<span style="color:red;">I Avropa Oyunlarının medalçı bacıları:  <b>“Pul gəldi-gedərdir”</b> - <span style="color:red;">EVİN İÇİ
28 iyul 2015 10:49 (UTC +04:00)

I Avropa Oyunlarının medalçı bacıları: “Pul gəldi-gedərdir” - EVİN İÇİ

 

 

Lent.az-ın “Evin içi” layihəsinin budəfəki qonağı, daha dəqiq desək, qonaqları qılıncoynatma idman növü üzrə I Avropa Oyunlarında gümüş və bürünc medal qazanmış Sevil və Sevinc Bünyatova bacılarıdır. Bizi evində qonaq qəbul edən bacılar mehriban münasibət göstərməklə yanaşı, səmimilikləri ilə seçildilər.

 

- Qonaq qəbul etmək və getməklə aranız necədir?

 

Sevinc:

-         Yaxşıdır. Qonaq qəbul etməyi də xoşlayıram, getməyi də.

 

Sevil:

 

-         Mən amma daha çox qonaq getməyi xoşlayıram (gülür).

 

- Rubrikanın adına uyğun olaraq, evin içində daha çox olursuz, yoxsa idmanla əlaqədar, evdən kənarda?

 

Sevil:

 

-         İdmanla əlaqədar, evdən kənarda daha çox oluruq. Məşqlərə gedirik, yarışlara çıxırıq.

 

Sevinc:

 

-         Mənə də elə gəlir ki, evdə az oluruq.

 

- Ailə sizin üçün nə deməkdir?

 

 

Sevil:

-          Mən ailəliyəm. Ailə mənim üçün kiçik dövlət deməkdir. Onu necə quracaqsansa, axıra kimi də elə getməlisən. Ailədə gərək heç nəyə baxmayaraq, xoşbəxt olasan. Övladın, həyat yoldaşın, hamı bir olmalıdı.

 

Sevinc:

 

-         Mən ailə qurmağa hazırlaşıram. İnşallah, sentyabrda toyum olacaq (gülür). Sevil dediyi kimi, ailə kiçik dövlətdir.

 

- Probleminiz olanda onu kimlə bölüşürsüz: bir-birinizlə, yoxsa başqa bir kəslə?

 

Sevil:

 

-         Mən problemim olanda anama deyirəm. Dərdimi onunla bölüşürəm.

 

Sevinc:

 

-         Mən isə birinci Sevillə bölüşürəm problemimi. Amma Sevil problemini mənə demir (gülür). Buna baxmayaraq,  nə olursa, birinci ona deyirəm, sonra anamla dərdləşirəm. Kənar adama heç nə demirik, ancaq evdəkilərlə məsləhətləşirik.

 

- Kənardan çox sakit, gülərüz görünürsüz. Adi həyatda da eləsiz?

 

Sevinc:

 

-         Əlbəttə (gülür). Necə görürsüzsə, eləyik.

 

Sevil:

 

-          Düz deyir. Məşqdə də, bayırda da, evdə də, bir sözlə hər yerdə beləyik.

 

- Bəs sizi nə əsəbləşdirə bilər?

 

Sevinc:

 

-         Haqsızlıq. Nəyisə düz etməyəndə istər-istəməz əsəbləşirsən.

 

 

Sevil:

 

-         Bir də yalan. Xırda şeylər yox, amma böyük söhbətlər olanda, adam əsəbləşir.

 

- Özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdır?

 

 

Sevinc:

 

-         Tərsəm. Deyirəmsə ki, bunu etməyəcəm, deməli, etməyəcəm. Hətta kimsə məndən xahiş etsə belə, yenə etmirəm. Bu xasiyyətim özümün də xoşuma gəlmir. Amma dəyişə bilmirəm, xasiyyətim belədir, məndən asılı deyil.

 

Sevil:

 

-         Mən kinliyəm. Biri pislik edəndə onu unutmuram. Əgər onunla danışmıramsa, heç vaxt fikrimi dəyişmirəm. Çox kin saxlayıram. Elə adam var ki, onunla hələ də küsülüyəm, danışmıram. Xətrimə dəyən adamı asan bağışlamıram. Düzdür, bu, mənfi xasiyyətdir. Nə qədər çalışdım ki, xasiyyətimi dəyişəm, amma alınmadı. İnsanı bir dəfə silirəm (gülür).

 

- Pul sizin üçün nə deməkdir?

 

Sevil:

 

-          Pul gəldi-gedərdir. Həyatda əsas can sağlığıdır.

