Terrordan sonrakı Türkiyə - TƏHLİL
11 oktyabr 2015 13:49 (UTC +04:00)

Terrordan sonrakı Türkiyə - TƏHLİL

“Halk içinde  bir muteber nesne  yok  devlet gibi

                                   Olmaya  devlet cihanda bir nefes sıhhat gibi”

                                               Kanuni Sultan Süleyman

 

12 iyun 2011- ci ildəki seçkidən təkbaşına iqtidarını daha da gücləndirərək çıxan AKP, növbəti hökuməti qurmağa macal tapmadan  Şərq bölgələrində PKK terror təşkilatının ordu mənsublarına qarşı həyata keçirdiyi silsilə terror aksiyaları ilə mübarizəyə başlamaq məcburiyyətində  qalmışdı. ”Ölkənin demokratikləşdirilməsi” şüarı altında ordunun terrora qarşı əməliyyat aparma səlahiyyəti tamamilə alınsa da, o vaxtkı baş nazir Ərdoğana yaxınlığıyla bilinən daxili işlər naziri İdris Naim Şahinin qərarlı addımları sayəsində PKK terroru ağır zərbəyə məruz qalmışdı.

2012-ci ilin yayında terrora qarşı mübarizədə 180 dərəcə dəyişiklik edən Ərdoğan hökuməti, ”açılım prosesi”nə başladı və PKK terroruna qarşı mübarizəni tamamilə dayandıraraq “kürd məsələsi”ni  sülh yoluyla həll edəcəyini bildirdi. Bu dəfə tədavülə terror təşkilatının ömürlük həbsə məhkum edilmiş başçısı Öcalan daxil edildi. 2014-cü ilin yayına qədər davam edən “açılım prosesi”, 10 avqust 2014-cü ildə Ərdoğanın prezident seçilməsiylə birlikdə yeni mərhələsinə qədəm qoydu; cənab Ərdoğanın  kürd mənşəli vətəndaşlardan budəfəki istəyi  AKP-nin təkbaşına iqtidarının davamı yox, ölkənin idarə üsulunun dəyişdirilərək parlamentar rejimdən prezident idarə üsuluna keçilməsi üçün dəstək idi. Ancaq kürd siyasi hərəkatı  Ərdoğanın istədiyi dəstəyi vermək yerinə Səlahəddin Dəmirtaşın liderliyində yeni bir partiya ilə meydana çıxaraq 7 iyun 2015-ci ildəki seçkidə 80 millət vəkiliylə Məclisə girdi. Tayyip Ərdoğan 2011-ci ilin yayında əldə etdiyi iqtidarı “ustalıq dönəmi” deyə xarakterizə etsə də, 4 ilin ardından  AKP nəinki hədəfinə çatdı, təkbaşına iqtidarı da itirdi, “daşı gədiyinə qoymaq” hədəfi sözdə qaldı.

7 iyundan sonrakı proseslər isə Türkiyə Cümhuriyyəti tarixinin ən qarışıq  və təhlükəli dönəminin yaşandığı günlər kimi tarixə düşməyə davam edir. Üç illik “açılım prosesi”ni silah-sursat toplamaqla kifayətlənməyib şəhərlərdə təşkilatlanaraq keçirən terror təşkilatının seçkidən sonra fəaliyyətini şiddətləndirməsi  nəticəsində ordunun və polisin verdiyi itkilərin statistikası indiyə qədər  dövlətin varlığı və davamlılığı sahəsində yürüdülmüş siyasətlərdə bir xeyli səhvlərin olduğunu və gəlinən nöqtədə, nə qədər acı olsa da, dövlətin, bir tərəfdən, əlinin-qolunun bağlı olduğunu, digər tərəfdən isə, dövlət idarəçiliyindəki boşluqların vahiməli dərəcəyə çatdığını göstərir. 20 iyulda Şanlıurfanın Suruç qəsəbəsində  10 oktyabrda Ankarada baş vermiş terror aksiyasının “mini variantı” yaşanarkən ölkənin təhlükəsizlik sistemindəki zəif nöqtələr müzakirəyə açılsa da, bundan lazımi dərs alınmadığı açıq-aşkar görünür.

Əslində dövlət qurumları arasındakı koordinasiyanın zəifliyi  İŞİD (“İslam” kəlməsini tələffüz etməmək üçün Türkiyənin idarəçiləri “DAEŞ” deyirlər-mahiyyətdə isə dəyişiklik olmur)  terror təşkilatının 11 iyun 2014-cü Türkiyənin Musuldakı Baş Konsulluğunu işğal edərək, orada 28 iyunda dövlət elan etməsində açıq şəkildə ortaya çıxmışdı (Türkiyə Cümhuriyyəti torpağı sayılan o ərazidə “İslam Dövləti” adını daşıyan terrorist bir yapı fəaliyyətini hələ də davam etdirir). Suriya –Türkiyə sərhədinin önəmli qismini nəzarəti altına almış İŞİD-in Türkiyədəki fəaliyyəti dövlətin müvafiq qurumlarını narahat etmədiyi kimi, dini bayramlarda 200 nəfərlik İŞİD qrupunun  futbol meydançasında namaz qılmasına da müdaxilə edilməmişdi. Mən qətiyyən bu cür olaylara toleransla yanaşan bir siyasi iqtidarın olduğunu  demək istəmirəm, bu durum iqtidarın təlqinindən çox, iqtidarın dövlət idarəçiliyi üçün həyata keçirdiyi bəzi  siyasətlərin  nəticəsidir.

