<b>“Razborka" işinə mən baxırdım”</b> -<span style="color:red;"> EVİN İÇİ
27 may 2015 12:15 (UTC +04:00)

“Razborka" işinə mən baxırdım” - EVİN İÇİ

Lent.az-ın  “Evin içi” adlı layihəsinin növbəti qonağı “Neftçi"nin baş məşqçisi Arif Əsədov oldu. Daha doğrusu, biz onun evində qonaq olduq və Arif müəllimi bir insan kimi daha yaxından tanıdıq.

 

Səbirli olması və səmimiliyi ilə seçilən Əsədov həm də qonaqpərvərdir. Bunu qulluğumuzda durması, bizi süfrə arxasına dəvət etməsi ilə nümayiş etdirdi.

 

Arif Əsədovun nəvəsi Məryəm qonaqlığa xüsusi rəng qatdı desək, yanılmarıq. Tez-tez əyləşdiyimiz otağa baş çəkən balaca dünya gözəli şıltaqlığı ilə üzümüzə təbəssüm bəxş etdi.

 

Əsədovla söhbətimiz layihənin adına uyğun olaraq, evin içində oldu...

 

 

- Qonaq qəbul etmək və getməklə aranız necədir?

 

- Qonaq qəbul etməklə aram yaxşıdır. İstərdim ki, hər dəfə qonağımız olsun. Şükür Allaha, dostlarım, yaxınlarım işlə bağlı az-az da olsa, gəlib-gedirlər. Yəni evimiz qonaq-qaralı olur. Qonaq getməklə də aram pis deyil. Yaxınlarıma tez-tez baş çəkirəm. Mənim qardaş, bacılarım Sumqayıtda yaşayırlar. İşlə bağlı imkan düşdükcə, onların yanına gedirəm.

 

- Yəqin evin içində yox, evdən kənarda daha çox olursuz...

 

- Bəli, daha çox kənarda oluram. Amma çalışıram ki, ailəmə lazımınca vaxt ayırım. Gündüzlər işdə, başqa yerlərdə olsam da, axşam həmişə evdə, ailəmin yanında oluram.

 

- Ailə sizin üçün nə deməkdir?

 

- Ailə müqəddəs bir şeydir. Həm çətin, həm də xoş günündə ailən yanında olur. Bizim işimiz də elədir ki, çətin, psixoloji cəhətdən gərgin günlərimiz az olmur. Belə anlarda adama ailəsi daha çox dayaq durur.

 

- Ailəsini idarə edə bilməyən insan hansısa komandanı da idarə edə bilməz. Razısızmı bu fikrimlə?

 

- Tamamilə razıyam. Komandaya da ailə deyirik. Əgər sən kiçik bir ailəni idarə edə bilmirsənsə, böyük ailəni, komandanı çətin idarə edə bilərsən.

 

- İşdə daha ciddisiz, yoxsa evdə?

 

- Mən həm diktatoram, həm də demokratam. Çalışıram ki, həm evdə, həm də işdə bu xüsusiyyətlərimdən istifadə edim. İşimi daha çox inanaraq, qurmağa çalışıram. Bunun əsasında da istəyimə nail oluram.

 

- Övladlarınıza qarşı tələbkarsız, yoxsa onlara sərbəstlik verməyi xoşlayırsız?

 

- Üç oğlum var. Hansısa bir yaş dövrünə kimi, onların hər bir hərəkətini nəzarətdə saxlamışam. Amma artıq arxayınam ki, keçid dövrünü geridə qoyublar. Böyük oğlum evlidir, övladı var. Artıq özü ailə sahibidir. Ortancıl oğlum nişanlıdır, sağlıq olsun, yayda ona toy etməyi düşünürük. Bu dəqiqə daha çox kiçik oğlumla məşğul oluram. Onda elə yaş dövrüdür ki, daim məktəbi ilə maraqlanmalıyam. Üstəlik, futbola gedir və buna da diqqət ayırmalıyam. Düzdür, işimlə bağlı buna çox da vaxtım olmur. Amma anası onu nəzarətdə saxlayır. Mən də hər gün evə gələndə kiçik oğlum haqda informasiya alıram.

Kiçik oğluma rəhmətlik atamın adını qoymuşam. Mən özüm də evin sonbeşiyi olduğum üçün valideynlərim mənə fərqli münasibət göstəriblər. Onlar həmişə mənimlə olublar. Bakıya köçəndə də atamla anamı yanıma gətirmişəm, bir yerdə yaşamışıq. Buna görə də, özüm də sonbeşiyə fərqli yanaşıram.

