Şöbədə uşaqların sayı qədər küvez və monitorlar, tənəffüs yollarını təmizləmək üçün sorucu aparatlar var.

 

 

- Bütün bu təchizat və təminata baxmayaraq, yenə də bizdə gərginlik yaranır. Son vaxtlar bizə gətirilən xəstələrin sayı çoxalıb. Ailələr son ümid yeri bilib gəlirlər. Həmişə çalışırıq ki, zahı qadın doğuşdan sonra uzun müddət gözlədiyi körpəsi qucağında getsin burdan. Əks halda, çox pis oluruq. Bizdə tələf olmuş uşaqların xəstəlik tarixçəsi toplanır və ayda 1-2 dəfə bununla bağlı konfrans keçirilir. İnstitutunun professorları, elmi işçiləri, dosentləri tərəfindən müzakirə olunur. Ölən xəstə harda doğulub, hansı anadan doğulub, doğumundan sonra necə yardım olunub və bizə hansı vəziyyətdə gəlib...

 

 

Neonatoloq – reanimatoloq deyir ki, son illər anadangəlmə ürək qüsurlu uşaqların sayında artım var.

 

 

- Müəyyən qədər yardım olunandan sonra belə xəstələri ixtisaslaşmış xəstəxanalara, ürək cərrahlarına yönləndiririk. Bura müxtəlif anomaliyalı körpələr gətirirlər. Anadangəlmə onurğa beyni yırtığı olan uşaqlar, polidaktiliya - barmaqların sayının çoxluğu, sindaktiliya - əl və ayaq barmaqlarının bitişik doğulması anomaliyası və s.

 

 

Son illər institutda Yeni doğulanların cərrahiyyə şöbəsi də fəaliyyət göstərir. Yeni doğulan uşaqlar ancaq burda əməliyyat olunur.

 

 

- Məsələn, bağırsaq keçməzliyinə görə ailələr başqa xəstəxanaya müraciət etsələr də bura təyinat verilir.

 

 

Xəstələr arasında vəziyyəti kritik olan bir uşağa yaxınlaşırıq. Onda da bağırsaq keçməzliyi olub.

 

- Anada bətndaxili infeksiya olub. Müvəqqəti körpənin qarnında nəcis çıxan süni anal dəlik yaratmışıq. Aşağının fəaliyyəti dayanıb. Bu, birinci etapdır. Bir neçə aydan sonra ikinci etap əməliyyatla təbii yol bərpa olunacaq. Vəziyyəti ağır stabil olaraq qalsa da, monitorun göstəricilərinə görə vəziyyəti normaldı. Dərisinin rəngi bir az avazısa da, çəhrayıya çalır.

 

Uşaq 3 aylıqdı. Xəstəxanada olmasa, ağzından, burnundan şlanqların biri girib, digəri çıxmasa, deməzdin ki, xəstədi. Necə deyərlər, top kimi uşaqdı. Toppuş yanaqları, toppuş əlləri var. Toppuş qarnının sol tərəfində isə dəlik var. Uşağın öz tənəffüsü qeyri-adekvat olduğundan süni tənəffüs aparatının köməkçi rejiminə qoşulub.

 

Həkim deyir ki, bağırsaq keçməzliyi olan körpələrdə daim köp olur, yediyini qaytarır. Qusuntusunda yaşıl öd olur. Bu halla rastlaşan analar dərhal həkimə yaxınlaşsınlar.

 

***

 

Körpələrin səsindən isə ağız deyəni qulaq eşitmir. Biri susanda, digəri başlayır. Sanki bəhsə giriblər. Sakitliyə çəkilib söhbətimizə davam edirik. Sonda həkim uşaqlara peyvənd vurulmasının vacibliyindən danışır. Deyir, peyvənd vurulmuş uşaq xəstəliklə daha güclü mübarizə aparır.

 

Biz isə öz növbəmizdə bütün xəstə uşaqlara şəfa diləyir, tezliklə ailələrinə qovuşmalarını arzu edirik! 

# 378
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar