<span style="color:red;">“Yubkalı meyvələr” : Onlar niyə qadağan olundu? - <span style="color:red;">ARAŞDIRMA
25 iyun 2015 16:50 (UTC +04:00)

“Yubkalı meyvələr”: Onlar niyə qadağan olundu? - ARAŞDIRMA

 

Azərbaycan bu ildən GMO (Geni Modifikasiya Olunmuş) məhsullara qəti olaraq “yox” dedi. Artıq ölkədə xaricdən gətirilən GMO bitkilərin, yəni indiyə qədər yediyimiz xarici meyvə-tərəvəzin üzünü görməyəcəyik. Azərbaycana onların gətirilməsi və satışı ləğv olundu. Parlament bununla bağlı aprelin 28-də keçirilən plenar iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr etdi, iyunun 5-də isə Azərbaycan prezidenti imzaladığı sərəncamla bunu təsdiqlədi.

 

 

Bəli. Söhbət indiyə qədər bazarlardan və marketlərdən meyvə seçən zaman yerli məhsuldan daha çox vitrinləri tutan xarici alma, banan, kivi, üzüm və sairdən gedir.

 

 

GMO satana 5 il həbs...

 

 

Qanunvericilikdəki yeniliyə görə, Cinayət Məcəlləsinə 200-2-ci maddə (Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) əlavə olunub ki, onun da şərtləri belədir:

 

 

- Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə -

3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 5 ilədək həbs ilə cəzalandırılır.

 

- Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə - 4 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə (həbs) ilə cəzalandırılacaq.

 

 

Bundan başqa, bu məcəllənin yuxarıda göstərilən əlavə edilmiş yeni müddəalarında göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yəni bu məhsullar tonlarla, yaxud yüksək miqdarda vəsait dəyərində satışa çıxarıldıqda cəzası daha ağır olacaq.

 

İnzibati Xətalar Məcəlləsinə də eyni məzmunda maddə əlavə edilib. Məcəlləyə əlavə edilən 228-2-ci maddədə bildirilir ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsinə və ya satılmasına az miqdarda yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir.

 

Bildirilir ki, burada “az miqdar” dedikdə 1000 (min) manatadək olan dəyər başa düşülür.

Bu dəyişiklikdən sonra istər əhali arasında, istərsə də kənd təsərrüfatı bazarında ciddi gəlişmələr baş verəcək.

 

Bəs banan ?

 

Daha mübahisəli mövzu isə bananın bura aid olub-olmamasıdır.

 

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Lent.az-a açıqlamasında deyib ki, ümumiyyətlə Azərbaycanın daxili istehsalı ölkə sakinlərinin meyvə-tərəvəzə olan tələbatını ödəməyə kifayət edir: “Biz əvvəldən təxminən 6 qanuna etdiyimiz dəyişiklikdə geni dəyişdirilmiş məhsulların Azərbaycana daxil olmasına qadağa qoymuşduq. Bu qadağaların Cinayət və İnzibati Xətalar məcəllələrində təsir gücünü müəyyən edən cəzalar yox idi deyə, əlavə etdik. Bu cəzaların aid olduğu halların qarşısını almaq isə aidiyyəti icra strukturlarının işidir”.

 

E. İbrahimov deyib ki, GMO bitkilərinin aşkar edilməsi üçün istər sərhəd-gömrük məntəqələrində, istərsə də Bakının özündə yüksək texnologiyalarla işləyən laboratoriyalar var. Çünki bu bitkiləri toxum halında, şitil halında gətirib burada da yetişdirə bilərlər.

 

Komitə sədrinin sözlərinə görə, bu qadağaların qanuniləşdirilməsinə səbəb ölkəyə gətirilən GMO bitkilərin insanların sağlamlığına təhlükə yaratması olub: “Biz də bu cür qadağaları qoymaqla bunun qarşısının alınmasına qərar verdik. Çünki GMO bitkilər və onların tərkibinə vurulan maddələr insan orqanizmində ciddi fəsadlar yaradırdı”.

 

E. İbrahimov onu da deyib ki, bananın GMO məhsulların siyahısına daxili olub-olmaması barədə dəqiq heç nə deyə bilməz: “Biz geni dəyişdirilmiş bitkilərin qadağası ilə bağlı qanun qəbul etdik. Bu qanunu icra edən orqanlar bananın da tərkibini müəyyən etməlidirlər. Hansısa bitkidə GMO varsa, əlbəttə ki, onun Azərbaycanda gətirilməsi və satışı qadağandır”.

