<b>"Pul olmayan dövrü də gördüm, "peraşki" vaxtını da"</b> - <span style="color:red;">PRESSİNQ
31 oktyabr 2015 12:01 (UTC +04:00)

"Pul olmayan dövrü də gördüm, "peraşki" vaxtını da" - PRESSİNQ

Lent.az-ın "Pressinq" layihəsinin növbəti qonağı Azərbaycan yığmasının sabiq futbolçusu və məşqçisi Aslan Kərimov olub. O, oxucuların ünvanladığı sualları cavablandıraraq, maraqlı məqamlara toxunub.

 

Rasif Hüseynov:

- Azərbaycan çempionatında "Qarabağ"ın aşkar liderliyi bu komandanın həddindən artıq güclənməsi ilə əlaqədardı, yoxsa çempionatın zəifləməsi ilə?

- Buna ikitərəfli baxmaq lazımdır. "Qarabağ"ın heyəti keçən il də güclü idi, indi də 1-2 nəfər istisna olmaqla, aşağı-yuxarı eyni heyətə malikdir. Bu, subyektiv fikrimdir ki, çempionatda olan iddialı klubların sayı azalıb. Burda bəlkə də maddi məsələnin də təsiri var. Amma "Qarabağ" da keçənilki səviyyəsini saxlaya bilib. Bu il "Qəbələ" həmin markaya gəlib çatdı. Düzdür, hər iki komandanın fərqli oyun stilləri var. Maliyyənin azalması ilə əlaqədar digər klublarımızda futbolçuların səviyyəsində fərq var. Legionerlərin qıt olması bir tərəfdən yerli oyunçular üçün üstünlükdür, onların oynamasına şərait yaradır.  Amma belə olanda ustalıq səviyyəsinin bir balaca aşağı düşməsi sezilir.

 

Nurlan Əhmədov:

- "Qarabağ" və "Qəbələ"nin Avroliqada qrupdan çıxaraq, növbəti mərhələyə yüksəlməsi bizim üçün xəyaldı, ya reallaşmaq ehtimalı var?

- "Qəbələ" üçün xəyal kimi görünə bilər. Amma "Qarabağ" üçün heç də xəyal deyil. Nyondakı püşkatmadan sonra rəqibləri bilinəndə "Qarabağ"ın qrupdan çıxması bir az xəyal kimi gəldi. Amma birinci oyundan etibarən göründü ki, "Qarabağ" onlarla başabaş mübarizə aparmaq gücündədir. Hesab edirəm ki, "Monako"ya məğlubiyyət "Qarabağ"ın zəif oyunundan irəli gəlmədi. Sadəcə olaraq, detal səhvləri oldu və buna görə də məğlub oldular. O oyunda qalib gəlsəydi, "Qarabağ"ın yüz faiz qrupdan çıxacağını düşünərdim. Qrupdakı digər oyunlarına gəlincə, "Tottenhem" güc baxımından, həqiqətən də, seçildi. Bundan əlavə, öz meydanında oynayırdı. Orda "Tottenhem"ə qalib gəlmək çətin görünürdü. Amma ikinci görüşdə "Qarabağ" "Anderlext" kimi komandaya qalib gəldi. "Monako"nu da udmaq olardı, oyun da bunu göstərdi. Çünki qol imkanlarımız da oldu. Sadəcə, bir az bəxtimiz gətirmədi. Hesabda geri olanda Rəşad Sadıqovun zərbəsindən sonra top qapıdan azacıq aralı keçdi. "Qəbələ"nin isə hər 3 oyunu ağır oldu. "Qəbələ" gözlədiyimizdən daha böyük addım atıb. "Borussiya" kimi komandaya qarşı 3 real qol imkanı qazanırsansa... Məncə, hesab 1:3 olmalı deyildi. "Krasnodar"ın heyətindəki legionerlər Avropa standartlarında olan oyunçulardı. "Qəbələ" ilə müqayisədə "Qarabağ"ın futbolçularının Avroliqa təcrübələri var. Onlar düşdükləri vəziyyətdən daha doğru qərar verməklə çıxırlar. "Qarabağ" illər öncə "Borussiya" ilə qarşılaşanda mən də həmin oyunun iştirakçısı olmuşam. Təcrübəmiz yox idi deyə, Almaniyada 0:4 hesabı ilə uduzmuşduq. O cür azarkeşlər önündə oynamaq bizim üçün çətin idi. O vaxtkı "Borussiya" həm heyət, həm də məşqçi baxımından fərqli idi və Çempionlar Liqasının finalına qədər irəliləmişdi. "Borussiya"nın sərgilədiyi futbol o dövr üçün novator futbol sayılırdı və o tərzdə oynamaqla, dünyanın ən güclü klublarına qarşı matçlarda da uğur qazanırdılar. Hazırkı "Borussiya" isə mənə bir az "Barselona"nı xatırladır, daha çox kombinasiyalı futbola üstünlük verir.

