<b>O atanı tapın</b> –<span style="color:red;"> RİQADAN ÜRƏK DAĞLAYAN HEKAYƏT
30 noyabr 2015 11:15 (UTC +04:00)

O atanı tapın RİQADAN ÜRƏK DAĞLAYAN HEKAYƏT

Onun haqqında ilk dəfə eşidəndə, açığı mövzu kimi o qədər də önəm vermədim. Səbəb isə çox sadə idi: Uzaq ölkələrdən Azərbaycanda atasını, yaxud digər yaxınını axtarmaq kimi ənənə televiziya verilişlərində o qədər bayağılaşıb ki...

 

 Amma onunla ilk söhbətdəcə fikrim dəyişdi.

Laila Eglite (sonradan öyrəndik ki, Leyla Zeynalovadır) 1981-ci ildə Riqada doğulub. 3 yaşında atası onu atıb. 16 yaşına qədər həqiqi atasını anası ondan gizlətməyə çalışıb. Açığı bunun səbəbini özünün də bilmədiyini deyir.

Laila Latviyada əsasən xokkey üzrə idman malları mağazaları şəbəkəsinə malikdir. Elə söhbətimiz də Riqadakı iri mağazalarından birində baş tutdu.

Dediyinə görə, atasını tapmaqla həyatında çox şey dəyişəcək:

“Onun adı Zeynalov Məcid Firudin oğludur. 1952-ci il təvəllüdlüdür. Bakının Əzizbəyov (indiki Xəzər- red.) rayonunda böyüyüb. O, Riqada hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıya qayıtsa da, yenidən Latviyaya işləməyə gəlib. Burada “Rus” adlı restoranda inzibatçı işləyib. Anamla 1980-ci ilin əvvəlində tanış olub. Həmən vaxt anam boşanma ərəfəsindəymiş. Mənim atam Məcid o zaman anamgilin qonşuluğunda kirayədə qalırmış. Anam boşanandan sonra depressiyaya düşür. Onun bu ağır günlərində atamla ünsiyyəti yaranır. 1981-ci ildə mən doğuluram. 3 yaşıma qədər onlar nikahsız da olsa, bir yerdə yaşayırlar. Ana nənəm də bizimlə birgəymiş. Amma 3 yaşımda atam qəfil Bakıya gedir və qayıtmır. Sonradan mən bunun səbəbini anamdan nə qədər soruşsam da,  mənə dəqiq heç nə demədi. Deyir, guya atam Azərbaycanda evli imiş. Amma mən buna inanmadım. Çünki o necə Azərbaycanda evli ola bilərdi ki, bu qədər müddəti Latviyada qalır və oradakı ailəsinə baş çəkməmişdi? Nənəm dünyasını dəyişən gün bizə qəribə sirr də açır. Sən demə, atam gedəndən bir müddət sonra tez-tez məktub yazıb məni soruşurmuş, amma nənəm həmin məktubları bizə göstərmədən oxuyub yandırırmış… Mən hələ də bilmirəm atama qarşı bu dərəcədə nifrətin səbəbi nə olub. Mənə yeganə vacib olan şey atamı tapmaqdır. Əminəm ki, o sağdır…

Mənim həyatda hər şeyim var. Uğurlu biznesim, ərim və iki uşağım. Amma mən bir qadın kimi həyatımı natamam, yoxdan yaranmış kimi hiss edirəm. Çünki kimin qızı olduğumu bilmirəm. Düzdür, Latviyada belə bir hiss yerli insanlar üçün yaddır. Amma mən beləyəm və çox narahatam. Mən atamı güclə xatırlasam da, hər gün xəyalı gözümün önündən getmir. Xahiş edirəm, çox-çox xahiş edirəm, onu tapmaqda mənə kömək edin… ”.

 

Laila onu da bildirir ki, Latviya parlamentinin deputatı Roman Naudincin vasitəsi ilə Azərbaycandan, rəsmi idarələrdən atasının bir neçə il əvvələ məxsus şəklini də tapıb (Həmin fotonun surətini bizə təqdim etdi): “İlk vaxtlar onu axtarmaq üçün Azərbaycanla, azərbaycanlılar ilə heç bir əlaqə yarada bilmirdim. Son vaxtlar iki ölkə arasında insanların sıx gediş-gəlişi, tapa bildiyim rabitə imkanları məni çox ümidləndirib. Amma təəssüf ki onun yerini hələ də bilmirik…Atam haradadırsa, mənimlə əlaqəyə çıxsın, bir daha xahiş edirəm… Əmin olsun ki, mən onun, azərbaycanlıların arzuladığı kimi qız olmuşam… İndi mənə yalnız atamın kimliyini görmək, onun isti nəfəsini duymaq lazımdır…”.

P.S. Xatırladaq ki, Laila xanımın əlaqə nömrələri əməkdaşımızdadır.

(Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddənkənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir)

# 269
avatar

Mübariz Aslanov

Oxşar yazılar