 

Sevinc:

 

-         Mən də razıyam. Pul bu gün var, sabah yoxdur.

 

- Hansınız çox pul xərcləyənsiz?

 

 

Sevinc:

 

-         Mən yox, Sevil çox pul xərcləyəndir. Mən qənaətciləm.

 

 

Sevil:

 

-         Mən xərcləyirəm (gülür). Deməzdim ki, bədxərcəm. Amma ki, ehtiyacım olan, xoşuma gələn şeylərə pul xərcləyirəm, qıymıram. Ən çox qızıma xərcləyirəm.

Sevinc:

 

-          Düz deyir, ən çox qızına xərcləyir. Bəlkə də, mənim də övladım olanda, mən də ona çox pul xərcləyəcəm.

 

Sevil:

 

-         Qızımın hər istəyini artıqlaması ilə edirəm, pulumu buna (əli ilə qızını göstərir – T.M) xərcləyirəm.

 

- Müsahibələrinizdə atanız rəhmətə getdiyi üçün çətinliklə böyüdüyünüzü demisiz. Sevil, övladının hər istəyini yerinə yetirməyin vaxtilə özünün istəklərinin qarşılıqsız qalması ilə əlaqəsi varmı? Yəni istəmirsən ki, sən gördüyün çətinlikləri övladın görsün...

 

 

Sevil:

 

-          Düzdü, ola bilər. Biz çətinliklə böyümüşük. Allaha şükür, indi vəziyyətimiz yaxşıdır. İstəyirəm ki, qızım hər şeydən razı qalsın. Həyatda hər şeyi ona görə edirəm.

 

- Çətin günlərinizdə sizi yada salmayan, amma uğur əldə edəndən sonra peyda olan, sizinlə maraqlanmağa başlayan tanışlarınız çoxdumu?

 

Sevil:

 

-         (Gülür). Elə adamlar var. Elələri zəng edir ki, özüm-özümə deyirəm ki, bu adam mənə heç vaxt zəng etməyib, indi zəng edir. Təbriklərini çatdırırlar, biz də sağ ol deyirik.

 

- Dost sizin üçün nə deməkdir?

 

Sevinc:

 

-         Rəfiqəm yoxdu. Sevildən başqa heç kimlə dostluq eləmirəm. Gərək hər şeyini ailənlə bölüşəsən. Mənə elə gəlir ki, bacıdan yaxın rəfiqə ola bilməz.

Sevil:

 

-          Dostlarımız var, məsələn məşq yoldaşlarımız. Amma biz onlarla dərdimizi bölüşmürük. Lap bacı kimi dostumuz yoxdu. Ancaq bir-birimizlə dərdləşirik. Belə rəfiqələrimiz var, sadəcə onlara sirrimizi vermirik.

 

- Ev işlərində hansınız daha qoçaqsız?

 

Sevil:

 

-          O, qoçaqdı, təmizliyi daha çox sevir. Mən də xoşlayıram, amma onun qədər yox.

 

- Bəs kim daha dadlı yemək bişirir?

 

Sevinc:

 

-         Mən bacarmıram.

Sevil:

 

-         Yemək bişirməkdə özüməm. Bacarmıram deyə bir şey yoxdur.

 

- Sevinc, gələn ay toyunuz olacaq. Bəs yemək bişirməyi nə vaxt öyrənəcəksiz?

 

 

Sevinc:

 

-         Öyrənəcəm (gülür).

Sevil:

 

-          Öyrənəcək. Məni kim öyrədib ki? Anamdan görüb-götürmüşəm. O da vaxt gələcək, bacaracaq.

 

- Həyatda nəyi bağışlamırsız?

 

 

Sevil:

 

-          Xəyanəti və yalanı. Əgər böyük yalan danışılırsa, onu bağışlamıram. Nə varsa, onu demək lazımdı. Xəyanəti isə heç kim bağışlamır.

 

 

Sevinc:

 

-         Sevilin fikirlərinə qatılıram.

 

- İdmançı olmasaydız, Bünyatova bacıları hansı peşənin sahibləri olardılar?

 

 

Sevinc:

 

-          Həkim olardım.

 

 

Sevil:

 

-         Mən isə həmişə istəmişəm ki, vəkil olum. Bir də təcrüməçi olmağı xoşlayıram. Xarici dilləri bir az bilirəm. Səfərlərdə olduğum üçün ingilis dilindi bir az bilirəm. Rus dilində isə təmiz danışıram.

 

- Övladınızın idmançı olmağınızı istərdizmi?

