Valentinin proqnozu və ya soyuq hava ilə oynayan qapıçı - SOFİYA TƏƏSSÜRATLARI
15 oktyabr 2015 11:25 (UTC +04:00)

Valentinin proqnozu və ya soyuq hava ilə oynayan qapıçı - SOFİYA TƏƏSSÜRATLARI

- Azərbaycanlısız?

- Hardan bildiniz?

 

- Danışığınızdan anladım. Yüz faiz Sofiyaya futbola baxmaq üçün gəlmisiz.

- Elədi. Bura jurnalist kimi ezam olunmuşuq.

 

- Lap yaxşı. Axşamkı oyunla bağlı proqnozunuz nədi?

- Bizim futbolçular Sofiyaya qələbə dalınca gəldiklərini deyirlər. Hər halda, heç-heçə edə bilərik. Hesab da yəqin ki, 0:0 və ya 1:1 olar.

 

- Yanılırsız. Bolqarıstan bu oyunda qalib gələcək, hesab da 2:0 olacaq. Baxarsız, 2:0!

 

Hiss olunurdu ki, Bolqarıstan yığmasının qatı azarkeşidi. Çünki bizi mənzil başına çatdırana qədər israrla qələbə qazanacaqlarını, hesabın isə 2:0 olacağını deyirdi. Yəqin ki, dialoqun taksi sürücüsü ilə getdiyini anladız. Əslində, Sofiya küçələrinə yaxşı bələd olan Valentinlə söhbətə kimi hər şey məni təəccübləndirmişdi. Qaldığımız otelin işçisindən, ticarət mərkəzindəki satıcılardan tutmuş, ünsiyyət qurduğumuz digər taksi sürücülərinə qədər, heç kim Bolqarıstan yığmasına inanmırdı. Kimi dindirirdinsə, “bizim yığma hazırda çox zəifdi”, “Azərbaycanda idmana böyük pullar xərclənir” deyirdi. Matçdan öncə Bolqarıstanın qalib gələcəyinə inanan bəlkə də təkcə Valentin idi.

 

Sofiyanın başı kişi voleybolçular arasında Avropa çempionatına qarışdığından, Bolqarıstan – Azərbaycan matçı “ofsaydda qalmışdı”. Buna Vasil Levski stadionunun kassasına yaxınlaşanda tam əmin olduq. Oyuna 1 gün qalmış kassa əməkdaşı cəmi 17 biletin satıldığını deyəndə, bir-birimizə heyrətlə baxdıq. Beynimizdə “Stoiçkov, Petrov, Berbatovların diyarı Bolqarıstanda futbola maraq bu dərəcədə ölüb” sualı canlandı.

 

Əslində, qarşılaşdığımız mənzərə səbəbsiz deyildi. Avro-2016-nın seçmə mərhələsində çox uğursuz çıxış etdiyindən, Bolqarıstan yığmasına yerli azarkeşlərin inamı qalmamışdı. Buna görə də, bolqarlar özlərinə və ciblərinə əziyyət verib, soyuq havada stadionun yolunu tutmamışdılar. Elə bunun nəticəsi idi ki, Bakıdan Sofiyaya ezam olunan jurnalistlərin sayı az qala yerli azarkeşlərin sayından çox idi.

 

Oyundan öncə bizim “cəbhədən” hamı iddialı danışırdı. Baş katib Elxan Məmmədov, ötənlərin məşhur futbolçusu İsgəndər Cavadovdan tutmuş, futbolçulara qədər, hamı Sofiyaya qələbə dalınca getdiyimizi deyirdi. Təyyarədə hökm sürən xoş əhval-ruhiyyə bizdə də inam yaratmışdı. Yalnız baş məşqçi Robert Prosineçki narahat görünürdü. Bir yerdə dura bilməyən xorvat çalışdırıcı təyyarənin içində hərəkətdə idi. Arada gəlib yığmadan gedəcəyi gözlənilən Rəşad Sadıqovun başını sığallayaraq sanki “hələ tezdi, getmə” demək istəyir, arada da digər futbolçularla dialoq qurub, onlara öz qayğısını nümayiş etdirirdi. İmkan tapıb təyyarəni idarə edən pilota da baş çəkdi. “Bolqarlara bu vəziyyətlərində də qalib gələ bilməyəcəyiksə, nə vaxt qalib gələcəyik” düşüncəsi ilə Sofiya çatdıq.

 

İddialı açıqlamalar oyunöncəsi mətbuat konfransında da davam etdi. Prosineçki adəti üzrə yenə start heyətini 1 gün öncədən açıqladı. Bolqarıstana qələbə dalınca getmək düşüncəsi necə də gözəl idi. Heyf ki, bu, ancaq düşüncə olaraq qaldı, reallığa çevrilməyə gücü çatmadı.

 

Bolqar futbolçular azarkeşlərin onlara göstərdikləri inamsızlıqla meydana çıxsalar da, start fiti səslənən kimi fikirlərimizi alt-üst etdilər. Meydanda baş verənlər soyuq havaya əlavə soyuqluq qataraq, bizi sanki dondurmuşdu. Bolqarıstanın təkcə bibər yox, həm də futbol ölkəsi olduğunu ilk 4-5 dəqiqədəcə tam anladıq. Sürətli hücumlar, cinah keçidləri səviyyə fərqini açıq şəkildə ortaya çıxardı. Elə o andaca başa düşdük ki, Sofiyadan nəinki qələbə, heç 1 xalla qayıtmaq da bizlik deyil. Çox keçmədi ki, bolqarlar hesabı açaraq, ərazi üstünlüklərini məntiqi sonluğa çatdırdılar. Müdafiənin cinahlarındakı boşluqlar, ötürmələrdəki səhvlər, bərbad oyun Prosineçkini özündən çıxarmışdı. Tez-tez futbolçulara narazılığını bildirən xorvat məşqçi yerində otura bilmirdi. Məlum idi ki, fasilədə yetirmələrini əməlli-başlı tənbeh edəcəkdi.

 

Amma nə faydası? İkinci hissədə cəmi 5-10 dəqiqəlik oyanışdan sonra Bolqarıstan yığması ikinci qolu vurdu və elə həmin dəqiqədəcə oyun bizim üçün bitdi. Qalan dəqiqələr vaxt itkisindən başqa bir şey deyildi. Adamın bolqarların qapıçısına yazığı gəlirdi. Mitrev 1-2 epizodu çıxmaq şərtilə, rəqib futbolçulardan çox, soyuq hava ilə mübarizə aparırdı.

 

Bizimkilərin heç nə edə bilmədiyi görüşün tez bir zamanda başa çatması üçün Allaha dua edirdik. Və nəhayət, gözlənilən an gəlib çatdı, rəhmli hakim final fitini səsləndirdi. O andaca ilk yadıma düşən taksi sürücüsü Valentinin proqnozu, israrla “2:0 hesabı ilə qalib gələcəyik” deməsi oldu. Kaş ki, biz də nə vaxtsa israrla yığmamızın hansısa oyunda qələbə qazanacağını deyə biləydik...

(apasport.az)

# 308
avatar

Tengiz Məmmədov

Oxşar yazılar