 

Gülən icmasıyla amansız mübarizəni “icmanın mənsublarını polis orqanlarından təmizləməyin vacibliyi”  kimi dəyərləndirən hökumət, qısa müddətli təhsil və təlimdən sonra kifayət qədər təhsili və təcrübəsi olmayan adamları polis təşkilatının yüksək vəzifələrinə təyin edir. ”Səlamün-əleyküm, inşallah, maşallah”- əvvəllər  polis komissarı səviyyəsinə yüksəlmək ciddi təhsil və illərin təcrübəsi tələb edilirdisə, indi 75 günlük (səhv oxumadınız)  təhsildən sonra 2 sətir yuxarıda yazdığım parolların da cazibəsiylə  polis komissarı rütbəsi əldə edilə bilir. Eyni metodun diplomatiya sahəsində də tətbiq edildiyini deyə bilərəm: 20-25 il çalışıb səfir rütbəsini çox çətinliklə alan diplomatların təyin edilmək istədiyi ştatlara indi ideoloji baxışlarına görə kənardan adamlar təyin edilir.

 

 

Cənubi-Şərq bölgələrində terror təşkilatının əldə etməyə və qoruyub-saxlamağa çalışdığı mövqe ölkənin təhlükəsizliyinə ciddi təhdiddir. 20 iyulda Şanlıurfanın Suruç qəsəbəsində həyata keçirilmiş terror aksiyasından sonra İŞİD terror təşkilatının ölkədəki manevr sahəsi daraldılsa da, təhlükənin keçdiyini iddia etmək doğru deyil. Rusiyanın yaxın və uzaq məsafəli bombardmanlarından sonra İŞİD terror təşkilatının Türkiyəyə sızaraq təhlükəsizlik sahəsində ciddi sıxıntılar yarada biləcəyi ehtimalı da güclü olaraq qalır

 

Prezident Ərdoğan, baş nazir Davutoğlu, nazirlər və AKP-nin yüksək səviyyələrdəki idarəçiləri nə qədər “Yeni və güclü Türkiyədən” danışıb qürur ifadə etsələr də, durum ürək açıcı deyil. Hazırda Türkiyə faktiki olaraq iki böhranı birdən yaşayır:

1) Siyasi böhran- 13 ilin iqtidar partiyası 4-cü dönəmdə normal koalisiya hökuməti qura bilmədi. Şənbə günü ölkənin paytaxtında yaşanan   terror aksiyası 1 noyabrdakı seçkinin taleyini təhlükəyə atdı. Seçki təxirə salınsa, Türk demokratiyasının aldığı zərbəni insan ağlından belə keçirmək istəmir.

2) Təhlükəsizlik böhranı- qətiyyən istəməsək də Cənubi-Şərq bölgələrində terror təşkilatının əldə etməyə və qoruyub-saxlamağa çalışdığı mövqe ölkənin təhlükəsizliyinə ciddi təhdiddir. 20 iyulda Şanlıurfanın Suruç qəsəbəsində həyata keçirilmiş terror aksiyasından sonra İŞİD terror təşkilatının ölkədəki manevr sahəsi daraldılsa da, təhlükənin keçdiyini iddia etmək doğru deyil. Rusiyanın yaxın və uzaq məsafəli bombardmanlarından sonra İŞİD terror təşkilatının  Türkiyəyə sızaraq təhlükəsizlik sahəsində ciddi sıxıntılar yarada biləcəyi ehtimalı da  güclü olaraq qalır.

 

Türkiyə bir an əvvəl dövlətin zəif salındığı nöqtələri təsbit edib “şoklama” metodologiyasıyla  o nöqtələrin ən ciddi şəkildə bərkidilməsinə çalışmalıdır. 13 illik iqtidar partiyası MHP-dən Tuğrul Türkeşi transfer etmək və ya  AKP iqtidarı  dönəmində 10 il həbsdə yatmış mafiya lideri Sədat Pəkərin “xidmətlərindən” mədəd ummaq yerinə 1 noyabrda seçki keçirib siyasi böhranı aradan qaldırmalı,  dövlətin varlığını təhlükəyə atan addımların nəticələrini aradan qaldırılması üçün səfərbər olmalı, Məclisə girəcək digər partiyaları da bu işə səfərbər etməlidir.

Mayis Əlizadə/ APA Analitik Mərkəzi

# 347
avatar

Mais Əlizadə

Oxşar yazılar