 

Murad Mikayılov:

- Azərbaycan klubunu nə vaxt Çempionlar Liqasının qrup mərhələsində görəcəyik?

- Bu il görmək mümkün idi. "Qarabağ"ın Avroliqa təcrübəsi olsa da, Çempionlar Liqasında oynamaq üçün təcrübəsi hələ o səviyyədə deyil. Bu komandanın hazırda Avroliqada oynadığı rəqiblər ÇL-də çıxış edən komandalardan ad baxımdan heç də geri qalmırlar. Məncə, "Qarabağ" gələn il ÇL-də oynamaq iqtidarında olacaq.

 

İlqar Musayev:

- Davamçınız hesab edilən Qara Qarayevin çıxışındakı geriləmə nə ilə bağlıdı? Bəlkə "ulduz xəstəliyi"nə tutulub?

- Bir futbolçunun oyununa ayrı-ayrı səhvlərə əsasən qiymət vermək düzgün olmazdı. Mənim gözümdə Qara Qarayevdə geriləmə yoxdu. Sadəcə, fərdi səhvlər bir az çox olub. Bu da onunla əlaqədardı ki, Qara indi daha səviyyəli komandalara qarşı oynayır. Onun çıxış etdiyi mövqe elədi ki, toplar daha çox sənə gəlməlidi və itirdiyin top komandana baha başa otura bilər. "Qarabağ"da topları Almeyda və Qara "paylayır". Riçard həm təcrübə, həm də texniki imkanlarına görə Qaradan qabaqdadı. Amma topu almaq baxımından Qara Riçardı üstələyir. Top almaq, zonanı bağlamaq mənasında, Qarada geriləmə yoxdu. Bir də ki, istənilən futbolçunun karyerası enişli-yoxuşlu olur. Hətta Messinin də karyerasında bir dönəm enişli vaxtları oldu.

 

Yalçın Bayramov:

- Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan yığmasında nə dəyişib?

- Bir azərbaycanlı olaraq, nəticə baxımından millidən o qədər də razı deyiləm. İkinci tərəfdən, Prosineçkinin gəlişindən sonra futbolçuların ustalıq səviyyəsində dəyişiklik olası deyildi. İstər Mourinyo, istər Quardiola, istərsə də Venger olsun, bu baxımdan böyük dəyişiklik edə bilməz. Prosineçkinin atdığı ən düz addımlar komandanın daxilində yaxşı ab-hava yaratması, bir də əlində olan futbolçulardan maksimum dərəcədə yararlanmağı bacarması oldu. Berti Foqts daha çox eksperiment aparırdı, gəlmə oyunçulara inanırdı. Onunla mən də çalışdım. Foqts daha çox hegemonluq tərəfdarı idi. O elə fikirləşirdi ki, Azərbaycan çempionatında keçirilən oyunların səviyyəsi o qədər də yuxarı deyil, Almaniyanın 3-4-cü liqasında keçirilən matçların səviyyəsi daha üstündü. Prosineçki isə heyət baxımından ən doğru qərarları verməyə qadirdi. Yığmamızın DÇ-2018-in seçmə mərhələsində daha yaxşı çıxış edəcəyinə ümid edirik. Ən azından, yerli futbolçuların oynamaq şansı çoxdu. Elnur Cəfərovu misal çəkərdim. "Xəzər Lənkəran"ın heyətində çempionatda mütəmadi oynadığından, əsas milliyə qədər yüksəldi. Fəhmin Muradbəyli kimi digər cavan uşaqlar var ki, onların da qarşıdakı matçlarda yığmada oynamaq şansları olacaq. Ola bilsin, indiki nəticədən daha artığını edək.

 

Namiq Sadıqov:

- Hazırda Azərbaycan klublarını çalışdıran məşqçilərin əksəriyyəti - Qurban Qurbanov, Samir Əliyev, Adil Şükürov, Samir Abasov, Tərlan Əhmədov, istefaya göndərilən Emin Quliyev və Aqil Məmmədov, çoxu sizin "pokoleniya"nın nümayəndələridi, vaxtilə komanda yoldaşlarınız olublar. Niyə Aslan Kərimov baş məşqçi kimi onların sırasında yoxdu?

