Zəncirdən qurtulmaq
26 oktyabr 2015 18:15 (UTC +04:00)

Zəncirdən qurtulmaq

 

 

Şəkillər, reportajlar, videokadrlar… Yenə yarılan başlar, vurulan zəncirlər. Nə az, nə çox - düz iyirmi il əvvələ qaytardı məni. Naxçıvan şəhərinin 1995-ci ilinə. Sizlərlə bölüşmək üçün xatırladıqca, hərdən az qala özüm-özümə dedim ki, bəlkə şişirdirsən? Yaddaş lentini bir daha arxaya çəkdim və gördüm ki, hələ çox şeyləri unutmuşam, nəinki şişirtmək. 
 

***

 

...Mən onda universitetin birinci kursunda oxuyurdum. Məhərrəmliyin o məlum günlərində də ilk dəfə idi ki, Naxçıvan şəhərində olurdum. Bilmirəm, bundan əvvəlkilər necə olmuşdu. Amma bu, naxçıvanlıların o şirin ləhcəsi ilə desək, “amallı-başlı şabeh” idi…
 

Hələ bir neçə gün əvvəldən qara köynəkli, xətt saqqallı qonaqlar dəyirdi gözə. Hardan gəldikləri aydın idi. Dörd tərəfdən məngənədə olan Naxçıvana, həm də şiəliklə bağlı olan tədbirə “qonaq” hardan gələsidir ki? Di gəl, səfər məqsədləri sırf Kərbəla hadisələrinin anımı idimi? Bax buna, hələ birinci kursda oxuyan gənc olsam da, inanmırdım. Niyəsini isə heç özüm də bilmirdim.
 

Aşura günü isə lap çoxalmışdılar. Hazırlıqlı gəlibmişlər. Meydanı dolanıb, ortada fəallıq edənlərə zəncir paylayırdılar. Bizimkilərə də meydan ver, zəncir ver, vəssalam. Onsuz da hər kəsin özünə zəncir vurmaq üçün bir səbəbi var idi. Tələbəninki  imtahan-zaçot idi, əsgərinki tərxis dərdi, işsizinki iş, günahkarınkı “günah çıxarmaq”. Səbəbdən çox səbəb vardı. Hadisələrin mərkəzi şəhərin ən böyük məscidi idi. “İynə salsan, yerə düşməz” məsəli birbaşa mənasında doğruldurdu özünü. 
 

Zəncirin səsi uzaqlardan adamın qulağını “yağır edirdi”. Səsi ilk eşidəndəcə özümə sual verdim ki, “xeyir ola, insan bədəninə dəyən dəmirdən belə səs çıxır?” Yaxına gəlib, zənciri görəndə anladım. “ Qonaqların” gətirdiyi xüsusi zəncir, topa halında bir birinə bağlanmış zəncirlərdən ibarət idi. Vurulduğu yerə verdiyi əzabın on qatından da çox səs çıxarırdı. Belə zəncir vurmaq, özünü incitməkdən daha çox, hay-küy salmağa hesablanmışdı. Demək, məqsəd özünə əzab verib, əzabı hiss etmək deyildi. Bu belə…
 

Daha sonra hardansa “Şəhidlər Xiyabanına yürüş” ideyası gəldi. Qonaqlarımız buna da hazır idilər. Dini liderlərinin böyük bir şəklini götürüb, qabağa düşdülər. Zəncir səslərinin müşayiəti ilə, Şəhidlər Xiyabanına tərəf yürüş başladı. Xiyabana çatanda isə… Dini liderlərinin şəklini başa keçirmək üçün, şəhidlərimizin qəbirlərinin üstü ilə addımlaya-addımlaya ən başa gedib çıxdılar. Yox, qardaş, məqsəd şəhidləri yad eləmək deyilmiş. Belə yad eləmək olmur. Məzarın üstünə çıxmaq, yumşaq desək, hörmətsizlik olur. Bu da belə bitdi…
 

Hadisələrin “kulminasiya nöqtəsi” isə, qonaqlarımızın imamların ruhuna verdiyi ehsan oldu. Nəyəsə görə, yemək bişirilən yerlə camaatın arasını “Kamaz” maşınlarla kəsmişdilər. Plastik qablardakı yemək, arxadan maşının üstündəki adama verilir, ordan isə aşağıdakı ehsan gözləyən camaata paylanırdı. Ehsan üçün yuxarıya doğru uzanmış əllərin yaratdığı mənzərəni təsəvvür edə bilirsiz? Sizi inandırım, o qədər əl eyni vaxtda Allaha dua üçün qalxsa, edilən dua qeyd-şərtsiz qəbul olardı. Özü də minnətsiz! 
 

İşin daha maraqlı tərəfi - ehsan verənlər bütün bu prosesi videokameralar ilə çəkirdilər. Sağ əlin verdiyini nəinki sol əl, bütün orqanlar biləcəkdi. Üstəgəl, “Kamaz”ların üstündə bir adam durmuşdu, əlində də bir neçə mikrofon, elə hey bağırırdı: “Narahat olmayın, hamınıza çatacaq. Ehsanımız boldu”. Adamın əli də çatmırdı ki, yapışa qulağından və deyə: “Boldursa, hamıya çatacaqsa, bəs bu nə oyundu?”
 

Xülasə, açıqca görünürdü ki, bu işdə də məqsəd ehsan paylamaq deyil. Zəncirlərinin məqsədi səs-küy salmaq olan, şəhidlərin məzar daşını ayaqlayan, ehsanı kameralarla çəkərək verən qonaq, yaxşı mənada heç nə vəd etmirdi. Belə davam etsə, əksinə, çox pis nəticələrə gətirib çıxara bilərdi...
 

***

 

Çox şükür ki, davam etmədi. Kəlməbaşı tənqid edilən Naxçıvan hakimiyyəti, bu məsələyə çox yerli-yerində əncam çəkdi. Sonrakı illərdə bu ayinlərə kənardan müdaxilələr birdəfəlik ləğv edildi. O məscidlər indi yaxşı təmir edilərək, xalqın istifadəsinə verilib - əsasən yas mərasimləri keçirmək üçün. Kərbəla hadisələrinin ildönümünü xatırlamaq üçün hansısa qadağa-filan da qoyulmayıb. Xatırlamaq da, kədərlənmək də sərbəstdir. Amma həmin gün də, başqa günlər kimi, öncə hər kəs öz işini görməli, iş yerində olmalıdır. Boş vaxtında kim harda və necə istəyir, kədərlənə bilər.  
 

(İslam dininin özü qədər, şiəlikdə də tolerantlıq var. Belə olmasaydı, əhalisi tamamilə şiələrdən ibarət olan biz tərəflərdə “İmam üçün ağla, amma Yezid üçün də ağla” kəlamı zərb-məsəl olmazdı. Bu məsəl, insanları haqqı deməyə, haqq naminə hətta “Yezid üçün də ağlamağa” çağırır. Kimsə məni nədəsə qınaya bilər. Amma inanın ki, gözümlə gördüyümü, bildiyimi deyirəm.)
 

***

 

Kənardan gətirilən hər bir ehsan, özündən qabaqda zəncir gətirəcək. Ya özünü döymək üçün, ya da elə zəncirləmək üçün. Belə ehsanlardan qurtulmaq, həm də zəncirdən qurtulmaq kimidir. Zəncirdən qurtulmağın isə bəşəriyyətə nələr verdiyini, hər birimiz yaxşı bilirik. 
 

 

# 524
avatar

Çingiz Özgür

Oxşar yazılar