Dalay Lama optimizmi
09 dekabr 2015 11:28 (UTC +04:00)

Dalay Lama optimizmi

 

Yazını oxumağa başlamazdan əvvəl “Günəşli” platformasındakı qəzada dünyasını dəyişən neftçilərimizin xatirəsini bir dəqİqəlik sükutla yad edək...

 

Allah rəhmət eləsin.

 

Keçək yazıya.

Dünənə qədər elə bilirdim ki, yer üzünün ən optimist adamı özüməm.

Bu gün artıq belə düşünmürəm. Bu gün özümdən daha optimist birini tanımışam. Dalay Lama imiş məndən betər optimizm mücəssəməsi.

Belə ki, o, bu gün bütün dünyanı çaş-baş salan İŞİD ilə danışıqların vacibliyindən bəhs edib, dünyanın ən qəddar silahlı qruplaşması ilə dost olmağa, dialoq yaratmağa, dinləməyə, hörmət etməyə çağırıb. Onları qəlb ilə dinləməyə, mərhəmətli olmağa, onlara təhsil verməyə dəvət edib.

 

Şokdasız, hə?

Biz burdan-bura uşağını məktəbdən qoparıb ərə verən valideynlərlə, məktəbə ancaq səkkiz mart günü həvəslə gələn müəllimələrlə, ailə ilə məktəb arasında həyatı yanlış istiqamətlərdə yeniyetməykən dağıdılan şagird ordusu ilə dialoq yarada bilmirik, Dalay Lama nələr deyir amma.

Hələ mən kitab oxumayan insanlarımızı unutdum az qala!

Biz onları dinləyə bilmirik, onlara mərhəmətli ola bilmirik, onları təhsilə, elmə, kitaba dəvət etməyə tabımız qalmır hələ.

Ölkədə falçı və cadugərlər təzə-təzə rədd olunub TV ekranlarından, ruh çağıranlarımıza, cin çıxardanlarımıza hələ indi-indi həsrət qalmağa başlamışıq.

 

Vallah, darıxırıq, Dalay canı!

Sən yəqin ki, ana bətnindən başlayan maariflənmə metodundan danışırsan, bir qadının ürək çırpıntılarının ritmi altında uyuya-uyuya böyüyərkən, amma məsələn, o qadına bağıran kişi səslərindən xəbərin yoxdur sanki. O səsin o ritmi necə pozduğunu bilmirsənmi?

 O çırpıntıların hər birinin bir zindan ağırlığı ilə o bətndəki körpənin alın yazısına çırpılması ilə pozulur dünyanın bir igid ömrü boyunca o tərəfdəki həyatının düzəni, anlayırsan axı. O körpənin ruhu bağırtı və göz yaşları ilə qidalanacaq, o qidanın dadı hopacaq yaşayacağı bütün həyatın fon rənginə.  O körpə ömrü boyunca həmişə, hər yerdə, hər kəsin başına bağırmaq, hər kəsin ağlamasını görmək istəyəcək. Və yaxud, hər kəsin onun başına qışqırmasını, hər kəsin onu ağlatmasını gözləyəcək alt şüurunda.

 

Bunlar ağır mətləblərdir, bilirik.

Və yer üzündə hər gün nə qədər belə uşaqların doğulmasını da görürük.

Fələstində gülləboran, bombardman içində yaranış şansı tapan körpə üçün bu dünya elə qandan, qışqırıqdan, ağrıdan ibarət deyilmi?

O heç sənin varlığın barəsində bilmir də!

Sanki eyni filmin eyni kadrının təkrarıdır illər boyu hər gün TV ekranlarından gördüyümüz o epizod: silahlı orduya daş atan adamlar, güllə və qışqırıq səsləri, sonra əllərindəki daşı buraxıb, başları üstündə uşaq cənazəsi ilə yürüyən həmin adamlar, sonra yenə daş, yenə güllə, yenə uşaq cənazəsi, yenə həmin adamlar, yenə, yenə!

 

Bu dünyada özünün qət etdiyi həqiqəti və bu həqiqətinin naminə yer üzünü qan çanağına döndərməyə hazır olan azmı qüvvə olub tarixdə?

Hansı biri ilə qəlb dilində danışmaq mümkün olub ki?

Bizə öz ədəbiyyatımızdan İsa Muğanna adlı yazıçımızın təxəyyül məhsulu olan “Məhşər” adlı romanın içindən çıxıb “Nəsimi” filmində canlanan epizod tanışdır bircə. Qolubağlı şair Nəsimi ilə əliqılınclı Teymurləngin dialoqu.

Vəssalam.

İsa Muğanna da optimist idi.

O da inanırdı ki, qəlbində zərrə qədər də olsa işıq, sevgi, ədalət hissi olan adamların heç biri ölərkən yerin təkinə çökmür, ruhu günahlardan ağırlaşmayıb deyə, birbaşa səmaya qaldırılır.

Onu oxuyurdum deyə, mən də inanmışdım bu dünyada sülhün, əmin-amanlığın, bərabərliyin, sevginin olacağı saf ağ bir həyat tərzinin qurulacağına. Qızıl dövrün mümkünlüyünə.

Amma tarixdə hər bir sivilizasiya qızıl dövrə adlaya bilmək üçün mütləq təmizlənmə dövründən keçməli olub. Təmizlənmə dövrü isə bu gün yaşadığımız dövr kimi olub həmişə.

Bu gün insanların hər gün, hər ağrı üçün Yaradana asi olduqları dövrdür. “Hər şey üçün çox sağ ol” kimi duaların əvəzinə “Niyə bu qədər qana-qadaya imkan verirsən?” kimi sualların göyə ünvanlandığı zamandır indi.

Hətta mən bu sətirləri yazdığım anlarda belə arxadakı televizorda Suriya göstərilir, aparıcı növbəti bombardmandan, dinc sakinlərin ölümündən danışır.

Böyük amputasiya gedir yer üzündə.

Sənsə lazım olan, amma mümkün olmayan şeylərdən bəhs edirsən, Dalay Lama...

Həm də elə əmin-arxayın bəhs edirsən ki, elə bil 2013-ün oktyabrında sən yox, mən idim əsrin bəyanatını verən: “Dinlər daha lazım deyil!”

 

Sənin qəlbin hansı dildə danışır?..

# 431
avatar

Cavi Dan

Oxşar yazılar