AXCP, qanadı və lələyi
18 noyabr 2015 12:57 (UTC +04:00)

AXCP, qanadı və lələyi

Bu yazını ömrünün ən gənc çağlarını bir siyasi partiyanın çöküşünə, rəsmən bitməsinə həsr etmiş bir insanın qəmli xatirəsi kimi də oxuya bilərsiz. Ya da, sadə, lazımsız bir yazı kimi. Oxumaya da bilərsiz. Yəni o qədər maraqsız ola bilər sizin üçün. Amma...

 

Bu il yenə üst – üstə düşmüşdü bu iki hadisə. Təkrarlanan iki hadisənin nə zamansa üst- üstə düşəcəyi mütləqdir. Bir şərtlə ki, o hadisələrin təkrar olunma ardıcıllığı da konkret olsun. Bu iki hadisədən isə, sadəcə birinin dəqiq vaxtı var. Odur ki, hesab kitab yapmaq olmur. İkinci hadisənin baş verməsi üçün isə,  “ sifariş” lazımdır. Ya sosial, ya siyasi, ya da lap elə iqtisadi sifariş.
Açıqlayım... Söhbət parlament seçkiləri və  “Cəbhənin yeni qanadının yaranması”ndan gedir. Seçkidən bir neçə gün əvvəl, mediada “ Müsavat partiyası,  AXCP-nin əsil qanadı olaraq filan tərəfi tanıdı” başlıqlı yazılar göründü. Buna kimi də proses düz 15 il öncəki qaydada gedirdi...
  

 Onda hələ uzaq 2000-ci il idi. O vaxtlar parlament seçkisi həm də proporsional sistem üzrə keçirilirdi, partiyalara efir vaxtı da verilirdi. Yazının “nərdə əski ramazanlar” üslubuna keçməsinə imkan verməmək üçün, bu məsələlər üstündə çox dayanmaq istəmirəm. Televiziya ekranında , Müsavat partiyasının funksionerləri idi, ekran qarşısında isə biz idik, kənd cəbhəçiləri...
 

Bir dəfə bir köşə yazarı İranın o vaxtkı prezidenti haqqında “90-cı illərin kənd cəbhəçilərinə oxşayır” ifadəsini işlətmişdi. Ola bilər, həmin yazarın gördüyü kənd cəbhəçiləri Əhmədinejata bənzəsin, amma bizdə belə deyildi. Bizim kəndin cəbhəçiləri kəndin ən seçkin insanları, ziyalıları idi. Savadları ilə də, geyim kecimləri ilə də, davranışları ilə də çoxlarına örnək ola biləcək adamlar idilər. Mərkəzdən çox uzaqda yaşamalarına baxmayaraq, bütün siyasi hadisələri, beynəlxalq siyasəti, mərkəzdəki siyasətçilərdən də yaxşı izləyirdilər. 
 

O kəndlərdə cəbhəçilik düzlük idi, alnıaçıqlıq idi, vətənpərvərlik idi. Mənim bir kəndçim vardı. 18 yaşı olmamışdan cəbhə üzvü idi. Söz deyənə də, deyirdi ki, “ Nədir, olmaya sizin Bəyin imzasına şübhəniz var?”  ( “Bəyin imzasına şübhə” söhbətinin haradan gəldiyini, o illəri yaşayanlar yaxşı xatırlayar.) Qürur idi, o imzayla partiya bileti daşımaq, o insanlar üçün. 
 

Qayıdaq televizorun qarşısına. Zəng edən bir nəfər, ekrandakılara “ Sizin partiya AXCP-nin hansı qanadını tanıyır?” sualını ünvanladı. Efirdəki funksionerlərdən biri “ AXCP quş deyil ki, onun hansısa qanadı olsun” cavabını verməklə, sualdan yayındı. Seçkilər bitəndən sonra isə, Müsavat bu haqda öz qərarını verdi. Demək, önəmli hadisələri “seçkidən sonraya” saxlamaq, təkcə hökumətə xas olan hərəkət deyilmiş...  
Bir-iki il keçdi. Xəbər gəldi ki, belə olmaz, birləşmək lazımdır. Mərkəzdən fərqli olaraq, yerlərdə partiyanın üzvləri parçalanmamışdı, bir yerdə idilər.  Di gəl, hamı dedi ki, birləşmək lazımdır. İclas, seçki, nümayəndə, konfrans , qurultay deyərkən,  bir də gördük ki, təşkilat bir daha bölünüb.
 

Sonra bir də, bir də... Və uzun illərin yol yoldaşları bir-birindən aralı düşdülər, kəndlərdə. Xeyir  işlərdə “ əşşi, o filankəsin cəbhəsindəndir” deyib ayrı seçkilik qoydular. Yaslarda belə, ayrı-ayrı oturdular. Bir-birinin suyunu kəsdi camaat, yolunu vermədi. “Sən o tərəfdənsən”, “sən filankəsə işləyirsən” ittihamları baş aldı getdi. İnsanların bir birinə inamı itdi, hörməti azaldı, sevgisi tükəndi.
 

O adamlar nə mənsəbə , nə siyasi karyeraya görə partiyada deyildilər. İnanıb seçmişdilər. Sevib gəlmişdilər. Hörmət edib üzv olmuşdular . Sədd heyf, o insanların inanıb, sevib, hörmət etdiyi lider yox idi artıq. Bəlkə səbəb də elə bu idi...
 

 

15 ildi, düz 15 ildi eyni qaydayla, eyni proses davam edir. Kimisi bu partiyanı mənsəb üçün, kimisi pul üçün, kimisi vəzifə üçün quşa çevirib, qanad ayırır. Bunu edənlər , hələ də yerlərdə, kəndlərdə səmimi insanların olduğunu, bu prosesin o insanlara necə təsir etdiyini ya bilmirlər, ya da bilsələr də, veclərinə almırlar. Hansı partiyanı dağıtdıqlarının, hansı ideyanın külü ilə oynadıqlarının önəmi yoxdu. Sifariş var? Var ! Pul verirlər? Verirlər! Getdik e! Ura !!! 
 Sonra da düşdülər Müsavatın üstünə. O deyir bizi tanı, bu deyir bizi tanı. 15 ildə hansı partiya olsa, indi ayrıca vəzifə təsis etmişdi.  Məsələn, “Cəbhənin əsil qanadını tanımaq üzrə başqan müavini”.  Onsuz da digər bütün vəzifə sahibləri də, ildə bir, iki ildən bir lazım olur. Bu da olsun, onlardan biri. Jurnalistlər də bilər ki, bu işə kim baxır, ona müraciət edərlər. Yoxsa, belə olmur axı, camaat əziyyət çəkir.

 

# 429
avatar

Çingiz Özgür

Oxşar yazılar