- Birincisi, mən milli komandadaydım, yeniyetmə yığmaların baş məşqçisi idim. İndi isə AFFA-da maarifləndirmənin, məşqçi kurslarının rəhbəriyəm. Adını çəkdiyiniz bütün məşqçilər bizim kurslardan keçiblər. Böyük futbolda işləməyim üçün ilk növbədə, təklif olmalıdı və təklifdən çox şey asılıdı. Açığı, "Rəvan"da işləməzdim. Çünki məsələlərə peşəkarcasına yanaşmırlar. Emin Quliyevi orda çalışdığına görə qınamıram. Kimsə hardasa başlamalıdı. Amma mənim ideyalarım, futbola baxışım "Rəvan"la düz gəlmir. Əgər sən hansısa kluba rəhbərlik edirsənsə və futbolçun az maaş alırsa, o oyunçuya motivasiya vermək mümkün olmur. İlk növbədə, şərait yaradılmalıdı, bundan sonra məşqçi öz fəlsəfəsini yeritməlidi. Emin çempionata 20 gün qalmış komanda qurdu, az vaxtı oldu. Bunun qarşılığında məğlubiyyətlər olan kimi rəhbərlik onu göndərirsə, günahı baş məşqçidə görürsə, deməli, yanaşması düz deyil. Bu gün mənə təklif olsa belə, qəbul edəsi deyiləm. Çünki öz işimdə özümdən sonra kimlərisə qoyduqdan sonra harasa gedə bilərəm.

 

Samir Həmidov:

- Rəşad Sadıqov yığma karyerasını bitirməlidi, ya yox? Əgər bitirməlidisə, onun yerini tuta biləcək lider futbolçumuz kimdi?

- Rəşadın nə fikirləşdiyini bilmirəm. Burda 2 məqam var: bir sənin lider kimi keyfiyyətlərin, bir də fiziki, texniki durumun. Sözsüz ki, hər bir futbolçu nə vaxtsa fiziki baxımdan üzüaşağı getməyə başlayır. Rəşadın indiki fiziki durumu 10 il əvvəlki kimi deyil. Sadəcə, bir məşqçi və futbolçu oturub fikirləşir ki, mən komandaya ümumilikdə nə qədər xeyir verirəm? Bu gün Rəşadın millidə böyük rolu var. Bəlkə də, fiziki baxımdan Bədavi Hüseynov qədər qaçmır, amma liderlik baxımından komandaya çox xeyir verir. Bununla belə, fiziki tələbləri minimum yerinə yetirməlisən. Bilmirəm, növbəti seçmə mərhələdə bunu minimum dərəcədə yerinə yetirə biləcək, ya yox, özündən asılıdı. Çünki zədəsi var, hazırlanma dövrü var. Yanvardan etibarən millinin təlim-məşq toplanışları başlayacaq. Həm yığma, həm də klubundakı ağır məşqləri nəzərə almalıdı. Amma liderlik baxımından inanmıram ki, bu dəqiqə hansısa futbolçumuz Rəşadı əvəz edə bilsin. Rahid Əmirquliyev həm yaş, həm də təcrübə baxımından yaxşıdı. Amma Rahid çox sakitdi. Lider gərək həmişə danışsın, qışqırsın, lazım olanda oyunçuları oyatsın, lazım olanda sakitləşdirsin. Rahid əla futbolçudu, ancaq liderlik keyfiyyətləri tamamilə başqa şeydi. Bəzən görürsən ki, lider futbolçunun texniki imkanları aşağı olur. Mark van Bommel var idi, onu misal göstərərdim. Dağıdıcı oyunçu olsa da, liderlik keyfiyyətlərinə görə komanda arxasınca apara bilirdi.

 

Əfqan Əliyev:

- Rəşad Sadıqovun gənc yaşlarından lider olması, özündən təcrübəli, yaşda böyük futbolçular ola-ola, kapitan sarğısını daşıması nədən qaynaqlanırdı və bu sizdə qıcıq yaradırdımı?

