SSRİ-nin bakılı agenti: [b]“Ac idim, qarajda qalırdım, ayaqqabı tikirdim” [/b]– XATİRƏ
23 noyabr 2015 16:30 (UTC +04:00)

SSRİ-nin bakılı agenti: [b]“Ac idim, qarajda qalırdım, ayaqqabı tikirdim” [/b]– XATİRƏ

 

Vladimir Beniaşvilinin kimliyi çoxlarına tanış olmaya bilər. Amma yaşlı futbol azarkeşləri, SSRİ dövründən futbolu izləyənlər bu şəxsi xatırlayacaqlar.

Beniaşvili ilk idman agentlərindən sayılır. Futbolçu olmağa cəhd etsə də, karyerası istədiyi kimi alınmayıb. Gürcü olmasına baxmayaraq, Bakıda anadan olub. Odu ki, Bakının, Azərbaycanın onun üçün dəyəri yüksəkdi.

Beniaşvilinin Azərbaycan futbolunun əfsanəsi, mərhum Ələkbər Məmmədovla bağlı çoxlu xatirələri olub. Hələ Bakıdan tanıdığı Məmmədov ona Moskvada yardım əlini uzadıb, Rusiyanın paytaxtında yaşamasına kömək edib.

Lent.az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibə verən Beniaşvili həmin xatirələri yada salıb. Hazırda 75 yaşı olan keçmiş agent Ələkbər Məmmədovla bağlı maraqlı fikirlər səsləndirib.

 

"Futbol xəstəliyinə hələ uşaq olarkən, doğma Bakıda tutulmuşdum. Həyət, köhnə top, öz düzəltdiyimiz qapılar və hər gün hava qaralana qədər davam edən matç. Futbola böyük sevgimiz var idi. Bundan əlavə, bizim binada Azərbaycan futbolunun qüruru, fəxri olan Ələkbər Məmmədov da yaşayırdı. O, həmin vaxt Moskva "Dinamo"sunda parlaq çıxış edirdi. Məmmədov məhləyə çıxanda oyunu dayandırıb, ağzımızı ayırıb, ona baxırdıq. Həmin vaxt heç düşünməzdim ki, vaxt gələcək, Ələkbər Məmmədov mənə ikinci ata olacaq".

 

Hələ uşaqlıqdan Ələkbər Məmmədovu özünə kumir seçib Beniaşvili. Ailəsində yaşanan problemlər yeniyetmə Vladiki evini tərk edib, Moskvaya yollanmağa vadar edir. Özü də Rusiyanın paytaxtında heç bir qohumu, dostu olmadan...

 

"Ailədə ögey atamla münasibətim yaxşı deyildi. Günlərin birində qərara gəldim ki, həyatımı dəyişim. Buna görə də Moskvaya yollandım. Qohumumgilə getdim? Nə danışırsız, qohum nədi, Moskvada heç kimim yox idi. Bir nəfərdən başqa... Orda Ələkbər Məmmədov yaşayır və futbol oynayırdı. Əmin idim ki,  mənə kömək edəcək. Bu ümidlə 13 yaşımda Moskvaya yollandım. Vaqonun damında, tamburda gedə-gedə 3 həftəyə çatdım. Amma öz kumirimi dərhal tapmaq mənə nəsib olmadı. Çünki Məmmədov "Dinamo"nun heyətində təlim-məşq toplanışında idi".

 

Ələkbər Məmmədovun toplanışda olması onun "məhlə uşağını" çətinliyə salır. Yaşamağa ev, xərcləməyə pul, yeməyə çörək tapa bilməyən Beniaşvili həmin günləri belə xatırlayır: "Voykovski"də trolleybus parkı var idi, orda gecələməli olurdum. "Dinamo" stadionunun yanındakı fabrikin mətbəxində isə pulsuz çörək və "qorçitsa" verirdilər, orda yeyirdim, qarnımı birtəhər doyururdum”.

 

Azərbaycan futbolunun əfsanəsinin heç ağlına gəlməzdi ki, balaca Vladik onun arxasınca Moskvaya gələ. Odu ki, Beniaşvilini ilk dəfə orda görəndə əməlli-başlı təəccüblənir...

