<b>“Qorxudan deşik axtarırdıq gizlənməyə” </b>– <span style="color:red;">XATİRƏ
25 may 2015 13:40 (UTC +04:00)

“Qorxudan deşik axtarırdıq gizlənməyə” XATİRƏ

O, bir əfsanə idi. Daha çox sərtliyi ilə seçilsə də, yeri gələndə mülayim olmağı bacaran, sözün əsl mənasında, əfsanə.

Rəhbərliyi altında oynayan bütün futbolçular onun barədə danışanda ilk növbədə, zəhmli simasını və sərt xarakterini xatırlayırlar. Bəli, haqq dünyasına qovuşan bu şəxs ixtiyarında olan oyunçuya güzəştə getməyi sevməyən, ondan bütün potensialını açmasını tələb edən bir məşqçi idi.

O, bir psixoloq idi. Hansı ki, Luiş Fiqu kimi yaxın keçmişin əfsanəsini öz futbolçusunun gözündə adi oyunçuya çevirən psixoloq.

Söhbət futbol üzrə millimizin ilk baş məşqçisi Əhməd Ələsgərovdan gedir. Azərbaycan, Ukrayna və Tacikistanın əməkdar məşqçisi olan Ələsgərov bir neçə gün öncə, daha dəqiq desək, mayın 19-da dünyasını dəyişdi.

Odessa şəhərində torpağa tapşırılan Ələsgərovla bağlı o qədər maraqlı xatirələr var ki...

Bu xatirələri Lent.az-a vaxtilə onunla birgə işləmiş, futbolçusu olmuş şəxslər danışdılar...

 

Kamal Quliyev:

 

"Allah Əhməd müəllimə qəni-qəni rəhmət eləsin. Həyatım boyu onu yaddan çıxarmaram. "Neftçi"yə baş məşqçi gələndən sonra ilk dalaşdığı futbolçu mən olmuşam. Mühafizəçilərə tapşırırdı ki, məni bazaya buraxmasınlar. Bunun da səbəbi var idi. Mən cinah oyunçusu idim. Əhməd müəllimə deyirdim ki, mənim üçün fərqi yoxdu sağ cinahda kim oynayır, orda mən oynamalıyam, kim güclüdürsə, o da meydana çıxmalıdı. Çempionat oyununa gedirdik. Yalandan dedim ki, dizim ağrıyır, oyuna getmək istəmədim. Getdim girdim bazaya, 20 dəqiqə keçdi. Dedim ki, komanda yəqin çıxıb gedib oyuna. Sən demə, getməyiblərmiş. Əynimi dəyişdim, çıxdım meydançaya. Yağışlı havada özüm üçün başladım tək qaçmağa, tullanmağa. Bir də gördüm ki, bütün komandanı yığıb, kənardan mənə baxır. Bundan sonra mənimlə "düşdü", prinsip apardı. Amma sonda komandada ən çox istədiyi futbolçu da elə mən oldum. Əhməd müəllimlə "Neftçi"dən əlavə, həm də millidə bir yerdə işləmişəm. Portuqaliya kimi komanda ilə burda 2 gün oynamağımız yadıma gəlir. Gənc futbolçularda elə inam yaratmışdı ki. Luiş Fiqunu mənim gözümdə adi bir futbolçuya çevrildi sayəsində. Azərbaycan futbolu böyük bir futbol adamını itirdi. O, mənim üçün fenomen, dahi məşqçi idi. Komandanı psixoloji cəhətdən elə hazırlayırdı ki, inandırım sizi, qabağında istəyir dünya şöhrətli futbolçu olsun, gözündə adi bir oyunçuya çevrilirdi. Komandanı oyuna bu cür motivasiya edirdi. Həm də çox savadlı, bilikli mütəxəssis idi. Təəssüf, bizim ölkədən qıraqda dəfn olundu. Çox istərdim ki, bizim hökumət işə qarışıb, onu Azərbaycanda dəfn edərdi".

