Bülənt Arınç: “Yenidən təkbaşına iqtidar olacağıq" - MÜSAHİBƏ
19 oktyabr 2015 10:44 (UTC +04:00)

Bülənt Arınç: “Yenidən təkbaşına iqtidar olacağıq" - MÜSAHİBƏ

 

Bülənt Arınç: “Seçkidə güclü bir hökumət qurmaq üçün kifayət qədər mandat əldə edəcəyimizi düşünürük”

 

Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, baş nazirin keçmiş müavini Bülənt  Arınçın APA-ya müsahibəsi

 

- 7 iyundakı seçkidə namizəd olmadınız. Seçkidən sonra hökumət qurula bilmədi, Türkiyə 5 ayda ikinci seçkiyə gedir. Məclisdə olsaydınız, hökumət qurulması üçün fəal şəkildə təşəbbüs göstərərdinizmi?

 

- Məclisdə olsaydım da nəticə dəyişməzdi. Biz Ak Parti olaraq seçkidən çıxan nəticəyə görə koalisiya hökuməti qurmağın vacibliyini anladıq. Uzun müddət davam edən müzakirələr oldu. Amma koalisiya qura biləcəyimiz ehtimalı olan partiyalarla bu iş nəticələnmədi. Ona görə də məcburən seçkiyə gedirik. Hörmətli baş nazirimizin hökumət qurmaq üçün səmimi şəkildə çalışdığına mən inanıram. Çətin şəraitdə olsa da, 1 noyabrda inşallah, önəmli bir seçki keçirəcəyik. Bizim könlümüzdən keçən budur ki, Ak Parti təkbaşına iqtidar olacaq. Ak Parti yenə birinci olacaq, ən çox mandatı yenə biz alacağıq. Dünən Bursa mitinqində də dedim, hal-hazırda rəy sorğuları bizim 276 mandata çatdığımızı göstərir, ancaq bu, kifayət deyil. Yüksəliş trendindəyik və seçkiyə qədərki 15 gündə reytinqimizin daha da yüksələcəyini və güclü bir hökumət qurmaq üçün kifayət qədər millət vəkili mandatı əldə edəcəyimizi düşünürük.

 

- Zati-aliniz Məclis sədri olandan sonra TBMM-nin müstəqilliyi və aktivliyi artdı. Bunun örnəklərindən biri ABŞ quru qüvvələrinin İraqa Türkiyə ərazisindən göndərilməsinə dair təklifin 1 mart 2003-cü ildə  rədd edilməsiydi. Avropa Birliyi ilə üzvlük müzakirələri çərçivəsində Məclis 2007-ci ilə qədər çox önəmli qanunlar qəbul etdi. Ancaq xüsusilə, 2014-cü ildəki bələdiyyə seçkisindən üzü bəri Türkiyənin prezident üsulu-idarəsinə keçməsi məsələsi, yəni parlamentar sistemdən vaz keçilməsi gündəmdədir. Parlamentar sistem Türkiyə əhalisinin xarakterinə uyğun gəlirmi, yoxsa o sistemlə ölkəni bundan o tərəfə idarə etmək mümkün deyilmi?

 

- Bunların hamısı ölkəni idarə etmənin müəyyən formalarıdır. Prezidentlik, yarı prezidentlik, parlamentar demokratiya və digərləri. Demokratik olandan sonra birini o birindən daha böyük və ya kiçik görməmək lazımdır. Bu ölkə daha yaxşı şəkildə necə idarə edilə bilər? Önəmli olan budur: 78 milyon əhalimiz var, güclü demokratiyamız var. Öz daxilimizdə, özümüzdən irəli gələn bəzi problemlərimiz var, bölgəmizdən irəli gələn bəzi problemlər mövcuddur. Dünya siyasətində bundan sonra necə daha güclü ola bilərik? İqtisadi inkişafımızı necə daha da gücləndirə bilərik? Ölkəni demokratik üsullarla idarə edərkən necə daha güclü idarə forması tapa bilərik? Bu axtarışlardan biri də prezident üsul-idarəsidir. Bunu müzakirə etmək demokratiyadan kənarda diktatorluq axtarmaq deyil. Bu gün Qərb ölkələrinin bir çoxunda da prezident üsul-idarəsi var. Ancaq bu, bir ideyadır. Bizim niyyətimiz bu cür idi: əgər Konstitusiyanı dəyişdirəcək bir qüvvəyə sahib olsaydıq, yəni 367-dən çox millət vəkilimiz olsaydı, 3-4 partiyanın bir araya gəlib hazırlaya bilmədiyi Konstitusiyanı biz hazırlayacaqdıq. Yeni Konstitusiyanı hazırlayarkən ölkənin idarə formasının nə olacağını da müzakirə edəcəkdik. Əgər onların içində Fransa modeli - yəni, yarı prezidentlik üsul-idarəsi və ya Amerika modeli - yəni, tam prezidentlik sistemi daha yaxşı olardı deyə bir konsensus meydana çıxsaydı, prezidentlik sistemini ondan sonra düşünəcəkdik. Yoxsa bu, mənim bu gün axşamdan sabaha düşünüb həyata keçirəcəyim bir şey deyil. Hörmətli prezidentimiz təkidlə prezidentlik sisteminin Türkiyə üçün daha faydalı nəticələr verə biləcəyini düşündü. Amma biz də hökumətdə dedik ki, Konstitusiyanı tək başımıza hazırlamaq üçün imkanımız olarsa, bu məsələni düşünə bilərik. Konstitusiyanı təkbaşına hazırlama imkanımız olmasa, bu məsələdə heç bir gücümüz də olmayacaq. Çünki müxalifət partiyaları prezidentlik sisteminə açıq şəkildə qarşı çıxırlar. Ağıllı düşünmək lazımdır: 7 iyunda 258 millət vəkili mandatı aldıq. Yeni Konstitusiya hazırlamaq və ya mövcud Konstitusiyanı dəyişdirməyə ən azı 330 mandat lazımdır. Məclisdə 330 mandat olarsa, referenduma getmək mümkün olur. Amma digər partiyalar buna qarşı olduğuna görə, prezidentlik sistemi də daxil olmaqla, yeni Konstitusiyanı unutmaq lazımdır. Ona görə bir daha təkrarlayıram:  biz 1 noyabrdakı seçkidə 330-dan çox mandat alsaq, yeganə vədimiz var ki, o da yeni Konstitusiya hazırlamaqdır. Yeni Konstitusiyada icra orqanı, məhkəmələr və Məclis necə olacaq? Bunları müzakirə edərkən idarəçilik sistemlərinin üzərində də duracağıq.

