Tolik: “Natəvan sübut elədi ki, erməni deyil” - MÜSAHİBƏ
11 noyabr 2015 16:32 (UTC +04:00)

Tolik: “Natəvan sübut elədi ki, erməni deyil” - MÜSAHİBƏ

 

 

- Tolik, son zaman sizdə dəyişiklik hiss edirik. Sülhməramlı mövqedən çıxış etməyinizin səbəbi var hər halda?

 

- İndi insanlara qalmaqal maraqlı deyil. Tamaşaçı sənət, layihə istəyir. Artıq onlar üçün kimlərinsə davasının önəmi yoxdur. Fikir verdim ki, son zamanlar həyatımda olan barışıqlar insanlar tərəfindən alqışla qarşılandı. Düzdür, “İnstagram”da yazılan 300 şərhin içərisində 10 nəfər məni tənqid edib. Ancaq onlar anlamır ki, həyat qısadır və mən ömrüm boyu əsəb içərisində yaşaya bilmərəm. Düzdür, yenə də bostanıma daş atan olsa, mən onun başına daş deyil, “kubik” ataram. Ancaq mənimlə dost olmaq istəyənlərə hər zaman münasibətim yaxşı olub. 13 ildir bu sahədəyəm və etiraf etmək lazımdır ki, mən bir çox müğənnilərdən məşhuram. İndi sakit həyat yaşamaq istəyirəm, problemlər məni bezdirib. Hər səhər oyanıb qalmaqala düşmək, stress keçirmək, dostlarıma zəng edib, qışqırmaq və s. Yorulmuşam!

 

- Natəvan Həbibi ilə barışığınızda ortaq dostlarınızın rolu olub, səhv etmirəmsə.

 

- Ətrafımda olan əksər insanlar istəyirdi ki, mənim heç kimlə davam olmasın. Çünki onlar hansı stressləri keçirdiklərimi bilirdilər. Amma ictimaiyyətin tanımadığı bəzi insanlar var ki, hörmət bəsləyirəm və onların sözündən çıxmaq olmur. Mən Natəvan Həbibiyə dedim ki, məhkəmənin qərarını icra etsəydim, səninlə barışığım süni olardı. Natəvanla barışanda mən elə bildim ki, bizim görüşümüz pis alınacaq. Amma biz qucaqlaşdıq və o qədər isti görüşdük ki, özümə də xoş gəldi. Biz onunla üç gün barışıq xəbərini ictimaiyyətə necə təqdim edəcəyimizi düşünmüşük. İstəmirəm, kimsə düşünsün ki, mən təsir altda qalıb, bu barışığa imza atmışam. Biz Natəvanla Kislovodskda bir həftə bir yerdə qaldıq. Xeyli gəzdik, söhbətləşdik, birgə çox zaman keçirdik.

 

 

- Bu zaman ərzində davanızın əsl səbəbini tapa bildinizmi?

 

- Natəvan bir rayonumuzun işğal günü konsert verib və mən onu tənbeh etmişəm. Amma bu xəbəri yazan sayt öz yalanını bu il üzə çıxartdı. Əslində mən Natəvanı günahlandıran zaman bu  xəbəri yazan sayt mənə dəstək olmadı. Mənə zəng edib, Natəvanın hansısa millətə mənsub olduğunu deyən insanlar heç biri məhkəmələrimə gəlib, mənə dayaq durmadılar, sübut göstərmədilər. İki il ancaq boş sözlər eşitdim ki, Natəvan ermənidir. Amma bir nəfər belə mənə sübut vermədi. Onlar yalnız məni qızışdırırdılar. Yalandan “Vikipediya”da səhifə açıb, mənə yollayırdılar ki, bax burada Natəvanın erməni olduğu yazılıb. O “Vikipediya”nı mən də aça bilərəm. Amma heç kim mənim qarşıma fakt qoya bilmədi.  Natəvan Həbibi məhkəmədə qalib gəldi. Natəvan bütün Azərbaycana göstərdi ki, o, erməni deyil. Mən də dövlət qanunlarına qarşı çıxa bilməzdim.

 

- Bəlkə Natəvan Həbibi ilə davanızın kökündə xalq artisti Aygün Kazımova dayanıb?

 

- Mənim Aygün xanıma böyük hörmətim var. İndi bilmirəm, onun mənə münasibəti necədir. Ancaq mən ona yaxşı yanaşıram. İstəmirəm, səhər xəbərlər dolaşsın ki, Tolik Aygün Kazımovanı meydanda tək qoyub, Natəvan Həbibi ilə barışdı. Bundan sonra da edəcəyim tədbirlərdə, yaxşı və pis günümdə Aygün Kazımova olacaq. İndi mən sadəcə ortada oyuncaq olmaq istəmirəm. Natəvanın mənə qarşı münasibətinin düzəlməyini o zaman hiss etdim ki, o, son aylarda verdiyi müsahibələrdə mənim adımı çəkmirdi. O, yalnız Aygün Kazımovadan danışırdı. Anladım ki, onun  mənə qarşı kini yoxdur. Hərdən düşünürdüm ki, mən Natəvanın yadından çıxmışam. İndi biz qərara gəldik ki, barışığımız yalandan olmasın və dostluğumuz davam etsin. Ancaq bu, o demək deyil ki, mən sabah Natəvan Həbibi ilə işləyəcəyəm.

 

- İndi küsülü olduğunuz Röyanı da dəstəkləyirsiniz.

 

- Bəli, mən onu dəstəkləyirəm. Amma ona görə yox ki, mən onun ətrafından qorxmalıyam. Xeyr, mən görürəm ki, bu qız əziyyət çəkir. Röya gedib Türkiyədə Bəyazın verişinə çıxır. Müğənnilərin arzusudur ki, Bəyaz onların heç olmasa adını çəksin, nəinki verilişinə çağırsın. Amma Röya bunu bacarır. O çıxır “Beyaz Şou”ya və aktrisa Məlahət Abbasova gülməli açıqlama edir. Mənə çox maraqlıdır ki, neçə ildir Türkiyədə yaşayan çox hörmətli Məlahət xanım bir dəfə də olsa Bəyazın verilişinə çıxıb? Bundan sonra Məlahət xanım 10 dəqiqəlik belə olsa o verilişdə qonaq qismində əyləşsə və mən onun etdiyi tərzdə açıqlama versəm, Məlahət xanım özünü necə hiss edər? Məlahət xanım bir böyük kimi deməli idi ki, biz Röyanın uğuruna sevinməliyik, çünki Röya ora çıxmaq üçün əziyyət çəkib. Röya Moskvadan 10 nəfər rəqqas gətizdirib, bunu öz puluna edib. O, ən azı bir azərbaycanlı kimi ora çıxıb və bomba kimi partlayan mahnısını səsləndirib. Buna niyə sevinməyək axı? Əslində kim nə desə də, Azərbaycan şou-biznesində iki aparıcı şəxs var, biri Aygün Kazımovadır, biri də Röya! Bunu artıq hər kəs illər öncə qəbul edib. Ancaq bizdə paxıl insanlar çoxdur.

 

# 342
avatar

Türkan Məmmədli

Oxşar yazılar