Mən karateçi olanda...

 

Ölkəmizdə böyük təntənə ilə keçirilən Birinci Avropa Oyunları məni sadəcə sevindirmədi, həm də yaddaşımda illərlə qısılıb qalmış uşaqlığımın idman xatirələrini üzə çıxartdı. Məktəbdə ilk dəfə “İdman sağlamlığın rəhnidir” ifadəsi ilə tanış olanda sözləri hecalara bölüb oxuyan vaxtlarım idi. Yadımdadır, rəngli hərflərlə yazılan plakat suvağı qopmuş divarda müvazinətini güclə saxlayırdı. Həftədə iki dəfə sinif yoldaşlarımla divarın o biri üzündə, yəni idman zalında vaxtı ötmüş idman döşəklərində mayallaq aşar, sapları çürümüş kəndirləri dartışdırar, üzü soyulmuş toplarla “ortada qaldı” oynayırdıq. Hələ onda ortalıqda “veyillənən” basketbol topunu götürüb, səbətə atmağa gücümüz çatmırdı. 

 

Bu o zamanlar idi ki, gecələr küçələrdən, meydanlardan “Azadlıq! Azadlıq!” sözlərini, dahi Üzeyir bəyin “Koroğlu” operasından uvertürasını, Yaqub Zurufçunun ifasında “Ayrılıq” mahnısını eşidirdik. Azərbaycan sanki özündə güc toplayıb yırtıcının caynaqlarından qurtulmaq üçün çarpışırdı. Bu mənzərəni valideynlərimin, müəllimlərimin həyəcanı ilə birgə yaşayırdıq. Ən çox əyləndiyimiz idman dərsi belə əhvalımızı yüksəldə bilmirdi. Çünki “müharibə” kəlməsi evdə, məktəbdə sanki bizimlə birgə addımlayırdı.

 

Heç vaxt unutmaram. İkinci sinifdə oxuyanda ibtidai sinif müəlliməmiz hamımıza əleyhqaz gətirməyimizi tapşırdı. Səbəbini soruşanda, bir kəlmə dedi: “bilmək olmaz...” Sanki bizi xırda-xırda müharibəyə hazırlayırdı. Düzdür, sinif yoldaşımın atasının haradansa tapıb gətirdiyi əleyhqazlar, əmək dərsində tənzifdən düzəltdiyimiz maskalar aylarla şkafdan çıxmadı. Amma yüyürərək getdiyimiz idman zalına nə vaxtsa əlimizdə halva-yuxa, asta addımlarla irəliləməyimiz ağlımıza gəlməzdi. Qanlı Yanvar hadisələrində hər yer, eləcə də məktəbimiz yas içində olduğundan şəhidlərin ruhunu məhz idman zalında yerə süfrələr sərib ehsan paylamaqla andıq. Görünür, akt zalının oturacaqları, tribunası kədəri bölüşməyin qarşısında aciz idi. Bir həftədən sonra idman zalı yenə əvvəlki vəzifəsinə qayıtdı. Hətta səhv etmirəmsə, zalın qapıları sonrakı ildə Novruz şənliklərinin üzünə də açıldı.

 

Təbii, idman dərsini yalnız cansıxıcı dörd divarda keçirmirdik. Havalar bir az üzümüzə gülən kimi məktəbimizin stadionuna üz tuturduq. “Düzlən, fərəqət”dən sonra oğlanlar futbol, qızlarsa adəti üzrə “ip atdı”, “ortada qaldı”, yaxud “rezinka” oynayırdı. Amma hərdən stadionun bir kənarında dəmirdən quraşdırılmış müxtəlif ölçülü turniklərdə, hündürlüyü metr yarıma çatan paralel qollarda və başqa idman qurğularında məharətimizi göstərirdik. Yadımdadır, bir dəfə dərsdən sonra anamı məktəbin həyətində gözləməkdən bezib (o, məktəbin kitabxanaçısı idi), stadiona - həmin o turniklərə üz tutdum. Televiziyadan atletlərin nümayiş etdirdiyi oyunlardan ilhamlanaraq, bir turnikdə hərəkətlər edib digərinə keçmək istəyəndə kəlləm Yer kürəsi ilə toqquşdu. Yox, gözlərimin önündə qığılcımlar parlamadı, amma nəfəsim bir neçə saniyəlik dayandı.  

