Hollandları, çexləri, türkləri çökdürən “Buzlaqlar ölkəsi" – <span style="color:red;">Beşdən biri
22 sentyabr 2015 13:20 (UTC +04:00)

Hollandları, çexləri, türkləri çökdürən “Buzlaqlar ölkəsi" – Beşdən biri

İslandiya... Bura əvvəllər yalnız “Buzlaqlar ölkəsi” kimi tanınırdı. Futbolda ciddi uğurları olmayan, Avropa və dünya çempionatının final mərhələsinə azarkeş gözü ilə baxan ölkə idi, sadəcə.

 

Amma indi... Artıq futbol İslandiyaya doğmalaşıb, daha doğrusu, islandlar futbola isinişiblər.

 

Avro-2016-nın final mərhələsində iştirakı 5 komanda təmin edib ki, onların sırasında sürpriz yığma statusunu məhz İslandiya millisi daşıyır. Skandinaviya təmsilçisi tarixi ərzində ilk dəfə bu sevinci yaşayacaq.

 

Bəs necə oldu ki, təxminən 300 min əhalisi olan islandlar futbolda birdən-birə bu inkişafa nail oldular? Futbola yad məkan kimi tanınan İslandiya bu vaxta qədər yalnız Eydur Qudyonseni ilə fərəhlənirdisə, artıq orda gələcəyin ulduzları yetişir.

 

Əslində İslandiya yığmasında bu inkişaf 1-2 il deyil, DÇ-2014-ün seçmə mərhələsindən başlamışdı. Həmin vaxt İsveçrə, Sloveniya, Norveç, Albaniya və Kipr yığmaları ilə eyni qrupda mübarizə aparan islandlar qrupda yalnız İsveçrədən geri qalaraq, pley-offda oynamaq imkanı qazanmışdılar. Lakin islandların Braziliyada keçirilən mundiala yolunu Xorvatiya kəsmişdi.

 

Avro-2016-nın təsnifat mərhələsində İslandiyanın bəxtinə Hollandiya, Çexiya və Türkiyə kimi daha güclü rəqiblər çıxmışdı. Buna baxmayaraq, İslandiya seçmə mərhələyə çox uğurlu başladı. Əvvəlcə öz meydanında Türkiyəni 3:0 hesabı ilə məğlub edən skandinaviyalılar daha sonra eyni hesabla səfərdə Latviyaya qalib gəldilər. İslandiyanın əsl gücü Hollandiya ilə matçda bilinəcəkdi ki, komanda bu sınaqdan da üzüağ çıxdı. Hollandiya üzərində qazanılan 2:0 hesablı qələbə İslandiya yığmasının sürpriz komanda olduğunu, turnirin final mərhələsinə vəsiqə qazanmaq istədiyini bir daha təsdiqlədi. İslandlar seçmə mərhələdə ilk dəfə xal itkisi və məğlubiyyətlə Çexiya ilə matçda üzləşdilər. Yeri gəlmişkən, bu, onların Avro-2016-nın seçmə mərhələsində hələ ki, yeganə məğlubiyyətidir. İslandiya çexlərdən həmin məğlubiyyətin əvəzini öz meydanında çıxmağı bacardı. Sona 2 tur qalmış İslandiya yığması final mərhələsində iştirakı artıq təmin edib.

 

İslandiyanın həm hücumda, həm də müdafiədə inamlı çıxış etdiyini söyləmək olar. Qrupda ən az qol (3) buraxan komanda ən çox qol vurmaqla ikincidi – 15 qol.

 

Komandanın baş məşqçisi Lars Laqerbek isveçlidi. 67 yaşlı məşqçi müxtəlif vaxtlarda öz ölkəsinin millisini çalışdırıb. 2012-ci ildən isə Laqerbek İslandiya yığmasının sükanı arxasındadı.

 

Bu komandanın ulduz futbolçusu yoxdu desək, yanılmarıq. Düzdü, 37 yaşlı Eydur Qudyonsen hələ də milliyə çağırılır. Amma “Çelsi” və “Barselona”nın sabiq futbolçusu artıq karyerasının son illərini yaşayır. Hazırda Çin çempionatında çıxış etməsi də bunun göstəricisidir. Heyətdə olan milli üzvlərinin çıxış etdikləri klublar sırasında “Suonsi”, “Nürnberq”, “Çarlton”, “Bazel” ən məşhurlarıdı. Komandanın hazırkı lideri “Suonsi”nin formasını geyinən, sabiq “Tottenhem”li Qilfi Siqurdssondu. 10 nömrəli formanı geyinən 26 yaşlı yarımmüdafiəçi hücumların qurulmasında yaxından iştirak edir, oyunu yönləndirir. Amma bu cür çıxışın əsas səbəbkarı o yox, baş məşqçidir.

 

Vaxtilə FİFA reytinqində “100”ə düşməkdə çətinlik çəkən islandlar, hazırda 23-cü pillədə qərarlaşıblar. Yeri gəlmişkən, bu, İslandiya üçün rekord göstərici sayılır. Bax, əsl inkişaf, budur! Yarım milyon əhalisi olmayan Skandinaviya ölkəsindən döyüşkən, güclü futbol yığması çıxırsa, deməli, futbol heç də ancaq böyük “beşlik” ölkələrində oynanılmır.

 

 

 

 

 

 

 

 

# 305
avatar

Tengiz Məmmədov

Oxşar yazılar