"O günləri birtəhər keçirdim. Nəhayət, "Dinamo" Moskvaya qayıtdı və ilk məşqinə çıxdı. Stadiona girib, qapıda əfsanəvi Lev Yaşini gördüm. Ondan soyunub-geyinmə otağından Ələkbər Məmmədovu çağırmasını xahiş etdim. Getdi, çağırdı. Məmmədov məni görəndə təəccüblənib, "Sən burda nə edirsən?" deyə soruşdu. Vəziyyəti ona izah etdim. Diqqətlə dinlədi. Sonra başını yelləyərək, "Mənim evimdə qalacaqsan" dedi. Beləcə, onun kimi, mən də "Dinamo"lu oldum".

 

Bakıda olduğu kimi, Moskvada da Beniaşvili özünə ikinci ata saydığı Məmmədovla birgə yaşamağa başlayır. Qısa zamanda ona bir peşə də tapılır...

"Məmmədovun məni apardığı evdə "Dinamo"lu xokkeyçi, olimpiya çempionu Valentin Kuzin və basketbolçu Viktor Vlasov da qalırdı. Həmin evdə yaşayan 4-cü "Dinamo"lu oldum. Sonra məni stadionda çəkməçi köməkçisi düzəltdilər. Gecələr isə gənc işçilərin məktəbinə gedirdim. Ələkbər Məmmədov kimi, Lev Yaşin, Yuri Kuznetsov, Arkadi Nikolayev, Vladimir Qlotov və Georgi Ryabov da məni himayə edirdilər. Biri paltarımı, digəri ayaqqabımı alırdı. Başqa birisi isə cibimə xərclik qoyurdu".

Çəkməçiliyin sirlərini öyrənən Beniaşvili günlərin bir günü Ələkbər Məmmədovdan tapşırıq alır. Gürcü balası Məmmədovun butsusuna "şip" düzəltməli olur. Amma bu "sınaq"dan üzüağ çıxa bilmir...  

"Demək olar ki, "Dinamo"nun hər bir futbolçusu üçün butsu tikirdim. Amma ilk növbədə, Ələkbər Məmmədov üçün hazırlayırdım. Bir dəfə, 1958-ci ildə MOİK-lə oyundan öncə məndən butsusuna "şip" düzəltməyi xahiş etdi. Həyəcandan nə edəcəyimi bilmirdim. Meydança xam vəziyyətdə, sürüşkən idi. Məmmədov oyun ərzində tez-tez yıxılırdı. Hər dəfə yıxılandan sonra ayağa qalxıb söyə-söyə tribunaya, mən oturduğum yerə baxırdı. Butsunun "şip"ini yaxşı düzəldə bilməmişdim. Yadımdadı, qorxumdan 1 həftə onun gözünə görünmədim. Amma sonra mənə qarşı olan əsəbi keçdi".

Ona qarşı Məmmədovun əsəbi keçsə də, Beniaşvili birgə yaşadıqları evdən ayrılmalı olur.

"Həmin vaxtdan sonra Ələkbər Məmmədovun evindən ayrılıb, "Dinamo" stadionundakı yataqxanada yerləşdim. Volodya Qlotovla eyni otaqda qalırdım. Qonşu otaqlarda da tanınmış idmançılar yaşayırdılar. Qanımın qaynayan vaxtlar idi, yataqxanaya qızlar gətirirdik. Hər şeyi düşünülmüş edirdik. Birimiz xanım gətirəndə, digərləri həmin gün kinoya bilet alırdı. İçirdik, əylənirdik. Əsasən də, oyunlardan sonra".

 

Futbolçu karyerası yaxşı alınmayan Beniaşvili özünə kumir seçdiyi Ələkbər Məmmədova bənzəmədiyinə görə məyusdur...

"Uşaqlıqdan qarşıma məqsəd qoymuşdum ki, futbolçu olacam, özü də Ələkbər Məmmədov kimi oynayacam və hamı məni barmaqla göstərəcək. Futbol məktəbində də məni xüsusi fərqləndirirdilər. Ancaq bizim komandamızın ən istedadlı oyunçusu Valeri Reynqold idi. Həm topla, həm də topsuz vəziyyətdə sürətli qaçırdı. Zərbələrinə də söz ola bilməzdi. Reynqoldla sonra da görüşüb, gənclik illərimizi yada salırdıq. Ölümündən 1 həftə sonra Yuri Syominlə birlikdə onun şərəfinə abidə ucaltdıq. İndinin özündə də ailəsinə kömək etməyə çalışırıq".  

 

# 586
avatar

Tengiz Məmmədov

Oxşar yazılar