 

Həmin ərəfələr həm də kinoteatrlarda Bollivud məhsullarının Yeşilçam və Hollivud filmləri ilə əvəzlənən dövrünə təsadüf edirdi. Rəhmətlik qardaşım məni ancaq Amerikanın döyüş  filmlərinə baxmağa aparırdı. Hamı kimi mən də döyüş səhnələrinə sanki imtahan verəcəyəmmiş kimi diqqətlə baxar, sonra həyətdə, sinifdə uşaqlara göstərməyə cəhd edərdim. “Ekşn” virusuna yalnız bəndəniz yox, bütün sinif yoldaşlarım, məhəllə uşaqlarımız yoluxmuşdu. Hətta enli kürək, boynu yoğun qəhrəmanların ağ-qara fotolarını almaq üçün günlərlə pul yığar və ya dostlarımızı dilə tutmağa çalışardıq. Nə yaxşı ki, sonradan onların fotoları, “nakleykaları” saqqızların içindən çıxmağa başladı. Yoxsa dostlarla uzun müddət küsülü qalmaq olmurdu. Kinoteatrlar fəaliyyətini dayandırandan sonra bu qəbildən olan ekran əsərlərinə baxmaq üçün nəinki kasetləri, hətta videomaqnitofonları belə dost-tanışdan kirayə götürürdük. Ailəmizin də “kinoteatr” işi rəhmətlik qardaşımın nəzarətində olduğundan Jan-Klod Van Damm, Arnold Şvartsenegger, Silvester Stallone sarıdan “korluq” çəkmirdim.

 

Bu həvəsin məni qısa zamanda karateyə gətirməsi özüm, eləcə ailəmiz üçün gözlənilən idi. Rəhmətlik atam məni məşqçi ilə şəxsən tanış edib, bərk-bərk tapşırdı. Təbii ki, buna sevinir, məşq gününü səbirsizliklə gözləyirdim. İdman kostyumumun vəziyyəti o qədər ürəkaçan olmasa da başqa variantım yox idi. Xüsusi idman çantasını almaq isə ağlıma belə gətirmirdim. Çünki mağazalarda çeşidlər indiki kimi zəngin deyildi. Elə əşyalar arxivindən anamın nə vaxtsa Moskvadan aldığı qara çiyindən keçirmə çantasını tapıb, ona idman ömrü bağışladım. Beləliklə, ayda 15 manat verməklə həftədə üç dəfə karatenin incəliklərinə yiyələnməyə başladım.

 

Amma karate sevincimiz heç vaxt ailəmizdən o yana çıxmadı. Ətrafımda istehza ilə rişxənd bir-birinə qarışsa da, həvəsdən düşmürdüm. Əksinə, “Qız uşağının karatedə nə işi var?” iradına cavab olaraq deyirdim ki, jurnalist özünü qorumağı bacarmalıdır. Bunu elə inamla deyirdim, sanki məşqdən çıxan kimi reportaj hazırlamaq üçün qaynar nöqtələrə gedirdim. Hərçənd, neçə illərdən sonra jurnalist də oldum, amma göründüyü kimi, öyrəndiyim üsulları hələ də tətbiq etməmişəm...

 

Axşam filmlərə baxıb, gündüzləri böyük həvəslə evimizin yanındakı məktəbin idman zalına məşqə gedirdim. Qızlar birinci, oğlanlarsa ikinci növbədə məşq edirdi. Kəmiyyətcə və təbii ki, keyfiyyətcə oğlanlarla yerlə göy qədər fərqimiz var idi. Qızların yarıdan çoxu gənc ruslar idi. Sovet İttifaqı tam süquta uğrayandan sonra o qızlar da Rusiyanın müxtəlif şəhərlərinə köçdülər. Demək olar, hər dərsin sonunda bir rus qızını göz yaşlarıyla yola salırdıq. Bununla belə komandaya maraq günü-gündən artırdı. Məşqçi Tanrıverdi Allahverdiyev mehriban kollektivi formalaşdırmağı bacarmışdı. Necə deyərlər, bir deyib, bir gülüb, bir ağlayırdıq. Hətta o, Qarabağa döyüşə gedəndə Allaha yalvarırdıq ki, gülləyə tuş gəlməsin. 

 

Qızlar sinifdən-sinfə keçdikcə, ailəsindən gizlin gələnlərin sirləri açıldıqca idmanı tərk etməli oldular. Demək olar, məşqə iki-üç qız gəlirdi. Bəndəniz də nəinki məşqi ötürmür, hətta kimono formasını axtarmaqda davam edirdi. O zamanlar kətan parçadan kimono tapmaq müşkül məsələ idi. Rəhmətlik atam hansı rayona gedirdisə kimono üçün mütləq idman mağazalarına baş çəkirdi. Amma minbir zillətlə tapdığım kimononu doyunca geyinib məşq etmək mənə nəsib olmadı. Özünümüdafiə üsullarını öyrənəndən, bir dəfə yarışda iştirak edib diplomla təltif olunandan sonra karate ilə qəfildən sağollaşdım. Səbəb o idi ki, idman nəhayətsiz məşq və zaman tələb edirdi. Mənimsə kitabların içində itib-batmaqdan daha çox xoşum gəlirdi. Axı jurnalist olacaqdım! Görünür, anadan idmançı doğulmamışdım. Amma bu gün özünə inam, gecənin zülmətində kimsəsiz küçədə rahat gəzə bilmək mənə karatedən qalma “mirasdır”...    