 

- Böyük oğlunuz sizdən ayrı evdə yaşayır. Yəqin ki, ortancıl oğlunuzu da evləndirdikdən sonra ayıracaqsız. Bəs balacaya necə, ona da həmin şəraiti yaradacaqsız, yoxsa sizin yanınızda qalacaq?

 

- Görək də (gülür). Onu evləndirənə kimi yaşlaşacam (yenə gülür). Böyük oğlum ayrı evdə yaşasa da, yaxınlıqda qalır. Demək olar ki, axşama kimi bir yerdəyik. Düşünürəm ki, digər övladlarımı da öz evimizin yaxınlığında yerləşdirim ki, hamımız bir-birimizə yaxın olaq.

 

- Həyat yoldaşınıza qarşı qısqanc olmusuz?

 

- Sevgi elədir ki, yeni-yeni ailə quranda qısqanclıq olur. Həyat yoldaşımla bir məktəbdə oxumuşuq və eyni məhəllədə böyümüşük, qonşu olmuşuq. Yəni həmişə gözümün qabağında olduğundan, qısqanclığa ehtiyac qalmayıb.

 

- Onda özünüzə qarşı necə, qısqanclıq hiss etmisizmi?

 

- Mən öz hərəkətimlə, münasibətimlə buna imkan verməmişəm. Yəni əsas verməmişəm ki, məni qısqansın.

 

- Uşaqlığınızla bağlı nə kimi maraqlı xatirələriniz var?

 

- 1-ci sinifdən 6-cı sinfə qədər Sumqayıtda oxumuşam, sonra isə Bakıya gəlmişəm. Futbola Sumqayıtda başlasam da, inkişaf üçün Bakıda daha yaxşı şərait var idi. Burda İdman Təmayüllü İnternat məktəbində həm oxuyurdum, həm də gündə 2 dəfə məşq edirdim. Yanımda ailəm olmayıb. Həftənin 6-cı və bazar günləri evə buraxırdılar. Qalan günləri isə Bakıda olurdum. O çətinlikləri özüm görmüşəm. İndi oğluma rəva bilmərəm ki, həmin çətinlikləri keçsin. Sovet dövrü bizi uşaqlıqdan sərbəst, tək yaşamağa öyrəşdirirdi. 4-cü, 5-ci sinfə kimi məhlə ab-havasını yaşamışam, sonra isə futbol həyatına qədəm qoymuşam.

 

- İlk maaşınız nə qədər olub və onu nəyə xərcləmisiz?

 

- İlk maaşım “Neftçi”də olub. 130 manat almışdım. O vaxt əvəzedici heyətə düşəndə 65 manat “stipendiya” verirdilər. Məni birdən-birə ştata götürdülər və 130 manat almağa başladım. Çox sevinirdim. Maaşımı həmişə gətirib verərdim rəhmətlik anama. O da o vaxtdan evliliyim üçün hazırlıq görürdü, qır-qızıl, başqa şeylər alırdı (gülür). 

Bilirsiz, pul mənim üçün heç vaxt böyük önəm daşımayıb. İstər futbolçu, istərsə də məşqçilik dövrümdə, daha çox çalışmışam ki, ad qazanım. Evimdəki medalları, kubokları görürsüz də. Onlara baxdıqca xatirələr yadıma düşür. Hansı kuboku neçənci ildə qazandığımı tarixinə kimi dəqiq deyə bilmərəm. Amma yadıma gəlmir ki, hansı ildə nə qədər pul qazanmışam. Heç vaxt bədxərc olmamışam. 20 yaşımda “Neftçi” məni evlə təmin edib. Özüm də tez evlənmişəm. Görürsüz, 45 yaşımda nəvəm də var (gülür).

 

- Pulsuz vaxtlarınız necə, olubmu?

 

- Yox. Həmişə stabilliyi qoruyub saxlamışam və ayağımı yorğanıma görə uzatmışam. “Qara gün”ü fikirləşmişəm həmişə. Nə aşağı səviyyəni, nə də təmtərağı sevmişəm. Çalışmışam ki, orta pilləni tutum.

 

- Əsl dost necə olmalıdır və o kriteriyalara uyğun gələn dostunuz çoxdurmu?

 

- Ümumiyyətlə, dost az olar. Dost elədir ki, sən ona sirrini aça bilərsən. Çətin vaxtında bir ailən, bir də dostunla məsləhətləşirsən. Amma dost saydığın insan sənə qarşı paxıllıq da nümayiş etdirə bilər. Düşünürəm ki, mənim dostlarım elə deyil. Sayları çox olmasa da, əsas odur ki, dostlarım var. Onlardan da biri Şahin Diniyevdir. Bir problemim, dərdim olanda Şahin müəllimlə bölüşə bilirəm.

