[b]“Mənimlə zarafat edirlər ki, acqarına daha yaxşı nəticə verirsiz” –[/b] PRESSİNQ
23 iyul 2015 15:13 (UTC +04:00)

[b]“Mənimlə zarafat edirlər ki, acqarına daha yaxşı nəticə verirsiz” –[/b] PRESSİNQ

 

 

Lent.az-ın “Pressinq” layihəsinin növbəti qonağı Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovdu. Bolqarıstanlı futbol adamı Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “İnter” – “Hafnafyordur” matçından öncə redaksiyamıza gələrək, oxucuların ona ünvanladığı sualları cavablandırdı.

 

Samir Salmanov:

- Səfərdə keçirilən ilk görüşdə “Hafnarfyordur”a qalib gələn “İnter”dən bu gün hansı nəticəni gözləyirsiz?

- Düzdü, səfərdə qalib gəlmişik. Amma arxayınlaşmaq olmaz. Bu gün də qələbə qazanmalıyıq. İnanıram ki, “İnter” bunun öhdəsindən gələcək.

 

Namiq Sadıqov:

- Albaniyanın “Laçi” klubu ilə cavab oyunundan sonra ağladınız, Azərbaycan bayrağı ilə meydanda dövrə vurdunuz. Halbuki sizi heç vaxt belə görməmişdik. Həmin hal bir də nə vaxtsa təkrarlana bilərmi?

- Bu, gərginlikdən sonra gələn sevinc göz yaşları idi. Heç kimə sirr deyil ki, hazırda çətin günlərimizi yaşayırıq. Həmin vaxt gün ərzində təxminən 12 saat iş başında olurdum. Bu yüklənmə insanın əsəblərinə təsir edir. Kənardan necə başa düşüldüyünü bilmirəm. Amma həmin göz yaşları emosionallıqdan irəli gələn göz yaşları idi. 10 ildi ki, Azərbaycanda yaşayıram və özümü sizlərdən biri hesab edirəm. Təntənəmi, qələbə sevincimi təbii ki, Azərbaycan bayrağı ilə dövrə vurmaqla qeyd etməliydim. Prinsipcə, soyuqqanlı insanam, emosiyam azdı. Adətən işimi soyuq başla, amma isti ürəklə görürəm (gülür). Lakin bu dəfə özümü saxlaya bilmədim.

 

Orxan Babayev:

- “İnter” maddi vəziyyəti yaxşı olanda Avrokubokda ən yaxşı halda, 1 mərhələ keçirdi. İndi isə ikinci mərhələni də keçməyə yaxınsız. Niyə komanda bunu pullu vaxtlarında edə bilmirdi?

- Bu bəlkə də pulla bağlı deyil. Ola bilsin, səbəbi psixoloji durumla, oyunlara köklənmə ilə əlaqədardı. Burda penalti seriyasının da rolu olub. Yəqin xatırlayırsız, biz neçə dəfə - yunanlar, isveçlilər, polyaklara penaltilər seriyasında uduzduq. Çox şadam ki, komanda indiki vəziyyətdə də özündə güc tapır və imkanlarını, potensialını meydanda göstərir. Bəziləri mənimlə zarafat edir ki, acqarına daha yaxşı nəticə verirsiz. Hər halda, fakt faktlığında qalır, nə deyim? (gülür).

 

Yalçın Bayramov:

- “İnter” hazırkı vəziyyətində də baş məşqçi postuna əcnəbi məşqçi gətirdi. Klubun bu strategiyası nə ilə bağlıdı? Niyə yerli məşqçilərə güvənmirsiz?

- Kaxaber Sxadadze komandadan gedəcəyini açıqlayanda biz axtarışlara başladıq. Həmin vaxt Marino Pusiçi gətirmişdik, ancaq son 6 ay ərzində maddi cəhətdən xoşagəlməz vəziyyətlə üzləşdik. Buna görə də, onu baş məşqçi postuna gətirəsi olmadıq. Gizlətməyəcəm, həmin vaxt bir neçə azərbaycanlı məşqçi ilə danışıq apardım. Adlarını çəkmək istəmirəm, çünki özləri belə istəyirlər. Hamısı ilə şəxsən özüm danışdım. Amma sonra təklifdən imtina etdilər, çünki “İnter”in özünün yaşayacağına inam qalmamışdı. Daha sonra Zaur Svanadzeyə müraciət etdim. Bilirsiz ki, o, Kaxaber Sxadadzenin köməkçisi idi. Bizim üçün ən yaxşı variant onu gətirmək idi ki, Sxadadzenin strategiyasını davam etdirsin. Svanadze sübut edir ki, seçimimiz doğru olub. Yerli məşqçilərə qarşı heç bir iradım, narazılığım yoxdu. Onlara hörmətlə yanaşıram. Azərbaycanlı məşqçilər həm ölkə daxilində, həm də avrokuboklarda uğurlar əldə ediblər. Qurban Qurbanov, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov, həmçinin Şahin Diniyevin adını çəkə bilərəm. Bu insanlar məşqçi kimi özlərini isbatlayıblar. Gələcəkdə yerli məşqçi ilə çalışacağıqmı? Gələcəyə kimi yaşayaq, sonra baxarıq (gülür).

