Cənnətdəki Qədirxanın anasına...

Başına toplanan hər kəsin yeganə arzusu onun yerində olmamaq idi. Adamlar ona baş sağlığı, özünə can sağlığı diləyirdi. İzdiham, insan tıxacı, fəryad səsləri... Allaha üsyan da var idi. Bu dəhşətin tam mərkəzində isə 12 yaşlı tək balasının cəsədinə sarılan, ağlamaqdan tükənən, dərddən boynu bükülən Afaq Gəncəli idi...

 

Afaq bir il öncə atasını itirdi. Kişinin 40-ı təzə çıxmışdı ki, daha bir ağır zərbə... Afaqın yeganə övladı Qədirxanın beynində xərçəngin ən ağır növü aşkarlandı. Anası ilə tək qalan Afaqın bundan sonra həyatını həsr edəcəyi, arxalanacağı oğlu ölümlə üz-üzə qaldı. Afaq qollarında Qədirxan Türkiyənin Ankara şəhərinə yollandı. Uşağa təcili əməliyyat, əməliyyata isə külli miqdarda pul lazım idi. Allah o an üçün darda qoymadı, qarşıda çəkdirəcəkləri varmış çünki...

 

Atası ilə anası ayrılmışdı, babası isə 40 gün idi dünyadan köçmüşdü balaca Qədirin. Atasından uzaq düşən uşaq anasına sarılıb, yaşamağa ümid etdi. Məktəbini, həyətlərini və yoldaşlarını görməyən Qədirxanın ən yaxın dostu elə xərçəng oldu. Bir neçə müddət xərçənglə Qədirxan birgə yaşaya bildilər. Afaq onların ömürlük dost olacaqlarına o qədər ürəkdən inandı ki...

 

12 yaşlı Qədirxan ömrünün son iki ayında həyatdan əlini tamamilə üzdü. İşıqlı dünyaya həsrət qalıb, tibbin son nailiyyətləri vasitəsi ilə yalnız nəfəs almağı bacardı. Afaq üçün o da kifayət edirdi. Dünyada olmayan Qədirxanın nəfəsi belə isidirdi onun dünyasını... Soyuq torpaqdan daha yaxşı idi, hər halda...

 

Afaq çox güclü qadındır. O bir dəfə də olsun Allahdan ümidini üzmədi, təslim olmadı, dualarla yaşadı son ilini. Atasını itirəndən sonra onun ruhuna yalvardı... “Ata, birdən Qədirxanımı apararsan a... Eləmə! Mənə yazığın gəlsin”...

 

Bir il çəkdi Qədirxanın az qala birlikdə nəfəs aldığı babasına qovuşmağı... İndi Afaq özünə “Dünyanın ən bədbəxt qadını mənəm” deyir. Amma dostları istəmir kiminsə ona yazığı gəlsin. Mən də istəmirəm! Mərd, güclü və olduqca gözəl insandır Afaq. İllərdir ürəyinin qubar bağlamasına baxmayaraq, üzünə təbəssüm qondurub, qarşımıza çıxmağı da bacarırdı.

 

Afaq, dünyanın nə tüpürüləsi nə də seviləsi üzü qalmayıb. Güya bura haradır ki… Boğucu bir yer... Və unutma, dünya ayrılıqlar daşıyır ürəyində... Ona görə sevin ki, balan həyatın çirkabına bulaşmamış Cənnət mələyi oldu... Allah sənə səbr, balana o dünyasını versin!

LENT

23 Aprel 2019

Digər xəbərlər >>>