Bir anda hamı keçmiş zaman şəkilçiləri ilə danışır...
08 iyun 2015 15:26 (UTC +04:00)

Bir anda hamı keçmiş zaman şəkilçiləri ilə danışır...

Bu gün yaxşı gün olmadı. Və onu belə çox pis eləyən çox yaxşı bir insan oldu...

Biz onunla dost deyildik. İş yoldaşı idik. Amma aramızdakı hörmət çox dostun həsəd aparacağı qədər yüksək səviyyədə idi. Bilmirəm hiss eləmişdi ya yox, amma mən onu doğrudan çox istəyirdim. Məni onda valeh edən insanlığı, mədəniyyəti, intellektual səviyyəsi və şəxsi mülahizələri idi. Hərdən birlikdə hansısa mövzunu müzakirə edirdik. Gəldiyi nəticələr, qənaəti çox yaxın idi mənə. Profesionalların ciddi maliyyə və mənbələr əsasında çəkdiyi bir sənədli filmi o öz dəyərli fikirləri ilə alt-üst edirdi çox vaxt. Hansı filmə baxmağı çox vaxt ondan soruşurdum həm də. Zövqünə və təfəkkürünə bələd idim. Bir film məsləhət görürdü, baxırdım, sonra imkan olanda müzakirə edirdik. Adam əməlli-başlı tapıntı idi...

Bax bu gün biz həmin o tapıntını itirdik. Səhər işə gəlmədi. Günorta zəng edib dedilər ki, onu daha gözləməyin. Elə buna görə də bu gün hamı onu əvvəlki günlərdən daha çox gözlədi. Daha ümidlə gözlədi. Hər gün hansısa xəbəri dəqiqləşdirməyə çalışan iş yoldaşlarım bu gün bir xəbərin dəqiqləşməməsi üçün bəlkə də içlərində dua etdilər. Amma dəqiqləşdi. Dəqiqləşdi ki, iş yoldaşımız Samir Abdulla dünyasını dəyişib. Hamı bu hadisəyə etiraz edirdi. Kimisi ağlamaqla, kimisi kövrəlməklə, kimisi əli ilə ağzını tutub nə deyəcəyini bilməməyi ilə...

Amma ölüm heç kimə seçim hüququ verməyən və heç bir etiraz aksiyasını qəbul etməyən həyat hadisəsidir. Özü seçir, özü aparır. Samiri də apardı...

Bütün bunları yazarkən anladım ki, yox, biz elə dost idik. İnsanlıq, fikir, düşüncə dostu. Və bu dostluğun cəmi iki yaşı var idi...

Samir haqqında bu yazıdakı keçmiş zaman şəkilçilərinə görə heç bilmirəm kimdən üzr istəyim. Amma həyat budur. Qalan hər şeydən fərqli olaraq insanın keçmişə dönməsi üçün çox qısa bir an bəs edir. Çox qısa bir an və hamı başlayır onun haqqında keçmiş zaman şəkilçiləri ilə danışmağa...

P.S.

Hərəmiz gözlə görünməyən bir ipin üstündəyik. Və gözlə görünməyən böyük bir qayçı o iplərin arasında rahatca gəzib-dolaşır. Anladığım odur ki, o qayçı üçün heç fərq etməyib, Samirin cəmi otuz yaşı var, atasız qalacaq körpəsininsə sadəcə bir yaşı...            

      

# 313
avatar

İlqar Rəsul

Oxşar yazılar