 

Samir Həmidov:

- Kaxaber Sxadadze “İnter”də axırıncı oyunundan sonra açıqlamasında sizdən inciyini gizlətməmişdi. Belə demək olarmı ki, Kaxa burdan küsülü getdi?

- Kaxaber çox emosional insandı. Onun üçün ya ağ var, ya da qara, yəni ağ və qara arasında nəsə mövcud deyil. Yadımdadı, demişdi ki, mən niyə düşüb komanda üzvlərini çempionatdakı uğur münasibətilə təbrik etməmişəm? Halbuki mən orda idim. Mükafatlandırma mərasimində də iştirak etdim. Bunu əks etdirən fotolar da var. Sonra paltardəyişmə otağına daxil oldum, hamı ilə görüşdüm. Kaxaya yola salmaq əlaməti olaraq, bir şüşə viski hədiyyə etdim. Qısası, bir səbəb görmürəm ki, Sxadadze məndən incisin. Bütün bunlar artıq geridə qaldı. İndinin özündə də Kaxa ilə əlaqə saxlayırıq. “İnter”in durumu ilə maraqlanır. Svanadzeni baş məşqçi təyin etməyə qərar verəndə mənə sms göndərdi ki, düz addım atmısız. Bundan əlavə, Gürcüstan yığmasının baş məşqçisi kimi İslandiyaya da getmişdi, gürcü futbolçuların durumu ilə yaxından tanış olmaq üçün.

 

Sahib Əliyev:

- Kaxaber Sxadadzeni nə vaxtsa yenidən “İnter”in baş məşqçisi postunda görə bilərikmi?

- Məncə, yox. Bu, real görünmür. Düşünmürəm ki, Kaxa nə vaxtsa qayıtsın. Hər məşqçinin inkişaf etmək, qabağa addım atmaq arzusu olur. Gürcüstan yığmasından sonra mənə elə gəlir ki, Kaxa daha güclü futbol ölkələrində işləmək variantı axtaracaq. O elə insandı ki, geriyə addım atmaz. Hər şey Gürcüstan millisindəki işindən asılıdı. Kaxa işgüzar adamdı, öz işini bilir.

 

Tural Məmmədov:

- Bir müddət öncə demişdiz ki, “İnter” Azərbaycan çempionatının növbəti mövsümündə ortabab yerlər uğrunda mübarizə aparacaq. Sizə elə gəlmir ki, hazırkı heyətlə çempionluğa da oynamaq olar?

- Bu, bir dezinformasiya idi (gülür). Özüm elə demişdim ki, rəqibləri rahatlaşdıraq (yenə gülür). Azərbaycan Premyer Liqasında yenə çempionluq uğrunda oynamaq məni sevindirər. Mən o sözləri deyəndə faktiki olaraq, komandamız yox idi. Heyətin 90 faizi gənclərdən qurulmuşdu. Sonra heyəti gücləndirdik, təcrübəli oyunçular gətirdik. İndi isə mübarizə aparmaq olar. Komandanın qarşısına medallar uğrunda oynamaq tapşırığı qoyulacaq.

 

Rizvan Mahmudov:

- Daha bir Azərbaycan klubu – “Simurq” maddi imkan üzündən yüksək dəstədəki çıxışını dayandırdı. Sirr deyil ki, “İnter” və “Simurq” “qardaş” komandalar sayılırdı. Bu mənada, “Simurq”un dağılmaq təhlükəsi ilə üzləşməsi sizə necə təsir edib?

