Kardaşyanın yatağı və bizim şou - <span style="color:red;">AKTUAL
25 yanvar 2016 15:23 (UTC +04:00)

Kardaşyanın yatağı və bizim şou - AKTUAL

 

 

Televiziyanın məqsədi cəmiyyəti maarifləndirmək, fərdin ideal insan olması yolunda ona hər cür dəstək vermək, onu savadlandırmaq, mükəmməl insan yaratmaq, dünyada müharibələri dayandırmaq, acları doyuzdurmaq və s. və ilaxırdır deyən olsa, təbii ki, inanmayın. Çünki televiziyanın nə cəmiyyətə, nə də fərdə qarşı belə bir öhdəliyi yoxdur. Dünyanın ən böyük televiziya kanallarının efir siyasətinə nəzər yetirdikdə də bunun məhz belə olduğu aydın görünür. Bəli, Amerikanın ən məşhur kanalları Kardaşyan ailəsinin hər saniyəsini canlı yayımlamaqla reytinq yığır, Avropa televiziyalarının da ən baxımlı verilişləri şou və əyləncə məzmunlu olanlardır. Türkiyədə bir Acun Ilıcalı fenomeninin yaranmasının da səbəbi məhz kütlənin şou sevgisidir. Təsadüfi deyil ki, Türkiyədə yayımlanan verilişlər arasında ən çox baxılanı heç bir ciddi məzmun daşımayan əyləncə proqramlarıdır. Bəli, bu, bütün dünyada belədir və heç bir ölkə üçün spesifik deyil. Kim Kardaşyanın yatağı amerikalı, norveçli, hətta isveçrəli üçün nə qədər maraqlıdırsa, elə azərbaycanlı üçün də o qədər maraqlıdır. Çünki nə biz Marsdan gəlmişik, nə də dünyanın digər hissələrindəki insanlar.

 

Bu baxımdan, Azərbaycan televiziyalarında da ucuz, boş, qışqır-bağır məzmunlu verilişləri yarğılamağa, topun ağzına qoyub atmağa ehtiyac yoxdur. Çünki biz də dünyanın bir tərkib hissəsiyik və bizim televiziyalarımız da dünya trendlərini izləyib, həmin ucuz şouları buraya gətirir. Şou dünyanın hər yerində var və şou dünyanın hər yerində hipnoz effekti daşıyan içi tamamilə boş, kitabdan, maarifçilikdən uzaq sahədir.  Ancaq...

 

Ancaq bir məqam Azərbaycanı dünyadan ayırır və bizim televiziyaların bu ucuz şoularını sonadək müdafiə etməyə imkan vermir. Dünyanın başqa yerlərində bu ucuz şoulara baxan tamaşaçı bunu özü seçir. Bu, onun şüurlu (şüursuzca) seçimidir. Kim Kardaşyanın yatağını izləyən amerikalı məhz bunu istəyir. Dünyanın bir çox ölkələrində yüksək reytinqlər toplayan “Big brother” verilişinin tamaşaçısı məhz o içi boş verilişi izləmək istəyir. Çünki o ölkələrdə tamaşaçıya bu seçim verilir: sən nəyə baxmaq istəyirsən? Ciddi maarifçi verilişə, yoxsa ucuz şouya? Televiziya tamaşaçıya deyir: Mən sənə Kim Kardaşyanın yatağını da, beyinsiz yaşamağın mümkünlüyünün müsbət örnəklərindən ibarət bir neçə qızın, ya da oğlanın qışqır-bağırını da, cəmiyyəti narahat edən problemi, fərdin inkişafına yönələn, ölkənin, vətəndaşın qayğısını göstərən verilişi də təqdim edə bilərəm. İndi sən özün şüurlu varlıq kimi istədiyini seç.

 

Əgər tamaşaçı bu seçimlər arasında düşük şouya meyl edirsə, bunun günahını heç kimdə axtarmaq lazım deyil. Deməli, həmin adama məhz bu lazımdı.

 

Bəs bizim televiziyalar yayım siyasətini necə qurur? Bozluq, ucuzluq, düşüklük, bəsitlik və yenə də bəsitlik. Bəli, Azərbaycan televiziyaları tamaşaçıya oksigen bolluğuna düşmüş bir neçə düşük simanın ucuz şousuna alternativ olaraq heç nə təqdim eləmir və eləmək istəmir.

 

İlin-günün bu vaxtında, dolların az qala 1 milyon manat olduğu zamanda gündəmin əsas müzakirəsi odu ki, ay qoyma gəldi, Günay filan verilişdə filan qızı niyə ağlatdı, filan qız niyə türkcə danışdı? Hamı ət yemədikləri üçün beyinlərinə oksigen getməyən bir neçə nəfərin hansısa bir kanalda  didişməsini müzakirə edir. Kanal söyülür və s. Kanalın və verilişin adını ona görə yazmıram ki, bunun çox da önəmi yoxdur. Çünki Azərbaycanda kanalların 90 faizinin sadəcə adı fərqlidir. Yayım siyasətləri isə 99 faiz eynidir: bəsitlik, bəsitlik və bəsitlik.

 

Bəli, şou olmalıdır və bunsuz mümkün deyil. Ancaq Azərbaycan televiziyaları bu ucuz şounun tamaşaçılarına nə vaxt ciddi proqram təqdim elədi ki, o tamaşaçı yenə qaçıb şounu izlədi?! Axı bizim televiziyalar tamaşaçıya belə bir seçim təqdim eləmir. A kanalındakı beyni oksigensiz aparıcı pisdi, ancaq B kanalındakı adamın, ümumiyyətlə, beyni yoxdu axı! Ona görə də yuxarıda şounu müdafiə edən arqumentlər bizim ölkə üçün heç cür keçərli deyil. Veriliş iştirakçısını qoyduq bir qırağa, axı heç olmasa aparıcının beyninə oksigen getməlidir. Oksigen vacibdir çünki.

 

Axı Azərbaycan tamaşaçısı beyni olanla beyni olmayan adamı fərqləndirə bilir. Axı misalçün, oksigensiz mühitdə çəkilən “Oynağan şou”nun yayımlandığı kanal Tarantinonun filmini verəndə söyüş yiyəsi olmur. Deməli, ucuzu tamaşaçı tələb eləmir, kanal tamaşaçıya sırıyır.

 

Yazının qayəsi o deyil ki, televiziyalar şou verməsin, yazının qayəsi odur ki, yayımlanan verilişlərdə beynin insanda əhəmiyyətli orqan olduğunun müsbət örnəkləri olan adamları göstərsinlər, danışdırsınlar. Ucuz şouların heç olmasa yarısı sayda ciddi veriliş də yayımlansınlar. Tamaşaçı ciddi verilişi keçib oksigensiz mühitdə çəkilən proqrama baxsa, o zaman TV rəhbərlərinin də, aparıcıların da danışmağa yaxşı arqumentləri olar. Əks halda, dəmir əskikliyindən əziyyət çəkən aparıcılar və ya şou iştirakçıları sizin efirdən başqa efirə gedib, orda elə sizi ifşa edəcək...

 

# 326
avatar

Anar Gəraylı

Oxşar yazılar