Vergilər Nazirliyi "Sonalar Sonası"nda qanun pozuntusu aşkarladı
11 yanvar 2016 17:30 (UTC +04:00)

Vergilər Nazirliyi "Sonalar Sonası"nda qanun pozuntusu aşkarladı

Bu ilin 6-8 yanvar tarixlərində aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilib.

 

Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən, “Ameqo” MMC topdan satış bazası, "Sonalar Sonası" şadlıq evi, “Favorit” marketdə bir sıra qanun pozuntuları aşkar edilib.

 

Keçirilmiş tədbirlər zamanı 84 vergi ödəyicisi tərəfindən aksizli malların az miqdarda nağd qaydada satıldığı müəyyən edilərək, İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən barələrində 8 400 manat məbləğində inzibati cərimə tətbiq olunub. 47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234 752,8 manat dəyərində 57 542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək, məsul saxlamaya verilmiş və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

 

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68 a ünvanında yerləşən “NAİQİN-K TOVUZ BALTİYA” MMC-yə məxsus “Tovuz  Konyak” evində əməliyyat tədbiri keçirilərək, nəzarət qaydasına alınıb, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən və toplanmış materialda Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı 06.01.2016-cı il tarixdə cinayət işi başlayıb.

# 333
avatar

Oxşar yazılar