- Mən Rəşadı "Turan"dan tanımışam. Kazbek Tuayev onu bu komandaya götürmüşdü. Liderlik elə bir keyfiyyətdir ki, bunu heç kimə aşılaya bilmərsən. Mən kurslarla bağlı UEFA-nın çox seminarlarında iştirak etmişəm. Orda da deyirlər ki, bir futbolçunu taktiki, texniki, fiziki baxımından öyrədə bilərsən, amma liderlik keyfiyyətini məşqçi oyunçuya verə bilməz. Bu, uşaqlıqdan formalaşan bir şeydir. Xarakteri dəyişmək olmur. Rəşad gənc yaşlarından öz yaşıdları arasında seçilib. Daha sonra cavan yaşında səhv etmirəmsə, İqor Ponmaryox ona İsveçlə matçda kapitanlıq sarğısını verdi. Adətən cavan oyunçular özlərini sıxılmış kimi hiss edirlər. Ponomaryov da buna görə kapitanlığı həmin matçda Rəşada vermişdi. Bu, təcrübəli futbolçularda qıcıq yaratdımı? Bizdə nə qıcıq yarada bilərdi ki? Sözün düzü, mən də Rahid tipli futbolçu idim. Ancaq qaçmaq, işləmək, stabil oyun nümayiş etdirmək fikrində idim. Qışqır-bağırla karyeramın sonrakı dövrümdə, "Qarabağ"da kapitan olanda məşğul oldum (gülür). Qurban Qurbanov karyerasını bitirəndən sonra millinin əsas kapitanı Rəşad oldu. Digər futbolçuları bilmirəm, bu məndə heç bir qıcıq yaratmamışdı. Rəşad kapitan olduğu halda belə, arxa xətdə oynayan təcrübəli futbolçular komanda yoldaşlarına göstərişlərini verirdi. Elə bir şey yoxdu ki, ancaq kapitan danışacaq, digər futbolçular danışmayacaqlar. Bir-birimizə nəsə deyəndə xətrimizə dəymirdi. Bilirdik ki, xeyrimizə deyirik. Bir də bəzi futbolçular oyun, məşq bitəndən sonra öz aləmlərinə çəkilirdilər. Amma Rəşadda o da var idi ki, matç başa çatandan sonra komanda yoldaşları ilə danışırdı ki, növbəti oyunlara hazırlaşaq.

 

Əhməd Mirzəyev:

- İndiki futbolçular "peraşki" yeyib oyuna çıxsaydılar, aqibətləri necə olardı?

- Bu söhbət çox yayılıb (gülür). Bizim vaxtımız "peraşki" yeməklə yox, küçə futbolunun olması ilə fərqlənirdi. Hesab edirəm ki, o vaxtın futbolçuları fərdi, texniki baxımdan daha güclü idilər. Niyə? Çünki uşaq vaxtımızdan küçələrdə futbol oynayırdıq. Yeni texnologiyaların icad olması indikilərə öz təsirini göstərir. Kursların birində Zidanın haqqında danışırdılar. O özü deyirdi ki, uşaq vaxtı binanın "blok"unun içində 2-2-yə, 3-3-ə gövdəmizdə top saxlaya-saxlaya futbol oynayırdıq. Bu, tez qərar verməyi, fikirləşməyi öyrədir. İndiki uşaqların o imkanı yoxdu, hamı barmaqları ilə kompüterdə oynayır. Amma "peraşki" məsələsini gülmək üçün danışırıq (yenə gülür).

 

Fərman Ağayev:

- Klubların maddi durumunun zəiflədiyini görəndə heç deyirsiz ki, yaxşı ki, karyeramı bitirmişəm, indi oynamıram?

- (Gülür). Yox, o qədər də düşünmürəm. Mən, ümumiyyətlə, pul olmayan dövrü də gördüm, "peraşki" vaxtını da, keçid vaxtını da. Pulların 6 aydan bir 20, 40, 50 min məbləğində qalxdığını da gördüm. Mənim üçün pul önəmli olmadığına görə, bu dövrdə də oynamaq istərdim. Çünki indi millidə oynaya-oynaya xarici klublara getmək daha asandı. Bizim dövrümüzdə xarici kluba getmək qeyri-mümkün idi. Bizə görə, klublar o vaxtın pulu ilə federasiyamızdan 50, 60, 100 min pul istəyirdilər. O vaxt peşəkarlıq da yox idi. Çünki hər bir peşəkar müqavilə AFFA ilə bağlanılırdı. Yəni tutaq ki, "Qarabağ"dan oyunçu alsaydın belə, sonda gedib AFFA ilə saziş bağlamalı idin. Yadıma gəlir ki, Türkiyədə oynamaq imkanımız var idi. Onların federasiyası demişdi ki, biz sizin 4-5 oyunçunuzu götürüb, ayrı-ayrı klublara göndərə bilərik. Amma hər futbolçuya görə bizimkilər 20 min pul istədilər. O vaxt 20 min əməlli-başlı pul sayılırdı. Türklər də imtina etdilər. Yəni o vaxt hansısa xarici klubda oynamaq üçün şərait yox idi. İndi isə yaxşı menecer tapsan və yığma karyeran varsa, ən azı gedib özünü göstərmək imkanı əldə edəcəksən.  

# 354
avatar

Tengiz Məmmədov

Oxşar yazılar