 

 

Bakıdakı məhəlləarası meyvə-tərəvəz dükanlarından birinin sahibi Sahib isə deyir ki, əsasən qış və yaz aylarından satdığı meyvə-tərəvəzin əsas hissəsini GMO məhsulları, banan və sair təşkil edir: “Çünki bu aylar yerli məhsul həm qıt olur, həm də bir növ GMO məhsullar  xarici görünüşcə cəlbedici olduğu üçün alıcılar ona maraq göstərir. Mövsümi aylarda da yerli məhsulların rayonlardan gətirilməsi həm maya dəyəri baxımından, həm də texniki baxımdan çətinlik yaradır. Biz eşidirik ki, rayonlarda yerli məhsullar ucuzdur, amma burada gətirib çox baha təklif edirlər. GMO məhsullar ondan ucuz başa gəlirdi. Ümid edirik ki, GMO məhsullarına qoyulan qadağadan sonra yerli məhsulların paytaxta gətirilib paylanılmasında da qayda yaradılacaq”.

 

GMO-da nə var və hansı ölkələr bunu qadağan edib?

 

Apardığımız kiçik araşdırma nəticəsində məlum olub ki, bu gün dünyada GMO-nun yayılması prosesi gedir. Baxmayaraq ki, 37-dən çox ölkə öz ərazisinə GMO-nu buraxmır, amma GMO-ya təslim olan ölkələr də az deyil. Bu ölkələr həmin məhsulların üzərində GMO olduğunu qeyd edir. Hətta müxtəlif elmi mərkəzlər artıq GMO-nun ətraf mühitin biomüxtəlifliyini pozmasını da iddia edir. Onlar iddia edir ki, geni modifikasiya edilmiş məhsulların antibiotiklərə qarşı müqavimət yaratdığı, allergiya, orqanlarda kiçilmə, qanın biokimyasında pozulma, sonsuzluq, ölü doğum nisbətində ciddi artım, gələcək nəsillərdə boy və çəki əskikliyinə səbəb olduğu aşkarlanıb. Və artıq Rusiya, Fransa, İsveçrə, Tayland, Səudiyyə Ərəbistanı, Boliviya, Polşa, Macarıstan və Gürcüstanda genetikası dəyişdirilmiş məhsulların istifadəsi qadağan edilib.

 

ABŞ isə daha çıxılmaz vəziyyətdədir. Bu ölkədə insanlar GMO məhsullarından çox yüksək formada əziyyət çəkmələrinə baxmayaraq, yerli məhsuldarlığın zəif olması ucbatından dövlət bunu qadağan edə bilmir.

 

 

Həkim-ekspert Adil Qeybulla isə deyir ki, GMO bitkilərin insan orqanizminə zərərli olub – olmaması ilə bağlı hələ ki, tibb aləmində qəti qərar yoxdur. Bu bitkilərin orqanizmə neqativ təsiri ilə bağlı dünya tibb elmində birmənalı rəy yoxdur: “Hazırda ciddi tədqiqatlar gedir. Yəqin ki, yaxın illərdə bununla bağlı alimlər tərəfindən qəti qərar açıqlanacaq. Sadəcə əksər ölkələrdə meyvə-tərəvəz qıtlığı var. Bir sıra bitkilərin istehlak müddətini uzatmaq üçün tərkiblərinə müvafiq maddələr vurulur. Bu də nəticədə geni dəyişdirilmiş bitki kateqoriyasının yaranmasına səbəb olur. Bu maddələrin orqanizmdə hansı dəyişikliyə səbəb olması hələ ki, tam dəqiqləşməyib. Amma bütün hallarda Azərbaycanda bu qərarın verilməsi müsbət addımdır. Çünki bizim ölkədaxili resurslarımız yetərli olduğu halda hələ təsiri dəqiqləşməyən bitkilərin istehlakına ehtiyac yoxdur. Qonşu Rusiya GMO bitkilərə məhdudiyyət qoyub. Biz niyə qoymayaq? Bir halda ki, biz meyvə-tərəvəz korluğu çəkən ölkələrin sırasına daxil deyilik”.

 

Mübariz Aslanov, [email protected]

# 488
avatar

Mübariz Aslanov

Oxşar yazılar