 

- Dostlarınızı sınaqdan keçirmisizmi?

 

- Həyat özü onları sınaqdan keçirib. Şükür Allaha, dostlarım tərəfindən arxadan zərbə almamışam. Özüm onlara hansı münasibət bəsləmişəmsə, onlardan da özümə qarşı o münasibəti görmüşəm.

 

- Özünüzə düşmən saydığınız və ya sizi özünə düşmən sayan şəxs varmı?

 

- Şükür Allaha, düşmənim yoxdur. Məsəl var e, bir problemin olanda deyirsən ki, onu düşmənimə də arzu eləmərəm. Mən də həmişə bu prinsiplə yaşamışam.

 

- İnsanda ən dəyər verdiyiniz xüsusiyyətlər hansılardır?

 

- Sadiqlik. İnsan istər həyatda, istərsə də işində, sadiq olmalıdır. Bir də düzgünlük.

 

- Bəs nəyi bağışlamarsız?

 

- Xəyanəti bağışlamaram. Adam var ki, yalanı da bağışlamır. Amma yalan iki cür olur. Biri var məcburi yalan, onu hardasa bağışlamaq olar. İnsan elə bir situasiyaya düşə bilər ki, məcbur olub, sənə yalan deyə bilər. Onu qəbul edə bilərsən. Ancaq biri də var ki, o yalanın arxasında başqa şey dayanır. Həmin yalanı bağışlamaq olmaz.

 

- Arif Əsədov olmaq istədiyi pillədədir?

 

- Məşqçilik baxımından hələ də yuxarı pillədə ola bilərəm. Futbolçu kimi də məncə, daha yuxarı səviyyəyə qalxa bilərdim. Sadəcə, pis dönəmə düşdük. Keçid dövrü oldu, Sovet imperiyası dağıldı. Mən 16 yaşımdan SSRİ yığmasına düşmüşdüm və olimpiya yığmasına qədər bütün millilərdə oynadım. Sonra müstəqillik oldu və artıq öz respublikamın şərəfini qorumağa başladım. Sovet vaxtında inkişafımın davamı getsəydi, daha yuxarı pillələrə qalxa bilərdim. İlk dövrlərdə 1-2 il Azərbaycan çempionatında oynadım, gördüm ki, o perspektiv yoxdur. Sonra ilk dəfə legioner həyatı yaşadım, Vladiqafqazın “Spartak” komandasına keçdim.

 

- Bu vaxta qədər etdiyiniz hansısa hərəkətə görə peşman olmusuzmu?

 

- Əlbəttə, hamının səhvləri olur. Götürək elə məşqçilik karyeramı. Deyirsən ki, kaş bu əvəzetməni edəydim, onda daha yaxşı olardı. Amma qlobal mənada elə bir ciddi şey olmayıb.

 

- Futbolçu olmasaydız, hansı peşə sahibi ola bilərdiz?

 

- Musiqiyə marağım var idi. Nağara çalmağı xoşlayırdım. Evdə stolun üstündə həmişə özüm üçün nağara çalardım. Məktəbinə getməmişəm. Sadəcə, həvəsim var idi.

 

- Gizli bacarığınız varmı?

 

- Stolüstü oyunlar var ki, nərddir, damadır, onları oynamağı yaxşı bacarıram. Xüsusilə damanı qeyd edərdim. Uşaq vaxtı düşərgələr var idi, orda həmişə dama, şahmat üzrə birinci yeri tutardım. Məndə daim qalibiyyət ruhu olub və uduzanda əsəbiləşmişəm. İndinin özündə də Şahin müəllimə və ya başqasına nərddə uduzanda özümdən çıxıram (gülür).

 

- Dava-dalaşla aranız necədir?

 

- Dalaşqan deyiləm. Amma uşaq vaxtı, 4-5-ci sinifə kimi dalaşqan idim. Məhlədə bizim bir oyunumuz var idi, güləşirdik. Mən xoşlayırdım ki, tək olum, 3-4 nəfərə qarşı mübarizə aparım.

 

- Məktəb illərində heç qız üstündə davanız olubmu?

 

- (Gülür). Yox, olmayıb. Dediyim kimi, həyat yoldaşımla bir-birimizi 6-cı sinifdən sevmişik. Buna görə də, qız üstündə davam olmayıb. Amma həmin illərdə bizim sinfin "şefi" mən idim. Paralel siniflərin də öz "şefləri" var idi. Məktəbdə hansısa sinfin digər siniflə problemi olanda "razborka" işinə biz baxırdıq. Çalışardıq ki, söhbət sülhlə başa çatsın (gülür).

 

- Ailədə qərar qəbul edəndə yoldaşınızla məsləhətləşirsizmi?

