<span style="color:red;">Ağcabədidən Londona, geriyə “Qızıl fit”lə : <b>“Bu rus nə istəyir?" </b>
25 avqust 2015 11:38 (UTC +04:00)

Ağcabədidən Londona, geriyə “Qızıl fit”lə: “Bu rus nə istəyir?"

Azərbaycan futbol hakimliyinin zirvəsi Tofiq Bəhramovdur. 22 il əvvəl dünyasını dəyişən Bəhramov təkcə hakimlikdə deyil, ümumiyyətlə, futbolumuzda ən tanınmış simadır desək, yanılmarıq.

Tofiq Bəhramov Azərbaycan futbolunun brendidir. Türkiyəli həmkarlarımız onu ələ salıb, məsxərəyə qoysalar belə...

Bəli, bir neçə gün öncə Türkiyənin "NTV Spor" telekanalında yayımlanan "Qol" verilişində Emek Ege və Güntəkin Onay mərhum hakimimizi lağ obyektinə çevirmişdilər. Onlar Tofiq Bəhramovun DÇ-1966-nın finalında verdiyi məşhur qərara toxunaraq, kinayəli şəkildə həmin qərarın doğru olub-olmadığını müzakirə etmişdilər.

Məşhur qərar demişkən, bilməyənlər üçün qeyd edək ki, DÇ-1966-nın final görüşü olan İngiltərə - AFR matçında gecənin adamı məhz Tofiq Bəhramov olub. Həmin mundial həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı. Həlledici görüşün 101-ci dəqiqədə İngiltərə yığmasının üzvü Ceffri Herstin topu qəbul etməsinə alman müdafiəçilər mane ola bilmədilər. Nəticədə Herst topu saxlamadan güclü zərbə endirdi. Top tirə dəydikdən sonra qapı xəttinə endi, sonra isə alman futbolçular tərəfindən uzaqlaşdırıldı. Baş hakim Dinst epizodu dəqiq görə bilmədiyindən, bütün məsuliyyəti Bəhramovun üzərinə atdı. Azərbaycanlı hakim isə məsuliyyətdən qaçmayaraq, həmkarına topun qapı xəttini keçdiyini əminliklə bildirdi. Nəticədə İngiltərə yığması tarixi ərzində ilk dəfə dünya çempionu adını qazandı. 

Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu. Bu oyundan sonra Böyük Britaniya kraliçasının özü Tofiq Bəhramova "Qızıl fit" və "Qızıl ilahə"nin kiçik modelini təqdim etdi.

2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Hopkraft kitabında yazır: "Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hər kəs fikirləşirdi ki, bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".

Tofiq Bəhramov 1925-ci il, yanvarın 29-da Ağcabədi rayonunda anadan olub. Bəzi hakimlər kimi, Bəhramov da əvvəlcə futbolçu kimi bəxtini sınamaq istəyib. Futbolçu karyerasına 1940-cı ildə başlayan Bəhramov "Spartak"ın gənclərdən ibarət komandasında çıxış etdikdən sonra "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Deyilənlərə görə, Bəhramov futbolçu ikən hakimlərlə daha çox mübahisə etməsinə görə digərlərindən fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.

1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan Bəhramov 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi tarixə düşüb. Bəhramov Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən isə birinci sovet hakimi olub.

T. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, o, 1972-ci ildə Qitələrarası kubokun finalını ("Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) idarə edib.

DÇ-1966-nın qəhrəmanı 4 il sonrakı mundialda da hakimlik edib. Sonralar Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) yarananda hakimlər komitəsinin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. 2004-cü ildə dünyada hakimlərdən ilk dəfə məhz onun adına abidə ucaldılıb. Haqqında sənədli film çəkilən Tofiq Bəhramovun adını hazırda Respublika stadionu daşıyır.

 

Maraqlıdır:

London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəlciyi var;

Bəhramov 15 il ərzində idarə etdiyi oyunların heç birində qırmızı vərəqə göstərməyib;

Mərhum hakim dünyanın 52 ölkəsinə səfər etsə də, heç vaxt Almaniyada olmayıb;

 

 

 

# 393
avatar

Tengiz Məmmədov

Oxşar yazılar