 

Samir Əliyev:

 

"Məni "Neftçi"yə o dəvət edib. Uşaqlıq arzum "Neftçi"də oynamaq idi. Elə oldu ki, 1999-cu ildə Əhməd Ələsgərovun rəhbərliyi altında peşəkar futbolçu kimi "Neftçi"də məşqlərə başladım. Onunla çox işləyə bilmədik. Heç 1 il olmadı. Maraqlı bir xatirəni bölüşüm. Bir gün bazaya gəldim. Həmin vaxt "Neftçi" köhnə bazada məskunlaşmışdı, məşqlərini orda edirdi. Əhməd Ələsgərov məni yanına çağırdı ki, gəl bura. Götürdü mənə bir video-kaset verdi, o vaxt disk yox idi. Dedi, get, buna bax. Gəldim evə, kaseti qoydum. Həmin dövrdə də Andrey Şevçenkonun "Milan"a təzə gedən vaxtları idi. Şevçenko haqqında futbola gəlişi ilə bağlı bir film çəkmişdilər. Orda maraqlı bir məqam var idi. Şevçenko deyirdi ki, "Milan"da oynayıram, 3 oyun dalbadal qol vururam, mən ulduzam. Amma 1-2 oyunda zəif təsir bağışlayan kimi bazaya gələndə mənə heç salam da vermirlər. Yəni, bununla demək istəyirdi ki, daim gərək məşq edəsən. Hər oyuna çıxanda sübut edəsən ki, sən güclüsən. Əhməd müəllim mənə bunu başa salmaq istəyirdi. Anladım ki, yaxşı futbolçu olmaq, qabağa getmək istəyirəmsə, daim öz üzərimdə işləməli, oyundan-oyuna artırmalıyam. Amma mənə Əhməd müəllimlə birgə işləmək çox qismət olmadı. Çünki həmin il "Neftçi" çempion ola bilmədi və Əhməd Ələsgərov istefa verdi. Xasiyyəti ağır idi. Deyilənə görə, bizə qarşı yox, bizdən əvvəlki futbolçuların dövründə Əhməd müəllim daha sərt olub. Amma bizim vaxtımızda da yaşlı futbolçular ondan çəkinirdilər. Əhməd Ələsgərov bazanın qapısından girəndə yer axtarırdılar ki, onun gözünə görünməsinlər. Uduzanda isə hamı onun qorxusundan deşik axtarırdı gizlənməyə”.

 

Fərrux İsmayılov:

 

"1999-cu ildə məni "Neftçi"yə ilk dəfə məhz Əhməd Ələsgərov çağırmışdı. Əsgərlikdən sonra "Dinamo"dan (indiki "Bakı" – T.M.) məni "Neftçi"yə dəvət elədi, 2 illik müqavilə bağladıq. "Neftçi"də oynayanda Olimpiya yığmasında da çıxış edirdim, orda oyun keçirəndən sonra səhərisi günü məni əsas heyətdə ikinci hissədə meydana buraxdı. Məni futbolçu kimi bəyənirdi. "Neftçi"yə keçməyimi də özü istəmişdi. Çox yaxşı məşqlər keçirdi, fiziki hazırlığa önəm verirdi. Bir də mən deyərdim ki, o, çox güclü psixoloq idi. Futbolçularla çox danışırdı. Yadımdadır, millini çalışdıranda Portuqaliya ilə oyuna hazırlaşırdıq. Deyirdi ki, Portuqaliya kimi hansısa kənd komandasından niyə qorxursuz, heç bilinmir harda yerləşir, çıxıb oynayacaqsız, udacaqsız. Özü bilirdi Portuqaliya kimdi, haradı. Sadəcə, elə motivasiya verirdi ki, rahat olurduq. Sərt məşqçi idi. "Neftçi"də oynayanda qapıya zərbələr vuranda kim zərbəni əyri yerinə yetirirdisə, 50 metrlik məsafəni 7 dəfə gedib-qayıtmalı idi. Bu, ən ağır fiziki məşq sayılırdı. Qapıya 3 və ya 5 zərbə vururdun, onlar qol olmayanda və ya çərçivəyə düşməyəndə gedirdin qaçmağa. 7 dəfə 50 metrlik məsafə bilirsiz nə demək idi? Yəni 350 metrlik məsafəni dayanmadan gedib gəlməliydin. Beləcə işlədirdi səni. Bu tip fiziki məşqlər çox keçirdi. Bir dəfə İrana getmişdik, deyəsən "Persepolis"lə oynayırdıq. Lehimizə penalti təyin olundu. Hamı çəkildi, topu mən götürdüm ki, vuram. Onda "Neftçi"yə təzə gəlmişdim. Penaltini yerinə yetirmək istəyəndə Əhməd Ələsgərov kənardan qışqırıb ki, əvəzetmə istəyirəm. Başqa futbolçunu çağırıb ki, gəl, gir oyuna, penaltini sən vur. O da deyib ki, vurur da Fərrux. Əhməd müəllim soruşub ki, "Kakoy Farrux, kto on?" (gülür). Deyiblər ki, "Dinamo"dan gələn Fərrux da. Deyib hə, bildim. Soruşub ki, "on umeyet zabivat?". Belə şeyləri var idi. Penaltini dəqiq vurdum, həmin oyunu 2:1 udduq. Bəzən yadında qalmırdı. Bir də görürdün ki, kimsə yıxılırdı, soruşurdu ki, o kimdir? Deyirdin filankəs, soruşurdu  ki, o, hansı futbolçudur? Sonra deyəndən sonra yadına düşürdü. Ola bilər, yaşına görə yaddaşı zəif idi. Amma çox güclü psixoloq idi. Azərbaycanlı məşqçilərin içində xoşuma gələn 2-3 nəfər olubsa, onun biri Əhməd müəllim idi".