 

 

Sevil:

 

-          Əgər özü idmançı olmaq istəsə, mən mane olmaram. Biz uşaqlıqdan bu işin içindəyik. 17 ildi idmanla məşğul oluruq, indi-indi nəticələrimiz var. Görün, nə qədər yol gəlmişik. 17 il az müddət deyil. Amma daha çox qızımın təhsil almasını istəyirəm. Həkim və ya vəkil olsun. İndiki zamanda mən fikir verirəm ki, savad birinci yerdədir. Zəmanə dəyişilib.

 

 

Sevinc:

 

-          Mənim də gələcəkdə övladım idmançı olmağı istəsə, mən onu idmana qoyaram. Yoxsa böyüyəndə deyəcək ki, mən bunu istəyirdim, ailəm etmədi.

 

- Boş vaxtlarınızı necə keçirirsiz? Ümumiyyətlə, necə istirahət etməyi xoşlayırsız?

 

 

Sevil:

 

-         Uşaqla. Onu gəzməyə aparıram, çimərliyə gedirik. İstirahətimizi belə edirik.

 

 

Sevinc:

 

-         Mən isə nişanlımla, ailə üzvlərimlə istirahət edirəm.

 

- Hobbiniz nədir?

 

Sevinc:

 

-         Kitab oxumağı xoşlayıram. Bacımın və qardaşımın övladları ilə vaxt keçirirəm.

 

Sevil:

 

-          Mən dükanları gəzməyi, alış-veriş etməyi çox xoşlayıram. Elə olur ki, saatlarla şoppinqdə oluram. Bəlkə də, hobbim budur (gülür).

 

- İnsanlarda ən çox önəm verdiyiniz xüsusiyyətlər hansıdır?

 

 

Sevil:

 

- Gülərüz, sadə, mehriban insanları xoşlayıram. Bir-birlərinə yaxşı münasibət göstərənləri bəyənirəm. Qaşqabaqlı, acıdil insanlardan acığım gəlir.

 

 

Sevinc:

 

-         Mən də həmçinin. 

Sevil:

 

-         Üç günlük dünyadır, kim bu dünyadan nə aparıb ki? Heç nə. Kasıb da, varlı da sonda torpağa tapşırılır. Özündənrazı insanlardan xoşum gəlmir.

 

- Uğur qazanandan sonra Azərbaycan xalqı sizi tanıdı. Məşhurluqla aranız necədir?

 

 

Sevinc:

 

-         Heç fikir vermirik buna.

 

Sevil:

 

-          Vallah, bizim üçün heç nə dəyişməyib. Əvvəl necə idiksə, indi də eləyik. Nə olsun ki, məşhur olmuşam, əvvəlki Seviləm, həmin insanam. Məşhurlaşmışam deyə, niyə özümdən razı olmalıyam ki? Əgər elə olsam, heç kim mənimlə danışmaz, ünsiyyət qurmaz. Mənim bir sözüm var. Deyirəm ki, kasıb insan bir günün içində var-dövlətli, imkanlı insan isə bir günün içində kasıb ola bilər. Həyat belədir.

 

 

Sevinc:

 

- Amma şəhərə çıxanda tanıyırlar. Yaxınlaşırlar ki, siz həmin əkiz bacılarsız. Biri şəhərdə yaxınlaşıb dedi ki, sizə görə televizoru sındırmışam (gülürük). Deyir ki, o qədər həyəcan keçirdim ki televizora baxa-baxa.

 

- Adi həyatda sizi nə məcbur edə bilər ki, qılıncı əlinizə alasız?

Sevinc:  (Gülür).

 

Sevil:

 

-         Heç nə. Mən deyə bilərdim ki, ana olmuşam, övladıma baxacam. Yəni idmana qayıtmaya bilərdim. Amma çox istəyirəm bu idmanı. Ömrümü qoymuşam, marağım var.

 

- Bundan sonrakı hədəfləriniz nədən ibarətdir?

 

Sevinc:

 

-         Rio Olimpiadasına hazırlaşmaq lazımdır.

Sevil:

 

-          Qarşıdan həm Olimpiada, həm də İslam Həmrəylik Oyunları gəlir. Əsas yarışlar qabaqdadır. Əvvəl bizi az adam tanıyırdı. Amma indi çoxları tanıyır və bizə inanırlar. Olimpiada iştirak etmək üçün ilk növbədə, lisenziya xalları qazanmaq lazımdır. “Neftçi İdman Klubu”nun rəhbəri Sadıq Sadıqova, federasiyamızın rəhbəri Yaşar Məmmədov və məşqçimizə minnətdarıq.

 

# 247
avatar

Tengiz Məmmədov

Oxşar yazılar