Qapıları bağlamayın

 

 

Hər ilin iyul ayı doğum günündən başqa, həm də il ərzində nələrin dəyişdiyini, nələrin baş verdiyini, nələr qazanıb və nələr itirdiyimin haqq hesab edildiyi bir zamandır. Hər il nəticə eyni olur. Dəyişilməyən bir qazanc var, o da insandır. Əslində onları görmək üçün dönüb arxama baxmaq lazım deyil, çünki onlar elə yanımdadırlar. Dəyişən tək şey onların artan istiqamətdə saylarıdır.

 

Fəaliyyətimin əsas sahəsini təşkil edən təhsil və təlim nəticəsində yüzlərlə gənclə tanış olmuşam və bunu ictimai sahədə fəaliyyətimə borcluyam. Hər zaman  gənclər ən önəmli qüvvə olublar və onların gücünü elə də uzaq olmayan keçmişdə - Avropa Oyunlarının təşkilində gördük.

 

8-10 iyulda Qubada çox maraqlı bir təlimə dəvət olunanda bu təşkilatı dəyərləndirdiyim və uşaqlar prioritetim olduğu üçün əsas işimi - seçkiyə hazırlığı ikinci  plana ataraq getməyə razılaşdım. Mövzu “Dəyişikliyin idarəçiliyi” idi. Təqdimatlarımı və mövzunu beynəlxalq təlim modulları üzərində qurduğum üçün xeyli tərcümələr etdim, həm psixoloji, həm də idarəetmə tərəfləri olduğu üçün xeyli hazırlaşdım. Materialları oxuya-oxuya beynimdə dəyişikliyin nə qədər müsbət tərəfləri olduğu haqqında düşündüm və ağlımda bu yaxınlarda türkiyəli yazıçı Hakan Gündayın yazdığı “Derda və Derda” hekayəsində “az” sözünü necə izah etməsini düşündüm: “Sən də fərqindəsən, “az” balaca bir kəlimədir, amma bu iki hərfin arasında böyük bir əlifba var. O hərflərlə yazılan onminlərlə kəlimə və yüzminlərlə cümlə var. Aralarındakı hərfləri aşıb bir yerdə ola bilərlər səninlə mənim kimi... Səni çox tanımıram amma öyrənmək üçün hər şey edə bilərəm. Bəlkə də az çox şeydir”.

 

Düşündüm ki, həyatımızda az da olsa, hər şey əslində nə qədər çox dəyişib və bunların hər birini qəbul etməyə  hazır olmuşuq. Bu təlim materialını hazırlayanda da əsas məqsəd insanların dəyişikliyi qəbul etməsi və ona daha asan uyğunlaşması üçün hazırlığın görülməsi idi. Ən gözlə nümunə isə əslində tədbirin özü idi. Vaxtı ilə cəmiyyətə çətinliklə izah edilən sosial xidmət göstərən təşkilat indi Sosial Məsuliyyət proqramı çərçivəsində ən uğurlu iş görüb. Azərbaycanda ən bahalı otellərdən biri bu tədbiri ödənişsiz əsaslarla və yüksək keyfiyyətlə təşkil edir. Təvazökarlıqdan uzaq olsa da, bu sahəni yaxşı bilən insan təlimi keçir və güclü bir komanda bu biliyi və bacarığı asanlıqla qəbul edir. İnsanlarla hər görüş və hər tədbir məndə təsirsiz ötüşmür. Amma bu təlimin məndə buraxdığı ən böyük təəssüratı  bir gəncə borcluyam. O gənc oteldə bizim tədbir keçirdiyimiz zalın texniki işlərinə məsul idi. Amma təlim prosesini otaqdan kənarda izləyirdi. Fasilələrin birində yaxınlaşıb xahiş etdi ki, ona təlim materiallarını verim və qapını bağlamayım, çünki fürsət tapdıqca təlimi dinləyir. Təhsili ilə maraqlandım və universitet təhsili aldığını, tətil müddətində çalışdığını dedi. Sözsüz ki, bütün materialları təqdim etdim və xeyli müzakirə etdik. Amma bir söz beynimdə çox dolaşdı: “Qapını bağlamayın”. Təhsil və təlim üçün bütün qapılarımız açıq olmalıdır. Dövlət vətəndaşından sorumlu olduğu qədər, biznes strukturunun sosial məsuliyyəti olduğu qədər bizim də vətəndaş məsuliyyətimiz var. Gənclərin elm, bilik və savad alacaqları bütün qapıları açmalıyıq.

 

Bu arada iyul ayını sevməyim bu ayda dünyaya gəlməyim deyil. Bu ayda iki həyat hədiyyəmin dünyaya gəlməsidir. Bu gün qapısını açdıqlarımız sabah onları  doğru yola yönəldəcək olanlardır.

 

LENT

25 Aprel 2019

Digər xəbərlər >>>