 

Böyükağa Hacıyev:

 

 "Mənim məşqçi kimi Azərbaycanda kumirim Əhməd Ələsgərov olub. "Araz Naxçıvan"da onun rəhbərliyi altında oynamışam. Həmin vaxt mən kapitan idim. O insanda məşqçi üçün lazım olan bütün xüsusiyyətlər var idi. Əhməd Ələsgərov hər bir futbolçu üçün avtoritet sayılırdı. Onda anadangəlmə xarizma var idi, futbolçular Əhməd müəllimdən çox çəkinirdilər. Onunla işləmək olduqca maraqlı idi. Əhməd müəllim daim özü üçün bir yenilik axtaran məşqçi idi və heç vaxt haqqı nahaqın ayağına verməzdi. Futbolçularla həmişə asta dillə danışmaq məşqçinin özünü yıxar. O, hər bir futbolçunun dilini bilirdi. Mənim məşqçilik karyeramda gördüyüm bütün işlər Əhməd Ələsgərovdan öyrəndiklərimdir".

 

Arif Əsədov:

 

 "Əhməd Ələsgərov adını Azərbaycan futbol tarixinə qIzıl hərflərlə yazdırmış məşqçilərdəndir. SSRİ vaxtında Azərbaycan futbolunun yeganə uğuru "Neftçi"nin SSRİ çempionatının bürünc mükafatını qazanması olub ki, həmin komandanın baş məşqçisi Əhməd Ələsgərov idi. Mən müxtəlif vaxtlarda onun oyunçusu olmuşam. İlk dəfə "Neftçi" SSRİ çempionatının birinci dəstəsində çıxış edəndə Əhməd müəllimlə işləmişəm. Sonra "Neftçi" Azərbaycan çempionu olanda mən də həmin komandada yer almışdım, baş məşqçi isə Əhməd Ələsgərov idi. Bundan əlavə, yığmada da onun futbolçusu olmuşam. Əhməd Ələsgərov olduqca güclü psixoloq idi. Eyni zamanda, çox sərt məşqçi idi. Nizam-intizama həddindən artıq fikir verirdi. Sərt olması bəlkə də Sovet dövrü üçün qəbul olunan idi. Biri var diktator məşqçilər, biri də var diktator-demokratik məşqçilər. İndiki məşqçilər daha çox ikinci istiqamətdə gedirlər. Əhməd Ələsgərov sırf diktator məşqçi idi, bu da Sovet dövrünə xas olan bir şey idi. İndi nadir halda o tərzdə məşqçi tapmaq olar. Amma o vaxt üçün bu, öz bəhrəsini verirdi. Əhməd müəllim həmişə nəticə qazanan məşqçilərdən olub. Komandanın və ya hansısa futbolçunun oyunundan narazı qalanda fasilədəcə öz sərtliyini göstərirdi. Bəzən futbolçular onun baxışından da çəkinirdilər. Mənim özümlə bağlı elə şey olmayıb. Amma eşitmişəm ki, əsəbİləşəndə hansısa futbolçuya təpik də vurub, şillə də. Əhməd Ələsgərovun bir xüsusiyyəti var idi ki, o, futbolçudan həmişə gözlənilməz, qeyri-adi oyun tələb edirdi. Əgər futbolçu bunu edə bilirdisə, gözündə birə-beş qalxırdı. Bir ara mənimlə onun arasında soyuqluq yaranmışdı. Yadımdadır, İrana yoldaşlıq görüşü oynamağa getmişdik. Orda oyunda belə bir epizod oldu ki, mən müdafiəçi olsam da, hücumçulara xas hərəkət elədim. Üç futbolçunun arasından elə keçdim ki, hamı təəccübləndi. Məndə elə qabiliyyət nadir hallarda olurdu. Daha çox sərt futbola üstünlük verirdim. Amma həmin görüşdə mənə qarşı sərt oynayırdılar və o etdiyim hərəkət Əhməd müəllimi təəccübləndirmişdi. Yanındakılardan soruşmuşdu ki, onu kim elədi, demişdilər ki, Arif Əsədov. Bundan sonra mənə münasibəti birə-beş dəyişdi. Oyunun sabahısı məni çağırdı ki, gəl, bir yerdə gedək mağazaya, nəvəsi üçün nəsə almaq istəyirdi. Dedi gedək mənə kömək elə. Bununla göstərdi ki, nə qədər sərt adam olsa da, bir o qədər də ürəyi yumşaq idi. İstəyirdi ki, hər futbolçunun öz potensialını açması üçün ona kömək eləsin. Kiməsə sərt münasibət göstərirdi, kiməsə başqa cür. Əvvəl elə başa düşürdüm ki, mənə qarşı aqressivdir. Amma o hadisədən sonra gördüm ki, məndə nəsə görüb, istəyirdi onu üzə çıxarsın".