 

Bir də yuxarıda dediyim kimi, həmin dövrdə qızların idmanla məşğul olması birmənalı qarşılanmırdı. Bəlkə də o zaman paytaxtda qızlar istədikləri idmanla məşğul ola bilirdilər, amma bizim şəhərdə belə bir imkan yox idi. İndiki Şirvan şəhərində rəsmi olaraq fəaliyyət göstərən yalnız Şahmat Məktəbi idi ki, rəhmətlik atamın şahmat xəstəliyi nədənsə, irsi olaraq mənə ötürülmədi. Odur ki, kitab-dəftəri qaşıma töküb, gecəmi gündüzümə qatmağa başladım. Bununla belə hər dörd ildən bir keçirilən yay, qış olimpiya oyunlarının nəinki açılış və bağlanış mərasimlərini, eləcə də yarışları ötürmürdüm. Möhtəşəm açılış mərasiminə baxanda keçirilən ölkənin mənəvi irsini sadəcə yaxından tanımırdım, həm də o ölkə ilə qürur duyurdum. Məsələn, Avstraliya, Yunanıstan, Çində keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimləri xatirimdə dərin iz buraxıb.

 

Həmişə düşünürdüm ki, görəsən, nə vaxtsa bu cür idman təntənəsini hansısa ölkədə görmək mənə qismət olacaqmı? Nədənsə, xəyallarımın gerçəkləşəcəyinə elə indi də inanmağım gəlmir. Neçə illər işləyib pul yığmalıydım ki, Olimpiya oyunlarının canlı şahidi olum. Düzü, ölkəmizdə belə bir idman yarışlarının keçirilməsini həmişə arzulamışam. Çünki açılış və bağlanış mərasimlərində dünyaya nümayiş etdirəcəyimiz zəngin mədəniyyətimiz var. Hətta Oyunlara baxanda, həvəslənib beynimdə tədbirin ssenarisini, musiqi tərtibatını də qururdum. Etiraf edim ki, ölkəmizin nəhəng idman yarışları keçirməsinə həmişə tərəddüdlə yanaşmışam. Baxmayaraq ki, müstəqillik qazanandan sonra Azərbaycan müharibə şəraitində belə siyasi-iqtisadi uğurları, idman da daxil olmaqla müxtəlif sahələrdəki nailiyyətləri ilə dünyanın dörd bir tərəfinə səs salırdı. Bununla belə mənə elə gəlirdir ki, yay və qış olimpiya oyunları kimi nəhəng idman yarışlarının öhdəsindən yalnız və yalnız inkişaf etmiş ölkələr gələ bilər.

 

Amma inanmazdım ki, televiziyadan böyük maraqla baxdığım elit idman yarışlarını nə vaxtsa, öz ölkəmdə canlı şəkildə izləyəcəm. Görünür, dünya əhəmiyyətli tədbiri keçirmək üçün heç də inkişaf etmiş, super dövlət olmaq əsas deyil. 24 yaşlı Azərbaycan Respublikası yüksək və peşəkar təşkilatçılıqla Birinci Avropa Oyunlarını tarixə şərəflə yazdıra bildi. Gəlin, etiraf edək ki, cəmi iki il müddətinə ərsəyə gələn Birinci Avropa Oyunları yay və ya qış olimpiya oyunlarından heç də fərqlənmirdi. Hər kəsin içində narahatçılıq var idi ki, görəsən, Oyunlar necə keçiriləcək? Hətta Oyunlardan öncə sosial şəbəkələrdə Bakı 2015-ə rişxəndlə yanaşanlar da var idi. Hələ mən dünya mətbuatını demirəm. Amma möhtəşəm açılış mərasimi Oyunların uğur lentini kəsdi.

 

Ərazisinin 20%-i işğal altında, bir milyondan çox məcburi köçkünü olan bir ölkədə bu cür nəhəng tədbirin uğurla baş tutması üçün ilk növbədə yüksək iradə və idarəçilik tələb edirdi ki, başda Prezident İlham Əliyev və xanımı, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva olmaqla, üstəlik minlərlə işçi qrupu və könüllülər bacardı.

 

İdmançılarımızın uğurlu çıxışları isə başımızı uca tutdu. 17 gün ərzində idman salonlarında minlərlə tamaşaçının, ekran önündə milyonlarla izləyicinin bu cür sevinci, coşqusu bir də bilirsiz nə vaxt olacaq? Qarabağ işğaldan azad olunandan sonra. Deyirlər, sevinc sevinc gətirir...

 

P.S. Məktəbdə beş-altı saat dona-dona oturduğumuz sinif otaqları, hətta bizə sağlamlığın rəhnini anlatmağa çalışan o idman zalı hazırda əla təmirlə şagirdlərin ixtiyarındadır. Adamın hərdən məktəbə yollanıb sinifdəki yeni partalarda oturmağı gəlir. 

 

Ülviyyə Heydərova

 

 

 

 

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>