 

- 16 may 2000-ci ildə Fəzilət Partiyasının qurultayında Abdullah Gül Rəcai Kutana məğlub olarkən siz demişdiniz ki, istəsəydim, özüm namizəd olub  səs fərqini qapadar və sədr seçilərdim. Daha sonra Fəzilət Partiyasından ayrılıb Ədalət və İnkişaf Partiyasını qurdunuz. Ak Partinin 4 qurucusu – Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül, Bülənt Arınç və Əbdüllətif Şənər həmişə ön planda oldu. Ak Partinin 12 sentyabrdakı son qurultayında Mərkəzi Qərar və İcra Şurası siyahısında adınızı görməmək qəlbinizi sındırdımı?

 

- “Burası Eşmə, yaramı deşmə”... (Gülür – M. Ə.) Sən Türkiyənin məsələlərini bizdən daha yaxşı bilirsən, bir də “azərbaycanlı jurnalistəm”, - deyirsən. Bizim Türkiyədəki jurnalistlərin qulağı cingildəsin. Sən rentgenimizi yaxşı çəkmisən...

 

- Məclisdəki 20 ilinizi  çox yaxından izləmişik.

 

- Təşəkkür edirəm. 14 may 2007-də qurultayımızı keçirdik və biz 500-dən çox, hörmətli Kutan isə 600-dən çox səs aldı. İkiyə bölsəniz, 35-40 səslə nəticə bizim əleyhimizə oldu. Heç önəmli deyildi. Biz orada bir həqiqəti ortaya qoyduq: Fəzilət Partiyasının 2 namizədli qurultayını keçirdik. Bu, demokratik bir yarışdır. Ancaq sonradan Fəzilət Partiyası qapadılınca, biz daima partiyası qapadılan siyasətçilər olmaqdan o tərəfə, Türkiyədə iqtidara gəlməyin yollarını axtardıq və Ak Partini qurduq. O partiyanın qurucuları arasında bütün millətimiz var. Və çox şükür ki, 13 ildə həmişə ən başda olmaq üçün güləş meydanına çıxdıq, təkbaşına iqtidar olduq. Yenə eləyik. Siz 7 iyundakı nəticəyə baxmayın, yenə biz, inşallah, güclü bir hökumət quracağıq. Mən 20 ildən bəri Məclisdəydim. Artıq yoruldum və bir az dincəlmək lazım olduğunu düşündüm. Millət vəkilliyimizə son qoyaraq yeni arkadaşların önünü açdıq. Bunu çox əvvəldən demişdim: 2011-ci ildəki seçkidən sonra bir daha namizəd olmayacağımı dedim. Son 6 ayda, 1 ildə bunu daha çox dedim. Bir insanın öz sözünün üstündə durması lazımdır. Ona görə 3 dönəmi başa çatanların yenidən namizəd ola bilməyəcəkləri deyiləndə mən “Bunun mənə dəxli yoxdur, onsuz da mən namizəd olmuram” - dedim, namizədliyimi irəli sürmədim. Baş nazirimizə də namizəd olmayacağımı və partiyada aktiv vəzifə tutmayacağımı dedim. Bu, onun nəticəsidir. Ancaq qurultaya getmişdim, səs verdim və indi də görürsünüz ki, yenə Ak Partinin uğur qazanması üçün çalışıram. Qəlbimdə heç bir sınıqlıq yoxdur. Bir halda ki dünyada hər şey fanidir, bu iş də fanidir. Kənara çəkilib, gənclərə fürsət verməkdə fayda var. İnşallah, mənim bu davranışım başqalarına örnək olar. Ancaq 80 yaşındakılar hələ də “Biz gəncik, millət vəkili olacağıq”, - deyirlər. Allah yollarını açıq etsin. İnşallah, biz, Ak Partinin o böyük kadrlarıyla daim uğurlar qazanacağıq.

# 348
avatar

Mais Əlizadə

Oxşar yazılar