 

- Hansısa məsələ ona da aiddirsə, məsləhətləşirik. Amma əlbəttə ki, son söz mənim olur. Fikir mübadiləsi aparmağı xoşlayıram. Deyirlər yüz ölç, bir biç. Heç vaxt çalışmıram ki, ani qərar verim. İşdə də eləyəm. Tələsmirəm, ölçüb-biçib qərar verirəm.

 

- Özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdır?

 

- Hərdən çox əsəbi oluram. Xüsusən də, oyunun gedişində. Qıraqdan baxanda deyirəm ki, kaş ki, o tonu aşağı sala biləydim. Səbirsizəm.

 

- Sizi nə özünüzdən çıxara bilər? Ani olaraq nəyə reaksiya verərsiz?

 

- Tutaq ki, uşaqlara hansısa bir şeyi deyirsən, izah edirsən, amma sonra o səhvi yenə təkrarlayırsa, özümdən çıxa bilərəm. Çünki əvvəlcədən ona xəbərdarlıq edirsən.

 

- Məşqçi həm də psixoloq olmalıdır. İnsanların problemini kənardan hiss edə bilirsizmi?

 

- Bu, çox çətin şeydir. İndiki zəmanədə xüsusilə vacib amildir. Futbol komandası elədir ki, hərənin bir psixologiyası var. Futbolçu məşqə problemlə gəlirsə, sən onu hiss etməli, görməlisən. Mən insanları psixoloji baxımdan oxuya bilirəm. Həmişə çalışmışam ki, problemi tez, yerindəcə həll edim. Evdə də elə olmuşam. Uşaqlarımın problemi olubsa, tez onların qəlblərinə yol tapıb, onu həll etməyə çalışmışam.

 

- Yeməklə aranız necədir?

 

- Nə çox yeyənəm, nə də az. Çalışıram ki, normasında, çox doymamaq şərtilə qidalanım. Artıq çəki almamaq üçün idman da edirəm, futbol da oynayıram. Yeməklərin arasında isə ən çox plovu xoşlayıram.

 

- Yemək bişirməyi necə, bacarırsız? Mətbəxə keçirsizmi arada?

 

- Arada keçirəm. O da ən yaxşı halda, pomidor, pendir doğramaq üçün. Yemək hazırlamağı isə bacarmıram. Uzağı, yumurta yeməyi hazırlaya bilərəm. Amma qalan şeyləri bacarmıram. Bacaran kişilərə isə pis baxmıram. Bu gün televiziyadan da görürük ki, mətbəx verilişindəkilərin hamısı kişilərdir (gülür). Ümumiyyətlə, kişilərin bişirdiyi yeməklər həmişə dadlı olur. Çünki onların fantaziyaları daha çoxdur. Mən kənarda maraqlı yemək yeyirəmsə, evə gələndə yoldaşıma deyirəm ki, filan yeməyi yedim, dadlı idi, hazırlamaq olar. Yəni təklif edirəm.

 

- İstirahətinizi necə keçirməyi xoşlayırsız?

 

- Daha çox dostlarla. Bir balaca vaxt olan kimi, çalışırıq ki, dostlarla görüşək, həm oturaq yemək yeyək, həm də söhbət edək. Bundan əlavə, stolüstü oyunlarla da başımızı qatırıq. Bir də arada ailəmi götürüb, Novxanıya bağa gedirəm. Sakitlikdən xoşum gəlir. Dənizkənarını da sevirəm. Səssizlikdə daha rahat qərar verirəm.

 

- Əksəriyyət zəmanənin dəyişməsindən şikayətlənir. Siz necə düşünürsüz, dəyişən, doğrudan da, zəmanədir, yoxsa insanlar?

 

- Daha çox insanlar dəyişib. Hər bir insanın özünün xarakteri var. Mənim xarakterim belədir ki, nə olursa-olsun, heç vaxt simamı itirmərəm. Heç bir çətinlik, situasiya məni dəyişilməyə məcbur edə bilməz. Amma görürsən ki, o çətinlik bəzilərini dəyişilməyə vadar edir. Bu da maddi çətinliklərdən irəli gəlir. Biri ailə qurur, imkanı olmur, bu da çətinliyə gətirib çıxarır. Mən subay olanda da, ailə qurandan sonra da çalışmışam ki, həmişə balansı qoruyum. Ki, çətinliklər məni dəyişilməyə məcbur edə bilməsin. İşimi itirə bilərəm, amma heç vaxt simamı itirmərəm. Mənim üçün əsas budur.

 

 

 

 

 

 

 

# 277
avatar

Tengiz Məmmədov

Oxşar yazılar