 

Şahin Diniyev:

 

"Əhməd Ələsgərov Azərbaycanın ən yaxşı məşqçilərindən biri olub desək, yanılmarıq. Güclü psixoloq idi, motivasiya vermək qabiliyyəti əla idi. Mən onunla iki yerdə çalışmışam. Əvvəlcə Moldovanın "Nistru" komandasında. 1989-90-cı illərdə Əhməd müəllim bu komandanın baş məşqçisi olub. İkinci dəfə isə 1990-91-ci ildə Gəncədə onun rəhbərliyi altında oynamışam. Qarşısına məqsəd qoyurdu, qoyduğu məqsədə çatmaq üçün də bütün yollardan istifadə edirdi. Bir maraqlı xatirəni sizinlə bölüşüm. Gəncədə oynayırdım, getmişdik səfər oyunlarına. Odessa və Nikolayevdə 2 oyun keçirməli idik. Birinci Odessada 0:0 oynadıq. Sonra getdik Nikolayev şəhərinə, komanda yaxşı vəziyyətdə idi. Birinci hissədən sonra 0:2 hesabı ilə məğlub durumda idik. Fasilədə “razdevalka”ya girdi, əsəbindən stəkanı vurdu futbol maketinə və çıxdı getdi. Səhv etmirəmsə, Nikolayevlə Odessanın arası 50-60 km yol idi. Oturdu maşına qayıtdı, ikinci hissəyə qalmadı. Əlbəttə ki, komandaya ağzına gələn "yaxşı" sözləri dedikdən sonra getdi. İkinci hissədə Əhməd müəllimin danlağındanmı, hirsindənmi, qorxusundanmı 3 qol vuraraq, 3:2 hesabı ilə qalib gəldik. Avtobusla qayıtdıq Odessaya. Otelin 4-cü, ya 5-ci mərtəbəsindən eyvandan baxırdı. O vaxtlar telefon, faks, internet, belə şeylər yox idi. Gözləyirdi ki, komanda gəlsin, ikinci məşqçidən hesabı öyrənsin. Soruşdu ki, 5 oldu, ya 6? Köməkçisi də qayıtdı ki, Əhməd müəllim, 3:2 udduq. Eyvanın pəncərəsini örtdü, girdi otağına. Mənlə bağlı daha bir xatirəni danışım. "Nistru"da oynayanda "Styaua" ilə yoldaşlıq matçı oynayırdıq. Həmin vaxt “Nistru”nun düşərgəsinə yeni qoşulmuşdum. Meydanda ruslar, moldovanlar çoxluq təşkil edirdi. İsgəndər Cavadov da onda "Nistru"da oynayırdı. Sol yarımmüdafiəçi mövqeyində çıxış edirdim. Oyuna Moldovanın birinci katibi də baxırdı. Matçdan sonra Əhməd Ələsgərovu çağırıb, məni göstərərək, soruşmuşdu ki, o uşaq kimdir? Əhməd müəllim də demişdi ki, o, kamerunludur, burda oxuyur, tələbədir, elə-belə çağırıblar oynamağa. Deyib ki, onu götür komandaya. Əhməd müəllim məni kamerunlu kimi qələmə vermişdi. Bəlkə də çəkinmişdi deyə, belə demişdi. Mərkəzi Komitənin katibi “onu komandaya götürün” deyəndən sonra isə Əhməd müəllim rahatlanaraq, Azərbaycandan olduğumu bildirmişdi”. 

# 186
avatar

Tengiz Məmmədov

Oxşar yazılar