- Çox ağrılı mövzudu. Geniş şərh vermək istəmirəm. “Simurq”un yoxluğu futbolumuzda hiss olunacaq. Bilirəm ki, bu sözümü yenə yozacaqlar. Başlayacaqlar ki, “Simurq” “İnter”ə kömək edirdi, filan-fəsməkan. Amma son illər qeydə alınan nəticələrə baxın. “İnter” ən çox xal itkisinə məhz “Simurq”la oyunda üzləşib. Bu faktdı ki, “Simurq”un dağılmaq təhlükəsi ilə üz-üzə qalması Azərbaycan futbolu üçün böyük itkidi. Gözləmək, səbr etmək lazımdı. Amma digər tərəfdən “Simurq”un çempionatda olmaması “İnter”lə bağlı söz-söhbətləri azaldacaq. Yenə deyirəm, son illərdə “Simurq”la oyunlarda xallar itirməsəydik, çempion ola da bilərdik. Mənim bu komandaya böyük hörmətim var. Kiçik bir komanda daha sonra ambisiyalı bölgə təmsilçisinə çevrildi. Zaqatalalı azarkeşlər “Simurq”u çox sevirlər. Əfsuslar olsun ki, belə alındı. Nə etmək olar? İqtisadi durum, maddi imkan klubların yaşaması üçün vacib şərtdi.

 

Ceyhun Qəribov:

- Bu il əksər klublar maddi problemlə üzləşdilər. Nəticədə çoxunun iddiası azaldı. Bu məqam Azərbaycan çempionatındakı rəqabəti azaltmayacaq?

- Məncə, yenə rəqabət olacaq. Özünüz də görürsüz ki, pul heç də hər şeyi həll etmir. Heyəti zəif olanlar da xarakter göstərəcəklər. Azərbaycan çempionatında iştirak edən komandalar həmişə ilk növbədə, xarakter nümayiş etdirirlər. Keçən il AZAL komandası hamıya qarşı layiqli mübarizə aparırdı, iddialılara da problem yaradırdı. “Xəzər Lənkəran” gəncləşdirmə siyasətinə keçsə də, xarakter göstərirdi, gənc oyunçuları sona qədər döyüşürdülər. “Bakı”nı da qeyd etməliyəm. Demək olar ki, mövsümü həvəskar şəkildə keçirdilər, bir qəpik də almadılar. Buna baxmayaraq, döyüşkən futbol göstərdilər. Azərbaycan futbolunda həmişə əsas məqam xarakter olub. Sadəcə, maddi vəziyyət pisləşəndə keyfiyyətli legionerlər almaq olmur, bu isə sərgilənən futbolunun səviyyəsinə mənfi təsir edir.

 

Elvin Mehdiyev:

- “İnter” hazırkı vəziyyətdə Zurab Xizanişvili kimi təcrübəli futbolçunu necə transfer edə bildi?

- Biz onu almadıq. Zaur Svanadzenin Xizanişvili ilə yaxşı münasibəti var və məhz bunun hesabına onu komandamıza gətirə bildik. O, Zaurla çoxdan tanışdı. Svanadze Zurabla əlaqə saxladı, vəziyyəti ona izah etdi və dedi ki, bizə sənin köməyin lazımdı. Xizanişvili isə dərhal razılaşdı. O elə bir insandı ki, uzun müddət yüksək səviyyədə futbol oynayıb və hazırda Zurab üçün pul əsas deyil.

 

Teymur Məmmədov:

- Dost dar gündə tanınar. Hazırda çətin günlərini yaşayan “İnter” camiəsi əsl dostunu və düşmənini tanıdımı?

- Bəli, dost pis gündə tanınar. Açığı, bu vəziyyətdə yanımızda çoxlu dostların olması məni yaxşı mənada təəccübləndirdi. Daha pisini gözləyirdim (gülür). Heç olmasa, mənəvi cəhətdən bizə dəstək olurlar. Pul gec-tez gələcək.

 

Amil Əliyev:

- Sizcə, hansısa azərbaycanlı futbol adamı Bolqarıstan klubunun prezidenti ola və 10 il bu vəzifəni icra edə bilərmi?

- (Gülür). Maraqlı sualdı. Belə bir şey olmuşdu. Təxminən 10-15 il əvvəl “Levski” klubunun prezidenti Mixail Çernoy adlı şəxs olmuşdu. Azərbaycanlı deyildi, səhv etmirəmsə, Özbəkistanda anadan olmuşdu. Əgər Azərbaycan vətəndaşı imkanlıdısa, pulu çoxdusa və Bolqarıstanda klub prezidenti olmaq istəyirsə, bolqarlar buna məmnuniyyətlə razılaşarlar (gülür).  

# 258
avatar

Tengiz Məmmədov

Oxşar yazılar